Məhkəmə qərarları › İş №2-2(103)-63/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-63/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-63/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMCyə qarşı kommersiya işi Açar söz: kredit, ipoteka, ilkin satış qiyməti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMCyə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və məhkəmənin xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndi) borc verən borc alana 36 ay müddətində 3.800.000 manat məbləğində, kredit istifadəyə görə illik 12% ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.

2. Müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan borc verənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında iliik faiz dərəcəsi ilə penya hesablana bilər.

3. xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 3.800.000 manat, faizin məbləği 713.026,68 manat, cəmi ödəniləcək məbləğ 4.513.026,68 manat məbləğində müəyyən edilmişdir.

4. "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh MMC (ipoteka qoyan-borc alan) arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli RQ-184/İP-001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, bu müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka ilə yüklü edilməsi təşkil edir.

5. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka qoyanla ipoteka saxlayan arasında bağlanmış xx.xx.2020-ci il tarixli RQ- 184 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak ipoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, ipoteka saxlayana dəymiş zərər və bu müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir.

6. Müqavilənin 1.3-cü bəndinə əsasən ipotekanın predmeti, AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* №-li. **********0-12301 reyestr №-li, xx.xx.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh MMC-nin (ipoteka qoyanın) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8692,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisədir.

7. Müqavilənin 1.6-cı bəndinə əsasən "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2020-ci il tarixli 1032/İBAR saylı rəyinə əsasən ipotekanın predmetinin bazar qiyməti 1.700.000 manat, likvid dəyəri isə 1.200.000 manat məbləğində müəyyən edilmişdir.

8. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən 0 ha, 7026,8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ "xxxx" ASC qarşısında 36 ay müddətinə xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMC-nin iş materiallarına əlav edilmiş nizamnaməsindən görünür ki, "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır.

9. Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınması üçün 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

10. Bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci tarixli məktubu ilə təsdiq edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 14 saylı əmlak kompleksi kimi müəssisəsinə dair tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.

11. Cavabdeh MMC-nin xx.xx.2020-xx.xx.2022-ci il dövrləri əhatə edən ******************** nömrəli xx.xx.2022-ci il tarixli bank hesabından çıxarışdan görünür ki, mübahisəli kredit müqaviləsinə əsasən həmin hesaba xx.xx.2020-ci il tarixdə 206PVLL203640505 Əməliyyat Ref.nömrəsi üzrə 3.8000.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla 206PVLL203640505 Əməliyyat Ref.nömrəsi üzrə müxtəlif vaxtlarda ödənişlər edilmişdir.

12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin 3.496.862,68 manat məbləğində əsas, 753.568,14 manat məbləğində faiz, 247.646,86 manat dəbbə pulu olmaqla, cəmi 4.498.077,68 manat məbləğində kredit borcunun, rüsum üzrə ödənilmiş cəmi 475,76 manat borcu vardır.

13. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə 5 gün müddətində məhkəmə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli RQ-184 nömrəli kredit müqaviləsinin 36 ay müddətinə bağlanıldığını, bu səbəbdən müqavilə üzrə faiz və cərimə borcunun artdığını qeyd edərək, cavabdeh "S.Steel Company” MMC arasında bağlanmış RG-184 nömrəli, xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 3.496.862,68 manat, faiz borcu üzrə 753.568,14 manat, cərimə borcu üzrə 247.646,86 manat, ümumilikdə 4.498.077,68 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 136,98 manat dövlət rüsumu və xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 3.039,04 manat dövlət rüsumunun və 4,56 manat bank xidmət haqqının və 200 manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh (əvvəlki adı "xxxx" LTD MMC) MMC-yə məxsus ünvan 1/əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış RQ-184 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə illik 12 faiz olmaqla, 36 ay müddətinə 3.800.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq bankla Cavabdeh MMC (əvvəlki "xxxx" LTD MMC) arasında ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020) ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bununla yanaşı, cavabdehlər, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 gündən çox müddətdə gecikdirmiş, nəticədə bankın kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borc alandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Nərimanov filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehlərin RQ-184 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka əsas borcu 3.496.862,68 manat, faiz borcu 450.506,74 manat, cərimə borcu 90.062,78 manat, ümumilikdə borcu 4.037.432,20 manat təşkil edir. Cavabdehlər kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamış, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmiş, ilkin mediasiyanın keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci tərəflər arasında müştərək olmaqla "xxxx" ASC tərəfindən 200 manat mediasiya xərci mediatorun hesabına ödənilmişdir. Nəticədə, bankın, yaranmış borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmış, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır.

16. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh MMCdən RQ-184 nömrəli, xx.xx.2020-ci il kredit müqaviləsi üzrə 3.496.862,42 manat əsas borc, 753.568,14 manat faiz borcu, 150.000 manat məbləğində dəbbə pulu, ümumilikdə 4.400.430,56 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 2639,04 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 138,85 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC -yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 3.300.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına Cavabdeh MMC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh MMC-dən ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

17. "xxxx" MMC-nin 14 noyabr 2022-ci il tarixli, LP-162/2022 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin hazırki bazar qiyməti 3.550.000 manat, likvid qiyməti 3.300.000 manat təşkil edir. Eskpertiza tədqiqatının dəyəri isə 300 manat təşkil edir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 9/6668 saylı ekspert rəyindən görünür ki, borcalan Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas kredit borcu 3.496.862,42 manat, faiz borcu 560.324,74 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil edir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh MMC-yə 36 ay müddətinə illik 12% faiz ödəmək şərti ilə 3.800.000 manat məbləğində kredit verilməsini, cavabdeh isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə kredit verilsə də, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

20. İddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, Cavabdeh MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə əsas borcunun 3.496.862,42 manat və faiz borcunun 560.324,74 manat təşkil etməsi müəyyən edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

22. Müqavilə üzrə faiz borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyində xx.xx.2022-ci il tarixədək olan müddət üçün faiz borcları hesablandığı halda iddiaçı iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizəsində cavabdehdən xx.xx.2023cü il tarixə olan 753.568,14 manat faiz borcunun tutulmasını tələb edir.

23. Belə olan halda məhkəmə hesab etmişdir ki, ekspert rəyinə əsasən xx.xx.2020ci il tarixli RQ-184 saylı müqavilə üzrə xx.xx.2022-ci ilədək olan dövr üçün hesablanmış 560.324,74 manat faiz borcu nəzərə alınmaqla, xx.xx.2023-cü ilədək olan dövr üçün 3.496.862,42 manat əsas borca hesablanmalı olan faiz borcu 755.765,82 manat (560.324,74 +195.441,07 (xx.xx.2022-xx.xx.2023-cü il, cəmi 170 gün üçün faiz, hesablanması qaydası - 3.496.862,42 manatx0,12 faiz /365 gün x 170 gün=195.441,07 manat) təşkil edir.

24. Məhkəmə dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edilməlidir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq Cavabdeh MMC-dən tutulacaq dəbbə pulu xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə 150.000 manat məbləğində müəyyən edilməlidir.

25. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini dair məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh MMC (ipoteka qoyanborc alan) arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli RQ-184/İP-001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir.

26. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, kredit müqaviləsindən irəli gələn tələb üzrə tutma Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh MMC-yə qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh MMC-dən tutulmalıdır.

27. Məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı qeyd edilməlidir ki, əvvəla həmin rəyin verilməsindən 2 ildən artıq müddət keçmişdir. Digər tərəfdən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, qeyd edilən şirkət tərəfindən qiymətləndirmə ipoteka predmetinə baxış keçirilmədən texniki pasportda göstərilən sahələr və qeydlər əsasında aparılmış, eləcə də rəydə qiymətləndirən əmlakın emalatxana binasından ibarət olması qeyd edilmişdir. Bundan fərqli olaraq "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılarkən müəssisəyə baxış keçirilmiş və müəssisəyə daxil olan daşınmaz əmlakla yanaşı müəssisəyə daxil olan avadanlıqların da qiymətləndirilməsi aparılaraq dəyəri 1.276.529,6 manat məbləğində müəyyən edilmişdir

28. Belə ki, məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq "xxxx" MMCnin rəyində müəyyən edilmiş əmlak kompleksi kimi müəssisənin likvid dəyərinin (3.300.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbinə dair hissədə iddia qismən təmin edilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan sonra həmin əmlakın boşaldılması qət edilmişdir.

30. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbini irəli sürsə də, ipoteka predmetinin boşaldılmasını həmin ipoteka predmetinə tutma yönəldilməsi və onun satılması ilə şərtləndirməmişdir. Halbuki ipoteka haqqında qanunvericilik ipoteka predmetinin yalnız tutma yönəldikdən və satıldıqdan sonra boşaldılmalı olduğunu müəyyən edir. iddiaçı "xxxx" ASC ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbini irəli sürsə də, ipoteka predmetinin boşaldılmasını həmin ipoteka predmetinə tutma yönəldilməsi və onun satılması ilə şərtləndirməmişdir. Halbuki ipoteka haqqında qanunvericilik ipoteka predmetinin yalnız tutma yönəldikdən və satıldıqdan sonra boşaldılmalı olduğunu müəyyən edir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

31. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-92/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən əmlakın ilkin satış qiyməti hissəsində ləğv edilməsini, təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilərək ilkin satış qiymətinin müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gedişatı zamanı əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.” Legal Prime” MMC ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin xx.xx.2022-ci il tarixinə bazar dəyərini 3.550.000 manat, likvid dəyərinin isə 3.300.000 manat təşkil etməsinə dair qiymətləndirilmə hesabatını məhkəməyə təqdim etmişdir. Məhkəmə icası zamanı "xxxx" MMC tərəfindən ipoteka predmetinin bazar və likvid qiyməti yüksək və əsassız müəyyən edildiyindən iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizanın keçirilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə vəsatətlə 2 dəfə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə tərəfindən təkrar məhkəmə qiymətləndirmə ekspertizasının keçirlməsinə dair vəsatət təmin edilməmişdir. Belə ki, ipoteka müqaviləsi (2020-ci il tarixində) bağlanılan zamanı əmlakın bazar dəyəri 1 700 000 manat, likvid dəyər 1 200 000 manat müəyyən edilmişdir. 2 il ərzində göstərilən əmlakının satış qiymətinin həddən artıq yuxarı qiymət müəyyən edilməsi qiymətləndirmə prinsiplərinə zidd olaraq keçirildiyi və şəffalığı sual altına qoyur. Eyni zamanda, ekspertiza rəyinə əlavə edilmiş analoji təhlil materialında Suraxanı rayonu ərazisində yerləşən 8000 kv.m. sahədən ibarət olan oxşar əmlakın qiyməti 1 7000 000 manat müəyyən edlildiyi göstərilmişdir. Hazırki ipoteka predmetinin də Suraxanı rayon ərazisində olduğunu nəzərə alaraq, müəyyən edilmiş likvid dəyər reallığı əks etdirmir. Bundan əlavə ekspertiza mərkəzinin hansı meyar və əsaslardan çıxış edərək əmlakın qiymətinin müəyyən etdiyini eksert rəyində də göstərmişdir. Analoji təhlil materialına nəzərə alaraq fərqli rəy tərtib etməsi etibarsız sübutlara əsaslandığını hesab edirik. Hesab edirik ki, məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi hissəsində düzgün qərar qəbul edilməmişdir, bu səbəbdən Bakı Kommersiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-92/2023 saylı qətnaməsinin əmlakın qiymətləndirilməsi hissəsi ləğv edilməli, ipoteka predmeti olan Cavabdeh (əvvəlki "xxxx" LTD MMC) MMC-yə məxsus ünvan 1/əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməsi üçün yenidən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməlidir. Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. Lakin ekspert rəyi tərtib edlən zamanı həmin hallar nəzərə alınmadan, qeyri mötəbər sübutlara istinad olan rəy tərtib edilmişdir. Məhkəmə öz növbəsində ekspert rəyinin obyektiv və hərtəfəli araşdırmadan yekun məhkəmə qərarı qəbul etmişdir.

33. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-92/2023 nömrəli əlavə qətnaməsinin ləğv edilməsini, əlavə qətnamənin qəbul edilməsi üçün MPM-nin 229.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən əlavə qətnamənin qəbulu üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdqir.

34. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının bu tələbi əsas qətnamə ilə rədd edildiyi üçün nə həmin tələb üzrə icraata xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əlavə qərardadın qəbul edilməsi, nə də həmin tələbin təmin edilməsinə dair xx.xx.2023-cü il tarixli əlavə qətnamənin qəbul edilməsi mülki prosessual hüquq normalarına uyğun olmuşdur. Prosessual hüquq normalarının tələbinə görə, iddiaçı yalnız əsas qətnamədən apellyasiya şikayəti verməklə bu tələbini mübahisələndirə bilərdi. Digər tərəfdən, nə qədər ki, ipoteka qoyulmuş əmlak tutma yönəldilməsi yolu ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hərracdan başqa şəxslərə satılmamışdır, məhkəmə gələcəyə yönəlmiş bir ehtimal əsasında ipoteka qoyanı, yəni əmlakın mülkiyyətçisini öz mülkiyyət hüquqlarından məhrum edə bilməz. Məhkəmənin belə qərar qəbul etməsi üçün heç bir hüquqi əsas yoxdur. Amma məhkəmə əksinə qərar qəbul etməklə ipoteka qoyanın mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə mübahisəyə Qanunun 25.1.1-ci, 48.1.3-cü maddələrini tətbiq etməli, nəzərə almalı idi ki, ipoteka predmetini hərracdan ipoteka qoyanın özü satın ala bilər. Yaxud əmlakı hərracdan satın alan üçüncü şəxslə ipoteka qoyanın ondan istifadə ilə bağlı müqaviləsi ola bilər. Yəni əmlakı hərracdan həm ipoteka qoyanın, həm də üçüncü şəxin satın aldığı halda ipotekaya xitam verilir və iddiaçının həmin əmlak üzərində heç bir subyektiv hüququ, eləcə də ipoteka saxlayana aid hüquqları qalmır. Amma məhkəmənin qeyd şərtsiz, ipoteka əmlakının satılmasından sonra onun boşaldılması haqqında qətnamə qəbul etməsi, iddiaçının irəlidə heç bir subyektiv hüququ olmadığı halda, onu əmlakın yeni mülkiyyətçisi, o cümlədən ipoteka qoyan qarşısında tələbkar durumuna gətirir. Başqa sözlə desək, bu əlavə qətnamə imkan verir ki, irəlidə ipoteka qoyanın həmin əmlakı hərracdan satın almasına və mülkiyyət hüquqlarını yeniləməsinə, habelə ipotekaya xitam verilməsinə baxmayaraq, iddiaçı (keçmiş ipoteka saxlayan) yeni mülkiyyətçini öz əmlakından çıxartsın. Bu, heç bir hüquq çərçivəsinə sığmayan bir qərardır. Birinci instansiya məhkəməsi iş üzrə əlavə qətnamə qəbul edilməli olduğunu əsaslandırmaq üçün həmin prosessual hüquq normalarını əlavə qətnamədə qeyd etmişdir. Lakin işin hansı halının məhz bu hüquq normalarının tətbiq edilməsinə zərurət yaratdığı göstərilməmiş, onları təfsir etməmişdir. Halbuki, yalnız əvvəlki abzasda məsələnin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə qeyd olunub ki, iddiaçı ipotekaya qoyulmuş əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbini irəli sürsə də, ipoteka predmetinin boşaldılmasını həmin ipoteka predmetinə tutma yönəldilməsi və onun satılması ilə şərtləndirməmişdir. Göründüyü kimi, məhkəmə hesab etmir ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün sübutlar təqdim etmiş və izahatlar vermişdir, lakin bu tələb barədə qətnamə qəbul edilməmişdir. Yaxud məhkəmə hesab etmir ki, hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri əsas qətnamədə göstərməmişdir. Əksinə, məhkəmənin mövqeyi ona dəlalət edir ki, həmin tələb üzrə əsas qətnamədə qərar qəbul edilmişdir. Belə ki, iddiaçı ipoteka predmetinin boşaldılmasını həmin ipoteka predmetinə tutma yönəldilməsi və onun satılması ilə şərtləndirmədiyi, bu halı sübut etmədiyi üçün həmin hissədə iddia əsas qətnamə ilə təmin edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin nə əlavə qətnamə qəbul etməsinə, nə də iddianı təmin etmək barədə qərar qəbul etməsinə hüquqi əsas olmuşdur. Odur ki, əsas qətnamə ilə təmin edilməmiş iddia tələbinin əlavə qətnamə qəbul etmək yolu ilə təmin edilməsinə yol verilməməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

36. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

37. Tətbiq edilən hüquq

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6-cı maddə-apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddə-apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

38. Qətnamə iddiaçı tərəfindən qismən – əmlakın ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirdiyindən həmin hissədə, əlavə qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli qətnaməsi və xx.xx.2023-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli əlavə qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

40. İş materiallarından görünür ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamədə tutma yönəldilmiş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin likvid qiyməti Legal Prime” MMC-nin 14 noyabr 2022-ci il tarixli, LP-162/2022 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən 3.300.000 manat müəyyən edilmişdir.

41. İddiaçı apellyasiya şikayətində bu qiymətin reallığa uyğun olmadığını qeyd edərək ilkin satış qiyməti ilə bağlı hissədə qətnaməni mübahisələndirdiyindən işə apellyasiya qaydasında baxılarkən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazlirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 24.05.202-cü il tarixli rəyində qeyd edilmişdir ki, ipoteka predmei olan əmlakın likvid dəyəri təqribən 3.554.000 manat təşkil edir. Rəydən görünür ki, ekspert analoji obyektlərin qiymətləri ilə müqayisəli tədqiqat apararaq qeyri-yaşayış sahəsinin 1 kv.m-nin dəyərinin 562 manat olması barədə qənaətə gəlmişdir.

42. İddiaçının nümayəndəsi məhkəmə iclasında rəyə etiraz edərək bildirmişdir ki, ekspertin müqayisəli tədqiqat apararkən bazar dəyərini əsas götürdüyü obyektlərdən biri Sabunçu rayonu ərazisində yerləşmişdir. Halbuki, ipoteka predmeti olan əmlak Suraxanı rayonu ərazisində yerləşir. Məhkəmə kollegiyası Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının ərazilərinin yaxın olduğunu, qiymətləndirilən obyekt zavod olduğundan eyni rayonun ərazisində satışa çıxarılmış üçüncü bir zavod tapmaq mümkün olunmadığını ( bu barədə iddiaçının sübutu olmadığını), iddiaçı tərəfindən ipoteka predmeti olan əmlakın bazar dəyərinin hazırda daha aşağı olduğuna dair məhkəməyə sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, ilkin satış qiyməti ilə bağlı hissədə qətnamənin dəyişdirilərək qiymətin daha aşağı göstərilməsi üçün əsaslar müəyyən edilmir.

43. Məhkəmə Cavabdeh MMC-nin əlavə qətnamə ilə hüquqi qiymət verilmiş tələbə (ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması) məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmalı olduğuna dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadı olduğunu və birinci instansiya məhkəməsinin bu qərardadda ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq MPM-nin 399-cu maddəsinə əsasən qeyd edilən tələbə mahiyyəti üzrə baxdığını nəzərə alaraq cavabdehin əlavə qətnamənin ləğv edilərək həmin tələb üzrə icraata xitam verilməsinə dair apellyasiya şikayətini əsassız hesab edir.

44. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normaya əsasən işə apellyasiya qaydasında baxılarkən təyin edilmiş ekspertiza tədqiqatına görə 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazlirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

45. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 92/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli əlavə qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli əlavə qətnamələri dəyişdirilmədən saxlanılsın. İşə apellyasiya qaydasında baxılarkən təyin edilmiş ekspertiza tədqiqatına görə 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazlirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar