Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-632/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2-2(113)-70/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsi üzrə əsas borca görə 548.201,73 manat, faiz borcuna görə 53.014,83 manat, cərimə borcuna görə 1.644,60 manat, cəmi 602.861,16 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 493 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də, zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə yönəldilməsi, ipoteka predmetlərinin likvid ilkin satış qiymətlərinin müvafiq olaraq 370.000 manat və 350.000 manat müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsi üzrə cəmi 602.861,16 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1.163 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 136-136A ünvanında,zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də, zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 01.03.2024-cü il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, Cavabdeh2 MMC-dən 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsi üzrə əsas borca görə 548.201,73 manat, faiz borcuna görə 218.023,57 manat, illik 5%lə 37.308,16 manat, cərimə borcuna görə 1.644,60 manat, cəmi 805.178,06 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 493 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də, zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyriyaşayış sahələrinə yönəldilməsi, ipoteka predmetlərinin likvid ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsi üzrə cəmi 805.178,06 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1.365 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 136-136A ünvanında,zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də,zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2-2(113)-70/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 MMC-dən 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı krеdit müqaviləsi üzrə 548.201,66 manat məbləğində əsas krеdit bоrcu, 11.016,47 manat məbləğində faiz bоrcu, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün illik 5 %-lə 37.172,57 manat məbləğində faiz borcu, 1.644,60 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 598.035,24 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 495 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 230,7 kv.m qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 217,1 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 230,7 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 310.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 217,1 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 292.000 manat məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına “Rabitəbank ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 MMC-dən ümumi qaydada tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir.
5. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2-2(113)-70/2024 nömrəli qətnaməsinin qismən – ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinə dair hissədə ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi internet saytında üç əmlakın satışına dair elanı əsas götürən “ekspert rəyi”nə istinad etməklə, ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin həqiqi və mötəbər satış (likvid) qiymət müəyyən edilmədən, maddi hüquq normalarını- yəni,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cimaddəsini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində üç ekspert rəyinə istinad etmiş, lakin həmin rəylərdən yalnız birini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5913-9/6105 saylı ekspert rəyini əsas götürərək, ipoteka predmetini əsassız olaraq mövcud bazar qiymətlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətləndirən rəyə üstünlük vermişdir. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5913-9/6105 saylı rəylə tanış olduğumuz zaman, rəyin əsaslandırıcı hissəsində mövcud ekspertiza metodikaları haqqında ümumi məlumatların ətraflı qeyd edildiyinin şahidi oluruq, lakin, burada ekspert konkret qoyulmuş sual üzrə yalnız “müqayisə yanaşmasının” tətbiqinin mümkünlüyünü göstərsə də, hansı digər obyektlərlə müqayisəli tədqiqat aparıldığını rəydə əks etdirməmişdir. Ekspert sadəcə internet saytında daşınmaz əmlakların satışına dair üç elana əsaslanaraq rəy hazırlamışdır. Başqa sözlərlə “ekspert”in metodikası üç satış elanına istinad etməkdən ibarət olmuşdur. Nəticədə, şəhərin mərkəz hissələrindən birində yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.m.-ni “ekspert” 1493 manata qiymətləndirmişdir. Qəribədir birinci instansiya məhkəməsinin hakimi işdə olan digər rəylərə əhəmiyyət vermədən, 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5913-9/6105 saylı ekspert rəyini əsas götürməklə, ipoteka predmetini ipoteka müqaviləsində göstərilən qiymətlərdən də az qiymətlədirərək, əsassız olaraq sırf Bankın mənafeyini müdafiə etmiş, işə birtərəfli yanaşaraq, işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində AR MPM-nin 88-ci maddəsinə də istinad edərək, göstərmişdir ki, həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi MPM-nin 88ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, üç ekspert rəyindən Ekspertiza Mərkəzinin rəyinə üstünlük verməsini ümumiyyətlə əsaslandırmamış, həmin rəyə heç bir hüquqi qiymət verməmişdir. Bununla da, yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Nümayəndə sonuncu rəyə etiraz etməmişdir.
9. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
14. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
15. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
16. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
17. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
18. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
19. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
21. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 MMC illik 14% dərəcəsi ilə 24 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 23 (iyirmi üç) ay olmaqla) 1.000.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
26. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas borcun 548.201,66 manat, faiz borcunun 11.016,47 manat təşkil etməsi müəyyən edilmişdir.
27. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
28. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh2 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli ipoteka müqavilələrinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A/Yeni qaydalarla: Yasamal rayonu, X5 küçəsi, 136, zirzəmi, qapı - 2 ünvanında yerləşən Cavabdeh1 məxsus ümumi sahəsi 217,1 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən Cavabdeh1 məxsus ümumi sahəsi 230,7 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
29. İş materiallarında olan müqavilədən görünür ki, İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 22 oktyabr 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
30. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh1 məxsus olan ipoteka predmeti "xxxx" MMC tərəfindən Bakı şəhəri, “11" sentyabr 2020-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən 350.000 manat dəyərində qiymətləndirilir, ipoteka qoyan və İpoteka saxlayan ipoteka predmetinin 350.000 manat dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər.
31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
32. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı birinci dəfə qiymətləndirici şirkətin daha sonra isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi alınmışdır.
33. Belə ki, "xxxx" MMC-nin 20 iyun 2023-cü il tarixli, LP-080/2023 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136- 136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən 230,7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin real bazar dəyəri 807.450 manat, likvid qiyməti isə 784.380 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A, zirzəmi, qapı - 2 ünvanında yerləşən 217,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin real bazar dəyəri 759.850 manat, likvid qiyməti isə 738.140 manat dəyərində müəyyən edilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5913-9/6105 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 230,7 kv.m qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 344.400 manat, azalma əmsalı tətbiq edilməklə həmin qeyri-yaşayış sahəsinin likvid dəyəri təqribən 310.000 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 217,1 kv.m qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 324.000 manat, azalma əmsalı tətbiq edilməklə həmin qeyri-yaşayış sahəsinin likvid dəyəri təqribən 292.000 manat məbləğində müəyyən edilmişdir.
35. İş materiallarından görünür ki, ipoteka predmeti olan əmlaklar ipoteka müqavilələri bağlanarkən də "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və həmin qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A/Yeni qaydalarla: Yasamal rayonu, X5 küçəsi, 136, zirzəmi, qapı - 2 ünvanında yerləşən ümumi sahəsi 217,1 kv.m olan qeyri-yaşayış sahəsi 350.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən ümumi sahəsi 230,7 kv.m olan qeyri-yaşayış sahəsi 370.000 manat məbləğində qiymətləndirilmişdir.
36. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirici rəyi ilə bağlı qeyd etmişdir ki, həmin rəydə müəyyən edilmiş likvid qiymət ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirici rəyində, eləcə də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyində müəyyən edilmiş qiymətlərdən kəskin (qiymət təxminən 2,5 dəfə artıqdır) surətdə fərqlənir. Odur ki, məhkəmə həmin rəyə tənqidi yanaşaraq hesab etmişdir ki, ipoteka predmetlərin ilkin satış dəyəri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində müəyyən edilmiş likvid qiymətlərə əsasən müəyyənləşdirilməlidir.
37. Apellyator məhkəmənin bu mövqeyi ilə razılaşmamış və rəylərdə olan ziddiyyətlərin məhkəmə kollegiyası tərəfindən aydınlaşdırılmasını xahiş etmişdir.
38. Apellyasiya icraatı zamanı vəsatət təmin olunaraq ziddiyyətləi məqamların aydınlaşdırılması məqsədilə iki dəfə ekspertiza aparılmış və müvafiq rəylər alınmışdır.
39. Belə ki, “X6” MMC-nin 28 avqust 2024-cü il tarixli, 029/LBC saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136- 136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən 230,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin orta bazar dəyəri 620.500 manat, likvid qiyməti isə 568.000 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136- 136A, zirzəmi, qapı - 2 ünvanında yerləşən 217,1 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin orta bazar dəyəri 584.000 manat, likvid qiyməti isə 534.000 manat dəyərində müəyyən edilmişdir.
40. "xxxx" MMC-nin 27 noyabr 2024-cü il tarixli, MB17/1163 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136- 136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən 230,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin orta bazar dəyəri 576.750 manat, likvid qiyməti isə 519.000 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136- 136A, zirzəmi, qapı - 2 ünvanında yerləşən 217,1 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin orta bazar dəyəri 542.750 manat, likvid qiyməti isə 488.500 manat dəyərində müəyyən edilmişdir.
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
42. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Göründüyü kimi yuxarıda qeyd edilən cəmi 5 ədəd rəylərin bazar və likvid qiymətlə bağlı müəyyən etdiyi məbləğlər fərqlidir. Onların içində ən aşağı məbləğ Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmişdir. Onların içində ən yüksək məbləğ isə məhkəmənin əldə etdiyi ilk rəylə müəyyən edilmişdir. Qeyd edilən rəylərin içində likvid qiymətlərin orta məbləğləri sonuncu daxil olan rəydə, yəni "xxxx" MMC-nin 27 noyabr 2024-cü il tarixli, MB17/1163 saylı ekspert rəyində müəyyən edilmişdir.
44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tutma yönəldilərkən, yəni hərrac keçirilərkən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136- 136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən 230,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid qiyməti isə 519.000 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A, zirzəmi, qapı - 2 ünvanında yerləşən 217,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid qiyməti isə 488.500 manat dəyərində müəyyən edilməlidir.
45. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli və ipteka predmetlərinin ilkin satış qiyməti (likvid) məhkəmə araşdırmaları nəticəsində əldə edilən sonuncu rəydə qeyd olunan qiymətlər müəyyən edilməlidir.
46. Əlavə olaraq qeyd edilməlidir ki, apellyasiya şikayətinin xahiş etdi hissəsində iddianın rədd edilməsi qeyd edildiyi üçün şikayət qismən təmin edilməlidir.
47. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2-2(113)-70/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136- 136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən 230,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzrə ilkin satış qiyməti (likvid) 519.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A, zirzəmi, qapı - 2 ünvanında yerləşən 217,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzrə ilkin satış qiyməti (likvid) 488.500 manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul vəsaitinin 207 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 93 manat hissəsi isə iddiaçıdan tutularaq “X6” MMC-nin bank hesabına (Kapital bank kod 201025, VÖEN **********, Müxbir Hesab AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, h/h: AZ48AİİB400600C**********142) ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 600 manat pul vəsaitinin 414 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 186 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin bank hesabına (ABB kod 805562, VÖEN **********, Müxbir Hesab AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, h/h: AZ331İBAZ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.