Məhkəmə qərarları › İş №2-2(103)-602/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-602/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-602/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi, maddi, mənəvi və işgüzar nüfuza dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1377/2021 saylı, 16.04.2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QYSİ 36/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi; icarə obyektində olan mülkiyyətində olan hazır məhsullar və xammalın cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sərəncamına verilməsi; İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə "Cavabdeh" MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə 1 549 446 manat miqdarında maddi zərərin və 1 000 000 (bir milyon) manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə 5 000 000 (beş milyon) manat həcmində pul cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclərin, vəkillə bağlanan müqavilə üzrə 20 000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı MMC-nin müqavilə üzrə istifadəsində olan və əmlakının olduğu əraziyə müəssisənin rəhbərliyinin, təsisçilərinin, iştirak payı olanların, müəssisədə çalışan bütün işçilərin əraziyə, anbar, ofis, istehsal sahəsinə giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına "Cavabdeh" MMC tərəfindən məhkəmə qərarı olmadan qoyulan məhdudiyyətin qadağan edilməsi, əraziyə daxil olmağa şərait yaradılmasının Cavabdeh MMC-yə həvalə edilməsi, həmçinin İddiaçı MMC-nin mülkiyyətində olan əmlaklardan (kartof, xammal, qablaşdırma və s) istifadə edilməsinin cavabdehə qadağan edilməsi, həmin məhsullardan istifadə edilməsi, istehsal prosesində istifadəsi və satışının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.02.2021-ci il tarixli e-2-2(113)-1377/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, 01 may 2020-ci il tarixli QVSİ36/2020 nömrəli icarə müqaviləsinin predmeti olan “xxxx” ASC-yə məxsus 8529,13 kv.m anbar və ofis sahələrindən İddiaçı MMC-nin sahiblik və istifadəsinə maneələrin törədilməsinin cavabdeh "Cavabdeh" MMC-yə qadağan edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin e-2-2(103)-1377/2021 saylı qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.02.2021-ci il tarixli qərardadı ləğv edilmiş və İddiaçı MMC tərəfindən verilmiş İddiaçı MMC-nin müqavilə üzrə istifadəsində olan və əmlakının olduğu əraziyə müəssisənin rəhbərliyinin, təsisçilərinin, iştirak payı olanların, müəssisədə çalışan bütün işçilərin əraziyə, anbar, ofis, istehsal sahəsinə giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına Cavabdeh MMC tərəfindən məhkəmə qərarı olmadan qoyulan məhdudiyyətin qadağan edilməsi, əraziyə daxil olmağa şərait yaradılmasının Cavabdeh MMC-yə həvalə edilməsi, həmçinin İddiaçı MMC-nin mülkiyyətində olan əmlaklardan (kartof, xammal, qablaşdırma və s) istifadə edilməsinin cavabdehə qadağan edilməsi, həmin məhsullardan istifadə edilməsi, istehsal prosesində istifadəsi və satışının dayandırılması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, QVSİ36/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərinin icra edilməsi (2.2 bəndində göstərilənlər; “İcarəyə verən” tərəfindən maneələr və müdaxilələr olmadan, “İcarəçi”nin əmlakdan sərbəst və müqavilənin şərtləri əsasında müdaxiləsiz istifadəsini təmin etmək); İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə "Cavabdeh" MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə 1 549 446 manat miqdarında maddi zərərin və 1 000 000 (bir milyon) manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə 5 000 000 (beş milyon) manat həcmində pul cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20 000 (iyirmi min) manatın alınıb İddiaçı MMCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə yeni bir ərizə ilə müraciət edərək anbar və ofis (“xxxx” ASC-yə məxsus 8529,13 kv metr) sahələrinin özgəninkiləşdirilməsinə, girov qoyulmasına, başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinə qadağa qoyulması; Anbar və ofis (“xxxx” ASC-yə məxsus 8529,13 kv metr) sahələrinin vahid istehsal zəncirinin elementi kimi Ortaq şirkətin idarəetməsində saxlanmasına qarşı hər hansı növ maneələr (işçilərin, təsisçilərin giriş-çıxışına məhdudiyyətlər, elektrik, qaz, su təchizatının dayandırılması və bununla məhdudlaşmayan hər hansı maneələr və tədbirlər) Cavabdeh MMC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1377/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadından ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, iddia ərizəsi ilə iddianı təmin tədbiri barədə ərizə mütənasiblik təşkil edir. Cavabdeh hər cür vasitələrlə icarə müqaviləsi üzrə istifadəyə verdiyi ərazinin səmərəli istifadəsinə iddiaçıya maneə yaradır. Bu həm cavabdehin iddiaçıya yazdığı rəsmi məktubları, həm də məhkəmə qərardadlarından verdiyi şikayətlərdə öz əksini tapır. İddianı təmin tədbiri gələcəkdə qətnamənin icrasının asan və tez bir zamanda, icarə obyektindən iddiaçının səmərəli və sərbəst istifadə etməyinə, zərər və ziyanın böyümədən qətnamənin icrasına yönəlməsinə imkan və şərait yaradılmasını ehtiva edir. Hal-hazırda həmin ərazidən səmərəli və sərbəst istifadə etmək mümkün olmursa, niyə o zaman iddiaçı ilə icarə müqaviləsi bağlanmışdı və o, müqavilə üzrə pulu ödəmişdir. İddiaçı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib icarə pulunu ödəmiş, gübrə və toxum əldə etmiş, lazımı işçilər işə cəlb etmişdir. Bu gün məhkəmələr əkin mövsümünü nəzərə almalı, qüvvədə olan icarə müqaviləsini nəzərə almalı, hazır gübrə və toxumun anbarda saxlanması şəraitinə riayət edilməsinə, əkilməsinə şərait yaradılmasına görə ədalətli qərar qəbul etməlidir. İşçilər işləmək, pul qazanmaq, dolanmaq istəyir. Bir müddətdən sonra əkin vaxtı keçdikdən, cavabdeh sahəni özgəninkiləşdirdikdən sonra iddiaçı tərəfindən bu alınmış anbarda saxlanılan gübrə, toxum, əkinə hazırlanmış torpaq heç kimə, heç cavabdehə də təyinatı üzrə istifadə edilməsinə lazım olmayacaq. Məhkəmə nəzərə almayıb ki, iddia gələcəkdə təmin edilsə və cavabdeh bu məhkəmə prosesi zamanı anbar və ofisi özgəninkiləşdirsə, başqa şəxslərə icarəyə versə, o zaman məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsi çətinləşəcək və ya mümkünsüz ola biləcəkdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, iddia təmin etmə tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə ərizə daxil olduğu gündən təxirə salınmadan məhkəmə tərəfindən görülməli olan prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində geniş tətbiq edilməklə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasında təsbit edilmiş hüquq və azadlıqların məhdudlaşdırılmasının hədlərinin müəyyən edilməsinin əsas meyarlarından biridir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizələrə baxılarkən məhkəmə tərəfindən yalnız iddiaçının deyil, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin təmin edilməli olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İddiaçı ərizəsində qeyd edilmiş tədbirlərin tətbiqinin zəruri olduğunu belə əsaslandırır ki, icarə predmeti olan sahələr başqa şəxslərə verilərsə anbarın ortaq şirkətə iştirak müqaviləsinin şərtləri əsasında icarəyə verilməsi qeyri-mümkün olacaq. Məhkəmə şikayət ərizəsində qeyd edilənlərlə razılaşmayaraq hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün icarə predmeti olan obyektlərin özgəninkiləşdirilməsinə, girov qoyulmasına, başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinə qadağa qoyulmasına hər hansı zərurət olmadığına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, mülki qanunvericilikdə icarəyə verilmiş əşyanın özgəninkiləşdirilməsi, girov və ipoteka ilə yüklü edilməsi qadağan edilmir və mülkiyyətçi dəyişdiyi halda yeni mülkiyyətçi universal hüquq varisliyi qaydasında kirayə və ya icarəyə verəni əvəz edərək (MM-nin 526-cı, 699-cu və digər maddələrinə əsasən) əvvəlki hüquq münasibətindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı işə mahiyyəti üzrə baxılanadək icarə müqaviləsindən irəli gələn mübahisə üzrə icarə predmeti olan əmlakın mülkiyyətçisi dəyişdikdə cavabdehin prosessual hüquq varisliyi qaydasında yeni mülkiyyətçi ilə əvəz edilməsi mümkün olduğundan icarə predmeti olan əmlakın özkəninkiləşdirilməsinin qadağan edilməsinə hər hansı zərurət yoxdur. O cümlədən icarə predmeti olan əmlakın ipoteka və ya girovla yüklü edilməsi icarəyəgötürənin icarəyə verilmiş sahələrdən istifadə etmək və gəlir əldə etmək hüququnu məhdudlaşdırmadığından məhkəmə hesab edir ki, bu hissədə ərizənin təmin edilməsi mülkiyyətçinin hüquqlarına lüzumsuz müdaxilə edilməsinə və mütənasiblik prinsipinin pozulmasına səbəb olacağından birinci instansiya məhkəməsi tərəfindən ərizə düzgün olaraq qeyd edilən hissədə də təmin edilməmişdir. Ərizədə anbar və ofis sahələrinin Ortaq şirkətin idarəetməsində saxlanmasına qarşı hər hansı növ maneələrin Cavabdeh MMC-yə qadağan edilməsi növündə iddianı təmin etmə tədbirinin görülməsinin məqsədi kimi, işə mahiyyəti üzrə baxılanadək iddiaçıya maddi zərər dəyməsinin qarşısının alınması göstərilmişdir. Mülki prosessual qanunvericilikdə “iddianı təmin etmə tədbiri” institutunun yalnız bir məqsədlə-iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq edilməsi nəzərdə tutulduğundan işə mahiyyəti üzrə baxılanadək iddiaçıya cavabdeh tərəfindən yaradılan maneələr nəticəsində ziyan dəyməsinin qarşısının alınması üçün bu tədbirlərin tətbiq edilməsi MPM-nin 157-ci maddəsinin tələbinə uyğun deyil. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1377/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1377/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar