Məhkəmə qərarları › İş №2-2(103)-609/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-609/2024

31.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-609/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Aqrar Sığorta Fondundan 20550 manat sığorta ödənişinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin oktyabr ayında Tərtər rayonunun Çaylı kəndində yerləşən 17 ha torpaq sahəsində arpa bitkisi əkmiş və həmin əkdiyi sahə Aqrar Sığorta Fondu tərəfindən Aqrar Sığorta Fondunun İdarə heyətinin xx.xx.2020-ci il tarixli, 17/20 №-li qərarı ilə təsdiq edilmiş kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığorta şəhadətnaməsi tərtib olunmuşdur və əkdiyi arpa Aqrar Sığorta Fondu tərəfindən 100% sığortalanmışdır. Lakin, 2022-ci ildə havanın quraqlıq keçməsinə və əkdiyi 17 ha torpaq sahəsini iki dəfə suvarmağına baxmayaraq, ermənilərin əlində olan Sərsəng su anbarı bağlandığından və yağıntı olmadığından ona 100% miqdarında ziyan dəymişdir. Lakin Aqrar Sığorta Fondunun mütəxəssisləri tərəfindən həmən ziyanın 91% göstərilmişdir və həmin sığorta pulu ödənilmir. Tərəfindən cavabdeh Aqrar Sığorta Fonduna sığorta pulunun alınması ilə əlaqədar rəsmi müraciət olunmuş, lakin 18 oktyabr 2023-cü il tarixli 12- 9/2-B-42-557/2023 №li məktubla ona imtina verilmiş və məhkəməyə müraciət olunmaq tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etməkdə haqlıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-934/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Kənan Hüseynov) işi üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-934/2024 saylı qərardadının tam ləğv edilməsi xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh Aqrar Sığorta Fondunun sığorta pulunun alınması ilə əlaqədar rəsmi müraciət olunmuş, lakin 18 oktyabr 2023-cü il tarixli 12-9/2-B-42- 557/2023 №li məktubla ona imtina verilmiş və məhkəməyə müraciət olunmaq tövsiyə olunmuşdur. Lakin Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-2(011)-6771/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İşə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, iş icraata götürülmüş və üç dəfə məhkəmə prosesi keçirilmişdir. İddia ərizəsi düzgün verilmişdir və həmin işə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-934/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq sığorta münasibətlərindən irəli gələn mübahisələrə mülki icraat qaydasında baxılsa da hazırkı halda Aqrar Sığorta Fondunun sığorta ödənişinin verilməsindən imtina barədə qərarına qarşı iddialara inzibati icraat qaydasında baxılmalı olduğu qanunla müəyyən edilmişdir. Belə ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. Qanunun qeyd edilən normasına və Aqrar Sığorta Fondunun xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 472 saylı Qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən fond aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək, habelə idarəedici qurumun formalaşmasını təmin etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Eyni zamanda Qanunun 17.1-ci maddəsində qeyd edilir ki, sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.4-ci maddəsinə əsasən sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad etməklə düzgün olaraq hesab etmişdir ki, qanunda Aqrar Sığorta Fondunun sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərarı inzibati akt kimi göstərilərək bu qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada qəbul edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qanunda bu qərardan hüququ pozulan şəxsin inzibati qaydada şikayət vermək hüququ müəyyən edildiyindən Qanunun 17.4-cü maddəsində bu mübahisəyə baxmaq səlahiyyəti olan “məhkəmə” olaraq inzibati məhkəmələrin nəzərdə tutulduğu müəyyən olunur. Normanın məzmunundan aydın olur ki, hüququ pozulmuş şəxs iddia qaldırarkən razılaşmadığı inzibati aktı-yəni Fondun sığorta ödənişinin verilməsindən imtina barədə qərarını mübahisələndirməlidir. Aqrar Sığorta Fondunun iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina barədə qərardan “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinə əsasən, qərar qüvvəyə mindiyi gündən 30 gün müddətinə inzibati qaydada X1 və ya məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Həmin Məcəllənin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə düzgün olaraq hesab etmişdir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar