Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-6/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı girov yüklülüyünə xitam verilməsi barədə iddia tələbinə dair Açar söz: girova xitam verilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı səhmlər üzərində girov yüklülüyünə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-403/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İş materiallarından görünür ki, ləğv prosesində olan Cavabdeh ASC ilə "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank iddiaçıya illik 7% olmaqla, 60 ay müddətinə (xx.xx.2014-cü il tarixədək) 3.000.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 2.İşin mübahisəsiz halıdır ki, kredit öhdəliyinin təminatı olaraq 05 sentyabr 2005-ci tarixli 151/40 saylı girov müqaviləsi əsasən Milli Depozit Mərkəzi tərəfindən 2001-ci il 30 noyabr tarixində verilmiş AANs000774 saylı səhmlərin sertifikatına əsasən X1 xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-nin hər birinin dəyəri 10.000 əvvəlki Azərbaycan manatı olan 55.191 ədəd və ümumi dəyəri 551.910.000 Azərbaycan manat olan adlı səhmi girov qoyulmuşdur. xx.xx.2009-cu il tarixdə girov müqaviləsinə əlavə imzalanaraq girov qoyulmuş səhmlərin bazar dəyəri 8.000.000 manat qiymətləndirilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X4 Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 2(83)-03/2019 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin "xxxx" MMCyə qarşı 19 iyun 2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsinin ləğv olunması, cavabdehdən iddiaçının xeyrinə 3.000.000 manat əsas borc, 974167 manat faiz borcu, 675000 illik 5 faizlə faiz borcu, 30 manat dövlət rüsumu tutulması, tutmanın girov qoyulmuş X1 xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-in hər birinin dəyəri 10.000 AZM olan 55.191 ədəd və ümumi dəyəri 551.910.000 AZM olan adi adlı səhmlərə yönəldilməsi, həmin səhmlərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş məbləğin iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(104)-02/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, X4 Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(83)-03/2019 saylı qətnaməsi cavabdehdən faiz borcu tutulması hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehdən 19 iyun 2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, 493538,76 manat faiz borcu, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 437500 manat faiz, 30 manat dövlət rüsumu, cəmi 3.931.068,76 manat pulun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə iş üzrə cavabdeh tərəfindən sübut kimi təqdim edilmiş ödəniş qəbzlərinin saxtalaşdırılması ilə bağlı hər hansı cinayət hadisəsinin olub-olmaması, hər hansı şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5.İddiaçı "xxxx" MMC cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia qaldıraraq, sonradan iddia tələbini dəyişdirərək, tərəflər arasında bağlanmış 19 iyun 2009cu il tarixli 52 nömrəli kredit müqaviləsinin təminatı kimi 5 sentyabr 2005-ci il tarixli 151/40 saylı girov predmeti olan Milli Depozit Mərkəzi tərəfindən 30 sentyabr 2001-ci il tarixdə verilmiş AA 000774 saylı səhmlərin sertifikatına əsasən N.Məmmədhəsənova xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-in hər birinin dəyəri 10.000 köhnə Azərbaycan manatı ilə olan 55.191 ədəd və ümumi dəyəri 551.910.000 köhnə Azərbaycan manatı olan səhmlərinin üzərində ipotekadan (girovdan) yüklülüyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2009-cu il 19 iyun tarixində 52 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi 05 sentyabr 2005-ci tarixli 151/40 saylı girov müqaviləsində və 52/1 saylı sonrakı girov müqaviləsində göstərilmiş girov predimeti çıxış edir. Adıçəkilən kredit müqaviləsinin təminatı olaraq MMC ASC qarşısındakı öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün Milli Depozit Mərkəzi tərəfindən 2001-ci il 30 noyabr tarixində verilmiş AANs000774 saylı səhmlərin sertifikatına əsasən X1 xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-in hər birinin dəyəri 10.000 əvvəlki Azərbaycan manatı olan 55.191 ədəd və ümumi dəyəri 551.910.000 Azərbaycan manat olan adlı səhmi 5 sentyabr 2005-ci il tarixli SKF 151/40 saylı girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Tərəflər arasında 3 iyul 2009-cu il tarixdə bağlanmış 151/40 saylı girov müqaviləsinə əsasən 5 sentyabr 2005-ci il tarixli SKF-151/40 saylı girov müqaviləsinin 1.1-ci bəndində “. . . adi adlı səhmini” istifadəsindən sonra vergül qoyulmuş və aşağıdakılar əlavə olunmuşdur: 19 iyun 2009-cu il tarixli 52 saylı kredit müqaviləsinə əsasən onlara verilmiş 3.000.000 manat məbləğində güzəştli kreditin təminatı kimi. Lakin ASC müqavilənin şərtlərini pozaraq MMC-ə əsas borc və faiz məbləğini çox hesablamışdır. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 60/2016 saylı 30 avqust 2016-cı il tarixli qətnaməsi ilə MMC ilə ASC arasında bağlanılmış 19 iyun 2009-cu il tarixli 52 nömrəli kredit müqviləsi üzrə öhdəliklərə xitam verilmiş, cavabdeh ASC-in ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan 461.027,36 manat məbləğində pulun tutularaq MMC-ə ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən MMC ilə ASC arasında bağlanmış 19 iyun 2009-cu il tarixdə 52 nömrəli kredit müqviləsi üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152-ci, 157ci, 385-ci, 386-cı, 389-cu, 527-ci maddələrinə, MPM-in 53-cü maddəsinə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur.
7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 oktyabr tarixli, 2-2(82)- 403/2019 nömrəli qətnaməsi ilə (hakim Rüstəm Kərimli) iddia təmin olunmuş, MMC ilə ASC arasında bağlanmış 2009- cu il 19 iyun tarixli, 52 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş səhmlərin üzərində ipotekaya (girova) xitam verilmiş, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı MMC-in xeyrinə cavabdeh ASCdən tutulması qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2009-cu il 19 iyun tarixli, 52 nömrəli kredit müqaviləsi üzrə ödənişlər nəzərə alınmaqla kredit borcunun olmaması, hətta artıq ödəmənin mövcudluğu əlaqəli mülki iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyində öz təsdiqini tapmışdır. Həmin iş üzrə icraata yuxarı instansiya məhkəməsinin qərardadı ilə xitam verilsə də, həmin (apellyasiya məhkəməsində) icraatda məsələ mahiyyəti üzrə qiymətləndirilməmiş, 2016-cı il 18 may tarixində keçirilmiş məhkəmə mühasibatlıq ekspertinin rəyinin mötəbər sübut kimi qiymətləndirilibqiymətləndirilməməsinə toxunulmamışdır. Hazırda isə həmin ekspert rəyi tədqiq edilərkən məhkəmə onunla razılaşmamaqla bağlı heç bir əsas müəyyən etməmişdir. Tərəflə arasında bağlanmış 2009-cu il 19 iyun tarixli 52 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borcun və faizlərin) olması barədə hazırki məhkəmə icraatında mötəbər sübut mövcud olmadığından, eləcə də cavabdeh tərəf bunu təkzib edən heç bir dəlil və sübut təqdim etmədiyindən, iddiaçı MMC həmin müqavilə üzrə götürülmüş kreditin təmanatı kimi girov qoyulmuş səhmlərin üzərində ipotekaya (girova) xitam verilməsini tələb etməkdə haqlıdır və iddia təmin olunaraq bu yüklülüyə xitam verilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki birinci icraat
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının kredit borcunun mövcud olub-olmadığını yoxlamaq üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. İddiaçıya 19 iyun tarixli 52 nömrəli kredit müqaviləsi üzrə kredit verilərkən onun əvvəlki kredit müqavilələri üzrə borcları olmuşdur. Ekspert M.Allahverdiyev tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ekspert rəyi tamamilə əsassızdır. Ekspert bank tərəfindən borcunu vaxtında ödəmədiyi üçün bank tərəfindən yaradılan ehtiyatları borclu tərəfindən banka ödənilmiş məbləğ kimi göstərmişdir. Məhkəmə qətnamə qəbul edərkən X4 Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(83)- 03/2019 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə "xxxx" MMCdən 19 iyun 2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, 974167 manat faiz borcu, 675000 illik 5 faizlə faiz borcu tutulduğunu nəzərə almamışdır. Həmin məhkəmə saylı Bakı İnzibati İqtisadi Məhkəmənin istinad etdiyi ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli e-2-2(103)-424/2019 saylı qərardadı ilə (sədrlik edən hakim Vidadi Məmmədov, hakimlər İlham Əhmədov, İsmayıl Xəlilov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 mart tarixli, 2-2(82)-403/2019 nömrəli iş üzrə qətnamə ləğv olunmaqla iş icraatına xitam verilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia cavabdehin (müflis elan olunmuş bankın) bilavasitə bank fəaliyyəti ilə bağlı olan (2009-cu il 19 iyun tarixli 52 nömrəli kredit müqaviləsi, həmin müqavilənin təminatı kimi 2005-ci il 5 sentyabr tarixli 151/40 nömrəli girov müqaviləsi) iddialara aiddir, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddiaların dayandırılmasını, bank barəsində digər məhkəmə icraatına başlanılmamasını və banka qarşı bütün tələblərin yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsini, hətta qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslərin hüquqi qüvvəsini itirməsini və habelə, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrasının dayandırılmasını imperativ qaydada tələb etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu isə öz qərarında bu məsələləri ətraflı şərh edərək, göstərmişdir ki, müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun xüsusi tələbləri çərçivəsində (inzibati mühakimə icraatı qaydasında) baxılmalıdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi barəsində iflas proseduruna başlanmış banka qarşı sonuncunun bank fəaliyyəti ilə bağlı olduğu üçün mülki mühakimə icraatı qaydasında qaldırılmalı olmayan iddianı icraata qəbul edib, mahiyyəti üzrə baxmaqla, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bununla əlaqədar olaraq, iş üzrə icraata xitam verilməklə, qətnamə ləğv edilməli, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
Kassasiya instansiyasi məhkəməsində icraat
13. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 mart tarixli, 2-2(82)-403/19 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-86/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli e-2-2(103)-424/2019 nömrəli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərkən onun iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar ilə bağlı hüquqi mövqeyini nəzərdən qaçırmışdır. Halbuki, iddiaçı ilə bank arasında bağlanmış müqaviləyə əsasən faktiki olaraq bank kreditor qismində çıxış etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)-585/2021 nömrəli qərardadı ilə iş üzrə icraat Cavabdeh açıq səhmdar cəmiyyətinin “Naiqin-K “Tovuz Baltiya” məhdud məsuliyyətli cəmiyyətinə qarşı xx.xx.2009cu il tarixli 52 nömrəli kredit müqaviləsinin ləğv olunması, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinnə dair Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan 2-2(104) 03/2021 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmış, qeyd edilən iş üzrə xx.xx.2023-cü il tarixdə yekun məhkəmə aktı qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-2(103)-6/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
17. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə vəsatətlə müraciət edərək sonuncu iclasın təxirə salınmasını xahiş etmiş, işə baxılması üçün qanunla nəzərdə tutulmuş prosessual müddət bitdiyindən və iclasın təxirə salınması üçün üzürlü səbəb olmadığından vəsatət təmin edilməmişdir. İddiaçının qanuni təmsilçisi N.Məmmədhəsənov, vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
294.1-ci maddə-girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 528-ci maddə- öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1-ci maddə-ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 48.1-ci maddə-ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.2. əsas öhdəliyə xitam verildikdə;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-cü maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddə-qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə cavabdeh tam mübahisələndirildiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-403/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
22. İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-yə xx.xx.2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsi üzrə borcunun tam ödənildiyini iddia edərək əsas öhdəliyin icra nəticəsində xitam olunması əsası ilə ipotekaya xitam verilməsini, öhdəliyin təminatı olaraq girov qoyulmuş "xxxx" ASC-nin səhmlərinin yüklülükdən azad edilməsini xahiş etmişdir.
23. İddiaçı öz tələbini sübut etmək üçün məhkəməyə tərəflər arasında əvvəllər baxılmış mübahisə üzrə xx.xx.2016-cı il tarixdə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin (ekspert M.Allahverdiyev) rəyini təqdim etmişdir. Həmin rəydə iddiaçının xx.xx.2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsi üzrə borcu olmadığı, 461027,36 manat artıq ödənişi olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin rəyi mötəbər sübut kimi qəbul edərək iddianın əsaslı olduğunda dair nəticəyə gəlmiş, tərəflər arasında kredit borcu ilə bağlı mübahisə digər məhkəmənin icraatında iş olduğu və baxılan işlər bir-biri ilə əlaqəli olduğu halda həmin işin nəticəsini gözləmədən qətnamə qəbul etmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsi üzrə “Naiqin-K “Tovuz Baltiya” məhdud məsuliyyətli cəmiyyətinin ləğv prosesində olan Cavabdeh ASC-yə 3.000.000 manat əsas borc, 493538,76 manat müqavilə üzrə ödənilməmiş faiz borcu olduğu Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2-2(104)- 02/2022 saylı qətnaməsi ilə müəyyən edildiyindən MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələbləri nəzərə alınaraq iddiaçının xx.xx.2009-cu il tarixli 52 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin xitam olunduğuna dair iddiasının əsassız olduğu müəyyən olunur. Əsas öhdəlik xitam olunmadığından öhdəliyin təminatı olaraq girovla yüklü edilmiş səhmlərin yüklülükdən azad edilməsi üçün qanuni əsaslar olmadığı üçün məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)- 403/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh LPO Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-403/2019 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları ödəyən tərəfin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.