Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-610/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, "xxxx" MMC, Cavabdeh3 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda "xxxx" MMC ilk iddia ilə birlikdə baxılması üçün qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, bankla "xxxx" MMC arasında bağlanmış girov və zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-2(113)-140/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh "xxxx" MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Hazırkı iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsi isə qanunvericilikdə müəyyən edilmiş 20 günlük müddət ərzində verilməmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddianın geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-610/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-610/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver