Məhkəmə qərarları › İş №2-2(103)-620/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-620/2023

17.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-620/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı) qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(113)-350/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. 18.12.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə verən X2 tərəfindən icarəçi İddiaçı icarəyə verilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

2. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə 06/32-191 abonent kodu (mübahisə predmeti olan) üzrə elektrik enerjisinin alqı-satqısı barədə müqavilə imzalanmışdır. Müqavilə tərəflərin imzası və "xxxx" ASC Nərimanov rayonu Enerji Təchizatı və satış idarəsinin möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız alınan əlavə enerji istehlakı üçün 2.010 manat 58 qəpik (iki min on manat 58 qəpik) pul vəsaitinin geri qaytarılması və əsassız hesablanmış 4.706 manat 35 qəpik (dörd min yeddi yüz altı manat 35 qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim olunmuş RX seryalı, ******* saylı, 27 aprel 2018-ci il tarixli çıxarışa əsasən 0,13835 ha torpaq sahəsində inşa olunmuş, 5505,2 kv.m sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 143 ünvanında yerləşən qeyri yaşayış sahəsi D.X.Yusubovanın mülkiyyətindədir. D.X.Yusubova ilə İddiaçı Qnyaz oğlu arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin qeyri yaşayış sahəsini sahibkarlıq fəaliyyəti ilə məşul olmaq üçün İddiaçı icarəyə götürmüşdür. Binanın enerji ilə təmin olunmasına xidmət edən sayğac binadan kənarda həmin ərazi üçün nəzərdə tutulmuş yarımstansiyada yerləşir. Sayğacın yerləşdiyi yarımstansiya "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındadır. Obyekt tərəfindən istehlak olunmuş enerji dəyərinin hər ay gecikdirilmədən ödənilməsi sahibkar tərəfindən icra olunmuşdur. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğacın C fazasından keçən elektrik yükünün qeyd olunmaması əsası ilə qanunsuz olaraq cəmiyyət tərəfinən aylıq istehlak miqadarından əlavə 2010 manat 58 qəpik əlavə enerji istehlakı hesablanmış, bundan sonra bu səbəbdən yəni həmin məbləğ ödənilməyəcəyi təqdirdə binaya enerji verilməsinin dayandırılacağı barədə xəbərdarlıq olunmuşdur. Buna görə də sahibkar məcburiyyət qarşısında qalaraq həmin əsassız hesablanmış 2010 manat 58 qəpik məbləğində pulu cəmiyyətə ödəmişdir. Sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti yenidən sayğacın A fazasından keçən elektrik yükünün qeyd olunmaması əsası ilə qanunsuz olaraq cəmiyyət tərəfinən aylıq istehlak miqadarından əlavə 4.706 manat 35 qəpik əlavə enerji istehlakı hesablanmış və bu barədə akt tərtib olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(113)-350/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" ASC tərəfindən 06/32-191 saylı abunə kodu üzrə xx.xx.2022-ci il tarixli 013135 saylı akta əsasən hesablanmış 4.076 (dörd min yetmiş altı) manat 35 (otuz beş) qəpik məbləğində borcun silinməsi, 06/32-191 saylı abunə kodu üzrə xx.xx.2021-ci il tarixli 010752 saylı akta əsasən hesablanmış və İddiaçı tərəfindən ödənilmiş 2.010 (iki min on) manat 58 (əlli səkkiz) qəpik məbləğində pulun "xxxx" ASC-dən tutularaq İddiaçı geri qaytarılması qət edilmişdir.

7. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli 010752 saylı aktdan görünür ki, 06/32-191 saylı abunə kodu üzrə EEİQ-na uyğun uçot komplektə baxış keçirən zaman məlum oldu ki, sayğac “C” fazasından keçən yükü qeyd etmir, sayğacın elektron baxış tablosunda “C” fazasının cərəyan göstəricisisıfır kimi göstərir. 21 dekabr 2021-ci il tarixli icra vərəqi və hesab ödəniş vərəqindən görünür ki, 010752 saylı akta əsasən 2.010 manat məbləğində borc hesablanmışdır. Bu məbləğ isə cərimə deyil abonentin istifadə etdiyi enerjiyə görə sərfiyyat məbləğidir. Həmçinin xx.xx.2022-ci il tarixli 013135 saylı aktdan görünür ki, 06/32-191 saylı abunə kodu üzrə EEİQ-na uyğun uçot komplektə baxış keçirən zaman məlum oldu ki, sayğac “A” fazasından keçən yükü qeyd etmir, sayğacın elektron baxış tablosunda “A” fazasının cərəyan göstəricisi sıfır kimi göstərir. xx.xx.2022-ci il tarixli icra vərəqi və hesab ödəniş vərəqindən görünür ki, ******* saylı akta əsasən 4.706,35 manat məbləğində borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli 013135 saylı akt əsasında keçirilmiş yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. Sərfiyyat olaraq hesablanmış məbləğ iddiaçı tərəfindən ödənilməklə etiraf edilmişdir. Hesab edirik ki, hər iki akt qanuni və əsaslı yazılmışdır və həmin məbləğlərin silinməsi və geri qaytarılması üçün əsaslar yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdi.

11. İddiaçının və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının və 3-cü şəxsi nümayəndələrinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

13. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

14. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

15. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

16. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

17. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

21. xx.xx.2021-ci il tarixli 010752 saylı aktdan görünür ki, 06/32-191 saylı abunə kodu üzrə EEİQ-na uyğun uçot komplektə baxış keçirən zaman məlum oldu ki, sayğac “C” fazasından keçən yükü qeyd etmir, sayğacın elektron baxış tablosunda “C” fazasının cərəyan göstəricisi sıfır kimi göstərir.

22. 21 dekabr 2021-ci il tarixli icra vərəqi və hesab ödəniş vərəqindən görünür ki, 010752 saylı akta əsasən 2.010 manat məbləğində borc hesablanmışdır.

23. Abunə haqqında məlumatın “bağlanılan aktlar bölməsinin” xx.xx.2021-ci il tarixli qrafasından görünür ki, akt əsasında 2.010,58 manat məbləğində borc hesablanmışdır.

24. Cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.

25. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.

26. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, ümumilikdə 2.010,58 manat məbləğində pul Azərişıq ASC-yə ödənilmişdir.

28. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd edilmiş olan 2.010,58 manat məbləğində pul ödənilmiş olsa da, qeyd edilmiş borc məbləği hüquqi nəticəsi qanunsuz olan xx.xx.2021-ci il tarixli akt əsasında hesablandığından 2.010,58 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır.

29. İddianın “əsassız hesablanmış 4.706 manat 35 qəpik borcun silinməsi” tələbinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə də təmin etməkdə haqlı olmuşdur.

30. xx.xx.2022-ci il tarixli 013135 saylı aktdan görünür ki, 06/32-191 saylı abunə kodu üzrə EEİQ-na uyğun uçot komplektə baxış keçirən zaman məlum oldu ki, sayğac “A” fazasından keçən yükü qeyd etmir, sayğacın elektron baxış tablosunda “A” fazasının cərəyan göstəricisi sıfır kimi göstərir.

31. xx.xx.2022-ci il tarixli icra vərəqi və hesab ödəniş vərəqindən görünür ki, ******* saylı akta əsasən 4.706,35 manat məbləğində borc hesablanmışdır.

32. Abunə haqqında məlumatın “bağlanılan aktlar bölməsinin” xx.xx.2022-ci il tarixli qrafasından görünür ki, akt əsasında 4.706,35 manat məbləğində borc hesablanmışdır.

33. Birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Republikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X4 bildirmişdir ki, sayğacın “A” fazasının yükü qeyd etməməsi abonentin heç bir təqsirli hərəkətləri nəticəsində baş verməmişdir, sayğacın transfarmator yarımstansiyasında olduğunu, kənar şəxslərin ora girişinin mümkün olmadığını, qeyd edilən sahəyə ancaq Cavabdeh ASC-nin əməkdaşlarının girə bildiyini, hazıkı halda heç bir kənar müdaxilə olmadığını qeyd edərək, bu halın texniki nasazlıq nəticəsində olduğunu bildirir.

34. Abonent haqqında məlumatdan göründüyü kimi, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 7.61,24 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 6.776,04 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 9.552,43 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 6.325,05 manat, xx.xx.2022- ci il tarixə istifadə olunmuş enerjiyə görə 3.087,45 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 4.027,02 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 3.157,62 manat, xx.xx.2022-ci il tarixə istifadə olunmuş enerjiyə görə 2.494,52 manat və .s təşkil edir.

35. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sayğac xx.xx.2022-ci il tarixdə dəyişildikdən sonra elektrik enerjisinin sərfiyyatında hər hansı bir əhəmiyyətli dəyişiklik olmamışdır, əksinə sayğac dəyişilməmişdən öncə daha artıq göstəricilər qeyd etmişdir. Göründüyü kimi, sayğaca iddiaçının hər hansı bir kənar müdaxiləsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda, yəni “A” fazasının cərəyanı qeyd etməməsi ilə İddiaçı hər hansı bir təqsirli hərəkətinin olmaması (müdaxilənin olmaması) hesablanmış borcun əsassız olmasına dəlalət edir.

36. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli 013135 saylı akta əsasən borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin də, tələbləri pozulmuşdur, yəni orta gündəlik sərfinə görə hesablaşma dövrü bir ay olmalı olan halda, cavabdeh tərəf bunu 60 gün üzrə hesablaşma etmişdir.

37. Odur ki, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 4.076 manat 35 qəpik məbləğində borc silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e-2-2(113)-350/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar