Məhkəmə qərarları › İş №2-2(103)-610/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-610/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-610/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - iddiaçı) nümayəndəsi X1, Cavabdeh (bundan sonra - cavabdeh) iştirakı ilə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1204/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 31 iyul 2013-cü il tarixli 35 nömrəli kredit müqaviləsi üzrə 260.000 manat əsas borc, 73.060,01 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 11.880,56 manat kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 344.940,57 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 30 iyul 2013-cü il tarixli 35 nömrəli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, tərəflər arasında bağlanmış 30.07.2013-cü il tarixli 35 nömrəli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilmişdir. Qətnamənin əsaslarına görə, “Tərəflər arasında bağlanmış müqavilənin 7.1.2-ci bəndinə əsasən bank tərəfindən “Borc alanın” ssuda hesabına kredit məbləğinin köçürülməsi və bu barədə “Borc alana məlumat vermək öhdəliyi götürülmüşdür. Məhkəmə araşdırması zamanı qeyd olunan öhdəliyin bank tərəfindən yerinə yetirilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki qeyd olunan məlumatın mövcudluğu borc alanın tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin başlandığını təsdiq edir. Bağlanmış müqavilə yalnız tərəflər arasında gələcəkdə yaranacaq öhdəliklərin müəyyən edilməsi və razılaşdırılmasını özündə ehtiva etmişdir. Yəni, qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yaranması üçün həmin müqavilədə müəyyən edilmiş tərəflərin üzərinə götürdükləri əsas vəzifələri yerinə yetirmələri vacib şərtdir. Məhkəmə araşdırması zamanı borc verən tərəfindən müqavilənin predmeti olan kredit vəsaitinin borc alana təqdim edilməsi halını təsdiq edilən sübutların təqdim edilməməsi həmin halın mövcud olmaması kimi qiymətləndirilir. Eyni zamanda müəyyən olunmuş hal qarşılıqlı iddia ərizəsi üzrə qarşılıqlı iddia tələbi üzrə iddiaçının əsaslandığı halları təsdiq etmiş olur.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, qarşılıqlı iddianın rədd, ilk iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, "xxxx" KB ASC ləğv prosesində olduğundan sənədlərin təhvil-təslimi ilə əlaqədar cavabdehə kredit müqaviləsi üzrə kassa məxaric orderini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmənin qətnaməsində cavabdehin qarşılıqlı iddiasının təmin edilərək, onunla "xxxx" KB ASC arasında bağlanmış 30 iyul 2013-cü il tarixli 35 nömrəli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi hissəsi də əsassızdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsinə dair Məhkəməyə müraciət edilmişdir. Belə olan halda, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisələndirməmiş, qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdeh şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, 30.09.2013-cü il tarixli 35 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 60 ay müddətinə illik 12% ilə 260.000 manat məbləğdə krediti cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.3-cü bəndinə əsasən, kredit vəsaitindən istifadə müddəti borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır; 7.1.1-ci bəndinə görə, müqavilədə göstərilən kredit məbləğini borc alanın ssuda hesabına köçürmək, 7.1.2-ci bəndinə əsasən, borc alanın ssuda hesabına kredit məbləğinin köçürülməsi barədə borc alana məlumat vermək, 7.1.3-cü bəndinə görə, borc alan tərəfindən kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsinin uçotunu aparmaq, 7.1.4-cü bəndinə əsasən, borc alanın tələbi ilə Müqavilə üzrə öhdəliklərin tam həcmdə və ya qismən yerinə yetirməsi barədə təsdiqedici sənədi ona təqdim etmək Bankın vəzifəsidir. Ödəniş cədvəlinə görə, kredit müqaviləsi üzrə cavabdeh banka 30.08.2013-cü il tarixdən 30.07.2018-ci il tarixədək ümumilikdə 386.100 manat ödəniş etməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3617/2016 nömrəli iş üzrə 22.07.2016-cı il tarixli qərarı ilə "xxxx" KB ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən Bankın ləğvedicisi təyin edilmişdir. 16.07.2019-cu il tarixli **********483 nömrəli borcun açıqlanması arayışına əsasən, cavabdehin həmin tarixə müqavilə üzrə borcu 260.000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 73.060,01 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi ilə 11.880,56 manat olmaqla, ümumilikdə 344.940.57 manat borcu mövcuddur. İddiaçının cavabdehə ünvanlanmış 16.07.2019-cu il tarixli **********485 nömrəli xəbərdarlığına görə, 30 iyul 2013-cü il tarixli 35 nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 10.07.2019-cu il tarixə 344.940,57 manat gecikmiş borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuşdur. Cavabdeh qeyd edilən kredit müqaviləsinin formal olaraq bağlandığını, müqavilə üzrə kredit məbləğini faktiki götürmədiyini qeyd edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, formal kredit müqaviləsi üzrə hər hansı kredit məbləği alınmadığı halda ona iddiaçı tərəfindən 04.11.2019-cu il tarixdə **********769 saylı xəbərdarlıq məktubu ünvanlanaraq, 29.10.2019-cu il tarixə 333.060 manat geçikdirilmiş kredit borcunun 3 iş günü ərzində qaytarılması xahiş edilmişdir. Bundan sonra o, 07.11.2019-cu il tarixdə cavabdehə müraciət edərək, kreditə aydınlıq gətirilməsini və borcun adından silinməsini xahiş etsə də, ona cavab verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə borc alanın öhdəliyi bank tərəfindən borc alanın ssuda hesabına kredit məbləği köçürüldükdən sonra başlandığından, iddaçının cavabdehdən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etməsi üçün ilk öncə kredit məbləğinin cavabdehin hesabına köçürüldüyü təsdiq edilməlidir. İş materialları ilə bu hal öz təsdiqini tapmır. Belə ki, bunu təsdiq edən əsas kassa məxaric orderi iş materiallarında mövcud deyil, iddiaçı tərəfindən də Məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada cavabdehin müqavilənin etibarsızlığını tələb etmək üçün 1 illik müddəti ötürməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilməsini tənzimləyir ki, qarşılıqlı iddia ilə cavabdeh belə bir nəticələrin tətbiqini tələb etmir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.” Mülki Məcəllənin 354.2-ci maddəsinin “... əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər” müddəasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin adıçəkilən 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.” Həmin Qərarda daha sonra qeyd edilmişdir ki, “Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz.” İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verilməsi ilə müəyyən olunur ki, 30.09.2013-cü il tarixli 35 nömrəli kredit müqaviləsi uydurma, yəni əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd bağlandığı andan özlüyündə etibarsız olduğundan, onun mübahisələndirilməsi, etibarsız sayılması tələb olunmur. Əqdin əhəmiyyətsizliyi faktının, hazırkı işdə olduğu kimi, mövcud olub-olmaması ilə bağlı mübahisə yarandıqda isə, onun etibarsız yaxud əhəmiyyətsiz hesab edilməsi məqsədilə deyil, sırf bu əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər ki, cavabdeh də bu yolu seçmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə də kredit müqaviləsinin əhəmiyyətsiz olması müəyyən edildiyi üçün, qətnamə əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıdığından, hər iki cümləsində (müddəasında) “mübahisə edilə bilər” tənzimləməsi açıq ifadə olunan 354.2-ci maddədə nəzərdə tutulmuş müddətlər mübahisə edilən əqdlərə aid olmaqla, əhəmiyyətsiz əqdlərə, o cümlədən hazırkı işə və cavabdehin qarşılıqlı iddiasına tətbiq oluna bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməli (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1204/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar