Məhkəmə qərarları › İş №2-2(103)-627/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-627/2022

20.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-627/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AR TN Əsaslı tikinti və təchizat idarəsi, AR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, AR Maliyyə Nazirliyi, AR Hesablama Palatası və Cavabdeh6 MMC-yə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-554/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraicət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair AR TN Əsaslı tikinti və təchizat idarəsi tərəfindən elan edilən dövlət satınalmasında cavabdehlər AR Təhsil Nazirliyinin, AR TN Əsaslı tikinti və təchizat idarəsinin, AR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AR Maliyyə Nazirliyinin, AR Hesablama Palatasının və Cavabdeh6 MMC-nin əməllərinin qanunsuz və əsassız hesab edilməsi, həmin təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğdə xərcin və ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun əvəzinin cavabdehlər AR Təhsil Nazirliyindən və AR TN Əsaslı tikinti və təchizat idarəsindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir. Qərardadın əsaslarına görə, “... hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması mümkün dеyil.” Qərardadla iddiaçıya izah edilmişdir ki, inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iş üzrə tərəflər hüquqi şəxslərdir və tərəflər arasındakı mübahisə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı meydana gəlmişdir. İş üzrə bütün tərəflər hüquqi şəxslər olduğu və mübahisə hər hansı bir məsələ üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı deyil, məhz qeyd edilən dövlət satınalması üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün, kommersiya mübahisəsidir. Digər tərəfdən, subyektiv tərkibindən və aidiyyətindən asılı olmayaraq bütün işlər (mülki, inzibati və ya kommersiya) üzrə cavabdehlərin əməllərinin qanunsuz və əsassız hesab edilməsi tələbi irəli sürülə bilər. Hüquqi şəxslər olaraq inzibati orqanların əməllərinin istisnasız olaraq bütün hallarda qanunsuz və əsassız hesab edilməsinə dair iddiaların inzibati mübahisə kimi qəbul edilməli olmasına dair heç bir norma yoxdur. Əsas diqqət tərəflər arasında münasibətlərin xarakterinə və həyata keçirilən fəaliyyətə və həmin fəaliyyət nəticəsində əldə edilmək istənildiyi məqsədə və məhkəməyə müraciət edən iddiaçının əldə etmək istədiyi məqsədə diqqət yetirilməlidir. Bəhs edilən mübahisə yalnız o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, mübahisə məhz həmin inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində yaranmış olsun. Hazırkı mübahisə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğuna və tərəflər mülki (öhdəlik) hüquq münasibətlərində olduqlarına görə inzibati mübahisə hesab edilə və inzibati məhkəmədə baxıla bilməz. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, İ. mübahisənin əsas tərəfləri iddiaçı və Təhsil Nazirliyi, sonuncu isə inzibati orqandır. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə görə, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 9-cu bəndinə əsasən, Təhsil Nazirliyi inzibati orqandır. İİ. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması ilə bağlıdır. Belə ki, “Dövlət satınalmaları haqqında” AR Qanununun preambulasına görə, bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun, bu Qanunun 1.2-1.6cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. İİİ. Mübahisə Təhsil Nazirliyinin (onun tender komissiyasının) inzibati orqan qismində inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən, tender komissiyası müstəqildir və bu qərarını bu Qanuna uyğun tam sərbəst qəbul edir (37.1). Tender prosedurları zamanı və tenderin nəticələrinə dair qərar çıxarılarkən tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Qərar tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır (37.2). “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İstinad olunan normaların təhlilindən çıxan nəticəyə görə, inzibati orqanın tender komissiyasının “Dövlət satınalmaları haqqında” Qanunun 37-ci maddəsinə uyğun qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. İV. Mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM): 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). V. Mübahisə kommersiya mübahisəsi deyil. Belə ki, MPM-in 26.1-ci maddəsinin mənasına görə, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki mühakimə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. MPM-in 24.2-ci maddəsi isə birmənalı qaydada tələb edir ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri, yəni üç elementin üçü də nəzərə alınmalıdır. Ona da diqqət yetirilməlidir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. İddiaçı isə inzibati orqan olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Cavabdeh inzibati orqanın hazırkı mübahisə üzrə hərəkətləri (qərarları) mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və sair) dövlət vəsaiti hesabına alınması, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanması, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsi ilə də əlaqədar olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində bu meyarı dəqiqliklə təhlil edərək, qeyd etmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Ali Məhkəmənin Plenumu eyni Qərarın 14-cü bəndində bu mövqeyi bərkidərək, tələb etmişdir ki, “Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.” Həmin Qərarın 23-cü bəndində isə izah olunmuşdur ki, “Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.” Vİ. Mübahisə iddianın “cavabdehlərin əməllərinin qanunsuz və əsassız hesab edilməsi, həmin təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə mülki iş də deyil. Belə ki, MPM-in 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, ümumi məhkəmələr bu Məcəllənin 26.2ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarına əlavə kimi həmin Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən müəyyən olunur ki, ümumi məhkəmələr tərəfindən baxılan işlərə ailə-nikah münasibətlərindən irəli gələn tələblər; əmək münasibətlərindən irəli gələn tələblər; mənzil münasibətlərindən irəli gələn tələblər; xüsusi icraat qaydasında baxılan işlər (MPM-in 26.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla), renta münasibətlərindən irəli gələn tələblər; vərəsəlik münasibətlərindən irəli gələn tələblər; istehlak münasibətlərindən irəli gələn tələblər; müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblər (müəllif, addan, şöhrətdən istifadə etmək hüququ); xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələr; oyun və mərclərin keçirilməsindən irəli gələn tələblər; xüsusi mükafatlandırmanın açıq elan edilməsi, müsabiqənin keçirilməsindən irəli gələn tələblər və qeyri-kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) daxildir. Məhkəmə kolegiyası hesab edir ki, iddianın “satınalma müqaviləsinin etibarsız hesab edilməsi”nə dair əlavə (asılı) tələbinin hüquqi müqəddəratı, “cavabdehlərin əməllərinin qanunsuz və əsassız hesab edilməsi, həmin təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin etibarsız hesab edilməsi” barədə ilk (əsas) tələbi ilə bağlı mübahisənin həllindən bilavasitə asılı olduğu üçün, əgər ilk (əsas) tələb uğurlu olarsa, daha sonra həmin tələbdən asılı olan ikinci tələb irəli sürülməlidir. Belə ki, mövcud məhkəmə təcrübəsinə əsasən “satınalma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. İlk (əsas) tələb müsbət həll olunmadan ikinci (asılı) tələbin təqdim edilidiyi anda əsassızlığı və qanunsuzluğu aşkardır ki, ikinci tələb haqqında iddianın bu qaydada irəli sürülməsi formal olmaqla yanaşı, prosessual qənaət prinsipi ilə ziddiyyət təşkil edəcəyi kimi, ədalət mühakiməsinin statusuna, ümumi prinsiplərinə və məqsədlərinə də ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndinin 3-cü abzası ilə analoji prosessual hüquqi situasiyada məhkəmələrə izah etmişdir ki, “Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” MPM-in: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir; 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-lə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-554/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. İddiaçıya izah edilir ki, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə, yaxud inzibati aktın etibarsız sayılmasına dair iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar