Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-611/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X5" MMC-yə qarşı icarə müqaviləsi üzrə borcun tutulması barədə Açar söz: icarə müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Azad Nizami oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh “X5" MəhdudMəsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X5" MMC-yə qarşı icarə müqavilələri üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-301/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlarla təsdiq edilən mübahisəsiz hallarından görünür ki, tərəflər arasında iki icarə müqaviləsi bağlanmışdır: 1) xx.xx.2019-cu il tarixli 238 nömrəli- bu müqavilə əsasında cavabdehə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, 34 m2 olan “3410” nömrəli qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Müqavilə 11 ay müddətinə bağlanmış, müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müddətin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə müqavilənin qüvvəsi eyni müddətə artırılır. Aylıq icarə haqqı ƏDV daxil 200 manat müəyyən edilmişdir. 2) xx.xx.2018-ci il tarixli, 3411 nömrəli- bu müqavilə əsasında cavabdehə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, 34 m2 olan “3411” nömrəli qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Müqavilə 11 ay müddətinə bağlanmış, müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müddətin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə müqavilənin qüvvəsi eyni müddətə artırılır. Aylıq icarə haqqı ƏDV daxil 200 manat müəyyən edilmişdir.
2. 10 iyun 2021-ci il tarixli “X5" MMC tərəfindən İddiaçı sisteminə yerləşdirilən məktubdan görünür ki, cavabdeh iddiaçıya elektron qaydada müraciət edərək xx.xx.2019-cu il tarixli 238 nömrəli icarə müqaviləsinə xitam verilməsini bildirmişdir.
3. xx.xx.2018-ci il tarixli, 3411 nömrəli obyektin əməliyyat tarixçəsindən görünür ki,2020ci ilin iyun ayı üçün, həmçinin 2021-ci ilin iyun ayı üçün pandemiyaya görə hesablanmış aylıq borc məbləği 133,33 manatdır.
4. Cavabdehə hər iki icarə müqaviləsinə əsasən 2020-ci ilin mart və iyun ayları üzrə cəmi 800 manat icarə haqqı hesablanmışdır. 2020-ci ilin iyun ayından sonra elektron qaimələr göndərildiyi müəyyən olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6066,66 manat icarə haqqı borcu, ona hesablanmış 5460 manat cərimə borcunun və ödənilmiş 200 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “3410” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla aylıq 200 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli,3411 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin TicarətMərkəzində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “3411” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla aylıq 200 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Lakin icarəçi ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da: xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə ödənilməmiş 4400 manat icarə haqqı borcu və ona hesablanmış 3960 manat cərimə borcu; xx.xx.2018-ci il tarixli, 3411 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, iyun və 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə ödənilməmiş 1666,66 manat icarə haqqı borcu və ona hesablanmış 1500manat cərimə borcu; ümumilikdə iki icarə müqaviləsinə görə - 6066,66 manat icarə haqqı borcu və ona hesablanmış 5460 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar tərəfimizdən cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də tərəfimizdən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-301/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilərək cavabdeh “X5" MMC-dən xx.xx.2018-ci il tarixli, 3411 nömrəli icarə müqaviləsi üzrə 1666,66 manat, xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə isə 533,33 manat məbləğində icarə haqqları və 10,01 manat cərimə cəmi 2210 manat, həmçinin 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 3411 nömrəli İddiaçı ilə cavabdeh “X5" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə götürülən qeyri-yaşayış sahəsi üzrə tələb olunan icarə haqqı məbləği pandemiya nəzərə alınaraq hesablanmış, 2020-ci ilin aprel, may ayları, həmçinin 2020-ci ilin iyun ayından 2021-ci ilin iyun ayının 09-a kimi olan dövr üçün icarə haqqı hesablanmamışdır, yalnız 2020-ci ilin iyun ayı üçün 133 manat icarə haqqı hesablanmışdır.
9. xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə isə 2020-ci ilin aprel ayından 2021ci ilin dekabr ayına kimi bütün ayların icarə haqqı hesablanmış, səbəb olaraq isə iddiaçının istinad etdiyi kimi sözügedən icarə müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin təyinatınınanbar olması və anbarda baytarlıq xidməti və baytarlıq preparatlarının satışı həyata keçirilməsi olmuşdur.
10. Operativ Qərargahın müvafiq məlumatına əsasən 31 mart 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixə kimi iri ticarət mərkəzlərinin fəaliyyəti dayanmışdır. 27 aprel 2020-ci il tarixli Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiqməlumatına əsasən ticarət mərkəzləri və “Mall”ların nəzdində fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin üzərinə qoyulan məhdudiyyət qüvvədə qalmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 2020-ci ilin iyul ayından etibarən ölkə ərazisində bütün ticarət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında görünür ki, 2021-ci il 31 may saat 06:00-dan etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilmişdir.
11. Məhkəmə xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə tələb olunan 4400 manatməbləğində icarə haqqı tələbi ilə bağlı bildirmişdir ki, iddiaçının nümayəndəsi izahatında qeyri- yaşayış sahəsinin təyinatının anbar olduğunu bildirsə də, həmin obyektin məhz anbar kimi fəaliyyət göstərilməsi ilə bağlı sübut təqdim etməmiş, müqavilənin özündə isə həmin sahənin anbar olması ilə bağlı müddəaların olmaması ilə yanaşı, hər iki yanbayan olan qeyri-yaşayış sahələrinin Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşdiyi və həmin kompleksin 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayının 09-dək (2020-ci ilin iyun ayın bir necə günü istisna olmaqla) fəaliyyət göstərmədiyi müəyyən edilmiş, hətta qeyd olunanlar iddiaçı tərəfindən 3411 nömrəli müqavilə üzrə icarə haqqı hesablanarkən nəzərə alınmışdır.
12. Müəyyən edilmişdir ki, cavabdeh Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yanbayan yerləşən iki ədəd qeyri- yaşayış sahəsini icarəyə götürmüş, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzi 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayının 09-dək (2020-ci ilin iyun ayının bir neçə günü istisna olmaqla) fəaliyyət göstərmədiyinə görə iddiaçı tərəfindən 3411 nömrəli müqavilə üzrə mağaza kimi fəaliyyət göstərən sahə üzrə 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayın 09-dək (istisna-2020-ci ilin iyun ayın bir necə günü üçün 133 manat) icarə haqqı hesablanmamış, digər 238 nömrəli müqavilə üzrə iddiaçının istinad etdiyi kimi anbar kimi fəaliyyət göstərən sahə üzrə bütün aylar üzrə icarə haqqı hesablanmış, halbuki iddiaçı həmin sahənin anbar olması ilə bağlı mötəbər sübutlar təqdim etməmiş, müqavilədə də, anbarla bağlı heç bir müddəalar qeyd edilməmişdir.
13. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, 238 nömrəli müqavilə üzrə icarə haqları da, xx.xx.2018-ci il tarixli, 3411 nömrəli müqavilə üzrə hesablanmış qaydaya uyğun olaraq aşağıdakı qaydada hesablanmalıdır, belə ki, 2020ci ilin iyun ayı üzrə üzrə 133,33 manat, bununla yanaşı müqavilənin 7.2-ci maddəsinə əsasən cavabdehin iddiaçıya 10 iyun 2021-ci il tarixdə müqaviləyə xitam verilməsi barədə məktubunu nəzərə alaraq hesab edir ki, 10 iyun 2021-ci ildən 10 iyul 2021-ci ilədək (1 ay xəbərdarlıq müddəti) 200 manat, həmçinin cavabdehin ödəmədiyi 2020-ci ilin mart ayı üçün 200 manat ümumilikdə xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə 533,33 manat məbləğində pul cavabdeh “X5" MMC-dən alınaraq İddiaçınə ödənilməlidir.
14. Məhkəmə xx.xx.2018-ci il tarixli, 3411 nömrəli icarə müqaviləsi üzrə 1666,66 manat məbləğində icarə haqqı tələbi ilə bağlı isə bildirmışdır ki, həmin tələb tam təmin edilməlidir, belə ki, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən hesablanan icarə haqqı pandemiya dövrü nəzərə alınaraq hesablanmış, həmçinin sözügedən müqavilənin vaxtından əvvəl ləğv edilməsi müəyyən edilməmişdir.
15. Məhkəmə 5460 manat məbləğində cərimə tələbi ilə bağlı qeyd edir ki, sözügedən cərimə 6066,66 manat icarə haqqı borcu münasibətdə hesablanmış, halbuki məhkəmə tərəfindən tələb 2199,99 manat məbləğində təmin edilmiş və təmin edilmiş icarə haqqınamünasibətdə bu məbləğdə cərimə hesablana bilməz, həmçinin cərimə tənasübsüz sürətdəyüksək qiymətləndirildiyinə görə azaldılaraq 10,01 manat məbləğində müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin yalnız mart və iyun ayı üçün elektron qaimə təqdim etmişdir. İcarəyə götürülən obyektlərin yerləşdiyi ticarət mərkəzi 2020-ci ilin mart ayında qismən işləmiş, 2020-ci ilin iyun ayında ümumiyyətlə fəaliyyət göstərməmişdir. Buna görə də mart ayında 23 gün üçün 141,92 manat olmaqla iki müqavilə üzrə cəmi 283,86 manat icarə haqqı ödənilməsinə etiraz etmir. Hər iki müqavilə üzrə iyun ayı üçün hesablanmış borc isə əsassızdır. Bu müddət ərzində MMC-nin rəhbərliyi tərəfindən borc tələb edilməmişdir. xx.xx.2021-ci il tarixdə 238 saylı müqavilənin ləğv edilməsi üçün qarşı tərəfə bildiriş göndərilsə də məhkəmə müqavilənin 7.2-ci bəndinə əsasən bir aylıq xəbərdarlıq müddətini əsas götürərək 200 manat borc hesablamışdır. Bu hal əsassızdır, çünki fors major hallar tərəflərin iradəsindən asılı olmayan hallardır və bu günə kimi sərhədlər açılmamışdır. 2021-ci ilin iyun və dekabr ayları üçün hesablanmış 1333,33 manat borc əsassızdır. Belə ki, hər iki obyekt ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşir və bu günə kimi, fəaliyyət göstərmədiyi üçün müştəri axımı yoxdur. Bu halı iddaçının rəhbərliyi bildiyi üçün borc hesablamamış və tələb etməmişdir. Qanunda elektron qaimənin təqdim edilməməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Apellyasiya baxışının predmeti olan hissə iddia tələbinin təmin edildiyi hissədir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-301/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Cavabdeh “X5" MMC-dən xx.xx.2018-ci il tarixli, 3411 nömrəli icarə müqaviləsi üzrə 1666,66 manat, xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə isə 533,33 manat məbləğində icarə haqqı tutulmuşdur. Cavabdeh apellyaisya şikayətinin tələb hissəsində qətnamənin ləğv edilərək iddianın tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qeyd edir ki, 2020-ci ilin mart ayı üzrə fəaliyyət göstərdikləri 23 gün üçün iki müqavilə üzrə cəmi 283,86 manat olmaqla (hər müqavilə üzrə 141,92 manat) icarə haqqı ödənilməsinə etiraz etmir.
23. Məhkəmə iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə 2020-ci ilin mart ayı üçün 200 manat, 2020-ci ilin iyun ayı üçün 133,33 manat, xx.xx.2021-ci il tarixdə müqaviləyə xitam verilməsi barədə bildirişin 1 ay əvvəl göndərilməli olduğu nəzərə alınaraq xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 200 manat olmaqla 533,33 manat icarə haqqının cavabdehdən tutulması hissəsində iddia əsaslıdır. Bu hissədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, 2020-ci ilin iyun ayında cavabdehin icarə obyektində fəaliyyət göstərməsinə rəsmi qadağa olmadığından və ya bu fəaliyyətə icarəyəverən tərəfindən hər hansı maneə yaradılmadığı müəyyən edilmədiyindən cavabdeh həmin ay üçün icarə haqqı ödənilməsindən imtina etməyə haqlı deyil. Bundan əlavə xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilənin 7.2-ci bəndində hər iki tərəfin digər tərəfi 1 ay əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulduğundan cavabdehin xx.xx.2021-ci il tarixdə müqavilənin ləğv edilməsinə dair bildiriş göndərdiyi nəzərə alınarsa müqavilə 1 ay sonra xx.xx.2019-cu il tarixdən ləğv edilmiş sayılır.
24. Məhkəmə eyni zamanda düzgün olaraq hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli, 3411 nömrəli icarə müqaviləsi üzrə 1666,66 manat icarə haqqı (2020-ci ilin mart ayı üçün, 2020-ci ilin iyun ayı üçün 133,3, 2021-ci ilin iyun-dekabr ayları) “Covid-19” pandemiyası ilə əlaqədar ticarət mərkəzlərinin fəaliyyəti dayandığı dövr nəzərə alınmaqla hesablandığından və həmin müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı cavabdehin qarşı tərəfə müraciəti olmadığından həmin borcun tutulmasına dair hissədə iddia əsassızdır. Cavabdeh apellyasiya şikayətində qeyd edilən obyektdə 2020-ci ilin iyun ayından fəaliyyətini dayandırdığını bildirsə də bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi üzərində qıfıl olan qapının fotoşəkilləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin fotoşəkillərdən şəkillərin hansı obyektdə və hansı tarixdə çəkildiyi məlum olmur. Cavabdehin Dövlət Əmək Müfəttişliyinə xx.xx.2021-ci il tarixli müraciəti ilə bağlı məhkəmə qeyd edilməlidir ki, həmin müraciət özü də təsdiq edir ki, məhdudiyyətlər ləğv edildikdən sonra cavabdeh və digər icarədarlar ticarət obyektində fəaliyyət göstərməyə başlamış, lakin binanın havalandırma sistemi istifadəyə verilmədiyi üçün işçilər çətin şəraitdə işləməyə məcbur qalmışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)- 301/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh “X5" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-301/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.