Məhkəmə qərarları › İş №2-2(103)-62/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-62/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-62/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh4, X6, X4 və X7 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2041/2022 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh4 arasında 30 oktyabr 2009-cu il tarixli 02L000006678 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.

2. Həmin tərəflər arasında kredit xətti müqaviləsinə 14 noyabr 2017-ci il tarixli, 02L000006678S saylı sazişlə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 216 ay, kredit xəttinin məbləği 200000 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

3. Kredit xətti müqaviləsi üzrə həmin tərəflər arasında 06 mart 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması bağlanmış və müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, 30000 manat məbləğində kredit verilmişdir.

4. Tərəflərin imzaladıqları 31 avqust 2020-ci il tarixli 002R**********S saylı, 09 dekabr 2020-ci il tarixli, 002R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

5. Kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə zaminlər X11, X9, X8 arasında 14 oktyabr 2010-cu il tarixli, 02S000013085 saylı, 08 dekabr 2017-ci il tarixli 002S**********03 saylı, 08 dekabr 2017-ci il tarixli 02S**********01 saylı zaminlik müqavilələri bağlanmış və müqaviləyə əsasən zaminlər borclu Cavabdeh4 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

6. 02S000013085SA saylı 08 dekabr 2017-ci il tarixli sazişlə 02S000013085 saylı 14 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı QSC cavabdehlər Cavabdeh4, X6, X4 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 002R********** saylı kredit razılaşması üzrə 17763,55 manat məbləğində kredit borcu 3062,76 manat məbləğində faiz borcu və 4097,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24923,54 manat məbləğinin və 200 manat məbləğində mediasiya xərcinin Cavabdeh4, X5, X1, X3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, Cavabdeh4 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 17763,55 manat, faiz borcu 3062,76 manat, cərimə borcu 4097,23 manat, cəmi borcu isə 24923,54 manat təşkil edir.

9. Cavabdeh4 birinci instansiya məhkəməsində iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiyini, faiz və cərimə borcunun tutulması ilə razı olmadığını bildirmişdir. O, qeyd etmişdir ki, kredit müqaviləsi bağlandıqdan sonra ölkədə pandemiya elan olunduğundan, fəaliyyətini tam dayandırmışdır. Buna baxmayaraq, çətinliklə də olsa borc məbləğini qismən ödəmişdir. Apardığı ödənişlər əsassız olaraq faiz və cərimə borclarının silinməsinə yönəldilmişdir. Hesab edir ki, pandemiya ilə bağlı faiz və cərimə borcunun hesablanması əsassızdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2041/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 002R********** saylı, 06 mart 2020-ci il tarixli kredit razılaşması üzrə 17258,65 manat məbləğində əsas borc, 3062,76 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 20821,41 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh4, X3, X1 və X5 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 166 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh4, X3, X1 və X5 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 83 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh4, X3, X1 və X5, 17 manat məbləğində hissəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

11. Cavabdeh4 həmin qətnmədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağladığı müqavilə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən ləğv edilməli olmasına və dəfələrlə iddiaçıya müqavilənin dəyişdirilməsini, pandemiya səbəbindən öhdəliklərini icra edə bilmədiyindən müqavilənin dəyişdirilməsini tələb etməyinə baxmayaraq məhkəmə bu kimi hallara əhəmiyyət verməmişdir. İddiaçı onunla hər hansı bir sahibkarlıq fəaliyyətinin inkişafı və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar hər hansı müqavilə bağlamadığı təqdirdə onun vergi ödəyicisi olmağına istinad edərək kommersiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı cavabdehlərdən heç birinin Bakı şəhərinin hər hansı bir rayonunda qeydiyyatda olmadığı təqdirdə iddiaçı aidiyyət qaydasını kobudca pozmuş, məhkəmə isə iddianı icraata götürmək və təmin etməklə kobudca pozuntuya yol vermişdir. Nə onun, nə də digər cavabdehlərin qeydiyyatı Bakı şəhərinin hər hansısa bir rayonu olmadığı halda məhkəmə aidiyyət qaydası barədə MPM-in tələblərini kobudca pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətini müdafiə etdi.

15. İddiaçının nümayəndəsi və cavabdehlər X9, X8 və X11 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

20. Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh4 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

23. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462 və 467ci maddələri təşkil edir.

24. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

25. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 iyun 2022-ci il tarixli, 9/3708 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 06 mart 2020-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması müqaviləsinin və müqaviləyə əlavə 31 avqust 2020-ci il tarixli 002R**********S nömrəli, 09 dekabr 2020-ci il tarixli 002R**********SA nömrəli sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 maliyyə arayışı müddətinə yəni 14 dekabr 2021-ci il tarixinə banka olan borcu əsas borc üzrə 17763,55 manat, faiz borcu üzrə 3062,76 manat, cərimə borcu üzrə 923,70 manat, cəmi 21750,01 manat borcu mövcuddur.

26. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 31 mart 2022-ci il tarixli maliyyə arayışında əsas borc 17763,55 manat, 05 iyul 2022-ci il tarixli maliyyə arayışında isə 17258,65 manat qeyd olunmuşdur.

27. Birinci instansiya məhkəməsi sonuncu maliyyə arayışına uyğun əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, ekspert rəyinə uyğun olaraq faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.

28. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra onun tərəfindən cəmi 9146,42 manat məbləğində ödəniş həyata keçirilmişdir.

29. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə 05 iyul 2022-ci il tarixli maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Əlavə olaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra Cavabdeh4 tərəfindən 9146,42 manat məbləğində ödənişin həyata keçirilməsi qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz.

31. Eyni zamanda izah olunur ki, həmin 9146,42 manat məbləğində ödəniş hazırki qətnamənin icra mərhələsində icra məmuru tərəfindən mütləq qaydada nəzərə alınmalıdır.

32. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, Cavabdeh4 sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun VÖEN-i mövcuddur. Məhkəmə iclasında da Cavabdeh4 bildirdi ki, kredit məbləğini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə almışdır. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, cavabdeh X8 yaşayış yeri üzrə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qeydiyyatdadır. Belə olan halda isə iddiaçı öz seçiminə görə cavabdehlərin hər hansı birinin qeydiyyatı üzrə ərazi aidiyyatını seçməkdə sərbəstdir və bu baxımından iddia ərizəsi ərazi aidiyyatı qaydalarına əməl edilməklə verilmişdir. Müqavilənin dəyişdirilməsi ilə bağlı dəlillərə qiymət verilməməsinə dair qeyd olunur ki, cavabdeh bununla bağlı iddia irəli sürməmişdir.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2041/2022 saylı qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar