Məhkəmə qərarları › İş №2-2(103)-63/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-63/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-63/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Seyidova Səriyyə Seyid qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(81)-105/2018 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı “borc məbləğinin və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən yaranmış 1.036.053,00 (bir milyon otuz altı min əlli üç) ABŞ dolları məbləğində əsas borcla birlikdə, 777.039,75 (yeddi yüz yetmiş yeddi min otuz doqquz dollar 75 sent) ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 2000 (iki min) ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 aprel tarixli 2-2(81)- 105/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə rədd olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli 2-2(103)-421/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmaqla həmin hissədə iddia təmin olunmalıdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi iş materiallarına əlavə edilmiş 3 ədəd proforma-invoysa əsaslanmışdır. İddiaçı ilə Cavabdeh arasında imzalanmış “Proforma faktura”ların təsdiq olunmuş tərcümələrindən görünür ki, HWC-GML- 130614-2 nömrəli xx.xx.2013-cü il tarixli Proforma invoysa əsasən 141,864.00 ABŞ dolları dəyərində 3 ədəd SD300N markalı texnikanın, HWC-GML-130614-1 nömrəli xx.xx.2013-cü il tarixli Proforma İnvoysa əsasən 590,885.00 ABŞ dolları dəyərində 2 ədəd S210W markalı, 1 ədəd DX300LCA markalı, 1 ədəd S255LC markalı və 1 ədəd S420LC markalı texnikanın, HWC-GML- 130522 nömrəli xx.xx.2013-cü il tarixli Proforma İnvoysa əsasən 472,880.00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markalı texnikanın Cavabdeh-yə satılması barədə razılıq əldə olunmuşdur. İş materiallarına əlavə olunmuş qablaşdırma siyahılarının təsdiq olunmuş tərcümələrindən görünür ki, HWC-GML-20130621 nömrəli xx.xx.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 1 ədəd S255LC markalı seriya nömrəsi HEMYO- 002149 olan, 2 ədəd S210W markalı seriya nömrələri HEWSO-003848, HEWSO- 003897 olan, 1 ədəd S420LC markalı seriya nömrəsi HELXO-010488 olan, HWC- GML-20130630 nömrəli xx.xx.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 1 ədəd DX300LCA markalı seriya nömrəsi CECAO-006408 olan, HWC-GML- 20130528 nömrəli xx.xx.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 7 ədəd SD300N markalı seriya nömrələri CWLCD-010003, CWLCD-010005, CWLCD- 010006, CWLCD-010008, CWLCD-010009, CWLCD-010010, CWLCD-010004 olan, HWC-GML-20130526 nömrəli xx.xx.2013-cü il tarixli qablaşdırma siyahısına əsasən 3 ədəd SD300N markalı seriya nömrələri CWLCD-010015, CWLCD- 010012, CWLCD-010016 olan texnikalar iddiaçı tərəfindən cavabdehə göndərilmək üçün qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Daşınma sənədlərinin (Konosament) təsdiq olunmuş tərcümələrindən görünür ki, Cavabdeh-nin sifarişi əsasında yuxarı qeyd olunan texnikalar iddiaçı korporasiya tərəfindən göndərilmiş və respublikanın gömrük sərhədindən keçirilərək ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmişdir. Bu iş materiallarına əlavə edilmiş yük gömrük bəyannamələri, həmçinin, məhkəmə tərəfindən Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət X1 ünvanlanmış sorğuya verilmiş cavab məktubu ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbini əsas borca dair hissədə əsaslı hesab edərək qismən təmin etmiş, öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlər bir-biri ilə uyğunluq təşkil etməklə yanaşı, cavabdehlə aralarında olan münasibətlərin mövcud olmasının sübuta yetirilməsində bir-birini tamamlamaqdadır. Belə ki, tərəflər arasında malların sayı, miqdarı və məbləğini nəzərdə tutan ilkin olaraq “Proforma faktura” adlanan fakturalar imzalanmışdır ki, həmin sənədlər tərəflər arasında olan razılaşmanı əks etdirir. Daha sonra iş materiallarında olan Qablaşdırma siyahılar (Packing list), Konosamant (Daşınma sənədi), Kommersiya fakturası (Commercial İnvoice) mövcuddur ki, bütün sənədlərdə Göndərən (Satıcı) qismində İddiaçı, Alıcı (Sifarişçi) qismində isə Cavabdeh göstərilmişdir. Hətta iddiaçının nümayəndəsi tərəfindən 5 texnika üzrə Cənubi Koreya Respublikasının “İxrac üzrə gömrük bəyannamə’lərinin təsdiq olunmuş tərcümələri təqdim edilmişdir ki, həmin sənədlərdə də Satıcı qismində İddiaçı, Alıcı qismində isə Cavabdeh göstərilmişdir. Yalnız cavabdeh tərəfindən 13 texnika (SD300N markalı CWLCD-010008 seriya nömrəli və SD300N markalı CWLCD- 01009 seriya nömrəli texnikalar istisna olmaqla) üzrə təqdim olunan yük gömrük bəyannamələrində malların “xxxx” Şirkətinin tapşırığı ilə İddiaçı tərəfindən göndərildiyi qeyd olunmuş, Alıcı qismində isə Cavabdeh göstərilmişdir. Məhkəməyə həmçinin iddiaçının nümayəndəsi tərəfindən email yazışmaların təsdiq olunmuş tərcümələri də təqdim olunmuşdur ki, həmin email yazışmalardan da görünür ki, bütün danışıqlar iddiaçı ilə Cavabdeh-nin rəhbərliyi arasında aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında dəfələrlə tərəflər arasında şifahi alqı-satqı münasibətlərinin mövcud olduğunu qeyd etsələr də, həmçinin məhkəməyə təqdim etdikləri proformainvoysların tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri olduğunu bildirmişlər. Məhkəmə kollegiyası həmin proforma-invoysları iddiaçının tələbinin əsası olan mötəbər alqı-satqı müqaviləsi kimi qəbul etmir və qeyd edir ki, iş materiallarına həmin proforma-invoysların kserosurətləri əlavə edilmişdir. İddiaçı tərəfə həmin sənədlərin əsillərinin və ya notarial qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi təklif edilmiş və iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasının iclasına sözügedən proforma invoysların notarial qaydada təsdiq olunmuş kserosurətləri təqdim olunmuşdur. Məhkəmə kollegiyasına təqdim olunmus hər üç apostilli Proforma İnvoysun kserosurətinə və tərcüməsinə baxdıqda aydın olur ki, qoşulan sənədin əsli ilə düzgünlüyünü “HANWHA” Korporasiyasının prezidenti X5 xx xxxxxxxx 2018-ci il tarixli Bəyannamə ilə təsdiq etmişdir. Sənədin Pveonq-Hwa Hüquq və Notariat İdarəsi tərəfindən təsdiq edilmis və Koreya Respublikasının Ədliyyə Nazirlivi tərəfindən apostillənmiş hissəsi isə yalnız “HANWHA” Korporasiyasının prezidenti X5 şəxsinin hüquqi nümavəndəsi Ko. Suk Jong şəxsinin notariusun iştirakı ilə hazırkı sənədə etdiyi imzasının düzgünlüyünün təsdiq edilməsindən ibarətdir. Göründüyü kimi, notariat idarəsi proforma invoysların kserosurətlərinin həmin sənədlərin əsilləri ilə düzgünlüyünü yox, proforma invoysların əsli ilə düzgün olduğuna dair xx.xx.2018-ci il tarixli Bəyannamədə olan imzanın “HANWHA” Korporasiyasının prezidenti X5 adlı şəxsin imzasının düzgünlüyünü təsdiq etmişdir. Beləliklə, göstərilən sənədin əsli ilə düzgünlüyü notarius tərəfındən yox, iddiaçı “HANWHA” Korporasiyasının prezidenti X5 tərəfindən təsdiq edilmişdir, sənədə vurulmuş notariat möhürü və apostil sənədi “HANWHA” Korporasiyasının prezidenti X5-nin imzasının həqiqiliyini göstərir və bu sənədin düzgünlüyünə görə nə notariat idarəsi, nə də Koreya Respublikasının Ədliyyə Nazirliyi məsuliyyəti öz üzərinə götürməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər üç proforma İnvoysda Cavabdeh-nin adından imzalayan şəxs “MAZHİDOV RUFAT BASHAEVİCH/CEO” göstərilsə də, HWC-GML-130614-2 nömrəli, xx.xx.2013-cü il tarixli Proforma İnvoysdakı imza digər iki Proforma İnvoysda göstərilən imzalardan kəskin surətdə fərqlənir. Bundan başqa, HWC-GML-130614-2 nömrəli, xx.xx.2013-cü il tarixli Proforma invoysa nəzər yetirildikdə görünür ki, həmin sənədin yuxarı hissəsində Alıcı kimi Cavabdeh, imzalayan şəxs qismində “MAZHİDOV RUFAT BASHAEVİCH/CEO” göstərilsə də, vurulan möhür “RAMMA” adlı şirkətin möhürüdür. Bu da öz-özlüyündə bu sənədin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi olmasını şübhə altına alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İ ddiaçı tərəf cavabdehlə aralarında olan alqı-satqı müqaviləsi üzrə yeni razılığın əldə olunduğunu və cavabdehin malların dəyərini hər ay 35 000 ABŞ dolları olmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci ilə qədər ödəyəcəyi barədə öhdəlik götürdüyünü qeyd etmiş və bununla bağlı ödəniş qrafikini (payment plan) məhkəməyə təqdim edilmişdir. Həmin ödəniş qrafiki birtərəfli qaydada tərtib olunmuş və kresosurət olmaqla əsli məhkəməyə təqdim edilməmişdir. Ödəniş qrafiki cavabdeh tərəfindən təsdiq olunmamışdır. İddiaçı həmçinin, həmin ödəniş qrafikini (payment plan) üzrə 75 000 ABŞ dolları məbləğində ödəniş edildiyini, qalan borcun isə ödənilməmiş qaldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasına təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli, xx xxxxx 2016-cı il tarixli, həmçinin xx xxx 2016-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, həmin ödənişlər Cavabdeh tərəfindən deyil, “xxxx L.T.D” tərəfindən, həmçinin “Network Europe” adlı başqa şirkətlər tərəfindən həyata keçirilmişdir. Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən, şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin istinad etdiyi email yazışmalarını iddia tələbinin əsası kimi mötəbər sübut hesab etmir və qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Ben Hur”adlı şəxslə “Rüfət Məcidov” adlı şəxs arasında aparılmış yazışmalardan göründüyü kimi, Rüfət Məcidova ünvanlanmış xx xxx 2016-cı il tarixli elektron məktubda son olaraq edilmiş 15 000 ABŞ dolları ödənişə görə təşəkkür edilmiş və razılığa gəldikləri kimi növbəti ödənişin 15 may tarixində 25 000 ABŞ dolları məbləğində ediləcəyi qeyd edilmişdir. Həmin elektron məktubun məzmununu qarşılıqlı olaraq iddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasına təqdim edilmiş xx xxxxx 2016-cı il tarixli ödəniş tapşırığı ilə müqayisə etdikdə müəyyən olunur ki, həmin ödəniş tapşırığında ödənişi həyata keçirən müştəri (ordering customer) qismində Cavabdeh-nin adı qeyd olunmamış, ödənişi həyata keçirən müştəri (ordering customer) qismində “xxxx L.T.D”-nin adı qeyd olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin yazılı etirazının əsasları ilə və apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və qeyd edir ki, xxxx” şirkəti ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 13/053-GM-A nömrəli, xx.xx.2013-cü il tarixli, 13/079-GM-A nömrəli, xx.xx.2013-cü il tarixli, 13/107-GM-A nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Bundan başqa, yük gömrük bəyannamələrində göndərən/ixracatçı sütununda birbaşa göstərilmişdir ki, mallar “xxxx”-nin tapşırığı ilə İddiaçı tərəfindən ölkə ərazisinə gətirilmiş Cavabdeh tərəfindən rəsmiləşdirilmişdir. Həmçinin yük gömrük bəyannamələrinin əlavəsi olan hesab-fakturalarda da tərəflərin statusu birmənalı olaraq Satıcı qismində “xxxx”, yükgöndərən qismində İddiaçı, Alıcı qismində isə Cavabdeh göstərilmişdir. İş materiallarının İİ cildi, 111-121-ci vərəqələrinə əlavə edilmiş ödəniş tapşırıqlarında Cavabdeh tərəfindən “xxxx”-yə xx.xx.2013-cü il tarixli, 13/053-GM-A nömrəli, xx.xx.2013-cü il tarixli, 13/079-GM-A nömrəli, xx.xx.2013-cü il tarixli, 13/107-GM-A nömrəli alqı-satqı müqavilələri üzrə müxtəlif məbləğlərdə ödənişlərin edildiyi müəyyən olunur. Göründüyü kimi, Cavabdeh-də mübahisə predmeti olan malları “xxxx" LLC Şirkəti ilə bağladığı alqı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmişdir. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası o qənaətdədir ki, iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin mövcud olduğunu və həmin müqavilə üzrə cavabdehin öhdəliyini yerinə yetirmədiyini sübuta yetirə bilməmişdir. Odur ki, iddiaçının əsas borc məbləği olan pul vəsaitini cavabdehin qanunsuz olaraq özündə saxladığına görə faizlərin ödənilməsi barədə tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının bu hesablamaları konkret hansı dövrdə apardığı, habelə bu məbləğin yaranma mənbəyini və nəyə əsasən əmələ gəlməsini hər hansı sübut ilə əsaslandıra bilmədiyindən birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməməklə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişlərindən biri olaraq ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatında faktın etirafına MPM-in yuxarıda qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla münasibət bildirməli, tərəflər arasındakı mübahisənin düzgün həlli üçün, ən azından həmin faktla bağlı iddiaçının dəlillərini cavabdehin nümayəndəsinin izahatında göstərilənlərlə birgə yoxlamalı və qiymətləndirməli idi (MPM-in 106.1-ci maddəsi) qeyd edilmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” etiraf edib ki, ödəniş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin digər bir göstərişi olan, iddiaçı bəyan və təsdiq edir ki, iddiaçı müqaviləni imza və möhürlə təsdiq etdikdən sonra onun skan edilmiş mətnini elektron poçtla cavabdehə göndərmiş, sonuncu da öz növbəsində göndərilən müqaviləni imza və möhürlə təsdiq edərək eyni üsulla cavabdehə göndərmişdir. İddiaçının həmin dəlilləri işdəki digər sübutlarla birgə yoxlanılmamış, onlara qiymət verilməmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdeh izahatında bildirmişdir ki, onda belə sənəd yoxdur. İş materiallarından da ona dekabr ayında poçt göndərilməsi görünmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin digər bir göstərişi olan, apellyasiya instansiyası məhkəməsi ixracatçının (mülkiyyətçinin) iddiaçı (İddiaçı) olduğu halda, özgə əmlakı barədə alğı-satqı müqaviləsinin “xxxx” şirkəti ilə bağlanmasının səbəblərini (buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh qeydiyyatdan keçmiş təşkilatdır və bütün öhdəlikləri yerinə yetirdiyi üçün qiymətləndirmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin digər bir göstərişi olan, Belə olan halda (xüsusən də, məhz iddiaçının göndərdiyi texnikaların cavabdeh tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə), məhkəmə cavabdehin etirazında əsas sübut kimi əsaslandığı, məhkəmənin isə qətnamənin əsasına qoyduğu – cavabdehlə “xxxx” şirkəti arasında, Azərbaycan Respublikasının ərazisində (Bakı şəhərində) bağlanmış alğı-satqı müqavilələrinin (ən azından, sübutetmə vasitəsi kimi) mötəbərliyini (yararlılığını), həmin müqavilələrin əqdlərin etibarsızlığına dair MM-in imperativ normalarının (hazırkı halda, 337.3 və 340.1-ci maddələrinin) tələbləri nəzərə alınmaqla, həm də (sübutun saxtalığına dair ərizədən fərqli olaraq) tərəflərin bunu bildirməsindən asılı olmayaraq (hərçənd, iddiaçı həmin əqdin formal olaraq bağlandığını iddia edir) yoxlamalı idi. Belə ki, mübahisələndirilən etibarsız əqdlərdən fərqli olaraq, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh göstərir ki, onunla əlaqəsi olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-105/2018 saylı xx xxxxx 2018-cı il tarixli qətnaməsi iddianın təmin olunması, yəni “Cavabdeh-dən 1.036.053 (bir milyon otuz altı min əlli üç) ABŞ dolları məbləğində əsas borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar