Məhkəmə qərarları › İş №2-2(103)-616/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-616/2024

03.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-616/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: əsassız varlanma, pulun geri qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1816/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2024-cü il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına EBDY 063421 saylı elektron qaimə üzrə 1850 manat məbləğində pul köçürülmüşdür.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfidən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə göndərilmiş EBDY 63421 nömrəli 1850 manat məbləğində elektron qaimə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmişdir.

3. İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə xx.xx.2024-cü il tarixdə yazılmış məktubdan görünür ki, cavabdeh yalan məlumatlar əsasında müqavilə mövcud olmadan onlara EBDY 063421 nömrəli elektron qaimə göndərmiş və həmin müəssisə tərəfindən aldadılmışlar. Odur ki, elektron qaimənin ləğv edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1850 manat əsas məbləğ, ödənilmiş 38,50 manat rüsum, ümumilikdə 1888.50 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il şirkəti tərəfindən cavabdehə 1850 manat məbləğində ödəniş olunmuşdur. Şirkətləri arasında əməkdaşlıq olmadığı üçün qeyd olunan ödəniş yanlışlıq əsasında həyata keçirilmişdir. Belə ki, texniki səhv nəticəsində başqa şirkət üçün nəzərdə tutulmuş ödəniş cavabdehə ödənilmişdir. Bununla bağlı cavabdehə dəfələrlə zənglər olunmuş və məbləğin geri qaytarılması xahiş edilmişdir. Məbləğin geri qaytarılacağını bildirsələr də bu günə kimi həmin ödəniş geri qaytarılmamışdır. Bankla əlaqə saxladıqda isə ödəniş artıq hesaba keçdiyi üçün həmin məbləği geri çəkə bilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1816/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 1850 manat vəsait köçürülmüşdür.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hər hansı müqavilənin olmamasını bildirilsə də, elektron qaimənin bilavasitə özü tərəfindən hansı səbəbdən təsdiq edilməsi, daha sonrakı günlərdə qaimənin ləğv edilməsi istiqamətində addım atmamasının səbəbini məhkəməyə ağlabatan şəkildə izah edə bilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1816/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən aldatma yolu ilə əldə edilmiş 1850 manat vəsait onun İddiaçı QSC-nin hesabına əsassız varlanmasına səbəb olmuşdur. Belə ki, tərəflər arasında hər hansı müqavilə yaxud işgüzar münasibət yoxdur. Məhkəmə öz mövqeyində də tərəflər arasında onlar üçün öhdəlik yaradacaq hər hansı müqavilənin olmadığını bildirir. Mülki Məcəllənin 439.4cü maddəsində də qeyd edildiyi kimi vəsait öhdəlikdən kənar, aldadılma yolu ilə ödənilmişdir. Eləcə də, qanuni əsas və müqavilə əsasının olmaması burada əsassız varlanma faktının olmasını bir daha təsdiq edir. İddiaçı QSC tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmağa çalışılmışdır və cavabdeh borcu qaytaracağını bildirsə də bugünə qədər borcu qaytarmamışdır. Yalnız bundan sonra İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yazılmış məktubdan görünür ki, cavabdeh yalan məlumatlar əsasında müqavilə mövcud olmadan onlara EBDY 063421 nömrəli elektron qaimə göndərmiş və həmin müəssisə tərəfindən aldadılmışlar. Müvafiq qaimənin ləğv edilməsi xahiş edilmişdir. Bu da məhkəmənin mövqeyinə dair 13-cü bəndini təkzib edən hal olaraq qiymətləndirilməli, qaimənin ləğv edilməsi istiqamətində atılmış addım olaraq nəzərə alınmalıdır. Elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyildir. Elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Yalnız cavabdeh tərəfindən göndərilmiş e-qaimənin olması, tərəflər arasında hər hansı münasibətin olmasına dəlalət vermir. Bu cür əsasla cavabdehin aldatmaq yolu ilə əsassız varlanmasına hüquqi don geyindirilə bilməz. Elektron qaimənin mövcud olması öhdəliyin yaranması üçün əsas deyildir. Aldatma yolu ilə təqdim edilmiş qaimə heç bir hüquqmüəyyənedici qüvvəyə malik deyil. Ona müvafiq olaraq həyata keçirilən ödəniş də əsassız qaimə üzrə olduğundan geri qaytarılmalıdır. Lakin bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə əsassız qətnamə çıxarılmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yazılmış məktubdan görünür ki, cavabdeh yalan məlumatlar əsasında müqavilə mövcud olmadan onlara EBDY 063421 nömrəli elektron qaimə göndərmiş və həmin müəssisə tərəfindən aldadılmışlar. Odur ki, elektron qaimənin ləğv edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Bu halın mövcud olması faktı artıq ödənişin əsassız ödəndiyinə və geri qaytarılması üçün atılmış ilk addım olduğunu aşkara çıxarır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

12. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 329.2-ci maddə-əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 1091.1-ci maddə- əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydaları 1.2-ci bənd-Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 3.1-ci bənd-vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.4-cü bənd-bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.8-ci bənd-vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.[42] 3.9-cu bənd-elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

13. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1816/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin hallarından görünür ki, iddiaçı cavabdehin hesabına hər hansı əsas olmadan 1850 manat məbləğində pul köçürüldüyünü iddia edərək həmin məbləğin qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bu məbləğ iddiaçının özü tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixdə göndərilmiş EBDY 63421 nömrəli elektron qaimə əsasında köçürülmüşdür. İddiaçı həmin müqavilənin ləğv edilməsi üçün vergi orqanına xx.xx.2024-cü il tarixdə hazırkı iddia qaldırıldıqdan sonra müraciət etmiş, lakin qaimənin işə baxılan tarixədək ləğv olunması barədə sübut təqdim edilməmişdir.

16. Məhkəmə mülki dövriyyədə müqavilələrin şifahi bağlanması imkanını və bu zaman mal və xidmətlərin təqdim edilməsinin elektron qaimələrlə rəsmiləşdirildiyini nəzərə alaraq ilkin uçot sənədi olan və qüvvədə olan elektron qaimə əsasında ödənilmiş vəsaitin əsassız varlanma qaydasında geri qaytarılmasına dair iddianı düzgün olaraq rədd etmişdir.

17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1816/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1816/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar