Məhkəmə qərarları › İş №2-2(103)-623/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-623/2025

29.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-623/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi, alış qiymətinin ödənilməməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun "xxxx" MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2 46 655,11 (qırx altı min altı yüz əlli beş manat 11 qəpik) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və tələb üzrə tutmanın ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin 20 000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması,satışdan əldə olunacaq vəsaitin İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin X2 bankın xeyrinə tutulması qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə borcludan alınaraq Sabirabad rayon Polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmiş, Sabirabad rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə avtomobilin hərrac vasitəsilə realizə edilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir.

3. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, həmin tarixli 28/01 nömrəli “Hərracın yekunları barədə protokol”a əsasən X3 mülkiyyətində olan "BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil X4 20 000 (iyirmi min) manata satılmışdır.

4. Həmin hərrac protokolu X7 tərəfindən imzalanmamış və hazırkı dövrə qədər avtomobilin alış dəyəri onun tərəfindən ödənilməmişdir.

5. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata hazırkı dövrədək xitam verilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Ləğv prosesində olan İddiaçı ASC (iddiaçı) "xxxx" MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, X5 məxsus “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 28/01 saylı “Hərracın yekunlarına dair protokol”un etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına istinadla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qalib alıcı tərəfindən ipoteka predmetinin satış dəyərinin ödənilməməsi ləğv prosesində olan İddiaçı ASC-nin hüquq və mənafeyinə ziddir, buna görə də "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunlarına dair protokol etibarsız hesab edilməlidir.

8. İddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 42.7ci, Mülki Məcəllənin 415-ci, 416-cı maddələrinə istinad olunmuşdur.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

10. Tərəflər (nümayəndələri), o cümlədən üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmişlər.

11. Birinci instansiya məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hərrac qanunvericilik normalarına uyğun olaraq keçirilmiş, hərracın həyata keçirilməsi zamanı heç bir qanunvericilik normalarının pozulmasıına yol verilməmiş, iddiaçının tələbində qeyd etdiyi hal, yəni xx.xx.2024-cü il tarixli “Hərracın yekunları barədə protokol” üzrə alıcının alış qiymətini ödəməməsi nəticəsində, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulan hərəkətlər (hərracın baş tutmamasının elan edilməsi və s.) edilməmişdir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci, 42.1, 42.7-ci, 43.1-ci, 43.2-ci, 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı, 43.7-ci, 43.7-1-ci, 43.8-ci, 43.9-cu, 44-cü, Mülki Məcəllənin 415-ci, 416-cı maddələrinə istinad etmişdir.

14. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, iddiaçının hərracın keçirilməsindən məlumatlı olmadığını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh MMC isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

19. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.

20. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

21. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

22. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

23. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

24. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

25. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

26. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

27. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

28. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

29. Maddə 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.

30. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

42. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

43. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

44. İddiaçı “Hərracın yekunlarına dair protokol”un etibarsız sayılmasını o əsasla tələb edir ki, qalib alıcı tərəfindən ipoteka predmetinin satış dəyəri ödənilməmiş, bu səbəblə onun hüquq və mənafeyinə xələl gəlmişdir.

45. Halbuki, hərracdan satılmış əmlakın satış dəyərinin ödənilməməsi hərracın etibarsızlığı üçün deyil, ipoteka predmetinin hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxsə həmin qiymətlə satılması (əgər bu cür şəxs varsa) (§ 19) və ya hərracın təşkilatçısı tərəfindən hərracın baş tutmadığı barədə kütləvi informasiya vasitəsində məlumat dərc etdirilməsi (§ 20) və elandan sonra ipoteka saxlayanın ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə alması (§ 21, 22), bu baş tutmadıqda isə birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi (§ 23, 24), təkrar hərrac baş tutmadıqda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı arasında protokol imzalanması (§ 27) üçün əsas təşkil edir.

46. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü əsasla hərrac protokolu etibarsız sayıla bilməz; iddiaçı hərrac təşkilatına müraciət edərək qanunvericiliklə həmin təşkilatın üzərinə qoyulmuş göstərilən vəzifələrin (§ 19, 20, 21, 22, 23, 24, 27) icrasını tələb etməlidir.

47. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, mübahisələndirilən hərrac protokolu alıcı tərəfindən imzalanmadığından onun ümumiyyətlə hüquqi qüvvəsi yoxdur və eyni zamanda müvafiq icra sənədi üzrə icraata da hazırkı dövrədək xitam verilməmişdir.

48. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-475/2025 saylıiş üzrə 11 mart 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar