Məhkəmə qərarları › İş №2-2(103)-612/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-612/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-612/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nin Azərbaycan Respublikasındakı filialına, Kılıç Hasana və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-213/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC (kreditor qismində) ilə “OKR Şirketi”nin filialı (Borcalan qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 21-BİZ-1-0-48-15 nömrəli əsas kredit müqaviləsidən görünür ki, hazırkı müqavilənin predmeti kredit məhsullarından istifadə üçün kredit limiti verilməsi barədə razılaşmadır. Kreditor hər birinin məqsədi, məbləği və müddəti Hazırkı Müqavilə əsasında və çərçivəsində Tərəflər arasında gələcəkdə bağlanacaq Əlavə Kredit Müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 10 000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 12 ay müddətinə, yəni xx.xx.2016-ci tarixinədək müddət ərzində Borcalana kredit limitini müəyyən edərək, Borcalanın maliyyə vəziyyətini və dövriyyəsini təhlil etdikdən, təminat vasitələrinin təkrar qiymətləndirilməsini apardıqdan və müsbət nəticə aldıqdan sonra öz mülahizəsi əsasında kredit limiti çərçivəsində hər növ kredit məhsulları (kredit, kredit xətti, akkreditiv, overdraft və qarantiya) verə bilər. Kredit məbləğinə hesablanmış faizlər, kredit ödənişləri və digər şərtlər Tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit Müqaviləsi dedikdə, hazırkı Müqavilə əsasında bağlanan və onun tərkib hissəsi olan əlavə kredit, kredit xətti, akkreditiv, overdraft və qarantiya müqavilələri nəzərdə tutulur.

2. İddiaçı cavabdehlərin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini qeyd edir və 23 yanvar 2015-ci il və 29 iyul 2015-ci il tarixli kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun tutulmasını xahiş edir, cavabdeh isə iddia müddəti keçdiyi üçün iddia tələbinin rədd edilməli olduğunu qeyd edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nin Azərbaycan Respublikasındakı filialı, Kılıç Hasan və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas borc, 1947,23 manat faiz borcu, 1135,95 manat cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1557,1 manat olmaqla, cəmi 9640,28 manat kredit borcunun cavabdeh “OKR Şirketi”nin filialından, 29 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19998,74 manat əsas borc, 10022,06 manat faiz borcu, 1954,38 manat cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 5844,15 manat olmaqla, cəmi 37819,33 manat kredit borcunun və ödənilmiş 232,40 manat dövlət rüsumunun (200 manat hissəsi mediasiya xərci olaraq ödənilmişdir) müştərək qaydada cavabdehlər “OKR Şirketi”nin filialı, Kılıç Hasan və Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “OKR Şirketi”nin filialı 23 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra "xxxx" ASC) 12 ay müddətinə 10000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “OKR Şirketi”nin filialı illik 22 faizlə 12 ay müddətinə 10000 manat məbləğində kredit götürmüş, lakin müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Həmçinin “OKR Şirketi”nin filialı 29 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 28 faizlə 12 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Kılıç Hasan və Cavabdeh3 ilə 29 iyul 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmış, iddiaçı cavabdehlərlə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

5. Cavabdeh “OKR Şirketi”nin filialı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlamışdır. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilə üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə edilmişdir. O cümlədən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilə üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə edilmişdir. İddiaçının sözügedən kredit müqavilələri üzrə pul tələbinə dair iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Digər tərəfdən xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3la iddiaçı arasında xx.xx.2015ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Belə olan halda, kredit müqaviləsi üzrə iddia müddəti keçdiyinə görə həmin müqavilənin təminatı olaraq bağlanmış zaminlik müqavilələri üzrə də iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin keçməsi ilə əlaqədar olaraq İddiaçı ASC-nin cavabdehlər “OKR Şirketi”nin filialı, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası rədd edilməlidir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-213/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-213/2023 saylı, 18 aprel 2023-cü il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

8. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-213/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsinin tam ləğv edilərək və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş maliyyə arayışlarından göründüyü kimi cavabdehin banka qalıq borcu xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas borcun, 1947.23 manat faiz borcun, 1135.95 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1557.1 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 9640.28 manat və 29 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19998.74 manat əsas borc, 10022.06 manat faiz borcu, 1954.38 manat cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-dci il tarixdən illik 5 faizlə hesablanmış 5844.15 manat olmaqla, cəmi 37819.33 manat kredit borcunun və ödənilmiş 232.40 manat dövlət rüsumundan ibarətdir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Lakin qanunvericiliyin qeyd edilən tələbindən çıxış edərək, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərt də nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. Məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır. Göründüyü kimi cavabdeh xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə öhdəliyindən birtərəfli qaydada imtina etmişdir ki, bu da Mülki Məcəllənin 430.1-ci maddəsinin tələblərinin pozulması deməkdir. Beləliklə, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və müqavilədə belə bir şərt də nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda demək olar ki, cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir.

10. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.

18. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

20. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir.

21. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

23. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

25. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin ola biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

26. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

27. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

28. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddət keçdiyinə görə rədd edilməlidir.

35. "xxxx" ASC (kreditor qismində) ilə “OKR Şirketi”nin filialı (Borcalan qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 21-BİZ-1-0-48-15 nömrəli əsas kredit müqaviləsinin 1-ci hissəsindən (müqavilənin predmeti və əsas şərtləri) görünür ki, hazırkı Müqavilənin predmeti kredit məhsullarından istifadə üçün kredit limiti verilməsi barədə razılaşmadır. Kreditor hər birinin məqsədi, məbləği və müddəti Hazırkı Müqavilə əsasında və çərçivəsində Tərəflər arasında gələcəkdə bağlanacaq Əlavə Kredit Müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 10 000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 12 ay müddətinə, yəni xx.xx.2016-ci tarixinədək müddət ərzində Borcalana kredit limitini müəyyən edərək, Borcalanın maliyyə vəziyyətini və dövriyyəsini təhlil etdikdən, təminat vasitələrinin təkrar qiymətləndirilməsini apardıqdan və müsbət nəticə aldıqdan sonra öz mülahizəsi əsasında kredit limiti çərçivəsində hər növ kredit məhsulları (kredit, kredit xətti, akkreditiv, overdraft və qarantiya) verə bilər. Kredit məbləğinə hesablanmış faizlər, kredit ödənişləri və digər şərtlər Tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit Müqaviləsi dedikdə, hazırkı Müqavilə əsasında bağlanan və onun tərkib hissəsi olan əlavə kredit, kredit xətti, akkreditiv, overdraft və qarantiya müqavilələri nəzərdə tutulur.

36. "xxxx" ASC (kreditor qismində) ilə “OKR Şirketi”nin filialı (Borcalan qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 21-BİZ-1-0-48-15 nömrəli kredit müqaviləsinin 1-ci hissəsinə (müqavilənin predmeti və əsas şərtləri) əsasən, kreditin növü – bərpa olunan kredit xətti; müqavilənin predmeti – AZN ilə ifadə edilən pul öhdəliyidir. Kreditin məqsədi – dövriyyə vəsaitinin artırılması; kreditin komissiyası – 1 %; kreditin məbləği – 10 000 (on min) AZN; kreditin müddəti – 12 ay; kreditin verilmə tarixi – xx.xx.2015-ci il; kreditin bağlanma tarixi – xx.xx.2016-ci il; kreditin güzəşt müddəti – yoxdur; kreditin valyutası – AZN; kreditin illik faiz dərəcəsi – 22 %; kreditin verilmə qaydası – tranşla ; kreditin ödənilmə qaydası – faiz aylıq, əsas məbləğ müddət sonu; gecikdirilmiş borc yaranacağı halda tətbiq olunan sanksiyalar – hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,5%-i həcmində; kredit vəsaitindən minimal istifadə müddəti – yoxdur; kredit vəsaiti tam həcmdə 1.15-ci bənddə göstərilən müddətdən tez qaytarıldığı halda tətbiq olunan sanksiya - ödənilən hissənin yoxdur həcmində. Bu müqavilə xx.xx.2015-ci il tarixli, 21-BİZ-1-0-48-15 saylı Əsas Kredit Müqaviləsi ilə nəzərdə tulumuş və onun çərçivəsində bağlanan Əlavə Kredit Müqaviləsi hesab edilir.

37. "xxxx" ASC (kreditor qismində) ilə “OKR Şirketi”nin filialı (Borcalan qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 21-BİZ-2-0-265-15 nömrəli əlavə kredit müqaviləsinin 1-ci hissəsinə (müqavilənin predmeti və əsas şərtləri) əsasən, kreditin növü – bərpa olunan kredit xətti; müqavilənin predmeti – AZN ilə ifadə edilən pul öhdəliyidir. Kreditin məqsədi – dövriyyə vəsaitinin artırılması; kreditin komissiyası – 1 %; kreditin məbləği – 20 000 (iyirmi min) AZN; kreditin müddəti – 12 ay; kreditin verilmə tarixi – xx.xx.2015-ci il; kreditin bağlanma tarixi – xx.xx.2016-ci il; kreditin güzəşt müddəti - yoxdur; kreditin valyutası – AZN; kreditin illik faiz dərəcəsi – 28 %; kreditin verilmə qaydası – tranşla; kreditin ödənilmə qaydası – faiz aylıq, əsas məbləğ müddət sonu; gecikdirilmiş borc yaranacağı halda tətbiq olunan sanksiyalar – hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,5%-i həcmində; kredit vəsaitindən minimal istifadə müddəti – yoxdur; kredit vəsaiti tam həcmdə 1.15-ci bənddə göstərilən müddətdən tez qaytarıldığı halda tətbiq olunan sanksiya - ödənilən hissənin yoxdur həcmində. Bu müqavilə xx.xx.2015-ci il tarixli, 21-BİZ-1-0-48-15 saylı Əsas Kredit Müqaviləsi ilə nəzərdə tulumuş və onun çərçivəsində bağlanan Əlavə Kredit Müqaviləsi hesab edilir.

38. "xxxx" ASC (kreditor qismində), “OKR Şirketi”nin filialı (borcalan qismində) və cavabdeh Kılıç Hasan (zamin qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 21-BİZ- 2-0-265-15 nömrəli zaminlik müqaviləsinə əsasən, Zamin Kreditor qarşısında Borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir (1.1). İcrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu Kreditor və Borclu arasında bağlanmış 21-BİZ-2- 0-265-15 saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi ilə müəyyən olunur (1.2). Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), Borclunun öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla Zamin Borclu ilə eyni həcmdə Bank qarşısında cavabdehdir (1.4). Zamin və Borclu Bank qarşısında birgə cavabdehdirlər (2.1).

39. "xxxx" ASC (kreditor qismində), “OKR Şirketi”nin filialı (borcalan qismində) və Cavabdeh3 (zamin qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 21-BİZ-2-0-265- 15 nömrəli zaminlik müqaviləsinə əsasən, Zamin Kreditor qarşısında Borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir (1.1). İcrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu Kreditor və Borclu arasında bağlanmış 21-BİZ-2- 0-265-15 saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi ilə müəyyən olunur (1.2). Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), Borclunun öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla Zamin Borclu ilə eyni həcmdə Bank qarşısında cavabdehdir (1.4). Zamin və Borclu Bank qarşısında birgə cavabdehdirlər (2.1).

40. Məhkəmə mühasibatlıq ekspertizası üzrə 10 yanvar 2023-cü il tarixli, 9/8397 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitdiyi tarixə - xx.xx.2016-cı il tarixə əsas borc 9999,21 manat, faiz borcu 67,25 manat, maliyyə arayışının verildiyi tarixə - xx.xx.2022-ci il tarixə müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmaqla əsas borc 4962,55 manat, faiz borcu isə 1558,38 manat təşkil edir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə əsas borc 19998,13 manat, faiz borcu 2753,08 manat, maliyyə arayışının verildiyi xx.xx.2022-ci il tarixə müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmaqla əsas borc 19998,13 manat, faiz borcu isə 8560,87 manat təşkil edir.

41. Kollegiya qeyd edir ki, hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmaqla həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmaqla həmin müqavilə üzrə sonuncu ödəniş isə xx.xx.2016-cı il tarixdə olmuşdur.

42. Sonuncu ödəniş tarixləri ekspert rəyi ilə də təsdiq olunur, həmçinin iddiaçı da həmin müddətləri qəbul etmişdir.

43. Odur ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddəti başa çatdığı tarixdən (xx.xx.2016) hesablanmaqla iddia müddəti xx.xx.2019-cu il tarixdə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə müqavilənin müddəti başa çatdıqdan (xx.xx.2016) sonra xx.xx.2016-cı il tarixdə müqavilə üzrə ödəniş həyata keçirildiyindən (yəni iddia müddətinin axımı kəsildiyindən), həmin tarixdən iddia müddəti yenidən başlanmaqla xx.xx.2019-cu ildə başa çatmışdır.

44. Hazırkı iş üzrə iddia tələbi əsaslı olsa da, iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmışdır.

45. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

46. Odur ki, əsas tələb üzrə iddia müddəti keçdiyindən zaminlik, dəbbə pulu, illik 5 faizlə hesablanan borc tələbləri üzrə də iddia müddəti keçmişdir.

47. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddia müddətinin ötməsi əsası ilə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

48. Kollegiya qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən birinci instansiya məhkəməsi ödənilmiş müdiasiya xərci və dövlət rüsumunu iddiaçıya aid etməkdə düzgün nəticəyə gəlmişdir.

49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş özünə aid edilməlidir.

50. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-213/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar