Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-633/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-461/2017 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh “xxxxxxxxx” MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(81)-461/2017 nömrəli qətnaməsi ilə İddiaçı QSC BOKT-un iddiası təmin edilərək, cavabdeh “xxxxxxxxx” MMC-dən iddiaçının xeyrinə 59339864,4 manat əsas borc, 3297176,75 manat faiz borcu olmaqla cəmi 62637041,15 manat kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh “xxxxxxxxx” MMC ərizə (apelyasiya şikayəti ilə birlikdə) ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apelyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(81)-461/2017 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdeh “xxxxxxxxx” MMC həmin qərardaddan şikayət vermiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Cavabdeh “xxxxxxxxx” MMC isə prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qərardaddan verdiyi şikayəti Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Cavabdeh “xxxxxxxxx” MMC-nin şikayətinin Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələbləri uyğun olaraq verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 366.2ci maddəsini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-461/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh “xxxxxxxxx” MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-633/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-633/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver