Məhkəmə qərarları › İş №2-2(103)-634/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-634/2021

20.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-634/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlunun və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-276/2021 saylı qətnaməsindən (hakim Emin Əliyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 68791,29 manat manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTKdan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 06/22-343 olan Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 62410,11 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 62410,11 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-276/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaçının təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-2020-ci illər ərzində sərf edilmiş elektrik enerjisinə görə cavabdehliyi məhz Cavabdeh MTK-nın daşıması barədə cəmiyyət tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin “Abonentlər barədə elektron məlumat bazası”ndan çıxarılmış “Abunə haqqında” adlı sənəddə və 06.04.2020-ci il tarixdə abonentlə bağlanmış müqavilədə reyestr məlumatları üzrə Cavabdeh MTK-nın hüquqi ünvanı olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 33 qeyd edilmişdir. Həmin ünvanda quraşdırılmış sayğac göstəricilərindən aydın olur ki, elektrik enerjisi Cavabdeh MTK tərəfindən istehlak edilmişdir. Həmin invoysda abonentin aylar, illər üzrə enerji sərfiyyatı və həmin sərfiyyat üzrə aylıq ödənişləri görünür. Bu isə onu sübut edir ki, tərəf borc üzrə ödənişlər edirsə bu özü özlüyündə borcun ona aid olmasının sübutu və mövcudluğunun etirafıdır. Məhkəməyə təqdim edilmiş hesab-faktura da qeyd olunan faktı təsdiq edir. Belə ki, hesab-faktura abonent Cavabdeh MTK-ya hər ay təqdim edilən abonentin aylıq enerji sərfiyyatı üzrə yaranmış borcunu əks etdirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “taxes.gov.az” elektron səhifəsində Kommersiya hüquqi şəxslərin reyestr məlumatları bölməsində Cavabdeh MTK-nın adını axtarışa verdikdə Nehrəm adında yalnız 1 ədəd mənzil tikinti kooperativi tapılır. Həmin mənzil tikinti kooperativinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) isə ********** nömrəsidir. İşə apelyasiya qaydasında baxılması 30.06.2020-ci il tarixə təyin edilmiş, 20.08.2020-ci il tarixə təxirə salınmış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-276/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 68023,25 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş materiallarından görünür ki, 16 aprel 2020-ci il tarixdə tərəflər arasında “Enerjitəchizatı müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə birtipli” müqavilə bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş abunə hesabından çıxarışdan və 30.03.2021-ci il tarixli, 57/180 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə cavabdehin 68791,29 manat borcu yaranmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə istinad edərək iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilməli olduğundan, iddiaçı 2015-ci ildən yaranmış borcu tələb etdiyi halda elektrik enerjisinin alqı-satqısı barədə tərəflər arasında 06.04.2020-ci il tarixdə müqavilə bağlandığından və əvvəlki illər üçün heç bir sənəd təqdim edilmədiyindən iddia əsassızdır Eyni zamanda məhkəmə qeyd etmişdir ki, təqdim edilən müqavilə Cavabdeh Mənzil Tikinti Kooperativinin direktoru Qanuni nümayəndə tərəfindən deyil, L.Nəsirov adlı şəxs tərəfindən imzalandığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sübutlara düzgün hüquqi qiymət verməmişdir. İnternet Vergi İdarəsindən əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi hüquqi şəxs kimi 07.05.2004-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh Mənzil Tikinti Kooperativinin abunə haqqında hesabından görünür ki, MTK 2004-cü ildən elektrik enerjisi istifadəçisi kimi Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 33 ünvanı üzrə qeydə alınmış, bu illər ərzində istifadə etdiyi elektrik enerjisinin dəyəri üzrə mütəmadi ödənişlər həyata keçirmişdir. Buna görə də iddiaçı tərəfindən tərəflər arasında əvvəlki illər üzrə bağlanmış müqavilələrin təqdim edilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəf 06.04.2020-ci il tarixli müqavilə bağlananadək Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 33 ünvanda yerləşən binada elektrik enerjisindən istifadə edildiyini inkar etməmiş, iddia ərizəsinə və apelyasiya şikayətinə etirazı olmamış, o cümlədən 06.04.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarlılığını mübahisələndirməmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Hazırkı halda cavabdehin tərəflər arasında 06.04.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız olması barədə iradə ifadəsi olmadığından birinci instansiya məhkəməsi həmin müqaviləyə səlahiyyətsiz şəxs tərəfindən imzalanmış qeyri-mötəbər sübut kimi hüquqi qiymət verməyə və bu əsaslarla iddianı rədd etməyə haqlı olmamışdır. Cavabdeh Mənzil Tikinti Kooperativinin abunə hesabına əsasən cavabdehin hansı tarixdən elektrik enerjisi istehlakçısı olduğu və ödənilməmiş borcunun məbləğini müəyyən etmək mümkün olduğundan iddianın sübutlarla təsdiq edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. İşə apelyasiya qaydasında baxılarkən işdəki maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, cavabdehdən tələb edilən borcun 768,04 manatı 2015-ci il tarixədək yaranmış borcdur. Elektrik enerjisindən istifadəyə görə həyata keçirilən aylıq ödənişlər vaxtaşırı ödəmələr olduğundan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə 05.10.2020-ci il tarixdə müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 2015-ci il tarixədək yaranmış 768,04 manat borc üzrə öhdəlik xitamı olunduğu üçün iddiaçının tələbi həmin hissədə rədd edilməli, elektrik enerjisindən istifadəyə görə yaranmış 68023,25 manat borcla bağlı hissədə iddiaçının tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdeh MTK apelyasiya şikayətinə vəsatətlə müraciət edərək borcun düzgün hesablanıb hüsablanmaması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etsə də, vəsatətdə borcun hansı hissəsinin mübahisələndirildiyi qeyd etmədiyindən məhkəmə həmin vəsatəti işə mahiyyəti üzrə baxılmasının əsassız yubadılması məqsədi ilə verilmiş vəsatət hesab edərək və birinci instansiya məhkəməsində cavabdehin borcun məbləğini mübahisələndirmədiyini nəzərə alaraq vəsatəti təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-276/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 68023,25 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-276/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 68023,25 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar