Məhkəmə qərarları › İş №2-2(103)-601/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-601/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-601/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “əldən çıxmış faydanın tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2766/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 26 avqust 2015- ci il tarixli 23-BİZ-2-0-437- 15 №-li kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 54.233.43 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(113)-2766/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 54.233,43 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci tarixli, e-2-2(113)-2766/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında 26 avqust 2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.8-ci maddəsinə əsasən kreditin ödənilməsi tarixi kimi 31 avqust 2020-ci il tarixi müəyyənləşdirilmişdir. Kredit müqaviləsinin 1.13-cü maddəsinə əsasən kreditin ödənilməsi qaydası belə müəyyən edilmişdir-hesablanmış faizlər və əsas borc kredit müddətinin sonunda, yəni 31 avqust 2020-ci ildə ödənilməlidir. Kredit müqaviləsinə 1.8 və 1.13-cü maddələrini daxil etməklə Bankın özü kreditin (faizlərin və əsas borcun) tam ödənilməsi müddətinin 31 avqust 2020-ci il kimi müəyyənləşdirmiş və razılaşmışdır. Bu isə o deməkdir ki, cavabdehdən 26 avqust 2015-ci ildən 26 aprel 2021-ci il tarixinə olan müddət üçün əldən çıxmış faydanın ödənilməsini tələb etməyə iddiaçının hüquqları yoxdur. "xxxx" İKB ASC 2019-cu ildə cavabdehlər Cavabdeh MMC-yə, X5, X6 və X7 qarşı “borc tələbi və tutmanın İpoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 59483.48 ABŞ dolları məbləğində faiz borcu "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X2 Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1038.6 kv.m. olan qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir (bu yönəltmə yalnız faiz-59483.48 ABŞ dollarına aiddir və 701 640 ABŞ dolları məbləğində əsas borcun ödənilməsinə aid deyildir). Beləliklə sübut olunur ki, hələ kreditin ödənilməsi müddətinin başa çatmasına bir ildən də artıq müddət qalmasına baxmayaraq iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə müraciət etməsi onun əldən çıxmış faydanın tələb etməsi hüququnu istisna edir. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh MMCdən iddiaçının xeyrinə 701 640 ABŞ dolları məbləğində əsas borcun, 59483.48 ABŞ dolları məbləğində faiz borcun, cəmi 758 394.88 ABŞ dollarının tutulması, tutmanın X2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680.7 kv.m. olan qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1038.6 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq Bankın kreditinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, tutmanın X3 və X4 ipoteka ilə yüklü edilmiş əmlakına ona görə yönəldilməmişdir ki, girov qoyulmuş X3 və X6 məxsus evlər söküldüyündən əmlaklar mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə sübut olunur ki, götürülmüş kredit və ona hesablanmış faizlər ipoteka ilə yüklü edilmiş əmlaklar hesabına, müqavilə üzrə ödənilməli olan müddətdən 31 avqust 2020-ci il tarixindən öncə ödənilmişdir, iddiaçının bütün xərcləri məhkəmə qətnaməsinə əsasən qaytarılmışdır və iddiaçı heç bir zərər çəkməmişdir. Bundan əlavə iddiaçı əldən çıxmış fayda kimi də heç bir maddi zərər çəkməmişdir. Belə ki, "xxxx" İKB ASC 2019-cu ildə Xətai Rayon Məhkəməsinə müraciət edərkən verilmiş kreditin faizi qismində cavabdehdən 59483.48 ABŞ dolları məbləğində faiz borcunu da tələb etmiş və onun bu tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Bununla da sübut olunur ki, kreditə görə iddiaçı heç bir maddi zərərə və əldən çıxmış faydaya məruz qalmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-1084/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi 4533,93 ABŞ dolları pulun tutulması hissəsində rədd edilmişdir. AR Ali Məhkəməsinin 2-2(102)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-1084/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İş materiallarına əsasən: İddiaçı ASC-nin hüquqi varisi olduğu "xxxx" İKB ASC ilə “X13” MMC arasında 2015ci il 26 avqust tarixdə 23-BİZ-2-0-437-15 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin əsası dövriyyə vəsaitlərinin artırılmasından ibarət olmuşdur. Müqaviləyə əsasən cavabdeh 5.000.000 ABŞ dolları vəsaiti illik 14% dərəcəsi ilə 2020-ci il 31 avqust tarixədək kreditə götürmüşdür. Müqavilənin 9.2-ci maddəsinə əsasən borcalan üzərinə düşən öhdəliklərini icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc - yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 % miqdarında banka dəbbə pulu ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli 2(011)-101/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçı Nikoyl İKB ASC-nin cavabdehə və X8, X9 və X7 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk və qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun olaraq 2020-ci il 31 avqust kimi qeyd edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər "X14" MMC-yə və qeyrilərinə qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh “X12" MMC-dən kredit müqaviləsi üzrə 56.754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X2 mülkiyyətində olan və "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın satış qiymətinin 934.740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X7 geri qaytarılması, həmin ipoteka predmetinin satıldıqdan sonra bir ay müddətində cavabdeh X10 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması qət edilmişdir. Həmçinin, qarşılıqlı iddia tələbi qismən təmin olunmuş, Müqavilənin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixi 2020-ci il 31 avqust olaraq müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 28 noyabr tarixli 2(103)12378/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli, 2(011)-101/2019 saylı qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Müqavilə ləğv edilmiş, Müqaviləyə əsasən 2017-ci il 5 may tarixə ödənilməmiş 701.640 ABŞ dolları məbləğində əsas, 56.754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758.394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 manat məbləğində pulun cavabdehdən tutulması, tutmanın X10 tərəfindən ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 1.512.630 manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 934.740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilmiş, iddiaçı tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməmiş, qarşılıqlı iddia tələbi Müqavilənin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 2020-ci il 31 avqust olduğunun müəyyən edilməsi hissəsində təmin edilməmişdir. 4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 3 sentyabr tarixli 2(102)-3067/2020-ci il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən verilmiş 2021-ci il 30 mart tarixli, 01/1792 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68160200-16 saylı, 2021-ci il 4 mart tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş: a) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsindən yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası; b) Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 2021-ci il 30 mart tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 964301.62 və 595896.75 manat olmaqla ipoteka saxlayana təklif olunur. Hərracın yekunları barədə 29/11 saylı, 2021-ci il 9 aprel tarixli protokola əsasən Nəcibə Ağayevaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsindən yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (iddiaçı) tərəfindən əldə edilmişdir. Hərracın yekunları barədə 29/12 saylı, 2021-ci il 9 aprel tarixli protokola əsasən Nəcibə Ağayevaya məxsus Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (iddiaçı) tərəfindən əldə edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 2021-ci il 26 aprel tarixinə cavabdehin Müqavilə üzrə iddiaçıya əldən çıxmış fayda olaraq hesablanmış ümumi borcu 54.233.43 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 26 aprel tarixli KBD-6541 saylı xəbərdarlıq məktubunda cavabdehdən 54.233,43 ABŞ dolları məbləğində əldən çıxmış faydanın 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi yalnış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, tərəflər arasında sərbəst şəkildə qanunvericiliyin tələblərinə müvafiq Müqavilə bağlanılmış və bu müqavilədə tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərə əsasən kreditin (faizlərin və əsas borcun) ödənilməsi müddəti 2020-ci il 31 avqust kimi müəyyənləşdirilmişdir. Belə olduqda isə bu müddət keçməmiş hər-hansı əldən çıxmış fayda meydana gələ bilməz və götürülmüş kreditin qaytarılmasının təminatı kimi girov qoyulmuş əmlaklar təhvil verilməklə açıq hərrac vasitəsilə satışa çıxarılaraq iddiaçının adına rəsmiləşdirildiyindən və cavabdehin iddiaçı qarşısında ödənilməmiş vəsaiti qalmadığından cavabdeh hər-hansı məsuliyyətə də cəlb edilə bilməz. Buna münasibətdə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarında göstərilmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. İş materiallarından göründüyü kimi tərəflər arasında “kreditin verilmə tarixi” olaraq 2015-ci il 26 avqust, “kreditin bağlanma tarixi” kimi isə 2020-ci il 31 avqust tarixi göstərilən müqavilə bağlanmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Həmin Məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (Mülki Məcəllənin 49.2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər fəaliyyət qabiliyyətli hüquqi şəxs kimi qanunvericilyin tələblərinə zidd olmayan müqavilə bağlamış, müqavilədə kredit öhdəliklərinin icrası üçün son tarix kimi 2020-ci il 31 avqust tarixi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Mülki Məcəlləninin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhdə göstərilən mövqe baxımından məhkəmə kollegiyası vurğulayır ki, tərəflər arasında qanunvericiliyin tələblərinə zidd olmayan formada bağlanmış kredit müqaviləsində kredit (əsas borc və faiz) öhdəliklərinin son icrası tarixi kimi 2020-ci il 31 avqust tarixi müəyyənləşdirildiyindən, bu müddət keçməmiş iddiaçı tərəfindən hansı əsasla əldən çıxmış faydanın tələb olunması aydın olmamış, birinci instansiya məhkəməsi isə göstərilən hala hüquqi qiymət verməmişdir. Məhkəmə Kollegiyası vurğulamağı zəruri hesab edir ki, Mülki Məcəllənin 445.7- ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair yekun nəticəsini onunla əsaslandırarkən qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.” İşin hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə ləğv edilməklə cavabdehdən əsas və faiz borlarının ipoteka predmetlərinə yönəldilməklə iddiaçının xeyrinə tutulması qət edilmiş, Ali Məhkəmənin 2020-ci il 3 sentyabr tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti 1.512.630 manat və 934.740 manat müəyyən edilmiş ipoteka predmetləri olan iki qeyri-yaşayış binası iddiaçı tərəfindən əldə edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə tutulması nəzərdə tutulan borc ipoteka predmetinə yönəldilməklə məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti müvafiq olaraq 1.512.630 manat və 934.740 manat təşkil edən həmin ipoteka predmetləri 2021-ci il 9 aprel tarixdə iddiaçı tərəfindən əldə olunduğundan, cavabdehdən gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyini nəzərə alan məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, hazırkı işin halları üzrə məhkəmə qətnaməsi əsasında müvafiq borc məbləğinin ipoteka predmetinə yönəldilməklə tutulmasına dair prosedur çərçivəsində borclu tərəfindən hər hansı maneə yaradılmamış, əksinə girov əmlakın verilməsi könüllü olaraq həyata keçirilmişdir. Bu halın əksini sübut edən hər hansı dəlil isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı kommersiya mübahisəsi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, məhkəmənin gəldiyi nəticə qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına və onlara verilmiş şərhə uyğun olmamışdır. AR MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin ediməli, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2766/2021 saylı qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar