Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-602/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-916/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 10155 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 4060 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-916/2020 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. İddiaçı MMC və cavabdeh Cavabdeh həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Cavabdeh təmsil etdikləri şəxslərin (özlərinin) apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında sadə yazılı formada xx xxx 2019-cu il tarixli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə bu müqavilə ilə müəyyən edilmiş yükdaşıma xidmətlərini göstərməyi, İddiaçı MMC isə əvəzində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin xidmət müqaviləsi üzrə Cavabdeh tərəfindən heç bir xidmət həyata keçirilməmişdir. xx xxxx 2019-cu il tarixli 13 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 3050 manat, xx xxxxxxx 2019-cu il tarixli 31 saylı ödəniş tapşırığına əsasən isə 7105 manat olmaqla, cəmi 10155 manat pul vəsaiti ödənilmişdir. İddiaçı bildirir ki, köçürülmüş həmin vəsaitin qanuni və ya müqavilə əsası olmamışdır. Belə ki, həmin müqavilə üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-yə hər hansı xidmət göstərilməmişdir. Ödənilmiş vəsait Cavabdeh dəfələrlə tələb edilsə də, o həmin məbləği qaytarmaqdan imtina etmişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş, müraciət mülki xarakter daşıdığından cinayət işinin başlanması xx.xx.2019-cu il tarixli qərarla rədd edilmişdir. Cavabdeh ilk iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, onun tərəfindən İddiaçı MMC-yə 214 gün yükdaşıma xidməti həyata keçirilmişdir. Həmin xidmətə görə iddiaçı tərəfindən 26750 manat ödənilməli idi. İddiaçı tərəfindən rəsmi şəkildə ödənilən 10155 manat puldan başqa qeyri-rəsmi şəkildə 12535 manat, yəni ümumilikdə 22690 manat pul ödənilmişdir. Buna görə də, ona ödənilməli olan qalıq 4060 manat pul da ödənilməlidir. Bundan başqa, həm birinci instansiya məhkəməsində, həm də hazırki məhkəmə iclasında verdiyi izahatında cavabdeh bildirdi ki, tərəflər arasında xx xxx 2019-cu il tarixli xidmət müqaviləsi bağlanılan gündən sonra onlar arasında mübahisə yaranmış və iş dayanmışdır. O, daha əvvəl onlar arasında bağlanmış şifahi xidmət müqaviləsi əsasında İddiaçı MMC-yə yükdaşıma xidməti göstərmiş, iddiaçının ödədiyi 10155 manat məbləğində pul vəsaiti həmin müqavilə üzrə ödənilməli olan xidmət haqqıdır və hazırda da tələb etdiyi 4060 manat məbləğində pul vəsaiti əvvəlki müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən xidmət haqqıdır. Bununla bağlı iddiaçının nümayəndəsi bildirir ki, həqiqətən xx xxx 2019-cu il tarixli müqavilədən əvvəl şifahi formada xidmət müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən yükdaşıma xidməti göstərilmişdir. Lakin həmin şifahi müqavilə üzrə bütün xidmət haqqı ödənilmiş və borc qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, işin mübahisəsiz hallarına görə tərəflər arasında sadə yazılı formada xx xxx 2019-cu il tarixli xidmət müqaviləsi bağlanmış, lakin müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən heç bir yükdaşıma xidməti göstərilməmişdir. Bununla belə iddiaçı tərəfindən həmin müqavilə bağlandığı tarixdən sonra cavabdehin hesabına ayrı-ayrılıqda 3050 manat və 7105 manat olmaqla, cəmi 10155 manat məbləğində pul vəsaiti köçürülmüş və bunun nəticəsində cavabdeh iddiaçının hesabına 10155 manat məbləğində əsassız varlanmışdır. Çünki həmin pul vəsaitinin köçürməsi üçün nə müqavilə, nə də qanuni əsas olmamışdır. Həmin pul vəsaitlərinin tərəflər arasında əvvəl bağlanmış şifahi müqavilə üzrə ödənilməli olan xidmət haqı olması, həmçinin həmin şifahi müqavilə üzrə iddiaçının borcunun olması barədə cavabdehin dəlilləri isə əsasızdır. Belə ki, tərəflər arasında xx xxx 2019-cu il tarixli xidmət müqaviləsi bağlanmamışdan daha əvvəl şifahi formada xidmət müqaviləsinin bağlanması və cavabdeh tərəfindən iddiaçıya yükdaşıma xidmətlərinin göstərilməsi işin mübahisəsiz hallarıdır. Cavabdeh də məhz həmin şifahi müqavilə üzrə ödənişin həyata keçirildiyinə istinad edir və həmin müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən xidmət haqqının ödənilməsi tələbini irəli sürür. Bu iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Kollegiya hesab edir ki, məhz cavabdeh tərəflər arasında bağlanmış şifahi xidmət müqaviləsinə və həmin müqavilə üzrə iddiaçının ona 4060 manat məbləğində borcunun olduğuna istinad etdiyi üçün həmin halları sübutetmə yükü onun üzərinə düşür. Lakin cavabdeh bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bunun əksinə, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, Cavabdeh işçisi kimi yük avtomaşını ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin may ayının ortasına qədər İddiaçı MMC-də işləmişdir. Görülən işlərin qarşılığında İddiaçı MMC tərəfindən ona pul verilmiş və o da hər dəfə həmin pulları Cavabdeh həyat yoldaşının adına açdırdığı bank hesabına ödənişlər etmişdir. İddiaçı MMC-nin Cavabdeh hər hansı bir borcu qalmamışdır (qeyd olunan hallar birinci instansiya məhkəməsində xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclas protokolunda qeyd olunmamış, lakin həmin iclasa dair video-çəkilişdə öz əksini tapmışdır). Göründüyü kimi tərəflər arasında bağlanmış şifahi müqavilə üzrə iddiaçının hər hansı bir borcunun qalmadığı həmin müqavilə üzrə bilavasitə işləri yerinə yetirmiş sürücü X1 ifadəsi ilə təsdiq olunur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, nə ilk iddiada tələb olunan 10155 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsinin müqavilə əsasının mövcudluğu, nə də qarşılıqlı iddiada tələb olunan 4060 manat xidmət haqqının mövcudluğu və bundan asılı olaraq Mülki Məcəllənin 850.1-ci maddəsinin dispozisiya şərtləri təsdiq olunmur. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia tam təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin iddia təmin edilməli, qarşılıqlı iddiaya aid hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-916/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin iddia təmin edilsin. Cavabdeh Cavabdeh 10155 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumları tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-602/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-602/2020
01.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver