Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-607/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-700/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 13726,55 manat - bundan 10319,57 manat əsas, 1100,80 manat faiz, 899,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1407,12 manat və iş üzrə ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-700/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam yerinə yetirməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********98 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdehin bank hesabından çıxarışına əsasən xx.xx.2015-ci il tarixdə onun hesabına 15000 manat bank tərəfindən kredit verilib və cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edib. Bundan başqa X2 kredit məlumatlarının sorğulanması saytından əldə olunmuş məlumata əsasən cavabdehə 15000 manat məbləğində bank tərəfindən kredit borcunun əsas qalıq borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın təsirinə düşüb və restrukturizasiya olunması üçün təklif olunan kreditlərin siyahısına qaxil edilib. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, iddia ərizəsində qeyd olunan şərtlərlə 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsini imzalamamış və 15000 manat məbləğində pulu kredit kimi bankdan almamışdır. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 15000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh də bildirir ki, onunla belə bir kredit müqaviləsi bağlanmamış və həmin müqavilədə göstərilən 15000 manat məbləğində kredit verilməmişdir. Göründüyü kimi bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, kredit müqaviləsinin bağlandığına istinad etdiyi üçün həmin müqaviləni, o cümlədən 15000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinə istinad edilməmişdir. Eyni zamanda, həmin kassa mədaxil orderlərindən görünür ki, ödənişləri cavabdeh yox, başqa şəxs həyata keçirmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, həmin sənədlər tərəflər arasında kredit müqaviləsinin bağlanması və 15.000 manat kreditin cavabdehə verilməsini təsdiq edən dolayı sübutlar kimi qəbul edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz. Eyni zamanda iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372, 375 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi kredit müqaviləsinin bağlanmasının etirafı kimi qəbul edilə bilməz. Çünki cavabdehin iddiaya qarşı verdiyi etirazda kredit müqaviləsinin bağlanması və pulun verilməsi halları aydın şəkildə mübahisələndirilmiş, habelə həmin halları təsdiq edən sənədlərin təqdim edilməsi barədə vəsatət verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizədə isə tərəflər arasında kredit müqaviləsinin bağlanması deyil, iddia ərizəsində kredit müqaviləsinin bağlanmasının qeyd edildiyi göstərilmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-700/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-607/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-607/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver