Məhkəmə qərarları › İş №2-2(103)-630/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-630/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-630/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “borcun ödənilməsi” tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2-2(113)-5834/2023 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada İDK0616/04 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 140.335,02 manat əsas borc, 32.506,35 manat cərimə borcu olmaqla, cəmi 172,841.37 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 63 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5834/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli İDK0616/04 saylı müqaviləyə əsasən əsas borc üzrə 140.335 (bir yüz qırx min üç yüz otuz beş) manat, 02 (iki) qəpik, cərimə borcu üzrə 7.000 (yeddi min) manat olmaqla, cəmi 147.335 (bir yüz qırx yeddi min üç yüz otuz beş) manat, 02 (iki) qəpik məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat, 34 (otuz dörd) qəpik məbləğində pulun Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5834/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin ötürülməmiş hesab edilməsi və ya müddət ötürülmüşdürsə müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2-2(113)-5834/2023 nömrəli qərardadı ilə (hakim Kənan Hüseynov) Cavabdeh1 ərizəsi rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5834/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 231,50 manat məbləğində pul Cavabdeh1 MMC-nə geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5834/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti əldə edilmiş qətnamənin çatması müddətinə uyğun olaraq bir ay içində verilmişdir. Nəzərə alınsa ki, işlərin çoxluğu və işin kifayət qədər qəliz olması çıxarılmış qətnamədən əsaslı apellyasiya şikayəti vermək üçün hazırlaşmağa kifayət qədər vaxt lazımdır ki, bu da şikayətin hazırlanması üçün müddət tələb edir. Belə ki, prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Şikayətin verilmə müddətinin keçməsi ilə, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Bununla bağlı verilən apellyasiya şikayətində müddətin ötmədiyini, əgər ötmüş hesab ediləcəyi təqdirdə isə qətnamənin onlara çatma tarixi sübutlarla birgə işə əlavə edilərək göndərildiyindən buraxılmış müddətin bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün göndərilməsini məhkəmədən xahiş edilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi sübutları araşdırmadan, işə obyektiv yanaşma sərgiləmədən öz mülahizələrinə əsasən müddətin ötmüş hesab edilərək şikayətin geri qaytarılması barədə əsassız qərardad qəbul etmişdir. Hesab edirlər ki, qərardad ləğv edilməli və hazırki şikayət təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5834/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2- 2(113)-5834/2023 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddət buraxılmamış hesab edilməlidir. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5834/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh1 MMC-nin hüquqi ünvanına - ünvan 1 ilə göndərilsə də, zərf “bu ünvanda yoxdur” qeydi ilə geri qayıtmışdır. Daha sonra, Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5834/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ərizədə qeyd edilən ünvana göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5834/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh1 MMCnin ərizədə qeyd olunan ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, X1 pr.2, mənzil 30) təkrarən poçtla göndərilmiş, poçt xəbərnaməsində qətnamənin “Səfərova” soyadlı şəxsə xx.xx.2024-cü il tarixdə (iş materiallarının 84-85-ci səhifələri) təqdim edildiyi qeyd edilmişdir. Cavabdeh prosessual müddətin bərpası barədə ərizəsində qeyd edir ki, əslində qətnamənin xx.xx.2024-cü il tarixdə poçt tərəfindən cavabdehə çatdırıldığını qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən kağız daşıyıcıda apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamənin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə göndərildiyi poçt zərfinin üzərinə vurulmuş ştamplardan aydın olur ki, xx.xx.2024-cü il tarixdə göndərilməsi üçün poçta təqdim edilmiş zərf əslində göndərilən ünvana xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Bu hal təsdiq edir ki, qətnamə həqiqətən cavabdehə xəbərnamənin üzərində qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Belə olan halda cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verməklə müddəti ötürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2-2(113)-5834/2023 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh1 MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2-2(113)-5834/2023 nömrəli qərardadı ləğv edilsin. Buraxılmış müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddət buraxılmamış hesab edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar