Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-610/2019 15.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 (fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MTK-ya (VÖEN – **********; Hüquqi ünvanı - AZ1154, ünvan 1 təmsilçisi – X1; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2013) qarşı kredit borcunun tutulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-2(82)-466/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2018-ci il tarixdə cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 209.260 manat məbləğində əsas borc, 16.275,81 manat məbləğində faiz borcu, 12.602,10 manat cərimə borcu, ümumilikdə 238.137,91 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 095/15 saylı «Kredit müqaviləsi»nə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 8% dərəcəsi olmaqla 209 260 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 209 260 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə gorə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3 bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh "Qarant-R” Mənzil Tikinti Kooperativi bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 209 260 manat məbləğində əsas borcu, 16 275.81 manat məbləğində faiz borcu, 12 602 10 manat cərimə borcu, ümumilikdə 238 137.91 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-2(82)-466/2018 saylı qətnaməsi ilə (hakim E.Mustafayev) iddia tələbi təmin edilərək, cavabdehdən 209.260 manat məbləğində əsas borcun, 16.275, 81 manat məbləğində faiz borcunun, 12.602, 10 manat cərimə borcunun, ümumilikdə 238.137,91 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. xx.xx.2018-ci il tarixli məktubla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-2(82)-466/2018 saylı qətnaməsi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.(icra məmuru C.Tağıyev) xx.xx.2018-ci il tarixdə cavabdehin vəkili Nümayəndə2 iş üzrə qətnamənin göndərilməsini xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi çıxarışda hansı məbləğdə və tarixlərdə kredit ödənişlərinin edildiyi, faizlərin düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək mümkün deyildir. İqtisadiyyatın bu sahəsi ixtisaslaşdırılmış sahə olduğundan faiz borcu məbləğinin düzgün hesablanıbhesablanmamasını müəyyən etmək məqsədilə obyektiv yekun qərar qəbul edilməsi baxımından iş üzrə xüsusi biliyə malik məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı idi. Göründüyü kimi məhkəmə ekspertizanın keçirilməsi üçün qanunverici mütləq şəkildə işdə iştirak edən şəxsin vəsatətinin mövcudluğunu zəruri hesab etmir. Məhkəmə də öz təşəbbüsü ilə bu maddəyə əsasən ekspertiza təyin edə bilər. Hazırkı iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi isə sonda qəbul olunacaq məhkəmə yekun aktının obyektivliyinə və dəqiqliyinə birbaşa təsir edəcəkdi. Çünki faizlərin, eləcə də cərimə borcunun hesablanması xüsusi bilik tələb edən məsələ olduğundan həmin faiz və cərimə borcu ekspert tərəfindən hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-57/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Nuriyeva, Ə.Qasımov, C.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-2(82)-466/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən – "xxxx" MTK-dan xx.xx.2015-ci il tarixli 095/15 saylı kredit müqaviləsi üzrə 203.697,84 manat məbləğində əsas borc, 5000 manat cərimə borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 208.727 (iki yüz səkkiz min yeddi yüz iyirmi yeddi) manat 84 qəpik borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 242/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov, K.Bədəlov, S.Hüseynova) cavabdehin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanı - ünvan 2uni təmsilçisinin ünvanına – ünvan 3nda yaşamır qeydi ilə geri qayıtmışdır. Cavabdehin vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin yeni apellyasiya baxışına göndərilməsi haqqında Ali Məhkəmənin qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarını mübahisəyə tətbiq etməli olduğu halda etməmişdir. Ona görə də, təkrar apellyasiya baxışı zamanı Konstitusiya Məhkəməsinin həmin qərarı və oradakı hüquqi mövqelər nəzərə alınmaqla müqavilə müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş faizlə pul vəsaitində istifadə haqqının (faizin) tutulmasının mümkünlüyünə qiymət verilməlidir. Ümumiyyətlə isə cavabdeh tərəfindən konkret olaraq hansı vaxtlarda və hansı məbləğlərdə ödənişlərin edildiyi, həmin ödənişlərin əsas, faiz və cərimə borcuna hansı qaydada aid edildiyi dəqiq müəyyən olunmalı, bununla da, iddia verilən günə olan kredit borcunun (əsas, faiz və cərimə) həqiqi məbləği aydınlaşdırılmalıdır. Məhkəmə bunun üçün həmin məsələyə dair tərəflərin mövqelərini öyrənməli, onlara müvafiq sübutları təqdim etməyi təklif etməli, eləcə də lazım gələrsə, müvafiq ekspertiza keçirməlidir. İş materiallarında olan yazılı sübutlar əsasında müəyyən edilir ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bank) ilə "xxxx" MTK (borcalan) arasında bağlanmış 29 iyul 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinə əsasən müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 500 000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Borcalan bu kreditdən istifadəyə görə illik 8% olmaqla faiz ödəyir. Kreditin məbləği 209260 manat, illik faizi 8 %, vaxtı keçmiş kredit faizi 16 %, cərimə 1 %-dir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəllənin qeyd edilən müddəalarının hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən "xxxx" MTK arasında kredit müqaviləsinin bağlanması və bununla bağlı öhdəlik münasibətlərinin meydana gəlməsi iş materiallarında olan kredit müqaviləsi ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qərarda ifadə edilmiş hüquqi mövqeyə görə, iddiaçı müqavilənin müddətinin bitdiyi günə qədər əsas borca hesablanan faizləri tələb edə bilər. Bundan sonrakı müddətdə isə ya vəsaitdən yenidən istifadə edə bilməməsi ilə əldən çıxmış fayda və ya illik beş faiz məbləği tələb edə bilər. İşdən göründüyü kimi xx.xx.2018-ci il tarixli **********886 saylı maliyyə arayışına əsasən borclu "xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən həmin öhdəliyin icra müddətinin bitdiyi tarixə - xx.xx.2016-cı il tarixə kredit öhdəliyi üzrə əsas borcu 209 260 AZN, faiz borcu 1999.59 AZN borcu yaranmışdır. Cavabdeh tərəfindən kredit üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə 14.740,54 manat olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixli **********886 saylı maliyyə arayışı əsas götürülərək, iddiaçının kredit öhdəliyinin müddətinin bitdiyi günə olan əsas və faiz borcu həmin maliyyə arayışına əsasən hesablanmalıdır. İddiaçı ona dəymiş ziyanın və ya gecikdirilmiş borca görə illik beş faizin ödənilməsini tələb etmədiyi üçün birinci instansiya məhkəməsi həmin tələblərlə bağlı araşdırma aparmamaqda haqlı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi ilə razılaşdırılmış kredit və ona hesablnamış faizlərin ödənişini gecikdirdikdə, gecikdirilmiş hər gün üçün ödənişi gecikdirilmiş məbləğin 1% miqdarında cərimə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edilən normaya əsasən hesab edir ki, 29 iyul 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinə əsasən cərimə borcu azaldılaraq 2092,6 manat müəyyənləşdirilməlidir. Bu hissədə apellyasiya şikayətində cavabdeh iddia ərizəsində göstərilən əsas borc məbləği ilə razılaşmasa da öz mövqeyini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-2(82)-466/2018 saylı qətnaməsi cavabdehdən faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" MTK-dan 29 iyul 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsi üzrə 209260 manat əsas borc, 1999.59 manat faiz borcu və 2092.6 manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 213382,19 (iki yüz on üç min üç yüz səksən iki) manat 19 (on doqquz) qəpik borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-610/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-610/2019
15.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver