Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-617/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun ipoteka predmetinə yönəldiməsi və sair tələblərə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2022 nömrəli iş üzrə 04 may 2022ci il tarixli qərardadlarından cavabdehlərin şikayətlərinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraicət edərək, Cavabdeh1 MMC-yə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2022-ci il tarixə əsas borcu 4.550.813,27 manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 836.989,88 manat, xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 675.531,58 manat, cəmi 6.063.334,73 manat; xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2022-ci il tarixə əsas borcu 1.664.122,27 manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 297.337,55 manat, xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 240.967,15 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-in 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5% olmaqla) 235.519,53 manat, cəmi 2.202.426,97 manat, ümumilikdə 8.265.761,7 manatın, 4.922,88 manat məbləğdə dövlət rüsumunun və 130 manat məbləğdə digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması; Cavabdeh2 MMC-yə məxsus, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1i ünvanda yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 8.265.761,7 manat məbləğdə borcun, 4.922,88 manat məbləğdə dövlət rüsumunun və 130 manat məbləğdə digər xərclərin ödənilməsi; Cavabdeh2 MMC-yə məxsus xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş ünvan 1i ünvanda yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, aralarında bağlanmış xx.xx.2012-ci il tarixli 27747-1/SKMF nömrəli Krediti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianın ona məxsus xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 8.265.761,7 manat məbləğdə borcun, 4.922,88 manat məbləğdə dövlət rüsumunun və 130 manat məbləğdə digər xərclərin ödənilməsi, ona məxsus xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması hissədə rədd edilməsi, iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə qarşılıqlı iddia ərizələri geri qaytarılmışdır. Qərardadların əsaslarına görə, “Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilərkən həmin ərizənin hazırki iş üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsində cavabdeh qismində göstərilən İddiaçı ASC-yə təqdim edilməsi barədə sənəd qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. ... İş materiallarından göründüyü kimi, təqdim edilən qarşılıqlı iddia ərizəsinə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd əlavə olunmamışdır.” Qərardadlarla razılaşmayan cavabdehlər ondan şikayətlər verərək, ləğv edilməsini xahiş etmişlər. Hər iki şikayətin dəlillərinə görə, əgər cavabdeh mediasiya prosesini keçmək üçün müddəti gözləsəydi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün qanunla nəzərdə tutulan 20 günlük prosessual müddəti ötürəcəkdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 MMC-nin şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in: Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd; Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə; Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, qanunvericiliyə görə, qarşılıqlı iddia, iddia ilə eyni qaydada verilməlidir, bu tələbdən hərəkətlə qarşılıqlı iddia verilərkən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında, habelə “Mediasiya haqqında” Qanuna uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədlər, işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməklə, qarşılıqlı iddia ərizəsinə əlavə olunmalıdır, bu qaydadan hər hansı istisna MPM-lə müəyyən edilməmişdir. Halbuki, MPM mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfə (tərəflərə) qarşı iddia irəli sürməklə işə qarışdıqda onlara münasibətdə belə bir istisna təsbit etmişdir. Belə ki, MPM-in: Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Maddə 55.2. Onlar bu Məcəllənin 4.3- 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Maddə 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunvericiliyin sadalanan normalarını mübahisəyə tətbiq etdikdə aydın olur ki, hər iki şikayətçi qarşılıqlı iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməmiş, habelə qarşılıqlı iddia tələbi ilə bağlı tərəflər arasında yarandığı irəli sürülən mübahisə üzrə “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmişdir, MPM-in 154.1-ci maddəsində nəzərdə tutulan 20 günlük müddət şərti isə bu tələblərə istisna təşkil etmir. Digər tərəfdən, qarşılıqlı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırılmaqla ümumi qaydada müstəqil iddia ilə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadları qanuni və əsaslıdır, şikayətlərin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadların ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardadlar dəyişdirilmədən saxlanılmalı, şikayətlər təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2022 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin şikayətləri təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-617/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-617/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver