Məhkəmə qərarları › İş №2-2(103)-606/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-606/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-606/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən icarə haqqı borcunun və ziyanın ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(113)-159/2021 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 654.303,39 manat icarə haqqı, 10.343,97 manat hesablanmış faiz, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 669.677,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 29 noyabr 2017-cı il tarixli 17- AİS-046 saylı, 01 fevral 2018-ci il tarixli 18-AİS-007 NT saylı, 15 mart 2018-ci il tarixli 18-AİS-009 saylı, 01 iyul 2018-ci il tarixli 18-AİS-019 saylı, 07 dekabr 2018-ci il tarixli 18-AİS-029 saylı icarə barədə müqavilələr imzalanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən iddiaçı bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnikanı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində iddiaçıya bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil icarə haqqı ödəməli idi. 29 noyabr 2017-cı il tarixli 17-AİS-046 saylı müqaviləyə 01 mart 2018-ci il tarixdə Əlavə 1, 01 may 2018-ci il tarixdə Əlavə 2, 18 may 2018-ci il tarixdə Əlavə 3 imzalanmışdır. 01 fevral 2018-ci il tarixli 18-AİS-007 NT saylı müqaviləyə 01 may 2018-ci il tarixdə Əlavə 1, 24 dekabr 2018-ci il tarixdə Əlavə 2 imzalanmışdı. 15 mart 2018-ci il tarixli 18-AİS-009 saylı müqaviləyə 01 may 2018-ci il tarixdə Əlavə 1, 24 dekabr 2018-ci il tarixdə Əlavə 2 imzalanmışdır. 01 iyul 2018-ci il tarixli 18-AİS-019 saylı müqaviləyə 24 dekabr 2018-ci il tarixdə Əlavə 1 imzalanmışdır. Tərəflər arasında imzalanmış 16 yanvar 2019-cu il tarixli üzləşmə aktına əsasən cavabdehin 01.01.2019-cu il tarixə 313.896,75 manat məbləğində borcun təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra 2019-cu ildə cavabdehlə köhnə müqavilələr təzələnərək, 04 mart 2019-cu il tarixli 19-AİS-005 saylı, 01 aprel 2019-cu il tarixli 19-AİS-007 saylı, 05 aprel 2019-cu il tarixli 19- AİS-008 saylı, 13 iyun 2019-cu il tarixli 19-AİS-012 saylı, 01 iyul 2019-cu il tarixli 19- AİS013 saylı, 10 iyul 2019-cu il tarixli 19-AİS-014 saylı, 15 iyul 2019-cu il tarixli 19-AİS015 saylı, 16 iyul 2019-cu il tarixli 19-AİS-016 saylı, 22 iyul 2019-cu il tarixli 19-AİS-017 saylı, 05 avqust 2019-cu il tarixli 19-AİS-018 saylı, 12 noyabr 2019-cu il tarixli 19-AİS-021 saylı, 12 noyabr 2019-cu il tarixli 19-AİS-027 saylı icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrinin 1.1-ci maddəsinə əsasən iddiaçı bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnikanı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində iddiaçıya bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil icarə haqqı ödəməli idi. İddiaçı sözügedən müqavilələr çərçivəsində icarəyə verilənləri cavabdehə icarəyə verməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Cavabdehə iddiaçı qarşısında yaranmış borcun ödənilməsi barədə dəfələrlə edilən şifahi xəbərdarlıqlara və güzəştlərin edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Bu isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-2(113)-159/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 654303,39 manat icarə haqqı, 10343,97 manat hesablanmış faiz və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iddianı qismən təmin etmək üçün yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrə və təhvil-təslim aktlarına istinad etmiş, lakin tərəflərin qarşılıqlı münasibətlərinin real vəziyyətini, icarə haqqlarının ödənilib-ödənilmədiyini, ödənilməyibsə bunun səbəblərini araşdırmamışdır. Bu məqsədlə məhkəmə cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirməmişdir. Halbuki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilsəydi, müqavilə üzrə ödənişlərin həyata keçirilməməsinin səbəblərinin üzrlü olduğu müəyyən olunardı. Dünyanı zəbt edən koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 18 mart 2020-ci il tarixindən etibarən ölkə üzrə bir çox sahələrin fəaliyyəti dayandırılmış, bu isə cavabdehin icarəyə götürdüyü əmlaklardan istifadəni və gəlir əldə etməyi qeyri-mümkün etmişdir. Cavabdehin icarə müqavilələri üzrə öhdəliyini icra edə bilməməsi iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. İcarə haqqına faiz hesablanması qanunsuz və əsassız olmuşdur. İşə apellyasiya qaydasında baxılması sonuncu məhkəmə iclası 22.12.2021-ci il tarixə təxirə salınmış, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(113)-159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2017-cı il tarixli 17- AİS-046 saylı, 01 fevral 2018-ci il tarixli 18-AİS-007 NT saylı, 15 mart 2018-ci il tarixli 18-AİS-009 saylı, 01 iyul 2018-ci il tarixli 18-AİS-019 saylı, 07 dekabr 2018-ci il tarixli 18-AİS-029 saylı, 04 mart 2019-cu il tarixli 19-AİS-005 saylı, 01 aprel 2019-cu il tarixli 19-AİS-007 saylı, 05 aprel 2019-cu il tarixli 19-AİS-008 saylı, 13 iyun 2019-cu il tarixli 19-AİS-012 saylı, 01 iyul 2019-cu il tarixli 19-AİS-013 saylı, 10 iyul 2019-cu il tarixli 19-AİS-014 saylı, 15 iyul 2019cu il tarixli 19-AİS015 saylı, 16 iyul 2019-cu il tarixli 19-AİS-016 saylı, 22 iyul 2019-cu il tarixli 19-AİS-017 saylı, 05 avqust 2019-cu il tarixli 19-AİS-018 saylı, 12 noyabr 2019-cu il tarixli 19-AİS-021 saylı, 12 noyabr 2019-cu il tarixli 19-AİS-027 saylı icarə müqavilələrinin surətlərindən görünür ki, iddiaçı müqavilələrin 2.1-ci bəndlərində göstərilən çeşiddə və miqdarda texnikanı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində iddiaçıya bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. İşdəki təhvil-təslim aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən icarəyə verilmiş texnikalar cavabdehə təhvil verilmişdir. 16 yanvar 2019-cu il tarixli üzləşmə aktının surətindən görünür ki, cavabdehin 01 yanvar 2019-cu il tarixə iddiaçıya ümumi borcu 313896,75 manat təşkil etmişdir. İşdəki 09.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 09.12.2020-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 654303,39 manat təşkil edir. Cavabdehin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, icarə müqavilələri üzrə yaranmış borcların hissə-hissə ödəniləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci, 386.1-ci, 442-ci, 448.1-ci, 700.1-ci maddələrinə istinad edərək iddianın qismən-əsas borc və illik 5 faizlə ziyanın tutulması hissəsində təmin edilməsi barədə nəticəyə gəlmiş, 5000 manat mənəvi ziyanın tutulması hissəsində iddia rədd olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İddiaçı tərəfindən iddia tələbi ilə bağlı müqavilələr, üzləşmə aktı, cavabdehə göndərilmiş elekton qaimələrin siyahısı təqdim edildiyi halda cavabdeh iddiaya etirazının əsasları ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində əsas borcun məbləğini mübahisələndirməmiş, maddi çətinliyə görə borcun ödənilməsinin mümkün olmadığını göstərmiş, faiz borcu hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, əsas borc tələbinin təmin edildiyi hissədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Pul öhdəliyinin icrasının gecikdirilməsinə görə, cavabdehdən iddiaçının xeyrinə 10343,97 manat faiz tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən iddiaçı tərəfindən tələb olunan faiz borcunun məbləğinin düzgün hesablanıb-hesablanmadığının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.10.2021ci il tarixli 9/5117 saylı ekspert rəyinə əsasən 654303,39 AZN məbləğində ödənişin gecikdirilməsinə görə illik 5%-lə hesablanmış faiz borcunun 10343,97 AZN məbləğində müəyyən olunduğu qeyd edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2- 2(113)-159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Avtomobil X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(113)-159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehdən 150 AZN ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar