Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-619/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Azərbaycan Respublikasının Dövlət Əmlak Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli, 532 nömrəli icarə müqaviləsi bağlanılmış və müqaviləyə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 5.961 kv.m. torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verilmişdir.
2. İddiaçı müqavilənin şərtlərinə əsasən cavabdehin öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmadığnı, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqının ödənilmədiyini bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 532 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-ci il tarixinə mövcud olan 216.268 manat icarə haqqı borcunun və mediasiya ilə bağlı ödənilmiş 200 manat pulun, cəmi 216.468 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 532 nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 5961.0 kv.m torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan xx.xx.2021-ci il tarixli 532 nömrəli müqaviləyə əsasən 216.267 (iki yüz on altı min iki yüz altmış yeddi) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 306 (üç yüz altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-487/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxış iclası zamanı Bakı Kommersiya Məhkəməsinə iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda tələb edilən borc məbləğinin hazırkı iddiada göstərilən borc məbləğinin olmadığı tərəfimizdən bildirilmişdir. Buna baxmayaraq, həmin arayış üzərində qeyd olunan məbləğin nəyə görə həmin dəyərdə qeyd edilməsi məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Hesab edirik ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında ilkin mediasiya sessiyası xx.xx.2022-ci ildə baş tutduğuna görə iddia ərizəsində tələb olunan borc məbləğini əks etdirməmişdir. Nəticə olaraq, müddət ötdükcə borc məbləğində müəyyən dəyişikliklər yarandığı üçün iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında iddia ərizəsində tələb olunan borc məbləği üzrə ilkin mediasiya sessiyasının təzələnməsi ehtiyacı yaranmışdır. Buna görə də, Bakı Kommersiya Məhkəməsi tərəfindən sübutlara hərtərəfli və tam baxılmamış, sübutların iddiada qeyd olunan tələbə uyğun olubolmaması araşdırılmamış və qətnamədə bu məsələyə heç bir münasibət bildirilməmişdir. Cavabdeh ASC ilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 532 nömrəli icarə müqaviləsi üzrə “Şəxsi hesab vərəqəsi”ndə qeyd olunur ki, xx.xx.2022-ci il tarixi üçün ödənilməli olan cəmi məbləğ 132.942,78 manat təşkil edir. xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak etməmə ilə bağlı arayışdan görünür ki “AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsvir edildiyi kimi icarə müqaviləsi üzrə yaranmış 40.217 (qırx min iki yüz on yeddi) manat məbləğində borcun Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsinə dair” ilkin mediasiya sessiyası keçirilmişdir və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 AZN ödənilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında iddia tələbində göstərilən borc tələbinə dair mediasiya təklifi və mediasiya müraciəti qanunun tələblərinə uyğun aparılmamışdır. Belə ki, qanuna uyğun tənzimlənsəydi, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 AZN ödəniləcəkdi. Sübutlar əsasında müəyyən edilir ki, mediasiyanın keçirilməsi haqqında arayış verilən tarixdə borc 132.942,78 manat təşkil edirdi, lakin iddiaçı tərəf iddia tələbini məhkəməyə şəxsi hesab vərəqəsində nəzərdə tutulan məbləğə görə versə də, mediasiya təklifini və mediasiya müraciətini ona uyğun tənzimləməmişdir. Belə ki, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli, 308 nömrəli “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği” haqqında Qərarında qeyd olunur ki, iddianın qiyməti 50.000 manatdan yuxarı olduqda mediasiya xidməti 400 manat təşkil edir. Buna baxmayaraq, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bildirilən xx.xx.2022-ci il tarixinə mövcud olan 132.942,78 manat icarə haqqı borcu üzrə ilkin mediasiya sessiyası keçirilməmiş, daha fərqli, dəfələrlə aşağı əks olunan 40.217 manat borc tələbinə dair qeyd olunan mediasiya arayışı alınmış, bununla da kommersiya işləri üzrə məhkəməyə müraciət etməzdən öncə tələb olunan mediasiya qaydaları pozulmuşdur. Mediasiya haqqında arayışda qeyd olunan 40.217 manat borcun hardan qaynaqlandığı belə öz əksini tapmamışdır. Nəticədə, mediasiya sessiyası tələblərinə düzgün riayət olunmadığından iddiaçının iddia tələbində nəzərdə tutulmuş borc üzrə mediasiya sessiyasının yekununu bildirən arayış və ya protokol da məhkəməyə iddiaçı tərəfindən təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən mülki işin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinə vəsatət verilsə də, məhkəmə prosessual qaydaların iddiaçı tərəfindən pozulduğunu nəzərə almadan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
13. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
14. Torpaq İcarəsi haqqında qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir.
15. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə borcludurlar.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
19. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.
24. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, Azərbaycan Respublikasının Dövlət Əmlak Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli, 532 nömrəli icarə müqaviləsi bağlanılmış və müqaviləyə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 5.961 kv.m. torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verilmişdir.
25. Müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 11.903,5 manat təşkil edir
26. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməli olması nəzərdə tutulmuşdur.
27. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin dəlillərinə münasibətdə düzgün olaraq bildirmişdir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda məbləğin 40.217 manat göstərilməsini texniki səhv olduğunu qeyd etmişdir. Ancaq məhkəmə buna rəğmən qeyd edir ki, mediasiyanın təbiətinə uyğun olaraq əgər tərəflər hətta iddia tələbində göstərilmiş məbləğə münasibətdə daha az məbləğ olan 40.217 manat barədə razılığa gələ bilməyiblərsə, artırılmış məbləğ üzrə də, razılığa gəlmələri ağalabatan deyildir.
29. Tərəflər arasında müqavilə öhdəliklərinin olması işin mübahisələndirilməyən halıdır.
30. Cavabdeh icarə haqqı üzrə borcunun olduğunu etiraf etmiş, lakin məbləğin müəyyənləşdirilməsi zərurətinin olduğunu bildirir.
31. Şəxsi hesab vərəqəsindən məlum olur ki, cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli borcu 216.267,28 manat təşkil edir.
32. Cavabdeh tərəfindən qeyd edilən borc məbləğinin ödənilməsinə dair hər hansı sübut təqdim edilməmişdir
33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 216.267,28 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir.
34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Cəmilə Musayeva Raqib Qurbanov