Məhkəmə qərarları › İş №2-2(103)-612/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-612/2022

28.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-612/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-130/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətı̇ Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2018-ci il tarixli 1740/2018 №-li kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 81801 (səksən bir min səkkiz yüz bir) manat 19 (on doqquz) qəpik, faiz borcu üzrə 20854 (iyirmi min səkkiz yüz əlli dörd) manat 39 (otuz doqquz) qəpik, cərimə borcu 108222 (bir yüz səkkiz min iki yüz iyirmi iki) manat 05 (sıfır beş) qəpik olmaqla, cəmi 210877 (iki yüz on min səkkiz yüz yetmiş yeddi) manat 63 (altmış üç) qəpik məbləğində borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-130/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 8 iyul 2018-ci il tarixli, 1740/2018 №li kredit müqaviləsi üzrə 81801 (səksən bir min səkkiz yüz bir manat) manat əsas borc, 3312,57 (üç min üç yüz on iki manat, əlli yeddi qəpik) manat faiz borcu, 8180 (səkkiz min yüz səksən manat) manat dəbbə pulunun "xxxx" MMC-nin xeyrinə tutulması, Cavabdeh iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə, məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 50 (əlli) manatın isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni əsas borc məbləğinin - 73322 manatdan artıq, faiz borcunun 500 manatdan artıq, dəbbə pulu borcunun isə 500 manatdan artıq hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində borcun necə hesablanmasını əsaslandırmamışdır. Belə ki, 17356 manat müqavilə üzrə ödəniş etməyinə baxmayaraq, həmin ödənişləri əsassız olaraq 17157 manatını faiz və digər borca silinmiş, əsas borcdan isə yalnız 199 manat pul silinmişdir. Əslində ödənilən məbləğin ən azı yarısı əsas borcdan silinməli idi. Bundan əlavə məhkəmə onun əmlak vəziyyətini nəzərə almadan, 8180 manat dəbbə pulu tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddia tələbinin əsas borc üzrə 73322 manatdan artıq, faiz borcu üzrə 500 manatdan artıq, dəbbə pulu üzrə 500 manatdan artıq təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 18 iyul 2018-ci il tarixli 1740/2018 №-li kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 12 (on iki) ay müddətinə, illik 25% olmaqla 82000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 81801,19 manat, faiz borcu 20854,39 manat, cərimə 108222,05 manat, cəmi borcu isə 210877,63 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 dekabr 2021-ci il tarixli 9/8923 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 18 iyul 2018-ci il tarixli, 1740/2018 №-li kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh "xxxx" BOKT MMC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 18 iyul 2019cu il tarixə (müqavilə müddətinin sonuna) 85113,77 AZN: əsas borc üzrə 81801,20 AZN, faiz borcu üzrə 3312,57 AZN. 08 oktyabr 2020-ci il tarixə (iddia tarixinə) 90112,73 AZN: əsas borc üzrə 81801,20 AZN, faiz borcu üzrə 3312,57 AZN, faiz borcu (illik 5%-lə) 4998,96 AZN. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas və faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 108222,05 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 8180 manat deyil, əsas borcun 5% həddində, yəni 4000 manat məbləğində müəyyənləşdirilməlidir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinə aid ödəniş cədvəlindən müəyyən edilir ki, 1-11-ci aylar üzrə yalnız faiz borcunun (aylıq 1708,33 manat) ödənilməsi nəzərdə tutulmuşdur. Əsas kredit borcu isə sonuncu, yəni 12ci ayda faiz borcu ilə birgə ödənilməli idi (82000+1708,33=83708,33). Göründüyü kimi cavabdeh tərəfindən aparılmış ödənişlərin faiz borcuna aid edilməsi müqavilə şərtlərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-130/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilsin və dəbbə pulu 4000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar