Məhkəmə qərarları › İş №2-2(103)-60/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-60/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-60/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 Qurşumoviçə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2302/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İcarəyə verən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh2 arasında 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 06 sentyabr 2017-ci il tarixli, 167 nömrəli əmri ilə təsdiq olunmuş dövlət əmlakı obyektinin icarəyə verilməsinə dair keçirilmiş müsabiqənin nəticələri haqqında 29 avqust 2017-ci tarixli protokol əsasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 25, kvartal 536, 537 (registr №***-*******9-003) ünvanında yerləşən, ümumi sahəsi 31,1 kv.m təşkil edən Təhsil Nazirliyi, Azərbaycan Texniki Universitetinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə icarəçi Cavabdeh2 müddətli istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh2 Qurşumoviçə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25, kvartal 536, 537 ünvanında yerləşən 31,1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, icarə haqqı borcu üzrə 6667 manat və mediasiya ilə bağlı ödənilmiş 100 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia tələbinin həcmini artıraraq, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25, kvartal 536, 537 ünvanında yerləşən 31,1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsi üzrə 31 avqust 2022-ci il tarixə yaranmış 7467 manat məbləğində icarə haqqının cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı bildirir ki, müqavilə şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 7467 manat məbləğində icarə haqqı borcu mövcuddur.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli, 9799 nömrəli icarə müqaviləsinin müddəti bitdiyindən iddiaçının icarə haqqının ödənilməsi tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində müqavilənin müddəti 06 mart 2018-ci il tarixə kimi müəyyən olunmuş, 8.3-cü bəndində isə müddət başa çatdıqda müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin müddətdən sonra müqavilə əsasında icarə haqqının hesablanması qanunsuzdur. Buna baxmayaraq cavabdeh tərəfindən artıq ödənişlər edilmişdir. Bundan başqa, cavabdeh 01 mart 2020-ci il tarixdə qeyri-yaşayış sahəsinin Azərbaycan Texniki Universitetinə təhvil vermiş və bundan sonra orada fəaliyyət göstərməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2302/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz vermişdir.

11. Apellyasiya şikayətinə etiraz iddiaya qarşı etirazla eyni qaydada əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin: 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

14. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, iddia tələbi 3 hissədən ibarətdir: icarə müqaviləsinin ləğv edilməsi; icarə haqqı borcu üzrə yaranmış pul vəsaitinin ödənilməsi; qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi.

19. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazının əsasını təşkil edən əsas xüsusat müqavilənin müddəti ilə bağlı olduğundan hesab etmişdir ki, tələbin ilk 2 hissəsinə (icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqı borcu üzrə yaranmış pul vəsaitinin ödənilməsi) birlikdə qiymət verilməlidir.

20. Mülki Məcəllənin 421.1-ci, 421.2-ci, 421.3-cü, 675-ci, 700.1-ci, 700.2-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci, 13.1-ci, 13.5-ci maddələrinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaya etirazının əsasını təşkil edən hallardan birini pandemiya dövründə icarə haqqının hesablanması təşkil etsə də, məhkəmə bu xüsusatı əsassız hesab etmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi şəxsi hesab vərəqəsindən görünür ki, 2020-ci ilin mart ayından dekabr ayına kimi icarə haqqı hesablanmamışdır.

21. İşin mübahisələndirilən əsas halı ondan ibarətdir ki, cavabdeh etirazın əsası kimi müqavilənin 3.1, 8.3-cü bəndlərinə əsasən müqavilənin müddətinin 06 mart 2018ci il tarixə kimi müəyyən olunmasına və müddət başa çatdıqda müqavilə münasibətlərinə xitam verilməsinin nəzərdə tutulmasına istinad edir. İddiaçı isə tələbini “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin ərizəsi olmadığına görə müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsi ilə əsaslandırır.

22. Tərəflər arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli 9799 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin:

23. 3.1-ci bəndində qeyd olunmuşdur ki, icarə müqaviləsinin müddəti 06 sentyabr 2017-ci il tarixdən 06 mart 2018-ci il tarixədək müəyyən edilir;

24. 8.2-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir;

25. 8.6-cı bəndində qeyd olunmuşdur ki, icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə icarəçinin yazılı müraciəti əsasında icarəyəverən tərəfindən baxılır.

26. Göründüyü kimi müqavilədə nəinki müddət, hətta hüquq münasibətlərinə xitam verilmə anı və yeni müddətə uzadılması şərtləri konkret müəyyən olunmuşdur.

27. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

28. Müqavilədə Mülki Məcəllənin 399.3-cü maddəsində nəzərdə tutulan şərt göstərildiyindən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının yalnız müqavilə müddəti ərzində ödənilməmiş icarə haqqı borcunu tələb etmək hüququ vardır. İcarə haqqı məbləği 200 manat müəyyən olunmaqla 6 ay üçün 1200 manat ödənilməli olduğu halda şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2700 manat məbləğində icarə haqqı ödənilmişdir. Həmçinin, Azərbaycan Texniki Universitetinin 18 iyul 2012-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş akta əsasən icarə obyektinin 01 mart 2020-ci il tarixədək cavabdehin istifadəsində olması təsdiqini tapdığına görə Əmlak Məsələləri Dövlət Xidmətinin müqavilə əsasında deyil, digər əsaslarla (məsələn, əsassız varlanma) zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ istisna edilmir.

29. Beləliklə, icarə müqaviləsinin müddəti 06 mart 2018-ci il tarixdə bitdiyindən həmin dövrdən sonra icarə haqqının və müqavilənin ləğvinin tələb olunması əsassızdır və buna görə də iddia icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqı borcu üzrə yaranmış pul vəsaitinin ödənilməsi hissələrində rədd olunmalıdır.

30. İddianın qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə ilk 2 şərt (tələb olunan əşya mövcuddur və iddiaçıya məxsusdur) mövcud olsa da, tələb edilən əşyanın cavabdehdə olmaması Azərbaycan Texniki Universitetinin 18 iyul 2012-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş akta əsasən təkzib edilir. Bu xüsusatın əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də rədd olunmalıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.

32. Eyni zamanda iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

33. Əlavə olaraq kollegiya qeyd edir ki, hazırki işdə “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsi tətbiq edilərək icarə müqaviləsinin müddətinin hazıra kimi davam etməsi nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil. Çünki tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.2-ci bəndində müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi şərti nəzərdə tutulmuşdur. Belə olan halda isə “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsində nəzərdə tutulan “müqaviləyə xitam vermək və ya onu dəyişdirmək haqqında ərizə”yə ehtiyac yoxdur. Çünki tərəflər arasında yazılı formada bağlanmış müqavilədə artıq müqaviləyə xitam verilməsi vaxtı aydın şəkildə müəyyən edilmişdir.

34. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2302/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar