Məhkəmə qərarları › İş №2-2(103)-630/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-630/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-630/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaq satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, əsas və faiz borcunun düzgün hesablanmaması) hakimlər X1 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlun və X3 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaq satılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)- 148/2025 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinə əsasən Borcverən Borcalana bu Müqavilə çərçivəsində 72 ay müddətinə, maksimal faiz dərəcəsi 35 % olmaqla xx-xx-2026-cı il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500.000 AZN məbləğinədək kreditlər verə bilər.

2. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən kredit üzrə illik faiz dərəcələri, kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının dövriliyi və qaydası və digər şərtlər Əlavə Müqavilələrlə tənzimlənir.

3. Müqavilənin 6.1-ci bəndinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası “30” sentyabr 2020-ci il tarixli BKMG-00080-17/20A (üç tərəfli) saylı sonrakı İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən Bağ evi ipotekası (girovu) ilə təmin olunur.

4. Müqavilənin 7.4-cü bəndinə əsasən Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə. 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır.

5. Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşmaya əsasən borcverən borcalana ümumi məbləği 176270 manat olan illik faiz dərəcəsi 21 % olmaqla 12 ay müddətinə kredit ayırmışdır.

6. Həmin Müqavilənin 1.9-cu bəndinə əsasən Kreditin və kredit üzrə faizlərin Borcalan tərəfindən Borcverənə qaytarılması bu Əlavə Razılaşmaya edilmiş Əlavədə (ödəniş cədvəlində) göstərilmiş qaydada və müddətlərdə həyata keçiriləcəkdir.

7. xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşma üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 176270 manat olan illik faiz dərəcəsi 21 % olmaqla 12 ay müddətinə verilmiş kreditə görə Cavabdeh3 MMC 26 noyabr 2022-ci il tarixdən 26 oktyabr 2023-cü il tarixinə qədər hər ayın 26-sı olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. Bank "xxxx" ASC (İpoteka saxlayan) ilə Cavabdeh2 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixdə BKMG-00080-17/20A nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən sonrakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx-xx-2016-cı İİ tarixində 138 nömrəli reyestr kitabında, 13801 nömrəli vərəqində **********66-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX senyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evi Sonrakı ipoteka predmeli Cavabdeh1 arasında Sumqayıt şəhərində bağlanmış xx-xx-2019-cu İİ tarixli DEN- 00038-17/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə arasında bağlanmış xx-xx-2019-cu il tarixli DENG-00038-17/19A saylı ipoteka müqaviləsinə əsasən Bank “BTB" ASC-yə ipoteka qoyulmuşdur.

9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,08 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ünvanında yerləşən 401.12 kv.metr olan 892B saylı bağ evi Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.

10. Bank "xxxx" ASC-nin ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli BKZ-00080- 17/20A saylı zaminlik müqaviləsi bağlanmışdır.

11. Həmin Müqavilənin giriş hissəsinə əsasən həmin müqaviləyə zamin Müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır.

13. Müqavilənin 1.5-ci bəndinə əsasən Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Əsas kredit müqaviləsi (kredit limiti, kredit xətti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən əsas kredit müqaviləsi çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir.

14. Bank “BTB" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşma üzrə xx-xx-2023-ci il tarixə Cavabdeh3 MMC banka əsas borc məbləği 176270 manat, ümumi faiz borcu 23616,34 manat, dəbbə borcu 8813,5 manat, cəmi borc 208699,84 manat təşkil edir.

15. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bank "xxxx" ASC-nin ********** saylı xx.xx.2023 tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

16. 09.10.2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdən görür ki, Bank "xxxx" ASC borcun tam ödənilməsi, əks təqdirdə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə "xxxx" MMC-ni xəbərdar etmişdir.

17. 29 yanvar 2024-cü il tarixli MŞB/19/2024-00007 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir.

18. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4247 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli RPZ-A0080-17/22A saylı Əlavə Razılaşma üzrə banka ödənilməli olan kredit borcu iddia tələbində göstərilən xx.xx.2023-cü il tarixinə əsas borc 176270 manat, faiz borcu 23616,26 manat və iddia tələbində göstərilən xx.xx.2023-cü il tarixinə əsas borc 176270 manat, faiz borcu 25981,22 manat olması müəyyən edilmişdir.

19. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, QCM/Y 03-003/25 saylı ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,08 torpaq sahəsində yerləşən, 401,12 kv.m sahədən ibarət olan 892B saylı bağ evinin 14 yanvaar 2025-ci il tarixə likvid dəyəri 406000 manat məbləğində müəyyən edimişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

20. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli RPZA0080-17/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 176270 manat əsas borcun, 23616,34 manat faiz borcunun, 8813,5 manat dəbbə borcu, ümumilikdə 208699,84 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun, iddia qaldırılması üçün ödənilmiş 99 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması, tutmanın onunla Cavabdeh2 arasında 30 sentyabr 2020-ci ildə onunla BKMG-00080-17/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, 0.08 ha. torpaq sahəsində yerləşən, 401.12 kv.metr sahədən ibarət olan 892B saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, 26 oktyabr 2022-ci il tarixli RPZ-A0080-17/22A saylı kredit müqaviləsi üzrə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh1 şəxsində 30 sentyabr 2020-ci il tarixli, BKN- 00080-17/20A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 500000 manat məbləğində krediti 72 ay müddətinə, illik 35% olmaqla cavabdeh "xxxx" MMC-nin mülkiyyətinə verilməsi razılaşdırılmışdır. 26 oktyabr 2022-ci il tarixli RPZ-A0080- 17/22A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmaya əsasən 30 sentyabr 2020-ci il tarixli, BKN-00080-17/20A saylı kreditin qalıq borcunun tam bağlanılması məqsədilə 176270 manat məbləğində 12 müddətinə illik 21 faizlə 6 ay güzəşt müddəti olmaqla SANTEX-SERVİS KONVENT” MMC-nin direktoru Cavabdeh1 kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 30 sentyabr 2020-ci ildə iddiaçı Bank "xxxx" ASC ilə BKMG00080-17/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, 0.08 ha. torpaq sahəsində yerləşən, 401.12 kv.metr sahədən ibarət olan 892B saylı bağ evini ipotekaya qoymuşlar. Həmçinin Cavabdeh1 1 oktyabr 2020-ci il tarixli, BKZ-0080-17/20A saylı zaminlik müqaviləsi bağlayaraq "xxxx" MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 176270 manat, faizlərin məbləği 23616.34 manat, dəbbə borcu 8813.5 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 208699.84 manat təşkil edir.

22. Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)-148/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 176270 manat əsas, 23616,26 manat faiz, 8813,5 manat cərimə olmaqla, cəmi 208699 (iki yüz səkkiz min altı yüz doxsan doqquz) manat 76 (yetmiş altı) qəpik pul vəsaiti, 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin, 99 (doxsan doqquz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik bank xidmət haqqının əvəzi tutularaq iddiaçı Bank "xxxx" ASCyə ödənilməsi, tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,08ha torpaq sahəsində yerləşən 401,12 m2 sahədən ibarət 892B saylı bağ evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 406000 (dörd yüz altı min) manat müəyyən edilsin, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ "xxxx" MMC-dən və Cavabdeh1 tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət olunmuşdur.

23. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

23.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank “BTB" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BKN00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşma üzrə sonuncuya illik 21% olmaqla 12 ay müddətinə 176270 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixdə BKMG-00080- 17/20A nömrəli ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evi Bank “BTB" ASC-də ipoteka ilə yüklü edilmişdir 23.2. Həmçinin Cavabdeh1 xx.xx.2020-ci il tarixli BKZ-00080-17/20A saylı zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 qarşı kredit və zaminlik müqavilərləri əsasında borcu tələb etmək hüququ yaranmışdır. 23.3. Lakin iddiaçı, eyni zamanda, ipoteka qoyan Cavabdeh2 da borcun ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh2 qarşı borcun tutulması tələbi əsassızdır. Çünki ipoteka qoyan borclunun öhdəliyini icra etməməsi üçün ipoteka qoyduğu əmlaka tutmanın yönədilməsi ilə bağlı məsuliyyət daşıyır, həmçinin Cavabdeh2 zamin kimi və ya digər qaydada iddiaçı qarşısında borcun ödənilməsi ilə bağlı hər hansı öhdəlik götürməmiş, habelə mülki qanunvericilikdə də bununla bağlı ipoteka qoyanın məsuliyyəti nəzərdə tutulmamışdır. Buna görə də iddia tələbi Cavabdeh2 borcun tutulması hissəsində təmin olunmamalıdır. 23.4. xx.xx.2022 tarixli RPZ-A0080-17/22A saylı Əlavə Razılaşma üzrə iddiaçı 176270 manat əsas borc və 23616.34 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Keçirilmiş məhkəmə ekspertizası ilə iddia ərizəsində tələb olunan xx.xx.2023-cü il tarixinə əsas borc 176270 manat, faiz borcu 23616,26 manat olduğu müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə əsas borcun məbləği ekspert rəyi ilə eyni, lakin faiz borcun məbləği isə ekspert rəyində daha az göstərildiyindən əsas borc həmin kredit müqaviləsi üzrə iddia tələbinə uyğun 176270 manat, faiz borcun məbləği ekspert rəyinə uyğun olaraq 23616,26 manat müəyyən olunmalıdır. 23.5. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 23.6. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 8813,5 manat məbləğində cərimə məbləği tutulmalıdır. 23.7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, QCM/Y05-005/25 saylı rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 892B saylı bağ evinin likvid dəyəri 406000 manat manat məbləğində müəyyən olunmuşdur. 23.8. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən mütəxəssis rəyi əsas götürülərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,08ha torpaq sahəsində yerləşən 401,12 m2 sahədən ibarət 892B saylı bağ evinin ilkin satış qiyməti 406000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbi ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. 23.9. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin, ödənilmiş 99 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

24. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci, 269.4-cü, 317.1-ci, 319.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 463-cü, 465.2-ci, 467-ci, və 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş redaksiyasına, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 39.3-cü, 4112-ci və 47.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-148/2025 nömrəli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələblərinin istinad edildiyi kredit müqaviləsinin müvafiq şərtləri Mülki Məcəllənin normalarına ziddir. Kredit müqaviləsində faizlərin hər ay ödənilməsi nəzərdə tutulub. Bu isə Mülki Məcəllənin müqavilə bağlanarkən qüvvədə olan 741-ci maddəsinə ziddir. Həmin maddənin tələblərinə görə faizlər ilin sonunda ödənilməlidir: “Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” Göründüyü kimi, faizlərin illik ödənilməsi ilə bağlı olan norma imperativdir. Əqdin tərəflərinin qanunun tələblərinə zidd razılaşması hüquqi nəticə yarada bilməz. Faizlərin illik tutulması norması imperativdir. Faizlər aylıq yox, qanunun tələblərinə uyğun olaraq illik tutulsa idi, indi borc qalığı tamam fərqli – az idi. Ekspert də rəy verərkən bu maddənin tələb etdiyi hesablamanı tətbiq etməmişdir. Məhkəmə və ekspert mübahisəyə (borcun məbləğinin hesablanmasına) bu maddəni tətbiq etməli olduğu halda etməmişdir. Belə ki, iddiaçının istinad etdiyi (məbləği tələb etdiyi) 26 oktyabr 2022-ci il tarixli müqavilənin 1.2-ci bəndində borcun illik faiz dərəcəsinin 21 faiz olduğu, eyni müqavilənin 1.7-ci bəndində isə faktiki illik faiz dərəcəsinin 21 faiz olduğu göstərilmişdir ki, bu da fərqli anlayışlardır və fərqli məbləğlərlə nəticələnir. Qeyd edilən normanın tələbinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Yuxarıda qeyd edilən səbəblərdən qanunsuz yüksək borc hesablandığına görə, onun nəticəsi olaraq qanunsuz yüksək dəbbə pulu hesablanmış və tutulmuşdur. Halbuki, tutulmuş dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və əhəmiyyətli azaldılmalıdır. Borcun ödənilməməsinə həm də kreditorun qanunsuz yüksək faiz borcu hesablaması səbəb olmuşdur. Məhkəmə sadəcə olaraq ekspert rəyini əsas götürmüşdür, halbuki əvvəl rəy məhkəmə üçün məcburi deyildir, ikincisi isə rəy etirazın dəlillərinə uyğun qiymətləndirilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz

27. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

28. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

29. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

33. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

42. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

43. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

44. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

46. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

47. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

48. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

59. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdehlər tərəfindən iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

60. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

62. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

63. Əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) xx.xx.2023-cü il tarixinə və xx.xx.2023-cü il tarixinə (müqavilənin qüvvədə olduğu tarixə) olan məbləğləri dəqiqləşdirilmişdir.

64. Belə olan halda isə ekspertiza rəyinin mötəbərliyinə şübhə doğuracaq və təkrar ekspertizanın keçirilməsini zəruri edəcək hal müəyyən edilməmişdir.

65. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.

66. Belə ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2023-cü il tarixinə müqavilə üzrə əsas borc 176270 manat, faiz borcu 25981,22 manat olması müəyyən edilmişdir. İddia tələbində qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixinə isə əsas borc 176270 manat, faiz borcu 23616,26 manat müəyyən edilmişdir.

67. Birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbində qeyd edilən tarixə müəyyənləşdirilmiş kredit borcunu cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutulması qənaətinə gəlmişdir.

68. Məhkəmə kollegiyası apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətində Mülki Məcəllənin 741–ci maddəsinə (mübahisəli münasibət yaranarkən – kredit müqaviləsi bağlanarkən qüvvədə olan redaksiyada) istinad etsə də, maddi hüquq normasının düzgün tətbiq edilməməsinin nədə ifadə olunduğunu dolğun şəkildə izah etməmiş və məhkəmə kollegiyası tərəfindən pozuntu müəyyən edilməmişdir.

69. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli BKN00080-17/20A nömrəli əsas kredit müqaviləsinin 3.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə illik faiz dərəcələri, kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının dövriliyi və qaydası və digər şərtlər Əlavə Müqavilərlə tənzimlənir. xx.xx.2020-ci il tarixli BKN-00080-17/20A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022 tarixli Əlavə Razılaşma üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 176270 manat olan illik faiz dərəcəsi 21 % olmaqla 12 ay müddətinə verilmiş kreditə görə Cavabdeh3 MMC 26 noyabr 2022-ci il tarixdən 26 oktyabr 2023-cü il tarixinə qədər hər ayın 26-sı olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq qrafikə əsasən tərəflər ilk 6 ay ərzində edilmiş ödənişlərin faiz borcundan silinməsi barədə razılığa gəlmişlər. Belə ki, ödəniş cədvəli Cavabdeh3 MMC-nin qanuni nümayəndəsi tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər ödəniş cədvəlini mübahisələndirməmişdirlər.

70. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

71. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə müəyyən etmişdir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-148/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəfin özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar