Məhkəmə qərarları › İş №2-2(103)-618/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-618/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-618/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh3 tərəfindən verilmiş ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X3 Azərbaycan” QSC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC), Cavabdeh3 (Cavabdeh3 MMC) və Nümayəndə3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə 300 000 manat əsas borc, 6100 manat faiz borcu, 56000 manat cərimə məbləği, 13500 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğ olmaqla ümumilikdə 375 600 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin, ödənilmiş 276,10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “X3 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə 300 000 manat əsas borc, 6100 manat faiz borcu, əsas borca illik 5% ilə hesablanmaqla 13315,07 manat olmaqla ümumilikdə 319 415,07 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Nümayəndə3 müştərək qaydada tutularaq iddiaçı “X3 Azərbaycan” QSCyə ödənilməsi qət edilmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 181/2024 nömrəli əlavə qətnaməsi ilə ekspertiza xərci olaraq 85 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Nümayəndə3 müştərək qaydada, 15 manat məbləğində pulun iddiaçı “X3 Azərbaycan” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qətnaməsindən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024- cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin və ödənilmiş dövlət rüsumunun həmin cavabdehə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qərardadının ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsinə səbəb elektron məhkəmə sisteminə daxil olmağın mümkün olmaması ilə bağlı olmuşdur. Çünki elektron məhkəmə sistemində uzun sürən nasazlıqlar olmuşdur. Buna görə də iş üzrə qətnamənin sistemdə olması müəyyən edilmədiyindən üzrlü səbəbdən buraxmışdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş və istinad edilmiş sübutları düzgün qiymət vermədən qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh şikayətində heç bir yeni dəlil irəli sürməmiş, müddətin bərpa edilməsi barədə ərizədə göstərilən mülahizələrini təkrarlamışdır. Bu mənada Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 181/2024 nömrəli qərardadında göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində uzunmüddətli nasazlıq yarandığını, bu səbəbdən elektron kabinetə daxil ola bilmədiyini iddia edən cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, mülahizələr səsləndirməklə kifayətlənmişdir. Halbuki xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ötən 2 aya yaxın müddətdə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə daxil olmaq imkanını məhdudlaşdıran texniki problemin olduğu iş materialları ilə təsdiqlənmir və ağlabatanlıqdan uzaqdır. Müddətin üzrlü səbəbən ötürüldüyünü iddia edən tərəf belə ötürülmənin prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmadığını, özü tərəfindən onların dəf edilməsi imkanlarının olmadığını, üzrlü səbəblərin müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyini və ya məhdudiyyət yaratdığını sübut etməlidir. Bu mənada qətnamənin təqdim edilməsindən 2 aya yaxın müddət sonra cavabdehin müddətin ötürülməsinin əsası kimi formal mülahizələrdən çıxış edərək istinad etdiyi hallar üzrlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 216.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, müddətin bərpası barədə vəsatət təmin edilməməlidir. Çünki cavabdeh apellyasiya şikayətinin müddətinin ötürməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, onun elektron kabinetinin qətnamənin alınması ilə bağlı nasazlıq səbəbindən müddəti ötürməsi mülahizəsi isə inandırıcı deyildir. Belə ki, qətnamədən sonra məhkəmə iclası təyin edilərək, tərəflərə məlumat verməklə əlavə qətnamə qəbul edilmiş, daha sonra qətnamə icraya yönəlmişdir. Kifayət qədər müddət keçmiş və cavabdehin işin yekunlaşmasından, eləcə də qətnamədən məlumatsız olması ağlabatan deyil. Bundan başqa cavabdeh elektron məhkəmə sisteminin proqram təminatında nasazlıqla bağlı çıxarış əlavə edə və ya Ədliyyə Nazirliyinin müvafiq idarəsinin qaynar xəttinə müraciət edə bilərdi. Bu imkanlar olduğu halda istifadə edilməməsi cavabdehin mülahizəsinin formal olmasını göstərir. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-181/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar