Məhkəmə qərarları › İş №2-2(103)-620/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-620/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-620/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı kommersiya işi Açar söz: kredit borcu Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1105/2024 nömrəli qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00362592LE/2019 saylı Razılaşma imzalanmışdır.

2. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00362592-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30,5%, kreditin faktiki illik faiz dərəcəsi 19.39% olmaqla, 100 000 (bir yüz min) manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

3. Borcalanın Bank qarşısında olan DC00362592-03 saylı öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında DG**********073 saylı xx.xx.2022ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

4. xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin DC00362592-03 saylı kredit müqaviləsinə əsasən 55,677.30 manat əsas borc, 171.42 manat faiz borcu, 47.37 manat cərimə borcu olmaqla, cəmi 55,896.09 manat borcu vardır.

5. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyələşmə üçün ərizə əsasında borcalana xx.xx.2023-cü il tarixədək verilmiş 100.000 manat kredit öhdəliyi üzrə borcalanın xx.xx.2023-cü il tarixə (maliyyə arayışındakı tarix) 63.091,28 manat əsas və 54,33 manat faiz borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2nə və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00362592-03 saylı kredit müqaviləsinə əsasən 55,677.30 (əlli beş min altı yüz yetmiş yeddi manat otuz qəpik) manat əsas borc, 171.42 (bir yüz yetmiş bir manat qırx iki qəpik) manat faiz borcu, 47.37 (qırx yeddi manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 55,896.09 (əlli beş min səkkiz yüz doxsan altı manat doqquz qəpik) manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00362592LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00362592-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30,5%, kreditin faktiki illik faiz dərəcəsi 19.39% olmaqla, 100 000 (bir yüz min) manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalanın Bank qarşısında olan DC00362592-03 saylı öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında DG**********073 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalanın xx.xx.2023-ci il tarixinə ödənilməmiş borcu qalmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1105/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla Cavabdeh2 MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

10. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara kompleks halda qiymət verərək hesab etmişdir ki, iddia müqavilə üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir.

11. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, cavabdehin DC00362592-03 saylı müqavilə üzrə əsas borcuna münasibətdə 47,37 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

12. Cavabdeh Qanuni nümayəndə qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1105/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə borc məbləği yenidən araşdırılmasını, artıq yazılmış məbləğin silinməsini xahiş etmişdir.

13. Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin işi çəkişmə şəraitində qiymətləndirərək qətnamə qəbul etməsi qanunun ruhuna cavab vermir. Belə ki, belə vəziyyətdə qətnamə deyil, qiyabi qətnamə formasında yekun məhkəmə aktı qəbul edilməli idi. Digər tərəfdən, cavabdeh iddia tələbindən daha artıq həcmdə borc ödəmişdir, əsl borcu təxminən 54000 manat civarındadır. İddia tələbinin həcmi şişirdilmişdir və həmin məbləğ həqiqəti əks etdirmir. Məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, əsassız yazılmış borc hissəsi silinməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən (tərəflər arasında müqavilə bağlanan vaxt qüvvədə olan redaksiya)-borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh Qanuni nümayəndə tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə iddiaçının izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1105/2024 nömrəli qətnaməsi dəyişdirilərək cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 55112,03 manat əsas borc, 54,33 manat faiz borcu tutulmalıdır.

19. xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30,5%, kreditin faktiki illik faiz dərəcəsi 19.39% olmaqla, 100 000 (bir yüz min) manat kredit verilmişdir.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/5802/2024 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə (bank tərəfindən xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmiş tarix) Cavabdeh2 banka əsas borcu 63091,28 manat, faiz borcu 54,33 manat olmuşdur. Lakin ekspert rəyində eyni zamanda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə borclu tərəfindən 2959,89 manat, xx.xx.2024-cü il tarixdə 4959,36 manat olmaqla cəmi 7919,25 manat ödəniş edilmişdir.

21. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən sonra borclu tərəfindən həyata keçirilmiş ödənişlər əsas borcdan çıxılarsa (63091,28-7919,25) banka ödənilməli olan əsas borc ekspert rəyinə əsasən 55112,03 manat, faiz borcu 54,33 manat təşkil etdiyindən mübahisələndirilən qətnamə əsas və faiz borcunun məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. Məhkəmə tərəfindən tutulmuş dəbbə pulu borcu müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun müəyyən edildiyindən həmin hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normanın tələbinə əsasən məhkəmə hesab edir ki, ekspertiza xərcləri cavabdehlərdən tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1105/2024 nömrəli qətnaməsi dəyişdirilərək cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 55112,03 manat əsas borc, 54,33 manat faiz borcu tutulmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1105/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 55112,03 manat əsas borc, 54,33 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərəfk qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar