Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-609/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilənin hədə-qorxu və məcburetmə nəticəsində bağlanması, müqavilənin etibarsız sayılması, elektron imza, sadə yazılı müqavilə, sübutetmə) hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), X5 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndələri X3 və X6, Cavabdeh QSC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, müqavilənin etibarsız sayılması və öhdəliyin qoyulması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçının qanuni təmsilçisi (direktoru) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (podratçı) ilə Bolqarıstan Respublikasının hüquqi şəxsi olan "xxxx" (subpodratçı) arasında 28 mart 2022-ci il tarixdə AMEC/PC-012/2022 saylı xidmət müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 16.1-ci bəndinə əsasən, subpodratçı podratçının ilkin yazılı razılığı olmadan bu subpodrat müqaviləsinə əsasən özünün hər hansı və ya bütün hüquq və öhdəliklərini hər hansı digər şəxslərə təyin etməyəcək və ya ötürməyəcək və ya subpodratçılığa təqdim etməyəcəkdir.
3. Müqavilənin 26-cı bəndinə görə, subpodrat müqaviləsi Azərbaycan Respublikası qanunlarına əsasən idarə və şərh ediləcəkdir.
4. İddiaçı MMC (borclu), Cavabdeh QSC (təyin edilən) və "xxxx" (təyinatçı) arasında bağlandığı bildirilən 06 may 2024-cü il tarixli müqavilənin 1.2-ci bəndinə görə, 28 mart 2022-ci il tarixli AMEC/PC-012/2022 saylı müqavilə üzrə yaranan 3 474 020,08 ABŞ dolları məbləğində tələb hüququ təyin edilənə verilir.
5. Müqavilənin 1.6-cı bəndinə görə, müqavilənin 1.2-ci bəndində göstərilən məbləğ borc alan tərəfindən 31 dekabr 2024 tarixinə qədər tam və ya hissə-hissə ödənilməlidir. Əgər ödənişdə gecikmə və ya qismən ödəniş olarsa, təyin edilən borc alandan hər gün ödənilməmiş məbləğdən 0,1% cərimə tələb etmək hüququna malikdir.
6. Müqavilənin 3.1-ci bəndinə əsasən, təyin edilən tələb hüquqlarının başqasına verilməsinə görə təyinatçıya 3 470 000 ABŞ dolları məbləğində kompensasiya ödəyir.
7. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 19 fevral 2024-cü il tarixli 13- 3/2-847/2024 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki:
- “...AMEC ilə ASCO, “Vimar Offshore LLC” ("xxxx") və ContSeas Ltd. ("xxxx") arasında borc öhdəliklərinin ötürülməsi və müvafiq olaraq AMEC-in "xxxx"ə və "xxxx"ın ASCOya yaranmış borclarının ödənilməsi üçün danışıqlar elektron yazışmalar vasitəsilə bir neçə ay ərzində həyata keçirilməkdədir ki, bu da "xxxx"ın Rusiyada, "xxxx"in isə Bolqarıstanda fəaliyyət göstərməsini nəzərə alaraq tərəflər arasında işgüzar danışıqların aparılmasının mümkün formasıdır. Sözügedən yazışmalarda iştirak etmiş AMEC-in direktoru sonuncu dəfə 31 oktyabr 2023-cü ildə “Elektron ünvan ” ünvanından ASCO-ya elektron məktub göndərmişdir. Bu da AMEC-in danışıqlarda iştirakını və istənilən məsələ, problem və ya şübhə ilə bağlı maraqlı tərəflərə müraciət etmək imkanının mövcudluğunu sübut edir və bu günədək AMEC tərəfindən müvafiq sənədlərin hər hansı səbəbdən imzalanmasından imtina edilməsi barədə rəsmi məlumat ASCO-ya daxil olmamışdır. Eyni zamanda danışıqlar nəticəsində razılaşdırılmış və imzalanmalı olan sənəd AMEC-ə təqdim edildikdən sonra, müəyyən müddət ərzində AMEC-in rəhbəri maraqlı tərəflərlə bütün əlaqələri kəsərək, o cümlədən telefon zənglərini cavabsız qoyaraq, heç bir zah vermədən onun imzalanmasından yayınmışdır və bu hal dələduzluq cinayətinin törədilməsi şübhəsini yaratmışdır. "xxxx" 26 dekabr 2023-cü il tarixli 1162 nömrəli və "xxxx" 29 dekabr 2023cü il tarxili 23-004 nömrəli məktublarla ASCO-ya müraciət edərək AMEC-in bundan öncə də oxşar hərəkətlər etdiyini bildirmiş və buna görə borclarını ödəməyən həmin şirkətlə yaranan problemlərin həllində qanunvericiliyə uyğun köməklik göstərməyi xahiş etmişlər. - Sadalanan faktlara əsaslanaraq, ASCO AMEC-in davranışını ölkəmizin biznes icmasının nüfuzuna, hətta ölkələrarası mehriban qonşuluq və strateji əməkdaşlıq münasibətlərinə xələl gətirən əməl kimi qiymətləndirərək, habelə dələduzluq cinayətinin baş verməsi ehtimalı yarandığı üçün aidiyyəti dövlət orqanına müraciət etmək hüququndan istifadə etmişdir. Belə ki, sənədlərin imzalanmaması "xxxx"ə və "xxxx"a aid olan imza və möhürün həqiqiliyi şübhənizlə bağlıdırsa, bu barədə birbaşa onlardan məlumat almaq məntiqli olardı. Lakin həmin şirkətlərdən imza və möhürün həqiqiliyini təsdiqini əldə edib AMEC-ə təqdim edə bilərdi. - Yuxarıda göstərilənləri nəzərə alınmaqla qeyd edirik ki, AMEC-ə qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərin, sahibkarlıq fəaliyyətinə maneçiliklərin törədilməsinə dair hər hansı bir fakt yoxdur və belə ittihamlarınız ASCO-nu təəccübləndirir. Hesab edirik ki, yaranmış problemin qısa müddət ərzində aradan qaldırılması üçün dördtərəfli danışıqları davam etdirmək və borc məbləğini razılaşdırılmış qaydada və müddətdə ödəmək zəruridir. Bildiririk ki, bu istiqamətdə ASCO birgə səy göstərməyə hazırdır və digər tərəflərin razılığı, niyyətləri, göstərdikləri təşəbbüs nəzərə alınmaqla, məsələnin həlli üçün yalnız AMEC-in əməli tədbir görməsi lazımdır”.
8. Cavabdeh QSC (ASCO) tərəfindən “Vimar Offshore LLC” şirkətinə ünvanlanan 19 iyul 2024-cü il tarixli məktubun aşağıdakı bəndlərində qeyd edilmişdir ki:
- “4. "xxxx" xoş niyyətlə və sizin şirkətin nüfuzunu nəzərə alaraq, tələb hüququnun sizə güzəşt edilməsi ilə bağlı razılaşmanı təsdiq edir və həmin borcun taleyi ilə bağlı sizin şirkətdən başqa digər şəxslə hər hansı danışıq aparmaq niyyəti yoxdur. AMEC-in borcunun sizə güzəşt edilməsi bizim üçün həll edilmiş məsələdir.”. - “5. Sizin istinad etdiyiniz 06 may 2025-ci il tarixli müqavilədə şirkətin rəhbərinin imzası qeyd edilmişdir. Bu baxımdan, imzanın saxtalaşdırılması ilə bağlı irəli sürülən dəlillər əsassızdır. Bu faktı təkzib etmək üçün sənədlərin əsli təqdim edilə bilər. Həmçinin imzaların üzləşdirilməsi üçün rəhbərin imzasını və bununla bağlı notarial qaydada təsdiq edilmiş etibarnaməni sizə təqdim edə bilərik.
9. İddiaçı MMC (borclu), Cavabdeh QSC (təyin edilən) və "xxxx" (təyinatçı) arasında bağlandığı bildirilən 06 may 2024-cü il tarixli müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan ödəniş, yəni təyin edilən tərəfindən tələb hüquqlarının başqasına verilməsinə görə ödənilməli olan 3 470 000 ABŞ dolları məbləğində kompensasiya təyinatçıya ödənilməmişdir.
10. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən təqdim edilən X2 10 iyun 2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “hər iki müqavilədə möhürlərin ölçülərində fərqliliklərin olduğu müşahidə edilmişdir və “Bakı, 06 may 2024-cü il tarixli iddia müqaviləsi “imtina”nın 5-ci səhifəsində, E.Ratz qrafasında "xxxx" Şirkətinin möhürünün kleşesinin əksi bütün əlamətləri özündə saxlamaqla “fotoşop” (şəkil redaksiyası üçün istifadə olunan hər hansı proqram) qaydası ilə əks olunmuşdur.
Məhkəmə icraatları və qəbul olunmuş məhkəmə aktları
a) İlkin mülki məhkəmə icraatı
11. İddiaçı MMC (iddiaçı) Cavabdeh QSC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının fəaliyyətinə yaratmış olduğu maneələrin qanunsuz hesab edilməsi və "xxxx" Şirkəti ilə aralarında olan müqavilə öhdəliyi üzrə hansısa tələbin irəli sürülməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla bolqar şirkəti olan "xxxx" arasında müqavilə imzalanaraq tərəflərin hüquq və vəzifələri müəyyən edilmiş, lakin cavabdeh, "xxxx" ilə onun arasında olan müqavilə öhdəliyinin icrasına maneçilik törədərək aralarında heç bir müqavilə və digər hüquqi əsas olmadan "xxxx"-yə müqavilə şərtlərinə uyğun olaraq ödənilməli olan vəsaitin ona ödənilməsini tələb etmişdir. Bununla da onun sahibkarlıq fəaliyyətinin inkişafına süni şəkildə maneçilik törədilir. Bolqar şirkəti "xxxx"la arasında olan müqaviləyə əsasən həmin şirkətə ödəniş öhdəliyi mövcuddur və bu öhdəlik üzrə ödənişin təxirə salınması barədə "xxxx" şirkəti ilə razılaşma olmuşdur. "xxxx" şirkətinin isə Rusiya şirkəti olan "xxxx"la patnyorluq razılaşması mövcuddur. "xxxx" şirkətinin Cavabdeh QSC-yə (ASCO) müəyyən məbləğdə borcu vardır. Hazırkı müraciətin məqsədi isə ASCO tərəfindən onun (iddiaçının) fəaliyyətinə edilən qanunsuz hərəkətlərin dayandırılması ilə bağlıdır. Belə ki, "xxxx" şirkətinin ASCO-ya ödəməli olduğu məbləğ hazırda ASCO şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan iddiaçıdan (AMEC) tələb edilir. Bununla bağlı olaraq ASCO tərəfindən dəfələrlə güc strukturları və şirkətin nümayəndələri iddiaçının yerləşdiyi inzibati binaya göndərilmiş, onların etdikləri təkliflə razılaşılmayacağı durumda həbslə qorxutmuşlar. ASCO tərəfindən edilmiş qanunsuz hərəkətlər, heç bir hüquqi əsas olmadan başqa şirkətə ödəməli olduqları vəsaiti iddiaçıdan tələb etmələri barədə Azərbaycan Respublikasının Prezidentinə iki dəfə müraciət olunmuşdur. Həmçinin ASCO tərəfindən edilmiş müraciətlərlə əlaqədar İddiaçı MMC tərəfindən "xxxx" şirkətinə ödənilməsi tələb olunan ödənişin hüquqi əsası barədə təsdiqedici sənədlərin əslinin və ya təsdiq olunmuş surətinin” təqdim edilməsi barədə sorğu ilə ASCO-ya müraciət olunmuşdur. Lakin həmin sorğu ilə bağlı ASCO tərəfindən iddiaçıya heç bir cavab verilməmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.3-cü maddəsinə əsasən cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur. Nizamnamənin 1.4-cü maddəsinə əsasən cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri cəmiyyətin strukturunu təşkil edir. Göründüyü kimi AMEC ASCO-nun struktur aparatına daxil deyildir. Yəni, iddiaçının ASCO qarşısında müqavilə bağlanmadığı təqdirdə hansısa öhdəliyi də mövcud deyildir. Belə olan halda ASCO-nun iddiaçıya güc strukturlarının nümayəndələrini göndərərək ASCO-ya heç bir aidiyyatı olmadığı təqdirdə ASCO-ya ödənilməli olmayan ödənişi iddiaçıdan tələb etmələri qanunsuz olmaqla yanaşı Mülki Məcəllənin vəzifə və prinsiplərini də kobud şəkildə pozmaqdadır.
13. Cavabdeh QSC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tərəflər arasında münasibətlərin müqavilə və sahibkarlıq fəaliyyətlərindən kənarda yaranması fikri yanlışdır və buna etiraz edilir. Belə ki, iddia ərizəsində qeyd olunan, guya ASCO-nun AMEC-i Bolqarıstanın "Contseas” şirkəti ilə müəyyən əqdlər bağlamasına vadar etməsi fikri də əsassızdır. Belə ki, AMEC ilə "xxxx" şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, daha sonra isə ASCO, "xxxx", AMEC və digər bir şirkətin çoxtərəfli müqavilə bağlaması üzrə uzun müddət danışıqlar aparılmış, həmin danışıqlarda AMEC və onun rəhbəri könüllü şəkildə və yaxından iştirak etmişdir. Bu səbəbdən də ASCO tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi əsassızdır. Bundan əlavə, sözügedən müqavilə danışıqlarının aparılmasında AMEC-in iştirakı isbat edir ki, əgər ASCO tərəfindən hər hansı bir qanunsuz hərəkət edilmiş olsa idi, həmin hərəkət də müqavilənin bağlanması və sahibkarlıq fəaliyyətindən irəli gələn hərəkət və ya fəaliyyətlə bağlı mübahisə kimi hesab edilməli olardı. 06 may 2024-cü il tarixdə Bolqarıstanın "xxxx" şirkəti Cavabdeh QSC və AMEC arasında razılaşma imzalanmış və ilkin olaraq, qeyd olunan razılaşmanı AMEC imzalamışdır. İddia ərizəsində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Vimar şirkətinin borcunun olması və bu borcun İddiaçı MMC-dən tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hər hansı bir qanun pozuntusu edilməsi barədə sübut əlavə olunmamış, formal mülahizələrə əsaslanan iddia tələbləri irəli sürülmüşdür. İddiaçı ASCO tərəfindən onlara hansı şəkildə müdaxilələrin edilməsi ilə bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir ki, qeyd olunan xüsusatlar iddia tələblərinin bir daha qanusuz olmasında dəlalət edir. İddia ərizəsində ASCO-nun nümayəndələrinin iddiaçı müəssisəyə giriş-çıxışının qadağan edilməsi tələbi ilə bağlı bildirilr ki, qeyd olunan tələb absurddur və heç bir sübuta əsaslanmır.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2024-cü il qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
15. Qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, qətnamə ləğv olunaraq iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.
b) Bakı Kommersiya Məhkəməsində icraat
16. Bakı Kommersiya Məhkəməsində icraat zamanı iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, İddiaçı MMC, Cavabdeh QSC, "xxxx" arasında olan 06 may 2024-cü il tarixli üçtərəfli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh QSC-nin İddiaçı MMC-nin fəaliyyətində yaratmış olduğu maneələrin qanunsuz hesab edilməsi və bolqar şirkəti ilə iddiaçı arasında olan müqavilə öhdəliyi üzrə pul tələbinin irəli sürülməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddiaçı sonradan “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək, İddiaçı MMC, Cavabdeh QSC, "xxxx" arasında olan 06 may 2024-cü il tarixli üçtərəfli muqavilənin etibarsız hesab edilməsi, Cavabdeh QSC-nin İddiaçı MMC-nin fəaliyyətində yaratmış olduğu aşağıdakı maneələrin qanunsuz hesab edilməsi: 1. Dövlət Təhlükəsiliyi Xidməti əməkdaşları vasitəsilə şirkətə edilən təzyiqlərin cavabdehə qadağan edilməsi; 2. Dövlət Təhlükəsiliyi Xidməti vasitəsilə ölkədən çıxışına məhdudiyyət və xidməti qeydin qoyulmasının cavabdehə qadağan edilməsi; 3. Dövlətin inzibati resurslarından sui-istifadə və dövlətin digər qurumlarının vəzifə və funksiyalarından istifadənin cavabdehə qadağan edilməsi; 4. Şirkətin beynəlxalq imicinə və işgüzar nüfuzuna xələl gətirən hərəkətlərin cavabdehə qadağan edilməsi; 5. Şirkətin yerli və beynəlxalq ticarət partnyorları ilə aralarındakı münasibətlərə və mübahisələrə müdaxilənin cavabdehə qadağan edilməsi; habelə "xxxx" bolqar şirkəti ilə iddiaçı arasında olan 28 mart 2022-ci il tarixli AMEC/PC012/2022 saylı müqavilə öhdəliyi üzrə pul tələbinin irəli sürülməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qərardadı ilə "xxxx" Şirkəti, 23 yanvar 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşdur.
19. Məhkəmənin 07 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “dövlətin inzibati resurslarından sui-istifadə və dövlətin digər qurumlarının vəzifə və funksiyalarından istifadənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmiş, eyni tarixli qətnamə ilə isə iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
20.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (podratçı) ilə ContSeas Ltd (subpodratçı) arasında 28 mart 2022-ci il tarixli AMEC/PC-012/2022 saylı xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçının ContSeas Ltd-yə ödənilməli olan 3 470 000 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh bu hissədə iddiaya qarşı etirazında müqavilənin etibarsızlığı üçün hər hansı əsas olmadığını bildirir. Belə ki, iddiaçı həmin müqavilənin 06 may 2024-cü il tarixdə deyil, 02 aprel 2024-cü il tarixdə tərəfindən cavabdehin təşəbbüsü və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təhdidi altında imza etdiyini, həmin müqavilənin imza edilmiş nüsxəsinin birinci səhifəsinin dəyişdirildiyini, tələb hüququ güzəşt edilən zaman onun ilkin yazılı razılığının alınmadığını göstərir. Belə ki, iddiaçı tərəf iddiaçı (podratçı) ilə ContSeas Ltd (subpodratçı) arasında 28 mart 2022-ci il tarixli AMEC/PC-012/2022 saylı xidmət müqaviləsinin 16.1-ci bəndinin tələblərinə əsasən hüquq və öhdəliklər ötürülməmişdən əvvəl onun yazılı razılığının olmaması barədə dəlilinə cavab olaraq bildirir ki, iddiaçı hüquq və öhdəliklərin ötürülməsi barədə razılaşmanı imza etməklə həmin müqaviləyə razı olması ilə bağlı iradə ifadəsini bəyan etmişdir. 20.2. Müqavilənin iddiaçı tərəfdən 06 may 2024-cü il tarixdə deyil, 02 aprel 2024-cü ildə imza edilməsi, müqavilənin ilk səhifəsində iddiaçı tərəfin möhür və imzasının olmaması, müqavilənin bir nüsxəsinin iddiaçı tərəfə təqdim edilməməsi isə müqavilənin etibarsızlığına əsas olan hallar kimi qəbul edilə bilməz. 20.3. İddiaçının həmin müqavilənin Dövlət Təhlükəsizliyi Xidmətinin göstərmiş olduğu zorakılıq və ya hədə nəticəsində imzalanması barədə dəlili ilə də məhkəmə razılaşmır. Belə ki, iddiaçı tərəf məhkəməyə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları barədə Xidmətin rəhbər şəxslərinə, habelə məhkəməyə və ya hüquq mühafizə orqanlarına şikayət edilməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. 20.4. Məhkəmə iddiaçının müqavilənin birinci nüsxəsinin dəyişdirilmiş olması barədə dəlilini də əsassız sayır, belə ki, iddiaçı tərəf iddia etdiyi bu halla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 20.5. İddiaçı ilkin kreditor olan "xxxx" ilə aralarında olan şifahi razılığa əsasən öhdəliyin 31 dekabr 2024-cü il tarixədək deyil, 31 dekabr 2026-cı il tarixədək icra edilməli olması, lakin mübahisələndirilən müqavilədə bunun nəzərə alınmaması barədə arqumentinə cavab olaraq məhkəmə qeyd edir ki, iddiaçı göstərdiyi bu xüsusatla bağlı da (iddiaçı ilə ilkin kreditor olan ContSeas Ltd arasında ümumiyyətlə belə bir razılığın olması) hər hansı sübut (yazışma, əlavə razılaşma və sairə) təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi “X1 and Construction" MMC, "xxxx" QSC, "xxxx" arasında olan xx.xx.2024-cü il tarixli üçtərəfli müqavilənin etibarsız hesab edilməsi və "xxxx" bolqar şirkəti ilə iddiaçı arasında olan 28 mart 2022-ci il tarixli AMEC/PC- 012/2022 saylı müqavilə üzrə “pul tələbi”nin irəli sürülməsinin cavabdehə qadağan edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. 20.6. Məhkəmə iddia ərizəsini ikinci hissədə də əsassız hesab edir. Belə ki, iddiaçı tərəf cavabdehin onun fəaliyyətində yaratmış olduğu maneələrin, yəni Dövlət Təhlükəsiliyi Xidməti əməkdaşları vasitəsilə iddiaçı MMC-yə edilən təzyiqlərin, Dövlət Təhlükəsiliyi Xidməti vasitəsilə iddiaçı MMC-nin qanuni təmsilçisinin ölkədən çıxışına məhdudiyyət və xidməti qeydin qoyulmasının qadağan edilməsini xahiş edir. Cavabdeh tərəf bu hissədə iddiaya qarşı etirazında iddiaçının bu dəlillərinin hər hansı sübuta söykənmədiyini, bu barədə iddiaçının hər hansı sübut təqdim edə bilmədiyini bildirir. 20.7. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin onun fəaliyyətində yaratmış olduğu maneələrin, yəni Dövlət Təhlükəsiliyi Xidməti əməkdaşları vasitəsilə iddiaçı MMC-yə edilən təzyiqlər, habelə Dövlət Təhlükəsiliyi Xidməti vasitəsilə iddiaçı MMC-nin qanuni təmsilçisinin ölkədən çıxışına məhdudiyyət və xidməti qeydin qoyulmasını təsdiq edən sübutun təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəf bu barədə ümumiyyətlə sübut təqdim edə bilməmişdir. 20.8. Məhkəmə iddianın iddiaçı MMC-nin beynəlxalq imicinə və işgüzar nüfuzuna xələl gətirən hərəkətlərin edilməsinin, iddiaçı MMC-nin yerli və beynəlxalq ticarət portnyorları ilə münasibətlərə və mübahisələrə müdaxilənin edilməsinin cavabdehə qadağan edilməsi hissəsi ilə də razılaşmır. Belə ki, bu hissədə də iddiaçı tərəf iddia tələbinin əsaslı olmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin iddiaçıya ünvanlamış olduğu 19 fevral 2024-cü il tarixli nömrəli cavab məktubunda işlədilmiş ifadələrin iddiaçı MMC-nin birbaşa işgüzar nüfuzunu zədələməsi barədə iddiaçının dəlilinə cavab olaraq bildirir ki, materiallardan, habelə tərəflərin nümayəndələrinin izahatlarından görünür ki, həmin məktub cavabdeh tərəfindən yalnız iddiaçıya ünvanlanmış, iddiaçı tərəf həmin məktubun cavabdeh tərəfdən yayılmasını, ümumiyyətlə onun işgüzar nüfuzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yayılması, habelə işgüzar nüfuzunu ləkələyən hərəkətlərin edilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. 20.9. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir
21. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 329.1-ci, 337-ci, 339-cu, 340-cı, 341-ci, 342-ci, 343-cü, 344-cü, 345-ci, 346-cı, 347-ci, 349-cu, 350-ci maddələrinə istinad etmişdir.
22. Qətnamədən iddiaçının qanuni təmsilçisi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, müqavilə bağlanmamışdan öncə tərəflərin danışıqlar aparmadıqlarını, müqavilənin saxtakarlıq nəticəsində imzalanmasını (möhürlərin və imzanın uyğunsuzluğu), "xxxx" Şirkətinin iradə ifadəsinin göstərilmədiyini, eləcə də DTX tərəfindən iddiaçının qanuni təmsilçisinə qarşı edilən təzyiqləri – onun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulması və müqaviləni məhz DTX-nın əməkdaşlarının hədə-qorxusi ilə imzalaması kimi halları – nəzərə almamaqla əsassız nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
24. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, “...Bolqar şirkəti invoysları bağlamayıb. Razılıq olsa idi, invoyslar bağlanardı. Hal-hazırda sistemdə Bolqar şirkətinə açıq elektron qaimələr mövcuddur. Yeni bizim borcumuz Bolqar şirkətində aktivdir. Onlar bizim ödəniş etməyimizi gözləyirlər. Xidmət müqaviləsinin 16.1-ci maddəsinə əsasən öhdəlik ötürülən zaman bizim yazılı razılığımızı almalıdırlar. İlk öncə razılıq bizlə olmalıdır. Biz müqavilə üzrə subpodratçıyıq.”
25. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Apellyasiya baxışı zaman cavabdehin nümayəndəsinə dəfələrlə 06 may 2025-ci il tarixli müqavilə ilə bağlı yazışmaları, danışıqları və müqavilənin bağlanması ilə bağlı sübutları təqdim etməsi təklif olunsa da, cavabdehin nümayəndəsi bununla bağlı məhkəməyə dəlil təqdim etməmişdir. Belə ki, 12 iyun 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, “...müqavilənin imzalanmasında Bolqar Şirkətinin iştirakı olmayıb. Faksla imza və möhür nümunəsini bizə göndərmişdir. Növbəti iclasda imza və möhürün göndərilməsi ilə bağlı sübutu təqdim edərəm.”. Həmçinin 10 iyul 2025-ci il tarixli iclasda cavabdehin nümayəndəsi göstərmişdir ki, “...email vasitəsi ilə sənədlər göndərilib. Tərəflər arasında yazışma aparılıb və müqavilə göndərilib. Lakin hal-hazırda imza və möhürün hansı vasitə ilə bizə təqdim edilməsini məhkəməyə təqdim edə bilmirəm. ...19 fevral 2024-cü il tarixli məktubumuzda dövlət orqanlarına müraciət qeyd olunsa da, müraciət edilməmişdir.. Bu sadəcə gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə vurğulanmışdır. Müqavilə imzalanmamışdan qabaq göndərilmiş, imzalandıqdan sonra isə aralarında razılıq əldə edilmişdir.”. Yekun məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, “...19 iyul 24 tarixli məktubu təqdim edə bilmirəm. "xxxx" şirkəti 19 iyul 2024-cü il tarixli məktubumuza cavab olaraq, 06 may 2024-cü il tarixli müqavilədəki imzanın ona məxsus olduğunu bildirmişdir.”.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
28. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
29. Maddə 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir.
30. Maddə 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur.
31. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
32. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
33. Maddə 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.
34. Maddə 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.
35. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
36. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
40. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
41. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
42. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
43. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
44. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
45. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
46. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
47. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
48. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
“Elektron imza və elektron sənəd haqqında” Qanun
49. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
50. Maddə 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
“Elektron ticarət haqqında” Qanun
51. Maddə 7. Elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
a) Ümumi məsələlər
64. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, sübutlara düzgün qiymət verməyərək nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.
65. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
66. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
67. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
68. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
b) Əqdin etibarsız sayılması tələbi üzrə
69. İddiaçının həm iddia ərizəsindəki, həm də apellyasiya şikayətindəki dəlillərini nəzərə alan kollegiya əqdin etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
70. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 35) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
71. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
72. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsində (§ 37) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
73. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə məcburetmədir (zorakılıq və ya hədələmə).
74. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır.
75. Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür.
76. İşin hallarından görünür ki, cavabdeh 06 may 2024-cü il tarixli müqavilə bağlanmamışdan öncə iddiaçını hədələmiş, müqavilə bağlanarkən zorakılıq göstərmiş və müqavilədən sonra iddiaçıya qarşı məcburetmə hərəkətlərini davam etdirmişdir.
77. Belə ki, müqavilədən öncə cavabdehin iddiaçıya ünvanladığı məktubda açıq-aşkar şəkildə iddiaçının əməllərində dələduzluq faktının olduğu vurğulanmış, bununla bağlı aidiyyati dövlət orqanına müraciət edildiyi ilə bağlı məlumat verilmiş, “müraciət ediləcəyi halda “CotSeas”dan və "xxxx"dan imza və möhürün həqiqiliyinin təsdiqinin əldə olunub AMEC-ə təqdim edilə biləcəyi” bildirilmişdir (§ 7).
78. Qeyd olunmalıdır ki, müqavilə üzrə qarşı tərəfi əqd bağlaması üçün inzibati və ya cinayət qaydasında məsuliyyətə cəlb edilməsi ilə hədələmək özlüyündə kontragenti əqd bağlamağa sövq edə və bağlamaq istəmədiyi müqavilə münasibətlərinə girməsi üçün zəmin yarada bilər.
79. İddiaçının mübahisələndirilən müqaviləni hədə və məcburiyyət təsiri altında imzalanmış olduğunu həmin müqaviləni imzalamasından 3 ay əvvəl (06 mart 2024) onun Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldıraraq, “cavabdehin onun fəaliyyətinə yaratmış olduğu maneələrin qanunsuz hesab edilməsi və "xxxx" Şirkəti ilə aralarında olan müqavilə öhdəliyi üzrə hansısa tələbin irəli sürülməsinin cavabdehə qadağan edilməsi” barədə qətnamənin çıxarılmasını xahiş etməsi də təsdiq edir.
80. Cavabdehin nümayəndəsinin “məktubda aidiyyəti dövlət orqanına müraciət edildiyi göstərilsə də, müraciət edilməmişdir” barədə mülahizəsini də kollegiya əsassız hesab edir; belə ki, böyük bir dövlət şirkətinin sədr müavininin imzası ilə ünvanlanan məktubda bu cür qeyri-ciddiliyə yol verildiyi ağlabatan və inandırıcı deyildir.
81. Digər tərəfdən, tərəfər arasında kifayət qədər ciddi hüquqi nəticələr yaradan üçtərəfli bir əqdin bağlandığını irəli sürən cavabdeh, müqavilədən öncə danışıqların aparılması, yazışmaların həyata keçirilməsi, xarici şirkət olan "xxxx"-nin nümayəndələrinin Azərbaycan Respublikasına daxil olması və ya yaxud da elektron qaydada hər hansı razılıq verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
82. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə, mübahisələndirilən müqavilədəki "xxxx" Şirkətinin möhürünün kleşesinin əksinin bütün əlamətləri özündə saxlamaqla “fotoşop” (şəkil redaksiyası üçün istifadə olunan hər hansı proqram) qaydası ilə əks olunduğu” barədə rəy təqdim olunmuşdur; bu hal isə cavabdehin üzərinə həmin müqavilənin etibarlılığı, xüsusilə də müqavilənin həqiqətən də "xxxx" Şirkətinin səlahiyyətli şəxsi tərəfindən imzalandığı və onun möhürü ilə təsdiqləndiyi ilə bağlı mötəbər dəlillər təqdim etmək vəzifəsini qoyur.
83. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericiliyinin müəyyən etdiyi ümumi tənzimləməyə görə, tələbin güzəşti halında borclunun razılığına ehtiyac olmasa da (§ 31), tərəflər arasında ilkin razılaşmada bu qaydadan fərqli şərt müəyyən edilərsə, bu halda ilkin kreditorun da razılığı lazımdır.
84. İddiaçı MMC (podratçı) ilə "xxxx" (subpodratçı) arasında 28 mart 2022-ci il tarixdə bağlanmış müqavilədə də belə bir şərt nəzərdə tutulmuş, müqavilənin 16.1-ci bəndində göstərilmişdir ki, "xxxx" (subpodratçı) İddiaçı MMC-nin (podratçı) ilkin yazılı razılığı olmadan bu subpodrat müqaviləsinə əsasən özünün hər hansı və ya bütün hüquq və öhdəliklərini hər hansı digər şəxslərə təyin etməyəcək və ya ötürməyəcək və ya subpodratçılığa təqdim etməyəcəkdir.
85. "xxxx" Şirkətinin iddiaçıdan belə bir razılıq alması barədə hər hansı sübut mövcud deyil və cavabdehin nümayəndəsinə dəfələrlə təklif olunsa da, o, müvafiq sübutu məhkəməyə təqdim etməmişdir.
86. İşin hallarından aydın olur ki, "xxxx" Şirkətinin nümayəndələri mübahisələndirilən müqaviləni bağlamaq üçün Azərybaycan Respublikasına gəlməmiş, müqavilənin bağlandığı bildirilən tarixdə Azərbaycanda olmamışlar; cavabdehin nümayəndəsi həmin şirkətin razılığı elektron qaydada verdiyini və bunu təsdiq edən məktubun mövcudluğunu (§ 26) qeyd etsə də, bununla bağlı dəlil təqdim etməmişdir.
87. Qeyd olunmalıdır ki, tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Tərəflərin öz növbəsində bu halı rəsmiləşdirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətləri nəzərə almaqla, istənilən formada müqavilə bağlamaq azadlıqları var (§ 36, 41).
88. Belə ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).
89. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir, sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.
90. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
91. Həmçinin nəzərə alınmalıdır ki, “Elektron ticarət haqqında” Qanunda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur (§ 51).
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında göstərmişdir ki, “...yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir”.
93. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, tərəflər arasında elektron qaydada etibarlı əqd bağlandığı qənaətinə gəlmək mümkün deyildir. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsinə dəfələrlə müqavilənin elektron qaydada bağlanması ilə bağlı dəlil təqdim olunması təklif olunsa da, cavabdeh bununla bağlı tutarlı bir dəlil təqdim etməmişdir.
94. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyində göstərilən xüsusat, yəni "xxxx" Şirkətinin möhürünün kleşesinin əksinin bütün əlamətləri özündə saxlamaqla “fotoşop” (şəkil redaksiyası üçün istifadə olunan hər hansı proqram) qaydası ilə əks olunduğu” barədə rəy özlüyündə müqavilənin etibarsızlığı ilə bağlı həlledici nəticəyə gəlməyə əsas yaratmasa da, digər hallarla birgə (cavabdehin təhdidləri, müqavilədən qabaqkı danışıqların mövcud olmaması, "xxxx" LTD-nin nümayəndələrinin müqaviləni fiziki imzalamaması və elektron qaydada razılıq verilməsi barədə sübutun olmaması) qiymətləndirildiyində möhür əksinin saxtalaşdırıldığı qənaətini gücləndirir.
95. Belə bir qənaət həm də ona görə ağlabatan görünür ki, "xxxx" LTD mübahisələndirilən müqavilənin bağlandığı bildirilən tarixdən 2 ay sonra ASCO-ya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda, “Sizin məktubunzda qeyd etdiyiniz, İddiaçı MMC-nin mövqeyini nəzərə alaraq, sizin tərəfinizdən qəsdən aldadılma gördük. Eyni zamanda hesab edirik ki, bu vəziyyətdə ən effektiv mexanizm, şirkətlərimiz arasında iddia hüququnun verilməsi ilə bağlı müqavilənin imzalanması və İddiaçı MMC-nə müqavilə üzrə hüquqların təktərəfli ötürülməsi barədə bildirişin göndərilməsidir” bildirmişdir; məktubda yer alan sözügedən ifadələr isə həm İddiaçı MMC-nin müvafiq müqavilənin bağlanmasına iradəsinin olmadığını, həm müqavilənin "xxxx" LTD-nin möhürü ilə təsdiqlənmədiyini, həm də müqavilənin bağlandığı bildirilən tarixdən 2 ay sonra yenidən müqavilə bağlanması ilə əlaqədar müzakirələrin aparıldığını ortaya çıxarır.
96. Kollegiya ona da diqqət çəkir ki, tələbin güzəşti sadəcə müqavilənin bağlanması ilə kifayətlənmir və müvafiq hüquqların, eləcə də müşayətedici sənədlərin təhvil-təslimi də həyata keçirilməlidir (§ 29, 30), lakin cavabdeh tərəfindən bu cür prosessin baş verməsi barədə dəlil təqdim olunmamışdır.
97. Xüsusilə qeyd olunmalıdır ki, 06 may 2024-cü il tarixdə bağlandığı bildirilən müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan ödəniş, yəni tələb hüquqlarının ona verilməsinə görə Cavabdeh QSC tərəfindən "xxxx"-yə ödənilməli olan 3 470 000 ABŞ dolları məbləğində kompensasiya sonuncuya ödənilməmiş və iddiaçı şirkət (AMEC) "xxxx" qarşısında olan öhdəliyindən azad olunmamışdır.
98. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, tələb hüququnun güzəşt edilməsi barədə 06 may 2024-cü il tarixdə bağlandığı bildirilən müqavilə etibarsızdır.
c) Digər tələblər barədə
99. İddiaçının “Dövlət Təhlükəsiliyi Xidməti əməkdaşları vasitəsilə şirkətə edilən təzyiqlərin cavabdehə qadağan edilməsi; 2. Dövlət Təhlükəsiliyi Xidməti vasitəsilə ölkədən çıxışına məhdudiyyət və xidməti qeydin qoyulmasının cavabdehə qadağan edilməsi; 3. Dövlətin inzibati resurslarından sui-istifadə və dövlətin digər qurumlarının vəzifə və funksiyalarından istifadənin cavabdehə qadağan edilməsi; 4. Şirkətin beynəlxalq imicinə və işgüzar nüfuzuna xələl gətirən hərəkətlərin cavabdehə qadağan edilməsi; 5. Şirkətin yerli və beynəlxalq ticarət partnyorları ilə aralarındakı münasibətlərə və mübahisələrə müdaxilənin cavabdehə qadağan edilməsi” tələbləri ilə bağlı kollegiya qeyd edir ki, o, həmin halların mövcudluğunu təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmişdir; buna görə də kollegiya sözügedən tələbləri əsassız sayır və onlarala bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
100. Nəzərə alınmalıdır ki, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
101. İddiaçının "xxxx" bolqar şirkəti ilə iddiaçı arasında olan 28 mart 2022-ci il tarixli AMEC/PC012/2022 saylı müqavilə öhdəliyi üzrə pul tələbinin irəli sürülməsinin cavabdehə qadağan edilməsi” tələbi isə “müqavilənin etibarsız sayılması” tələbi ilə əhatə olunur (həmin tələbin təmin olunmasının məntiqi nəticəsidir) və bu səbəblə də onun təmin edilməsinin ayrıca vurğulanmasına zərurət yoxdur.
102. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 150 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
103. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-961/2025 saylı iş üzrə 07 mart 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, müqavilənin etibarsız sayılması və öhdəliyin qoyulması” tələbləri qismən təmin olunsun. İddiaçı MMC, Cavabdeh QSC və "xxxx" arasında 06 may 2024-cü il tarixdə bağlandığı bildirilən müqavilə etibarsız hesab edilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 150 (yüz əlli) manat Cavabdeh QSC-dən alınıb İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Ziya Şirinov
Hakimlər Elnur Həsənov
Leyla Əliyeva