Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-631/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-53/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ASC (bank) ilə Cavabdeh2 MMC (borc alan) arasında xx.xx.2020-ci il tarixli 58926/KX-1 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh2 MMC-yə 26 ay müddətinə, illik 16% faiz ödəmək şərti ilə 371.500 manat məbləğində kredit verilmişdir.
2. Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh2 MMC (borc alan) arasında 29 iyun 2020-ci il tarixli 58926/İPM-1 saylı daşınmaz əmlakın ipotekası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əiyeva küçəsində yerləşən 204 saylı evin 19 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC-nin bankla bağladığı xx.xx.2020-ci il tarixli, 58926/KX-1 №-li kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 MMC-yə xx.xx.2020-ci il tarixdə verilmiş 371.500 manat məbləğli kredit üzrə onun Banka 01 fevral 2022-ci il tarixə banka əsas borcu üzrə 330.640,42 manat, 01 fevral 2022-ci il tarixə faiz borcu üzrə 32.887,71 manat, 01 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 30.507,22 manat olmaqla, cəmi 394.035,35 manat kredit borcunun, 684 manat ödənilmiş dövlət rusumunun və 30 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı), ümumilikdə 394.749,35 manat məbləğində pulun tutulması, Cavabdeh1 məxsus, 29 iyun 2020-ci il tarixli, 58926/İPM-1 saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 394.749,35 manat məbləğində borcun ödənilməsinə yönəlməsi, Cavabdeh1 məxsus, 29 iyun 2020-ci il tarixli, 58926/İPM-1 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 330.640,42 manat, faiz borcu 32.887,71 manat, cərimə borcu 30.507,22 manat, cəmi borcu isə 394.035,35 manat təşkil edir.
5. Cavabdeh1 izahatında ekspert rəyində müəyyən edilmiş əsas borc məbləği ilə razı olduqlarını bildirmiş, faiz məbləğinin məhkəmə tərəfindən təkrar hesablanmasını, iddia tələbinin dəbbə pulu hissəsində isə rədd edilməsini xahiş etmişdir.
6. Digər cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASCnin Cavabdeh1 qarşı əmlak satıldıqdan sonra cavabdehin mənzilin məcburi boşaldılması tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-53/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 MMC-dən xx.xx.2020-ci il tarixli 58926/KX-1 nömrəli kredit müqaviləsi üzrə 328.891,03 manat əsas borc, 32.887,71 manat faiz borcu, 15.000 manat məbləğində dəbbə pulu, ümumilikdə 376.778,74 manat məbləğində pul vəsaiti, eləcə də cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 285 manat, mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 401.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh2MMC-dən ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin 140 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir.
9. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin əsas borca aid hissədə dəyişdirilməsi, iddia tələbinin əsas borca aid hissədə tam təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərtib edilən maliyyə arayışından və iş materiallarında olan hesablardan çıxarışlardanda aydın görünür ki, iddia tələbinə dair əsas borcun məbləği 330.640,42 manat təşkil edir. Ekspert rəyində isə əsas borc 1749,39 manat azaldılaraq 328.891,03 manat hesablamış, lakin faiz borcunu iddia tələbindən 1036,02 manat artıq hesablamışdır. Rəydə əsas borca azaltma və faiz borcuna artırma verməsinin metodikası, hesablanma qaydası əsaslandırılmamışdır.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.
13. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 102-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız əsas borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, əsas borcun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
19. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.
20. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 MMC öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
21. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 dekabr 2022-ci il tarixli, 9/8400 saylı ekspert rəyi verilmişdir.
22. Həmin rəyə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə əsas kredit borcu 328.891,03 manat, faiz borcu 33.923,73 manat və ekspert rəyinin verildiyi xx.xx.2022-ci il tarixə əsas kredit borcu 328.891,03 manat, faiz borcu 69.529,95 manat məbləğində müəyyən edilir.
23. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 13 dekabr 2022-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
24. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, əsas borcun məbləği ekspert rəyi ilə təsdiq olunur. İddiaçı isə həmin borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə əsas borcun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçıASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-53/2023 saylı qətnaməsi əsas borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Məmməd Məmmədov
Xəyal Sarıyev