Məhkəmə qərarları › İş №2-2(103)-600/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-600/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-600/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1711/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SSG-09-230/1 saylı texniki avadanlıqla xidmətlərin göstərilməsi barədə müqaviləyə görə, bu müqavilədə göstərilən şərtlərlə icraçı sifarişçinin iş yerlərində işləmək üçün texnika təmin edir və qazma əməliyyatlarını həyata keçirir.

2. Müqavilənin 1.2-ci bəndinə görə sifarişçi bu müqaviləyə əsasən icarəçi tərəfindən görülən işləri (servis və xidmət) qəbul edib haqqını ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilə üzrə işlərin (xidmətin) haqqını icraçının təqdim etdiyi sənədlər (qiymətlərin razılaşdırılması protokolu, hesab-faktura, işlərin tam görülməsi haqqında qaimə, təhvil-təslim aktı) əsasında icraçının hesablaşma hesabına köçürmə yolu ilə 15 iş günündən gec olmamaq şərti ilə aparılacaqdır.

4. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir.

5. xx.xx.2023-cü il tarixli, SSG-09-230/1 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı əlavə (qiymətlərin razılaşdırılması protokolu) ilə müqavilə üzrə aylıq xidmət haqqı razılaşdırılmışdır.

6. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDZ 328786 nömrəli 6007,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ 786043 nömrəli 3775 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 238696 nömrəli 5500 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 374344 nömrəli 5858,50 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 576582 nömrəli 6875 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 686296 nömrəli 6134 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

7. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində 6875 manat, xx.xx.2024cü ildə 6007,02 manat, xx.xx.2023-cü ildə 3775 manat, xx.xx.2023-cü il tarixində 5500 manat, xx.xx.2023-cü il tarixdə 5858,5 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6134 manat əsas borc məbləğinin, pul vəsaitinin gecikdirilməsinə görə 300 manat məbləğində pul vəsaitinin və ödənilmiş 88 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1711/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 6134 manat əsas borc, 230,02 manat faiz borcu, 83,65 manat dövlət rüsumu, ümumilikdə 6447,67 (altı min dörd yüz qırx yeddi manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 4,35 (dörd manat otuz beş qəpik) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6134 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 6134 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir və cavabdehdən tutulmalı olan faiz borcunun məbləği elektron qaimənin ödənilməli olduğu 15 iş günündən sonrakı gündən – xx.xx.2024-cü il tarixdən iddia ərizəsində göstərilmiş xx.xx.2024-cü il tarixədək olan 9 ay üçün 230,02 manat (6134 manat * 5 % / 12 ay * 9 ay) müəyyən edilməlidir.

11. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 Zöhrab oğlu ifadəsində bildirdi ki, cavabdeh MMC-də direktor müavini vəzifəsində işləmiş, lakin direktorla şərik olmuşdur. Keçən ilin aprel ayında öz ərizəsi ilə işdən çıxmışdır. Möhür həmişə direktor Eldarda olurdu. İddiaçı ilə işləmişlər, onunla bir icarə müqavilələri olub. Frontal yükləyicini icarəyə götürmüşlər. Hər ay bazar gün çıxmaqla 26 gün işləyirdi, akt tərtib olunurdu. İsa ilə danışıqları özü aparırdı, həmin layihəni cavabdeh MMC üçün özü tapmışdı. Danışıqları aparmağını direktor bilirdi, hər şeydən məlumatı var idi. Müqavilənin əlavəsini Eldar özü imzalayıb, onun imza səlahiyyəti olmayıb. Bütün imzalar Eldara aiddir. “Overtime”lar olanda qiymət fərqli olurdu. Onda heç bir sənəd qalmayıb. “Əsəd Group”-a texnikanı verirdilər. Texnika Hacıqabulda işləyirdi. Qaz xətti çəkilməsindən ibarət idi. 7-8 ay texnika orada işləyib. O çıxanda bir ayın ödənişini (sonuncu ay) cavabdeh iddiaçıya ödəməmişdi. Ödənişin edilməməsinin səbəbi isə özlərinə ilkin sifarişçinin pul ödəməməsi idi, onlara ödəniş edilən kimi iddiaçının borcu ödəniləcəkdi. Texnikanın işləməməsi kimi problem olmamışdır. Operatorla danışırdılar, akt təsdiqlənirdi, göndərirdilər İsaya. “Əsəd Group”dan ödəniş gəlsə idi ödəyəcəkdilər, hər ay olduğu kimi. Aktlar imzalanırdı, onlarla “Əsəd Group” arasında imzalı aktlar var. İddiaçı onlara e-qaimə verirdi, bunlardan direktor Eldarın həmişə xəbəri olurdu. Mühasibatlığa İsaya ödəniş edilməsi ilə bağlı göstərişi həmişə direktor Eldar verirdi, onun göstərişi olmadan kiməsə vəsait ödənilə bilməzdi. Qaimədə məbləğlə bağlı bir iki dəfə fikir ayrılığı olub lakin həll olunmuşdur. Qaimə verildikdən sonra ödəniş edilirdi. Eldarla bu işlə bağlı mübahisələri olmayıb. Eldarla sonradan özü arasında anlaşılmazlıq olub, öz ərizəsi ilə işdən çıxmışdır. Cavabdehin iddiaçıya son ayın borcunu ödəməməsinin səbəbi cavabdeh MMC-nin maliyyə çətinliyi idi, işlərin görülməməsi ilə bağlı iddiaçıya MMC-nin hər hansı iradı o işdən çıxana qədər olmamışdır.

12. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçı ilə əmək müqaviləsi vardır, sürücü-operator kimi işləyir. Cavabdehi qaz xətti layihəsi olan Hacıqabul layihəsindən tanıyır. Orada operator kimi işləmişdir. 12 sentyabr tarixində işə başlayıb, 02 martda işi yekunlaşdırmışlar. Ayın orta hesabla 26 gününü işləmişdir. Sentyabr ayın 12-30-na kimi 2 gün bazar günü xaric olmaqla qalan günləri işləmişdir. Oktyabrın ayını 2-dən etibarən işləmiş, həmin ay üzrə 5 gün bazar günləri işləməmişdir. Noyabr ayında da bazar günləri işləməmişdir. Dekabr ayında 16, 17-si işləməmiş, qalan bütün günləri işləmişdir. Bazar günləri də işləmişdir. Yanvar ayı 6-sı, 28-i işləməmiş, qalan bütün günləri işləmişdir. Fevral ayının 4-ü, 7-si işləməmişdir. Oradan hər gün yanacaq götürürdü və bununla müəyyən olunur ki, işləmişdir. Hansı şirkətin yanacaq verdiyini bilmir. İddiaçıya yanacağı məruzə etməmişdir. İşlədiyi günləri telefonla deyirdi. Texnikanın işləməsi ilə bağlı şirkət özü hesabat aparırdı. Orada işləmələrinə nəzarət edən işçilər var idi, adlarını bilmir. Hacıqabul rayonunun Qarasu kəndindən Ağsunun kəndinə qədər qaz borusu çəkilirdi. Hər gün Hacıqabuldan Ağsuya tərəf irəliləyirdilər. Onlardan başqa texnikalar da var idi. Cavabdehdən heç kimi tanımır. Orada işçilər var idi, adlarını bilmir. Uşağı xəstə olub, bəzi günləri yarımçıq işləmiş, əvəzinə başqa operator işləmişdir. Orada işlədiyi vaxtda düşərgələrdə qalırdı.

13. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1711/2025 nömrəli qətnaməsinin ləğv edillməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanıb təsdiqlənmiş hər hansı ikitərəfli aktlar olmamış, iddiaçı tərəfindən cavabdehə göndərilmiş ilk beş elektron qaimə: xx.xx.2023-cü il tarixli elektron qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixli qaimə xx.xx.2024-cü ildə, xx.xx.2024-cü il tarixli qaimə xx.xx.2024-cü il tarixdə olmaqla cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Lakin, cavabdeh tərəf iddiaçıdan 6-cı elektron qaimə üzrə xidmət tələb etməmişdir. Cavabdehin adından istifadə edərək məhkəmə iclasında şahid qismində cəlb edilmiş Şahid1 Zöhrab oğlu iddiaçıdan texnika götürərək işlətmiş və həmin iş üzrə qazancı mənimsəmişdir. Heç bir halda, cavabdeh tərəf iddiaçıdan 6-cı elektron qaimə üzrə xidmət tələb etməmişdir. Birinci instansiya zamanı aşkar olunmuş bu faktlar cavabdeh tərəfindən ətraflı araşdırılmış, Şahid1 tərəfindən törədilən oxşar tipli onlarla hal aşkar edilərək hüquq mühafizə orqanlarına müraciət edilmiş və sonuncu barəsində cinayət işi açılmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Hal-hazırda cavabdeh şirkət almadığı xidmətə görə borclu vəziyyətə düşmüşdür. Belə ki, məhkəmə iclasında da iddiaçı nə SKYSERVİCES GROUPS MMC-ni, nə də onun direktoru Eldarı tanımadığını, yalnız Şahid1 tanıdığını demişdir. Hal-hazırda, elektron qaimə cavabdeh şirkətin adına olması cavabdehin xidmət alması kimi qiymətləndirilməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən “tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində ödənişin təhvil-təslim aktı əsasında edilməli olması barədə müddəa göstərilsə də, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən müəyyən edilmişdir ki, tərəflər arasında ümumiyyətlə hər hansı təhvil-təslim aktı olmamış, ödənişlər davamlı olaraq cavabdeh tərəfindən iddiaçıya yalnız elektron qaimə əsasında ödənilmişdir” qeyd olunmuşdur. Lakin, müqaviləyə zidd olan bu işgüzar adət cavabdeh şirkətin hüquqlarının pozulmasına səbəb olmuş, hüquqdan istifadəyə zəmin yaratmışdır. Tərəflər arasında xx.xx.2024-cü il tarixli elektron qaiməyə dair hər hansı formada müqavilə bağlanılmamış, cavabdeh həmin qaimə üzrə öhdəlik daşımamışdır. Cavabdehin həmin qaiməni ləğvə göndərməməsinin səbəbi məlumatlı olmamasına görədir. Belə ki, Şahid1 işlədiyi dövrdə cavabdeh şirkətə gətirdiyi bütün müştərilərə özü nəzarət edirdir. Şahid1 cavabdeh şirkətdə etimad qazandıqdan sonra müştərilərə özü sifarişlər verib xidmətlər üzrə elektron qaiməni cavabdeh şirkətə göndərməsini tələb edərək qazanc əldə edirdi ki, bu da cavabdeh tərəfindən xidmət alınması kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsində Şahid1 ifadəsinə əsaslanmış lakin həmin ifadənin doğruluğu yoxlanılmamışdır. Belə ki, Şahid1 cavabdeh şirkətdə direktor müavini vəzifəsində heç vaxt işləməmiş, o yalnız əməliyyat üzrə menecer vəzifəsində işləmişdir. Şahid1 şirkətə şərik olmasına dair iddiası isə tamamilə yalandır. Həmin ifadədə Şahid1 cavabdeh şirkətin direktoru Eldarla aralarında anlaşılmazlıq olduğunu, işdən çıxdığını bildirmişdir. Bu bir daha Şahid1 ifadəsinin obyektivliyini şübhə altına alır. Qeyd olunan hallar şahidin cavabdeh şirkətə qarşı qərəzli münasibətdə ola biləcəyinə dair əsaslı şübhələr doğurmaqla onun ifadəsinə birmənalı yanaşmanı istisna etdiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən təqdim olunmuş sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı sifarişi Şahid1 almış və xidmətlər göstərmişdir. Həmin sifarişlərdən 5-i barəsində cavabdeh məlumatlı olmuş və tam ödəniş etmişdir. Cavabdeh sonuncu ödənişi ödəməkdən yayınması isə ağlabatan deyil. Məhkəmə, pretenziyanın göndərilməsindən cavabdehin məlumatlı olduğunu və münasibət bildirilmədiyini qeyd etmişdir. Lakin, pretenziya göndərildiyi tarixdə elektron kabinetlərə Şahid1 nəzarət etdiyindən həmin pretenziya cavabdeh şirkətin direktoru tərəfindən aşkar olunmamışdır. İddiaçı tərəfindən həmin borc ilə bağlı cavabdeh şirkətin direktoruna zəng edilərək məlumat verilməmişdir. Məhkəmə tərəfindən Şahid1 ifadəsi əsas götürülmüş, lakin, onun cavabdeh şirkətlə aralarında olan anlaşılmazlıq yəni mübahisə əsasında işdən çıxmasına, onun obyektiv ifadə vermək imkanının mövcud olubolmaması araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan 6-cı qaimə üzrə cavabdehin xidmət aldığı qənaətinə gəlinmiş, lakin iş materiallarında bunu təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə müqaviləyə zidd olan işgüzar adətlərə əsaslanmışdır ki, bu da özlüyündə tamamilə qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. İşin halları ilə müəyyən olunur ki, Şahid1 öz vəzifə səlahiyyətlərindən istifadə edərək öz mənafeyinə uyğun olaraq iddiaçıya xidmətlər göstərmiş və elektron qaiməni cavabdeh şirkətə göndərilməsini tələb etmiş, işlədiyi dövrdə asan imzanın onda olmasından da istifadə edərək cavabdeh şirkətə gələn elektron qaimənin və pretenziyanın direktor tərəfindən görülməsi imkanını aradan qaldırmış, bununla da iddiaçıda maddi ziyan vurmuşdur. Hesab edilir ki, iddiaçıya Şahid1 qarşı iddia irəli sürmək hüququ izah edilməlidir. X3 yalan ifadə verərək cavabdeh şirkətdə əməliyyatçı menecer işləməsinə baxmayaraq özünü direktor müavini və şərik olaraq tanıtmasına dair ifadəsi məhkəmənin sonuncu iclasında olması səbəbilə, həmin ifadəsinin yalan olmasına dair sübutlar hal-hazırda təqdim olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, cavabdehin direktoru Eldar Hüseynov ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

24. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

25. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materiallarına əsasən, məhkəmə tərəfindən işin mübahisəsiz halları qismində müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, iddiaçı sifarişçinin sifarişi əsasında öz texnikası ilə qazma işlərinin aparılması öhdəliyini üzərinə götürmüşdür. Tərəflər arasında imzalanıb təsdiqlənmiş hər hansı ikitərəfli aktlar olmamış, iddiaçı tərəfindən cavabdehə göndərilmiş ilk beş elektron qaimə: xx.xx.2023-cü il tarixli elektron qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2024cü il tarixli qaimə xx.xx.2024-cü ildə, xx.xx.2024-cü il tarixli qaimə xx.xx.2024-cü il tarixdə olmaqla cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir

34. Müqavilənin əlavəsində (xx.xx.2023-cü il tarixli) 26 günlük aylıq xidmət haqqının dəyərinin 5000 manat olması razılaşdırılsa da, təqdim edilmiş elektron qaimələr və ödəniş sənədlərindən 26 günlük aylıq xidmət haqqının dəyərinin 5500 manat olmaqla ödənildiyi müəyyən edilmişdir.

35. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində ödənişin təhvil-təslim aktı əsasında edilməli olması barədə müddəa göstərilsə də, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən müəyyən edilmişdir ki, tərəflər arasında ümumiyyətlə hər hansı təhvil-təslim aktı olmamış, ödənişlər davamlı olaraq cavabdeh tərəfindən iddiaçıya yalnız elektron qaimə əsasında ödənilmişdir.

36. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sonuncu elektron qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz edilməmiş, qaimə düzəlişə göndərilməmiş, ləğv edilməsi iddiaçıdan tələb edilməmişdir.

37. Mübahisəli elektron qaimə cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmiş, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, cavabdeh keçən bu müddət ərzində iddiaçıya hər hansı irad bildirilməsini, pretenziya verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

38. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

39. Belə ki, bir qayda olaraq, müqavilənin tərəfi olmayan şəxs həmin müqavilədən irəli gələn hüquq və öhdəliklərə sahib ola bilməz (Mülki Məcəllənin 387.3 və 403.1-ci maddələri).

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator Şahid1 öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini qeyd etsədə, bununla bağlı hər hansı sübut tədim etməmişdir. Həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Şahid1 xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 86.2-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilməsi müəyyən olunur.

41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1711/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar