Məhkəmə qərarları › İş №2-2(103)-601/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-601/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-601/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı icarə müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)- 415/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 593 nömrəli icarə müqaviləsinin sürətindən görünür ki, bu müqaviləyə görə ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 12930 m2 torpaq sahəsi Cavabdeh ASC-nin müvəqqəti istifadəsinə verilir. Müqavilənin 3.1-ci bəndinə əsasən bir illik icarə haqqı 13002,12 manat, aylıq 1083,51 manatdır. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023- cü il tarixədək müəyyən edilir.

2. xx.xx.2023-cü il tarixli, 593 nömrəli müqavilə üzrə tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə ödənilməmiş icarə haqqı 27053,62 manat təşkil edir.

3. xx.xx.2024-cü il tarixli, 593 nömrəli müqavilə üzrə tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə ödənilməmiş icarə haqqı 30304,15 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixə yaranmış icarə haqqı borcu üzrə 30304,15 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında ünvan 2 ünvanında yerləşən 12930 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 593 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdehlər öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsələr də, müqavilənin şərtinə əməl olunmamış, cavabdehlər tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2023- cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 27054 manat məbləğində icarə haqqı borcu mövcuddur.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-415/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh ASCdən xx.xx.2021-ci il tarixli, 593 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023cü il tarixə yaranmış 23803,09 manat məbləğində vəsaitinin tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi qət edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət xx.xx.2021-ci il tarixli, 593 nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 12930 m2 torpaq sahəsini aylıq 1083,51 manat ödəmək şərtilə Cavabdeh ASC-yə icarəyə vermişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixə yaranmış 30304,15 manat məbləğində vəsaitin Cavabdeh ASC-dən tutulmasını xahiş etsə də, məhkəmə hesab etmişdir ki, iddia qismən müqavilənin bitdiyi xx.xx.2023-cü il tarixə yaranmış 23803,09 manat məbləğində icarə borcunun tutulması hissəsində təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, 593 nömrəli icarə müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə əsasən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il müəyyən edildiyindən, icarəyə götürən isə icarə müddətinin uzadılması barədə bildirişi icarəyəverənə təqdim etmədiyinə görə borc icarə müddətin bitdiyi xx.xx.2023-cü il tarixədək yaranmış 23803,09 manat məbləğində tutula bilər.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-415/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin predmeti olan torpaq sahəsi və üzərindəki əmlak kompleksi üzərində cavabdehin hüquqlarına xitam verilməmiş və torpaq sahəsi cavabdehin istifadəsində qalmaqda davam edir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan icarə münasibətlərinin mövcud xarakteri düzgün araşdırılmamış, nəticədə yaranmış mübahisəyə münasibətdə tətbiq edilməli olan qanunvericilik normaları düzgün seçilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi formal olaraq icarə müqaviləsinin 4.2ci bəndinə əsaslanmaqla tərəflər arasında icarə müqaviləsinin müddətinin başa çatmasından sonra icarəçinin icarə müqaviləsinin müddətinin uzadılması barədə icarəyə verənə bildiriş təqdim edilməməsini əsas gətirərək icarə haqqı borcunun xx.xx.2023-cü il tarixədək hesablanmalı olması ilə bağlı mövqeyi yanlışdır. Halbuki müqavilənin 4.2-ci bəndindən görünür ki, tərəflər arasında olan müqavilənin razılaşdırılmış şərtinə əsasən tərəflər müqavilənin müddətinin bitməsindən sonra icarə müqaviləsinə xitam verilməsini icarəçinin müqavilənin müddətinin uzadılması barədə ərizəsindən deyil, icarəyə verənin qərarından asılı etmişdirlər. Göründüyü kimi, mövcud vəziyyətdə tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi yox, hüququdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə-icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 48-ci maddənin 2-ci hissəsi- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 51-ci maddənin 4-cü hissəsi-icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 1-ci maddə-torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü maddə-Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 13-cü maddə-torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da məzmunundan görünür ki, iddiaçı tərəfindən qismən – iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-415/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə xeyrinə xx.xx.2024-cü il tarixədək icarə haqqı borcu üzrə 30.304,15 manat pul tutulmalıdır.

16. İşdəki iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 593 nömrəli icarə müqaviləsinin sürətindən görünür ki, bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və cavabdehin balansında olan əmlak kompleksinin (keçmiş Pioner düşərgəsi) yerləşdiyi 12930 m2 torpaq sahəsi Cavabdeh ASC-nə aylıq 1083,51 manat icarə haqqı ödənilməklə icarəyə verilmişdir.

17. İşdəki şəxsi hesab vərəqindən görünür ki, cavabdehin qeyd edilən icarə müqaviləsi üzrə 30.304,15 manat ödənilməmiş borcu mövcuddur.

18. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya hər hansı etiraz bildirməmişdir.

19. İcarə müqaviləsinin 4.2-ci bəndində qeyd edilmişdir ki, müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər.

20. İşə baxmış hakim müqavilənin qeyd edilən bəndini düzgün təfsir etməmiş, belə hesab etmişdir ki, icarə müqaviləsinin müddəti xx.xx.2023- cü il tarixədək müəyyən edildiyindən və müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədiyindən müqavilə xitam olunmuşdur. Halbuki qeyd edilən bənddə müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverənin müqaviləyə xitam vermək hüququ nəzərdə tutulmuşdur. Bu da belə qənaətə gəlməyə əsas verir ki, icarəyəverən bu hüququndan istifadə etmədikdə müqavilə eyni şərtlərlə, eyni müddət üçün uzadılır (prolonqasiya). Hazırkı halda icarə münasibətlərinin xitam olunduğuna dair işdə hər hansı sübut yoxdur.

21. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə iddianın rədd edildiyi hissədə ləğv edilərək iddiaçının icarə haqqı borcunun tutulması barədə tələbi tam təmin edilməlidir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 415/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə xeyrinə xx.xx.2024-cü il tarixədək icarə haqqı borcu üzrə 30.304,15 manat pul tutulmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-415/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası tam təmin edilərək Cavabdeh ASC-dən iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə xx.xx.2024-cü il tarixədək icarə haqqı borcu üzrə 30.304,15 manat pul tutulsun. Cavabdeh ASC-dən işə birinci instansiya qaydasında baxılmasına görə 180,90 manat, apellyasiya instansiya mərhələsində baxılmasına görə 90,45 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar