Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-619/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit borcun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsindən (hakim Z.Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx” ASC-dən “xxxx” ASC-nin xeyrinə 14.05.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4.552.267,21 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 14.05.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə 2.712.000 ABŞ dolları məbləğində faiz borcunun manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 18 manat məbləğində pulun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 12 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi 14.05.2007-ci il tarixli müqaviləyə istinad etmişdir. Müqavilə tarixindən 11 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia tələbini ötürmüşdür. Lakin məhkəmə qətnamədə qeyd etmişdir ki, “tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesab olunur. Beləliklə, qanunvericilik normalarını və müqavilə şərtlərini, müqavilə ilə kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borc və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesab olunması şərtinin olmasını nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, iddia müddəti ötürülməmişdir. Halbuki qeyd edilən bənddə müqavilənin müddəti deyil, kreditin tam həcmdə qaytarılması tarixi qeyd edilmişdir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində akreditivlər üzrə yaranan ssuda borcunu istifadə tarixindən 12 ay ərzində rüblük bərabər hissələr ilə əsasında qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Kredit xəttindən 10.11.2009-cu il tarixdə istifadə edilmişdir və istifadə edilmiş məbləğ 07.12.2011-ci il tarixdə banka geri qaytarılmışdır. Cavabdeh tərəfindən sonuncu faiz ödənişi 12.06.2014-cü il tarixdə edilmişdir. İddia müddəti 12.06.2017-ci il tarixdə bitmişdir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi qismən iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia tələbi cavabdehdən 2.712.000 ABŞ dolları pulun tutulması hissəsində də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” ASC (bank) ilə “xxxx” MMC (borc alan) arasında bağlanmış 14.05.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsinə əsasən bank borc alana 49.500.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, borc alan isə hesabında vəsaitin olmaması nəticəsində ssuda borcunu istifadə tarixindən 12 ay ərzində rüblük bərabər hissələr ilə qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan 20.06.2019-cu il tarixli, MXK 401 saylı maliyyə arayışından görünür ki, 14.05.2007- ci il tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə 10.11.2009-cu il tarixdə bank tərəfindən “xxxx” MMC-yə verilmiş 16.950.000 manat kredit məbləği üzrə “xxxx” ASC-yə 20.06.2019-cu il tarixə qalıq borc 4.552.267,21 ABŞ dolları təşkil edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 22.09.2011-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin "xxxx” ASC-yə qoşulma nəticəsində yenidən təşkil edilmiş və “xxxx” ASC “xxxx” MMC-nin yeganə hüquqi varisidir. 10.08.2011-ci il tarixindən etibarən əvvəllər imzalanmış və hazırda qüvvədə olan bütün kredit sazişləri və müqavilələri üzrə borcalan qismində “xxxx” ASC çıxış edəcəkdir. İş materiallarında olan “xxxx” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolundan görünür ki, “xxxx” MMC-nin hüquq və vəzifələrinin “xxxx” ASC-yə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 19.07.2019-cu il tarixli, 14/A815 nömrəli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcun 5 gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.12.2020-ci il tarixli, 9/1539 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 14 may 2007-ci il tarixli, 148/1 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin 10.11.2010-cu il tarixə (kredit məbləğindən istifadə tarixindən 12 ay müddətinə) banka olan faiz borcu 2.712.000 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış 14 may 2007-ci il tarixli, 148/1 saylı kredit sazişi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən 10.11.2010-cu il tarixdən (kredit məbləğindən istifadə tarixindən 12 ay müddətinə) sonra 18.021.479,76 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, bank tərəfindən həmin məbləğin 16.950.000 ABŞ dolları əsas borca, 1.071.479,76 ABŞ dolları isə faiz borcuna silinmişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin apelyasiya şikayətini əsaslı, birinci instansiya məhkəməsinin isə iş üzrə gəldiyi nəticəni əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəyə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış üzrə öhdəliyin icra müddəti bir il olmuşdur. Cavabdeh 16.950.000 ABŞ dolları kredit vəsaitindən 10.11.2009-cu il tarixdə istifadə etdiyindən üç illik iddia müddətinin axımı 10.11.2010-cu il tarixdən başlamış, cavabdeh kredit üzrə 2011, 2014-cü ildə ödənişlər həyata keçirdiyindən iddia müddətinin axımı kəsilmişdir. Hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən kredit üzrə son ödəniş 12.06.2014-cü il tarixdə həyata keçirildiyindən üç illik iddia müddətinin axımı sonuncu ödəniş tarixindən yenidən başlamış və 12.07.2017-ci il tarixdə bitmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, öhdəliyin icra müddətinin kredit müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməli olduğuna dair düzgün olmayan nəticəyə gəlməmiş, buna görə də iddia müddətinin başlanğıcı düzgün müəyyən edilməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndində qeyd edilir ki, kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesab olunur. Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Qeyd edilən normalardan göründüyü kimi öhdəliyin əmələ gəlməsi, dəyişdirilməsi və xitamının bağlı olduğu vaxt ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanır, ya da hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilir. Hazırkı halda borcalan tərəfindən kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına ödənilməsi hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz, çünki borclu öz öhdəliyini icra etməyə də bilər. Bundan əlavə baxılan mübahisə üzrə kreditdən istifadə müddəti müqavilə ilə 12 ay müəyyən edildiyindən kredit alan tərəfindən kredit və faizlərin banka ödənilməsi öhdəliyinin icrası üçün müəyyən edilmiş müddət 12 ay olmuşdur. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 03 iyun 2013-cü il Qərarında qeyd olunur ki “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürüldüyündən cavabdehdən 2.712.000 ABŞ dolları pulun tutulması hissəsində də iddianın rədd edilməli olduğuna dair apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edildiyi hissədə məhkəmə tərəfindən hansı pozuntuya yol verildiyini qeyd etməmişdir. Məhkəmə kollegiyası iddianın rədd edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qeyd edilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi qismən iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia tələbi cavabdehdən 2.712.000 ABŞ dolları pulun tutulması hissəsində də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi qismən iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia tələbi cavabdehdən 2.712.000 ABŞ dolları tutulması hissəsində rədd edilsin. Qətnamə iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-619/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-619/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver