Məhkəmə qərarları › İş №2-2(103)-601/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-601/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-601/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2659/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli QSZİ 37/0318 saylı müqavilə, habelə iddiaçının İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhvil-təslim edilməsi barədə” xx xxxx 2018-ci il tarixli 100 K nömrəli əmri ilə cavabdehin istifadəsinə verilmiş (iddia tələbində göstərilən) əmlakın (avadanlıqların) siyahıya alınmaqla, üzərinə həbs qoyulması və həmin əmlaklardan istifadənin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2659/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, ərizədə göstərilmiş əmlakların siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır. İddiaçı MMC şikayət verərək, həmin qərardadın qismən, yəni iddianın təmin tədbirinin təmin edilməmiş hissəsində ləğv edilməsi və ərizənin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC də şikayət verərək, həmin qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işə mahiyyəti üzrə baxılana kimi adları və sayı ərizədə göstərilən mübahisəli əmlakların (avadanlıqların) siyahıya alınaraq üzərinə həbsin qoyulması barədə iddianın təmini tədbirini seçmişdir. Belə ki, mübahisənin mahiyyətindən aydın şəkildə görünür ki, işə mahiyyəti üzrə baxılana qədər həmin avadanlıqların satılması və ya hər hansı bir qaydada özgəninkiləşdirilməsi, həmçinin məhv edilməsi və ya zədələnməsi gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasına maneçilik törədə bilər. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmənin gədiyi nəticə düzgündür, cavabdehin dəlilləri isə əsaslı hesab edilə bilməz. İddiaçının dəlilləri də əsassızdır. Çünki birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əmlakın üzərində həbs qoyulması tədbiri özündə şəxsin həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunması ilə yanaşı, zəruri hallarda əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını, onun götürülməsini və ya saxlanmaq üçün verilməsini də ehtiva edir Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2659/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar