Məhkəmə qərarları › İş №2-2(103)-629/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-629/2025

30.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-629/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı QSC "Bank Standard" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdeh "xxxx" MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi tələbinə dair ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-2517/2025 nömrəli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. İddiaçı QSC "Bank Standard" Kommersiya Bankı (Ləğv prosesindədir) cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesinin 13-cü km-də yerləşən 1,06702 ha torpaq sahəsində olan qeyri-yaşayış sahəsinin 17 580 300 manat məbləğində qiymətləndirilməsi ilə bağlı hesabat etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(113)-2517/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-2(113)-2517/2025 nömrəli qərardadından şikayət verərək, icraatın dayandırılmasına dair xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2517/2025 qərardadı ləğv edib, icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, 26 iyun 2022-ci il tarixdə ipoteka predmeti qiymətləndirilmiş, hesabat tələbkar təşkilata göndərilmiş, iki hərrac keçirilmiş, 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, qiymətləndirmədən xeyli müddət keçməsinə baxmayaraq, əsassız olaraq qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsinə dair məhkəməyə iddia qaldırılmış, məhkəmə isə hansı müəssisənin əmlakının qiymətləndirməsini ekspertiza təyin edərkən dəqiq göstərməmişdir. Sübutlar araşdırılmadan iş üzrə tikinti-texniki ekspertiza təyin edib, icraatın dayandırılması barədə qərardad çıxarmışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2517/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

6. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. Bu Məcəllədə göstərilən hallarda; 395.1.2. Məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

7. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

8. Maddə 255.0.5. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər.

9. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

10. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Məhkəmənin mövqeyi

11. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

12. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-2517/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir.

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur – xüsusilə ona görə ki, qərardada əsasən təyin etdiyi ekspertizanın növü baxımından iş materialları ekpertizaya göndərilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsi məqsədəmüvafiq deyildir.

15. Məhkəmə kollegiyası üçüncü şəxsin məhkəmə tərəfindən hansı müəssisənin əmlakının qiymətləndirməsini ekspertiza təyin edərkən dəqiq göstərməməsi barədə dəlilinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan hansı əmlakın qiymətləndirilməsini qərardadda dəqiq qeyd etmişdir.

16. Mülki Prosessual Məcəllənin 255.0.5-ci əsasən ekspertiza təyin edildiyi halda iş üzrə icraatı dayandırmaq hakimin hüququ olduğundan mübahisələndirilən qərardadların ləğvi üçün əsaslar müəyyən edilmir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ: Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-2517/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar