Məhkəmə qərarları › İş №2-2(103)-619/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-619/2022

04.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-619/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-388/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 01/03 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin ona olan 31.864,27 manat (əsas borc) və 5.735,27 manat (ƏDV) olmaqla, cəmi 37.599,54 manat borcun, 1.879,95 manat faiz borcunun, 10.000 manat əldən çıxmış faydanın, ödənilmiş 40 manat dövlət rüsumunun, mediatora ödənilmiş 200 manatın və vəkilə ödənilmiş 220 manatın cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının Bakı satış mərkəzi ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 01/03 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31.864,27 manatın (əsas borc), 5.735,27 manat (ƏDV) borcun, vəkilin göstərdiyi yardıma görə 220 manatın və mediasiya xərcinə görə 182,38 manatın, cəmi 38.001,92 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh müqavilə üzrə faktiki alınmış mallara görə ödəniş etmişdir. İddiaçı tərəfindən malların təhvil verilməsinə dair təhvil-təslim aktı, qiymət razılaşdırma protokolu və digər sənədlər Məhkəməyə təqdim edilməmiş və bu faktı təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, Müqavilənin 2.2-ci bəndini əsas tutaraq, mal(lar)ın çatdırılması satıcı tərəfindən öz avtonəqliyyat vasitələri ilə həyata keçirilir və təhvil-təslim edilərək, hər iki tərəf imzalamaqla rəsmiləşdirilir. Həmçinin, Müqavilənin 2.3-cü bəndinə əsasən, malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik satıcı tərəfindən lazımınca yerinə yetirilmədikdə, alıcı həmin öhdəlik icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Bu bir daha sübut edir ki, mal(lar) cavabdehə təhvil verilməmiş, bu səbəbdən ödəniş cavabdeh tərəfindən həyata keçməmişdir. Kommersiya məhkəməsinin nəzərə almadığı mühüm hallardan biri də ondan ibarətdir ki, iddiaçı tərəfindən satılmış və təhvil verilmiş mallara dair heç bir qiymət razılaşma protokolu, anbar qəbzləri, təhvil-təslim aktları və digər sənədlər təqdim edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı tələbinin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 01/03 nömrəli Alqısatqı müqaviləsi bağlanmış, müqavilə ilə satıcı (iddiaçı) istehsal etdiyi malları (profil, plastik boru, radiator mallarının çeşidləri və aksessuarları) alıcıya (cavabdeh) satmağı, cavabdeh isə malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun olaraq malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin: 2.1-ci bəndinə görə, malın növü, çeşidi, qiyməti, miqdarı, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən satış qaiməsi ilə müəyyən olunur; 2.2-ci bəndinə əsasən, sifarişlərin alıcıya çatdırılması satıcı tərəfindən öz avtonəqliyyat vasitələri ilə həyata keçiriləcək və qaimə üzrə malları təhvil-təslim edərək, hər iki tərəf imzalamaqla rəsmiləşdiriləcəkdir. xx.xx.2021-ci il tarixli Üzləşmə aktına görə, cavabdehin həmin tarixə iddiaçıya olan borcu, əsas borc üzrə 31.864,27 manat, ƏDV üzrə 5.735,27 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə EBAN 069952 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 26.001,65 manat, EBAQ 645014 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 26.439,08 manat, EBAS 423940 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 36.767,79 manat, EBAS 466784 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 7.695,87 manat, EBAV 582775 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 4.417,06 manat məbləğdə malların təhvil verilməsi haqqında elektron qaimələr təqdim olunmuş, bütün elektron qaimələr cavabdehin nümayəndəsi E.Sadıqov adlı şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir; 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə razılaşdırılmış qaydada icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Belə ki, iddiaçının cavabdehə malları təqdim etməsi və sonuncunun malları qəbul etməsi alqı-satqı müqaviləsi, 5 gün ərzində etiraz verilmədiyi üçün qüvvəyə minən elektron qaimələr və aldığı mallara görə qismən ödəniş etməsi, borcun məbləği isə qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunur. Cavabdeh alqı-satqı müqaviləsini, elektron qaimələri və qarşılıqlı üzləşmə aktını mübahisələndirmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən heç bir qiymət razılaşma protokolu, anbar qəbzləri, təhvil-təslim aktları və digər sənədlərin təqdim edilməməsi barədə dəlilləri ilə razılaşmır. Birincisi, adıçəkilən sənədlər xx.xx.2020-ci il tarixli müqavilə ilə nəzərdə tutulmamışdır. İkincisi, Müqavilənin: 2.1 və 2.2-ci bəndlərindən görünür ki, malların təhvil-təslimi üçün əsas sənəd iki tərəfdən imzalanmaqla rəsmiləşdiriləcək satış qaiməsidir ki, belə sənəd kimi elektron qaimələr həm iddiaçı, həm də cavabdehin nümayəndələri tərəfindən imzalanaraq, möhürlərlə təsdiq edilmişdir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-388/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar