Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-636/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndələri və vəkilləri Nümayəndə1, X2 və qanuni təmsilçisi X3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 və qanuni təmsilçisi X1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı icarə haqqının tutulmasına dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun tutulmasına dair qarşılıqlı tələblərə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 667/2024 nömrəli qətnaməsindən ilk iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (ödəmə günündə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manat ekvivalentində olmaqla) ******* ABŞ dolları əsas borc, X12 qismində 184815 ABŞ dolları, 400 manat mediasiya xərcinin və 1419,83 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, ilk iddia tələblərinin rədd edilməsi, xx.xx.2021-ci il tarixli Yanalma körpüsünün icarəsi və Xidmətləri müqaviləsinin 9 noyabr 2022-ci il tarixdən ləğv edilmiş sayılması, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 29205 ABŞ dolların rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində dəymiş zərərin əvəzinin, 400 manat mediasiya xərcinin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün çəkilmiş 239 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-667/2024 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı MMC və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
3. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-667/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.
4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-667/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
5. İlk iddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, aşağıda birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli tam və obyektiv araşdırılmaması ilə bağlı ətraflı qeyd olunan dəlillərə əsasən rahatlıqla deyə bilir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri vaxtında və vicdanlı şəkildə icra edilməsinə baxmayaraq, cavabdeh icarə müqaviləsinin 2026-cı ilə qədər icrasında maraqlı olmamış, yuxarıda da qeyd edildiyi kimi, müqavilənin hüquqi imkanlar daxilində ləğvinə nail olmağa çalışmışdır. Məhkəmə isə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, “cavabdeh tərəfindən müqavilə tələblərinə riayət edilmiş, lakin iddiaçı tərəfindən cavabdehə icarə sahəsindən istifadə edilməsi ilə bağlı imkan yaradılmamış, gəminin yanalma körpüsünə yaxınlaşması, dayanması, gəmi heyətinin və sərnişinlərin düşürülməsi və sairə kimi xidmətlər göstərilməmişdir.”. İşin hallarından mübahisəsizdir ki, həmin gəminin gəlməsindən iddiaçının birbaşa və dolaylı olaraq xəbəri olmamış, habelə iddiaçının qanuni təmsilçisinin müqavilənin icrasına daur bütün cəhdlərinə baxmayaraq xx.xx.2022-ci il tarixdə gəlmiş gəmi ilə bağlı ona sonradan da heç bir məlumat verilməmişdir. Bu halda, yəni gəminin gəlməsindən heç bir formada məlumatlı olmayan iddiaçının iddia olunan bu öhdəliyinin icra olunmaması üzrə hansı qərəzindən söhbət gedə bilər? Müqavilənin icrasında maraqlı olduğunu (“We are at your service 7/24.”) mesajı ilə xx.xx.2022-ci il tarixdə cavabdehin qanuni təmsilçisi- direktora bildirən iddiaçının qanuni təmsilçisi Oktay Məmmədova birbaşa təmas vaxtı heç bir formada xx.xx.2022-ci il tarixdə gəlmiş gəmi barədə məlumat verilmədiyi halda, iddiaçının kobud ehtiyatsızlığı nədə ifadə oluna bilər? “Müqavilənin icrası və onun pozuntusunun aradan qaldırılması” barədə heç bir məlumatı birbaşa əlaqə vaxtı İddiaçının direktoruna verməyib, (sağ qulağın sol əllə qaşınmasına oxşar şəkildə) başqa yollara baş vurulması nəticəsində iddiaçı hansı məsuliyyət necə daşıyacaq? Barəsində heç bir məlumatın olmadığı bir pozuntunun aradan qaldırılmasını real dünyada necə təsəvvür etmək olar? Təəssüf ki, iddiaçının ştat cədvəlində “kahin” vəzifəsi mövcud deyil. Lakin məhkəmə səhvə yol verərək iddiaçı üçün öhdəlik yaratsa da, iddiaçının bu xəyali öhdəliyinin icra edilməməsində yol verdiyi qərəz və ya kobud ehtiyatsızlığının nə ilə ifadə olunmasını qeyd edə bilməmişdir. Normal sivil dünyada tərəflər maraqlı olduqları müqavilə münasibətlərinin düzgün istiqamətdə işləməsi və öhdəliklərin lazımi qaydada icrası üçün bir-birlərinə kömək edirlər. Bu- qədim Roma hüququndan bizə miras qalan PACTA SUNT SERVANDA (ƏHDƏ VƏFA) prinsipindən gəlir ki, mülki dövriyyənin əsasını təşkil edən məqamlardandır. Hansı ki, bu təməl hüququ prinsipi bizim qanunvericilikdə Mülki Məcəllənin 425.2-ci maddəsində öz əksini tapmışdır: “öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Lakin hazırki mübahisənin yaranma əsasına baxdıqda açıq aşkar görülür ki, cavabdeh 2022-ci ilin avqust ayından başlayaraq birgə hərəkət etmək bir yana, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərə yol vermişdir. xx.xx.2022-xx.xx.2022 dövrü üzrə avqustun 7-ə kimi icra edilməli olan müqavilə ödənişləri cavabdeh tərəfindən gecikdirilmiş, davamında cavabdehin X8 pozisyasında olan Simon Mountfort (**********) xx.xx.2022-ci il tarixdə Oktay Məmmədova (**********) Whatsappla “xitam məktubunu alana kimi ödənişi təsdiq edə bilməyəcəyini bildirmişdir. Həmin gecikdirilən ödənişin icra tarixi də maraqlıdır və təsadüf deyil: xx.xx.2022-ci il. Davamında, xx.xx.2022-ci il tarixdə gəmi gəldikdən sonra (Azercell Telecomun verdiyi məlumata əsasən) iddiaçının rəhbəri ilə cavabdehin rəhbərləri arasında birbaşa əlaqə olmasına baxmayaraq, baş verənlər barəsində şüurlu şəkildə heç bir məlumatın verilməməsi və (özlərinin də etiraf etdikləri kimi) işləmədiyindən əmin olduqları e-mail və telefon nömrələri ilə əlaqə saxlanıldığı görüntüsü yaradılması müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərəkətlər hesab edilməlidir. Bunun bu sadalananların məntiqi nəticəsi olaraq deyə bilirik ki, cavabdehin hadisələrin xronoloji ardıcıllığında ortaya qoyduğu davranışlar, sözün hərtərəfli mənasında, hüquqdan suiistifadədir. Məhkəmə isə, cavabdehin hüquqdan sui-istifadə etdiyini bu qədər açıq-aşkar edən dəlillərin mövcudluğuna baxmayaraq, Mülki Məcəllənin 425.2, 560.2, 560.3.1 və 560.3.4-cü maddələrini tətbiq etməyərək maddi hüquq normalarını pozmuşdur. İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında xx.xx.2021ci il lövbər icarəsi və xidmətləri müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən icarəçi bununla icarəyə verəndən icarəyə götürür və icarəyə verən müəyyən edilmiş bütün şərtlərə uyğun olaraq icarənin məqsədi üçün xüsusi yanalma xətti ilə icarəçiyə yanalma körpüsünü icarəyə verir. İcarəçi bununla icarəyə verəni xidmətləri təmin etməyə razılaşır və icarəyə verən həmin xidmətləri icarəçiyə təqdim etməyə razılaşır. Müqavilənin 3 saylı Əlavəsinə əsasən, (150 m) yanalma körpüsünün icarə haqqı hər metr üzrə 5 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin 3.3-cü maddəsinə əsasən, rüblük əvvəlcədən, müvafiq rübün birinci təqvim ayının 7-dən gec olmayaraq, İcarəyə verənin müəyyən etdiyi Azərbaycan Respublikasında yerləşən İcarəyə verənin bankına bank köçürməsi yolu ilə vaxtaşırı ödənilməlidir. Müqavilənin 19.1.1-ci maddəsinə əsasən, Tərəflərdən biri tərəfindən bu Müqavilənin (fors-major halları istisna olmaqla) ciddi şəkildə pozulması. Əhəmiyyətli pozuntu bu Müqavilənin aradan qaldırılması mümkün olmayan və ya belə pozuntudur ki, həmin Tərəf ondan bunu tələb edən bildiriş aldıqdan sonra on beş (15) təqvim günü ərzində həmin pozuntunu aradan qaldıra bilməmişdir. Müqavilənin 19.3.5-ci maddəsinə əsasən, Müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt, İcarəçi bu Müqavilənin “icarəyə götür və ya ödə” xarakteri nəzərə alınmaqla, istifadə olunmamış Müddət üçün ödənilməmiş İcarə haqqını ödəməklə, İcarəçi 30 gün əvvəl İcarəyə verənə yazılı xəbərdarlıq edərək, bu Müqavilə heç bir səbəb olmadan İcarəçi tərəfindən ləğv edilə bilər. Məhkəmə hazırki mübahisəyə baxarkən, müqavilənin məqsədlərindən kənara çıxaraq tərəflər arasındakı hüquqi qüvvədə olan müqavilə şərtlərinə öz mülahizəsinə uyğun müdaxilə etmiş və yeni reallıqlar yaradacaq şəkildə təfsir etmişdir. Belə ki, məhkəmənin ilkin iddianın təmin edilməməsində əsaslandırması belə olmuşdr: “63. Belə ki, icarə sahəsindən xx.xx.2022ci il tarixdən cavabdehin istifadə edə bilməməsi, habelə iddiaçı tərəfindən ona hər hansı xidmətin göstərilməməsi işin mübahisələndirilməyən halıdır. 64. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər cavabdehin icarə haqqı ödəməli olması barədə iddia tələbi təmin edilə bilməz.” Halbuki hazırki ilkin iddia tələbinin əsasında icarə haqqının ödənilməməsi öhdəliyi deyil, müqavilənin əsas olmadan ləğvi halında müqavilədən irəli gələn digər öhdəlik durur. Tərəflər azad şəkildə bağladıqları müqavilədə könüllü olaraq “həmin müqavilənin səbəb olmadan ləğvi üzrə özləri üçün müəyyən hüquqi nəticələrin yaranacağını” müəyyən ediblər. Burada məhkəmənin müəyyən etməli olduğu məqam, müqavilənin xitamına əsas olması üçün iddia olunan pozuntunun baş verib-verməməsi və verdiyi halda bildirişin alınmasından 15 gün ərzində aradan qaldırılıb-qaldırılmasıdır. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün bu məqamları hərtərəfli tam və obyektiv araşdırmadığı kimi, tərəflər arasında müqavilə münasibətlərinə də səhv hüquqi qiymət vermişdir. İndiki məqamda tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqlarından, Məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməli idi. Təsadüfi deyil ki, bu yanaşma "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında yuxarıdakı ifadə ilə yanaşı xüsusilə qeyd edilmişdir ki, “Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir” Məhkəmə isə ilkin iddianın təmin olunmamasına əsas kimi, anlaşılmaz şəkildə Mülki Məcəllənin (icarə müqaviləsinə dair) 701 və (İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsinə dair) 705-ci maddələrini götürmüşdür. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iddia predmetini icarə haqqı tələbi deyil, səbəb olmadan İçarəçinin müqaviləni ləğvi halında müqavilə ilə müəyyən edilmiş kompensasiya tələbi təşkil edir. Bu da müqavilə öhdəliklərini vicdanla icra edən İcarəyəverənin qəfil vəziyyətlə üzləşməməsi üçün İcarəçinin müqavilə öhdəliyinin bir təminatı kimi qəbul edilməlidir. Bunun qanuni əsası kimi, Mülki Məcəllənin 460.1-ci maddəsində “öhdəliklərin icrasının müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə biləcəyi nəzərdə tutulmuşdur. Məhkəmə çıxışında tərəfimizdən bu məsələ xüsusilə vurğulanmasına baxmayaraq, məhkəmə bununla niyə razılaşmadığını bildirmək yerinə ümumiyyətlə bu arqumentimizi də görməmişdir. Göründüyü kimi, tərəflərin müqavilə öhdəliklərinə dair Mülki Məcəllənin qeyd olunan maddələrini tətbiq etməyərək maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin iddiaçı (PSİ-“X5) tərəfindən təqdim olunan sübutları “görməzdən gəlinməsi” qəbul edilməzdir. Məhkəmə yalnız cavabdehin irəli sürdüyü sübutları əsas götürərək məsələni yekunlaşdırmış və bu uyğunsuzluğu qətnamənin 59cu sətrində bu ifadələrlə bəyan etmişdir: “Yuxarıda da qeyd olunduğu kimi, qarşılıqlı iddia ərizəsinin müqavilənin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi hissəsində əsaslı olması müəyyən edildiyindən, ilk iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır.” Tərəflər arasındakı öhdəliklərin əsas mənbəyi (Fransa Mülki Məcəlləsinin yanaşması ilə, tərəflərin özləri üçün yaratdıqları qanun olan) müqavilənin açıq-aydın şərtlərini görməməzlikdən gəlmək, ümumiyyətlə iddiaçının bütün sübut və dəlillərinə hüquqi qiymət verməkdən yayınmaq və sanki iş materiallarında belə faktların mövcud olmaması kimi davranmasının heç bir hüquqi izahı yoxdur. Təsadüfi deyil ki, X11 Konvensiyasının 6-cı maddəsində "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən..,məhkəmə tərəfindən işinin..ədalətli..araşdırılması hüququna malikdir." nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, ədalətli araşdırma hüququ məhkəmə araşdırmasının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılması hüququnu özündə ehtiva edir. Dövlət daxilindəki məhkəmələr mülki işlərdə çıxardıqları qərarları əsaslandırmalıdırlar, ən azından işin nəticələri üçün önəm kəsb edən arqumentlərlə bağlı məhkəmə öz mövqeyini konkret əsaslandırmalıdır. Bunun məntiqi davamıdır ki, Strasburq Məhkəməsinin bir çox qərarında məhkəmə qərarının əsaslandırılmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Misal olaraq, Niderost-Huber İsveçrəyə qarşı işində qeyd edilmişdir ki, "Ədalət sadəcə təmin edilməməli, eyni zamanda ədalətin təmin edildiyi görülməlidir." (30-cu bənd.) Lakiin Məhkəmənin tərəflər arasında hüquqi etibarlılığı olmuş müqavilə şərtlərini, habelə hadisələrin axarında baş vermiş və mübahisənin məğzinə birbaşa təsir edən faktlara heç bir əsaslandırma olmadan hüquqi qiymət verməməsi və ümumiyyətlə “görməməsi” ilkin iddia üzrə iddiaçının prosessual hüquqlarının pozuntusu kimi qəbul edilməlidir.
6. Qarşılıqlı iddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Cavabdeh Şirkəti tərəfindən icarəyə götürülmüş yanalma körpüsündən istifadə edə bilməməsi ilə əlaqədar olaraq başqa dəniz limanına yaxınlaşmalı olması səbəbindən ona zərər dəymiş, bununla bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-faktura, elektron qaimə, habelə həmin sənədlər əsasında ödəniş edildiyini təsdiq edən sənəd təqdim etmişdir. xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsinə əsasən, “Bue Caspian” yanalma körpüsündən istifadə edilib-edilməməsindən asılı olmayaraq hər ay minimum 150 metrlik yanalma körpüsünə görə metri 5 dollardan İddiaçı MMC-yə ödəməli idi. Bu baxımdan belə qənaətə gəlmək olar ki, ən azı 09 noyabr 2022-ci il tarixinədək (xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsin xitam tarixi) “Bue Caspian” şirkəti tərəfdən İddiaçı MMC-yə davam etməli olan müntəzəm ödənişlərinə münasibətdə "xxxx" MMC-yə yanalma xidmətlərinə görə ödənilmiş 14,560 (on dörd min beş yüz altmış) manat məbləğində xərc gözlənilməz olmuş və beləliklə, “Bue Caspian” şirkətinə ən azı həmin məbləğdə ziyan vurulmuşdur. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Sözsüz ki, PSİ oktyabr ayında öz üzərinə düşən vəzifələrini lazımı şəkildə icra etsə idi, qarşılıqlı iddia üzrə iddiaçı BUE Caspian Müqavilədən kənar əlavə xərclər çəkməzdi və beləliklə, ona maddi ziyan vurulmazdı.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. İlk iddiaçı qarşılıqlı iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. Etiraz belə əsaslandırılmışdır ki, Apellyasiya şikayətinin əsas məğzi kimi göstərilmişdir ki, “iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədə icarə haqqı 150 metr üçün hər bir metri 5 dollar olmaqla müəyyən edilmiş, "xxxx" MMC tərəfindən də eyni qiymətlərlə cavabdehə xidmət göstərilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Cavabdeh Şirkəti tərəfindən icarəyə götürülmüş yanalma körpüsündən istifadə edə bilməməsi ilə əlaqədar olaraq başqa dəniz limanına yaxınlaşmalı olması səbəbindən ona zərər dəymiş, bununla bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-faktura, elektron qaimə, habelə həmin sənədlər əsasında ödəniş edildiyini təsdiq edən sənəd təqdim etmişdir. 09 noyabr 2022-ci il tarixinədək (xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsin xitam tarixi) “Bue Caspian” şirkəti tərəfdən İddiaçı MMC-yə davam etməli olan müntəzəm ödənişlərinə münasibətdə "xxxx" MMC-yə yanalma xidmətlərinə görə ödənilmiş 14,560 (on dörd min beş yüz altmış) manat məbləğində xərc gözlənilməz olmuş və beləliklə, “Bue Caspian” şirkətinə ən azı həmin məbləğdə ziyan vurulmuşdur.” Birinci instansiya məhkəməsinə yazılı təqdim etdiyimiz çıxışda açıq şəkildə bildirdiyimiz kimi yuxarıda qeyd olunan məsələlərin heç bir məntiqi və hüquqi izahı yoxdur. Hüquq nəzəriyyəsindəki uzun izahlardan belə başa düşürük ki, delikt öhdəliyinin yaranması üçün bir neçə əsas elementin mövcudluğu sübut olunmalıdır: vurulmiş ziyanın mövcudluğu, hüquqa zidd əməl, ziyan vuranın təqsiri, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə. Hazırki iddia üzrə yuxarıdakı zəruri elementlər nəinki birlikdə mövcuddur, ümumiyyətlə mövcud olmaması işin mübahisəsiz halıdır. 1. İddia olunan ziyanın mövcudluğu barədə təqdim olunan dəlillər mötəbər deyil və tələb olunan 29205 ABŞ dolları məbləğinin açıqlaması aşkar şəkildə ziddiyətlidir. Belə ki, qarşılıqlı iddia üzrə təqdim olunan xx.xx.2022-ci il tarixli İnvoice adlanan sənəddə 29205 ABŞ dolları məbləği bu şəkildə təqdim olunmuşdur: a) 19-31 oktyabr 2022 tarixlər arası başqa limanlar üzrə xərclər 9750 ABŞ dolları, b) yanacaq xərcləri 3000 ABŞ dolları və c) ekipaja görə xərclər, 12000 ABŞ dolları. Məhkəmədə tələb olunan 3000 ABŞ dolları yanacaq xərci və 12000 ABŞ dolları ekipaja görə xərclər heç bir formada dəlilləndirilməmiş, sadəcə özlərinin təsdiq etdiyi bir arayışla bu məbləğlərin təxmini aylıq istehlak əsasında hesablandığı qeyd edilmişdir. Maliyyə planlaması üzrə aydındır ki, gələcək xərclər təxmin edilə bilər, keçmiş xərclər ya vardır, ya da yoxdur. Habelə, gələcəkdə ciddi mübahisə yaradacağı başdan bəlli olan hallarda xərclər, ziyan məbləği isti-isti daha düzgün sənədləşdirilir. Mühasibatlıq uçotunun məcburi aparılmalı olan bir qurumda keçmişlə bağlı xərclərin təxmini olması sadəcə qəbul edilməzdir. Haqlı olaraq məhkəmə də qətnamənin 56-cı sətrində qeyd etmişdir ki, “56. cavabdeh qarşılıqlı iddia ərizəsində gəmi ekipajı və sərnşinlərin vaxtında endirilməməsi səbəbindən əlavə maaş ödənildiyini, gəminin başqa limana aparılması üçün yanacaq xərcinin yarandığını göstərsə də, tələbin bu hissəsi ilə bağlı ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmişdir.” Ayrıca qeyd etmək istərdim ki, qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə 19- 31 oktyabr 2022 tarixlər arası başqa limanlar üzrə xərclərinin 9750 ABŞ dolları (1.7AZN ekvivalenti ilə, 16575 AZN) məbləğində hesablamışdır. Maraqlı və qəribə hal budur ki, məhkəməyə təqdim olunan sənədlərdən, (invoice-dan iki gün əvvəl) Delta ASM şirkətinin xx.xx.2022-ci il tarixli qiymət təklifinə əsasən əvvələ-oktyabr ayında bu üç gəmi üzrə 14560 manat məbləğində qiymət təklifi verdiyi müəyyən olunur. Burada, xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddiaçının “xərclərindən” əlavə 2000 manat tələb etməsi bir daha aydın göstərir ki, qarşı tərəf suni/uydurma vəziyyət yaradaraq müqavilənin icrasından yayınmağa çalışmışdır və hazırda da müqavilə öhdəliklərinin yayınmasına hüquqi qılıf axtarmaqdadır. 2. İddia olunan zərər məbləğinin yaranmasına əsas kimi göstərilir ki, güya qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı MMC müqavilə öhdəliklərini icra etməyib və iddiaçı da başqa şirkətlərin xidmətlərindən yararlanma məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim olunmuş sənədlərin təhlilindən aydın olur ki, həmin dövrdə BUE İnternationala məxsus 3 gəmiyə (Caspian Reliance, Challenger və Pride) başqa yanalma körpülərində xidmət olunmuşdur. Qarşılıqlı iddianın bir hissəsini təşkil edən Caspian Reliance gəmisinin gəlməsi barədə xx.xx.2022-ci il tarixli e-mail və davamında baş verən hadisələr barədə apellyasiya şikayətində ətraflı mövqe bildirilmiş və həmin e-mailin müqavilədə nəzərdə tutulmuş xidmət sorğusu mahiyyətində olmadığı tam sübut olunmuşdur. Habelə, digər iki- Challenger və Pride gəmilərinin yanalma körpüsünə yaxınlaşması barəsində ümumiyyətlə qarşılıqlı iddia üzrə cavabdehə heç bir xidmət sorğusunun verilmədiyi məhkəmə iclaslarında qarşılıqlı iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmişdir. Qəribə hal budur ki, xx.xx.2022-ci il tarixdə saat 17.15-də iddiaçının direktoru Oktay Məmmədov (**********) cavabdehin rəhbəri Qanuni nümayəndə (**********) sms yazaraq müqavilənin icrasında maraqlı olduqlarını və 7/24 müştərisinin qulluğunda olduğunu (“We are at your service 7/24.”) bəyan etməsinə baxmayaraq, nə şifahi, nə müqavilədə göstərilmiş qaydada, nə də hər hansı müqavilədən başqa formada Challenger və Pride gəmilərinə xidmət olunmasına dair ümumiyyətlə heç bir sorğu verilməmişdir. Birisi mübahisəli, digər ikisi barədə ümumiyyətlə xəbərdar olunmadığı qarşı tərəfcə də etiraf edilən bir məsələyə görə necə və hansı əsasla Port Service İnternational MMC məsuliyyət daşıya bilər? Təmsil etdiyim hüquqi şəxsin hüquqa zidd davranışı olmamış, məntiqi olaraq iddia olunan bu xərclərin yaranması ilə heç bir səbəbli əlaqəsi yoxdur. Bu hissədə məhkəmənin mövqeyi qətnamənin 57 və 58-ci sətrlərdə qeyd edilmişdir ki, “57. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. 58. Hazırkı halda cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.” Əlavə olaraq qeyd edilməsi zəruridir ki, məhkəmə qarşılıqlı iddianı bu hissədə rədd edərkən ilkin iddiaya dair öz mövqeyi ilə təzadlı duruma düşmüşdür. Məhkəmə qarşılıqlı iddianı bu hissədə rədd edərkən, 57-ci sətrdəki mövqeyi ilə, (apellyasiya şikayətimizdə ətraflı xronoloji ardıcıllıq şəklində göstərilmiş) baş verən hadisələrdə cavabdehin- ilkin iddia üzrə iddiaçının təqsirinin olmadığını qəbul etmiş olur. Güman edirik ki, məhz bu təzadlı vəziyyətə görə məhkəmə də ilkin iddianı təmin etməməsi barədə mövqeyini ümumimiyyətlə əsaslandırmamış və 59-cu sətrdə qeyd etdiyi kimi, “əlavə əsaslandırmağa lüzum görməmişdir.”
9. Qarşılıqlı iddiaçı ilk iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
10. Etiraz belə əsaslandırılmışdır ki, qarşı tərəf iş üzrə halları qərəzli şəkildə yanlış şərh edir və məhkəməyə təqdim edilmiş apellyasiya şikayətində göstərilmiş hadisələrin xronologiyasında və ümumiyyətlə apellyasiya şikayətinin məzmununda yanlış olaraq PSİ şirkəti tərəfindən xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsinin (bundan sonra “Müqavilə”) müddətinin sonuna qədər qüvvədə olması üçün hər cür səy göstədiyini və müqavilənin ləğv edilməsi “mövcud olmayan və uydurma” səbəbdən baş verdiyini qeyd etmişdir. Qarşı tərəf apellyasiya şikayətində göstərir ki “gəminin gəlməsindən iddiaçının birbaşa və dolaylı olaraq xəbəri olmamış, habelə iddiaçının qanuni təmsilçisinin müqavilənin icrasına dair bütün cəhdlərinə baxmayaraq xx.xx.2022‐ci il tarixdə gəlmiş gəmi ilə bağlı ona sonradan da heç bir məlumat verilməmişdir”. Daha sonra isə qeyd olunur ki “Normal sivil dünyada tərəflər maraqlı olduqları müqavilə münasibətlərinin düzgün istiqamətdə işləməsi və öhdəliklərin lazımi qaydada icrası üçün bir‐birlərinə kömək edirlər. Bu‐ qədim Roma hüququndan bizə miras qalan PACTA SUNT SERVANDA (ƏHDƏ VƏFA) prinsipindən gəlir ki, mülki dövriyyənin əsasını təşkil edən məqamlardandır. Hansı ki, bu təməl hüququ prinsipi bizim qanunvericilikdə Mülki Məcəllənin 425.2‐ci maddəsində öz əksini tapmışdır: “öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Yuxarıdakılarla bağlı qeyd etmək istəyirik ki, BUE Caspian şirkəti həmişə öz gəmilərin vaxtında icarəyə götürmüş yanalma körpüsünə daxil olması üçün Müqaviləyə uyğun olaraq e-mail vasitəsilə PSİ şirkətinə məlumat vermişdir. Bu kimi xəbərnamələrin hər zaman e-mail üzərindən göndərilməsi işin mübahisə edilməyən halıdır – qarşı tərəfin vəkili və nümayəndəsi Qasım Şalıyev işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə məhkəmə iclaslarında bunu dəfələrlə təsdiq etmişdir. PSİ şirkətinin direktoru Oqtay Məmmədov özü tərəfindən imzalanmış və məhkəməyə 09 fevral 2024-cü tarixdə elektron məhkəmə portalına yüklənilmiş yazılı izahatda göstərilmişdir ki, “həqiqətən də, proseslərin operativ olması üçün xidmət sorğuları, əsasən müqavilədə qeyd edilən (əməliyyat direktorumuza məxsus) Elektron ünvan 1 və (müqavilədə qeyd edilməsə də, işgüzar prosesin sənədləşdirilməsi üçün əməliyyat komadasının sərəncamında olan) Elektron ünvan 2 elektron poçtuna göndərilmiş, bəzən isə hüquqi şəxsin rəhbərinin Elektron ünvan 3 (“to” və ya “cc” statusu ilə) elektron poçtuna göndərilmişdir”. Həmin izahatda göstərilən elektron poçt ünvanları tərəflər arasında bağlanmış Müqavilənin 20.1ci bəndinin (i) hissəsində göstərilən məlumatlara tam uyğundur. Məhkəməyə BUE Caspian tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər Elektron ünvan 3 və Elektron ünvan 1 ünvanlarına göndərilmişdir. 28 fevral 2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə keçirilmiş məhkəmə iclasında iş üzrə cəlb edilmiş İT mütəxəssisin iştirakı ilə bildirişlərin həqiqətən də qeyd edilən vaxtda və göstərilən ünvanlara göndərilməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Müqavilənin 20.2-ci bəndinə əsasən, hər hansı bildiriş e-poçt və ya faks vasitəsilə göndərildikdə, onlar artıq göndərmə zamanı digər tərəfə təqdim edilmiş sayılmalıdır. Qarşı tərəf həmin bildirişlərin onlara çatmadığını qeyd etsə də, əvvəla onlar Müqavilənin şərtlərinə görə “təqdim edilmiş kimi” qəbul edilməlidir. Bundan başqa, nəinki qarşı tərəfin elektron poçt hostinqi işləmirdi, həm də Müqavilədə göstərilən ofisinin fiziki ünvanında yerləşən fiziki ofisi də bağlı olmuş və həmin ünvana məktublar da çatmırdı - bütün korrespondensiyanın eyni məzmunda PSİ şirkətinin Müqavilənin 20.1-ci bəndinin (i) hissəsində rəsmi ünvan kimi göstərilmiş Azərbaycan Respublikası, AZ1025, ünvan 2 ünvanına da göndərilməsi cəhdi edilmiş, lakin ofisin bağlı olunması və ünvanda heç kəsin olmaması səbəbindən kuryer xidmətlərinin göstərilməsi üçün dövlət tərəfindən verilmiş rəsmi lisenziyası olan kuryer şirkəti tərəfindən geri qaytarılmışdır. Qarşı tərəfin vəkili və nümayəndəsi Qasım Şalıyevin apellyasiya şikayətində göstərdiyi və güya BUE Caspian şirkətinin vicdanlı olmadığını işarəliyən “fakt” – (qeyd edir ki “Vəkil araşdırması çərçivəsində həmin ünvana 9 saylı Poçt Şöbəsindən xx.xx.2023‐cü il tarixdə göndərdiyim sifarişli məktub (SS341362006AZ) xx.xx.2023‐cü il tarixdə ünvan 3 ünvanına çatmışdır”.) – yəni vəkilin məlum hadisələrdən bir il sonra və BUE Caspian şirkətinə qarşı məhkəmədə iddia verildiyindən sonra göndərdiyi məktubun ünvan 3 ünvanına çatması faktı – ümumiyyətlə absurddur – məsələ budur ki, hadisələrin baş verdiyi dövrdə - 2022-ci ilin oktyabr ayında həmin ünvanda yerləşən PSİ şirkətinin ofisi fəaliyyət göstərmirdi. Bundan başqa, iş üzrə "xxxx" MMC təfindən təqdim edilmiş cavab məktubuna əlavə edilmiş məlumatlardan görünür ki, Müqavilənin 20.1-ci bəndində göstərilən və PSİ şirkətinin rəsmi komunikasıya üsulu kimi təqdim edilmiş +**********00 mobil nömrəsi oktyabr ayında aktiv deyildi, nömrə üzrə son zəng və mesajlar barədə məlumatlar yay aylarına təsədüf edir. Sual yaranır, poçt hostinqini və rəsmi komunikasiya üsulu kimi razılaşdırılmış əlaqə nömrəsini işlək vəziyyətdə saxlaya bilməyən və fiziki ofisi bağlı olan tərəf necə PACTA SUNT SERVANDA (ƏHDƏ VƏFA) prinsipindən söhbət aça bilər?! Hesab edirik ki, məhz PSİ şirkəti öz “rəsmi” ofisində fiziki olaraq heç kəsin olmaması, rəsmi e-mail ünvanlarının normal qaydada işlədilməsinə və gələn məktublarının alınmasına laqeyd yanaşması, Müqavilədə göstərilən rəsmi +**********00 mobil nömrəsinin aktiv olmaması səbəbindən AR MPM-in 425.2-ci maddəsində göstərilən qayğı göstərməmiş və bu da öz növbəsində Müqaviləni əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. İİ. Qarşı tərəf apellyasiya şikayətində qeyd edir ki “cavabdehin xx.xx.2022‐ci il tarixdə gələn gəmi barəsində (hər hansı obyektiv və ya subyektiv səbəbdən) işləməyən bir elektron poçt və mobil nömrə yerinə, cavabdehin bütün rəhbər şəxslərinə məlum olan (iddiaçının qanuni təmsilçisi Oktay Məmmədova məxsus) ********** mobil nömrəsi vasitəsilə müqavilənin icrası ilə bağlı əlaqə qurulmasından qərəzli şəkildə yayınmasını Məhkəmə araşdırmamışdır”. Görünür ki, qarşı tərəf apellyasiya şikayətində BUE Caspian şirkətinin e-poçt göndərməkdən başqa gəminin gəlişi barədə məlumat verməyə cəhd etməməsini işarə etməyə çalışır. Lakin, məsələ orasındadır ki, aşağıda qeyd olunan səbəblərə görə bu qərəzli və yanlış bir fikirdir: (a) xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər həmçinin də PSİ üçün autsors kimi mühasibatlıq və hüquqi xidmətlərini göstərən Amina Alibalayevaya da göndərilmişdir (“cc” statusu ilə). İş üzrə PSİ şirkətinin nümayəndəsi və vəkili özü tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, BUE Caspian Elektron ünvan 4 ünvanına xitam məktubu göndərə bilər. Bundan əlavə, PSİ nümayəndəsi və vəkili Qasım Şalıyev birinci instansiya məhkəməsində Ülviyyə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə baxışı iclasında qeyd etmişdir ki, Amina Alibalayeva həmin dövrdə PSİ üçün autsors xidmətlər göstərmişdir. Əlavə olaraq, iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə (hadisədən cəmi 6 gün əvvəl!) Amina Alibalayeva BUE Caspian şirkətinin direktoru olan Aleks Drozdova rəsmi şəkildə müraciət edir. Yuxarıda qeyd edənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Amina Alibalayeva ən azı xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri aralığında PSİ şirkəti üçün autsors mühasibatlıq və hüquqi xidmətlər göstərmiş və onun xətta xitam məktubu kimi vacib bir sənədin alınması səlahiyyəti olmuşdur. Linkedin sosial şəbəsində Amina Alibalayevaya məxsus və ictimaiyyətə açıq olan profil səhifəsindən - https://www.linkedin.com/in/amina-alibalayeva- 15a669211/ - görünür ki, Amina xanım 2022-ci ilin avqust ayından – 2023-cü ilin oktyabr ayına qədər “SAMADOW Law and Audit” şirkətində departament rəhbəri vəzifəsində çalışmışdır. PSİ şirkətinin ümumi davranışından məlum olur ki, ilkin iddia üzrə iddiaçının onun işindən hər hansı narazılığı olmayıb, əksinə, aydın olur ki PSİ şirkətinin rəhbərliyi ona qarşı tərəf ilə hüquqi əhəmiyyətli sənədlərin mübadiləsində iştirak etmək üçün səlahiyyət vermişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xitam məktubu olan xx.xx.2022-ci il bildirişi Amina Alibalayevaya çatdırılmışdır. Əgər BUE Caspian şirkəti PSİ şirkətinin nümayəndəsi və vəkili apellyasiya şilkayətində qeyd etdiyi kimi, Müqavilədən qaçmaq üçün “suni səbəb” axtarırdısa, nəyə görə yuxarıda qeyd edilən rəsmi məktubları qarşı tərəfin mənafeləri üçün çalışan peşəkara göndərsin?! Qarşı tərəfin vəkili və nümayəndəsinin şübhəli xarakter daşıyan digər faktlardan (məsələn, şirkətin maliyyə direktoru ilə aparılan şəxsi vatsapp yazışmadan bəzi parçalar) fərqli olaraq bu faktı ümumiyyətlə şərh etmədiyi göz qabağındadır. (b) PSİ şirkətinin vəkili və nümayəndəsi apellyasiya şikayətində tez-tez Oqtay Məmmədova məxsus +**********07 mobil nömrəsini qeyd edir və həmin mobil nömrəsi vasitəsilə müqavilənin icrası ilə bağlı əlaqə qurulmasından qərəzli şəkildə yayınmasını vurğulayır. Əvvəla nəzərə alınmalıdır ki, +**********07 mobil nömrəsi Müqavilədə göstərilən rəsmi +**********00 mobil nömrəsindən fərqli olaraq, şəxsi mobil telefon nömrəsidir və heç vaxt işgüzar komunikasiyanın qurulması və xidmət sorğuların verilməsi üçün istifadə olunmayıb. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Müqavilənin 20.2-ci bəndinin tələblərinə əsasən, digər tərəfə veriləcək bütün bildirişlər və digər xəbərlər yazılı şəkildə olmalı idi. Məhz buna görə də PSİ şirkətinin vəkili və nümayəndəsi tərəfindən məhkəmə baxışı iclası zamanı səsləndirdiyi “şəxsi telefonuna zəng edib məlumat verə bilərdiz” kimi arqumenti tamamilə əsassızdır. BUE Caspian Xəzər dənizində çoxsaylı ofşor dəstəyi gəmilərdən ibarət olduqca nəhəng bir donanmanı idarə edir və məhz buna görə də, riayət etdiyi işgüzar davranış qaydalarına görə effektiv kommunikasiyanın aparılması və potensial mübahisələrin qarşısını almaq məqsədi ilə hər yeni kontragentlə bağlanmış müqavilənin mətnində komunikasiya üsullarını əvvəlcədən qarşı tərəf ilə razılaşdırır. Bundan başqa xidmət bildirişlərini (məs. gəminin yaxınlaşması barədə) şirkətin rəhbər vəzifələrdə çalışan şəxslər deyil, əməliyyat koordinatorları tərəfindən verilir, məsələn, xx.xx.2022-ci il tarixli xidmət sorğusunu şirkətinin əməliyyat koordinatoru Ellada Rəhimova tərəfindən verilmişdir. BUE Caspian şirkətinin rəhbərlərinin üzərinə hər bir gəminin dəniz limanına yaxınlaşdıqda (+**********07 şəxsi telefon nömrəsi yalnız rəhbər şəxslərə məlum idi) Oqtay Məmmədovun şəxsi mobil telefonu olan +**********07 nömrəsinə zəng etmək kimi bir vəzifənin qoyulması tamamilə absurddur. İİİ. İşin bütün təfərrüatlarını əlaqəli şəkildə nəzərdən keçirsək, belə bir nəticəyə gəlmək olar ki, PSİ şirkətinin Müqavilənin Müqavilədə razılaşdırılmış müddətə qədər onun üzərinə düşən vəzilələrin vicdanlı şəkildə icra etmək əvəzinə Müqavilənin icrasına yuxarıda ətraflı qeyd olunmuş tərzdə laqeyd yanaşmaqla yanaşı öz üzərinə düşən vəzifələrini icra etməmiş və nəticədə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Yaranmış vəziyyətdə, BUE Caspian-nın Müqaviləyə xitam verilməsindən başqa çarəsi qalmamışdır. Ümumiyyətlə, PSİ şirkətinin direktorunun şəxsi danışıqlar üçün nəzərdə tutulmuş mobil nömsəsinə BUE Caspian şirkətinin rəhbər şəxslərdən birinin zəng edə biləcəyini və bu baş vermədiyi üçün BUE Caspian şirkətinin qarşı tərəfə bir milyon dollardan çox cərimə ödəməli olması barədə mövqeyi tənqidlərə tab gətirmir. Hesab edirik ki, BUE Caspian şirkətinin əməkdaşları xidmət sorğusunu və növbəti bildirişləri PSİ şirkətinin Müqavilədə nəzərdə tutulmuş e-mail ünvanlarına göndərdikləri ilə yanaşı, PSİ şirkətinin fiziki ofisin ünvanına eyni məzmunda sənədlərin göndərilməsi cəhdi və eyni zamanda bu sənədlərin PSİ şirkətinin mənafeləri üçün çalışan, onun üçün autsors xidmətləri göstərən və BUE Caspian şirkətinin rəsmilərinə səlahiyyətli nümayəndə kimi təqdim edilən və əhəmiyyətli sənədlərin mübadiləsində şəxsən iştirak edən Amina Alibalayevaya uğurlu çatdırılması istiqamətində hərəkətləri Azərbaycan Respublikasının Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulmuş “öhdəliklərin icrası zamanı vicdanlılıq” prinsipinə riayyət edilməsinin nümunələridir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətin və etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
12. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin və etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, ilkin iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
15. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
20. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
25. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
26. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (560.3.2).
27. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
29. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərinin qətnamənin ilkin və qarşılıqlı iddialara aid hissədə ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İşin mübahisəsiz faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında xx.xx.2021-ci il lövbər icarəsi və xidmətləri müqaviləsi bağlanılmışdır. xx.xx.2021-xx.xx.2022 dövrü üzrə qarşılıqlı iddiaçıya bu müqavilənin icrası çərçivəsində 63 e-qaimə təqdim olunmuş və həmin xidmətlərin qarşılığı ödənilmişdir. Qarşılıqlı iddiaçı tərəfindən 19 oktyabr 2022-ci il tarixdə PSİ şirkətinin müqavilədə xüsusi göstərilmiş səlahiyyətli şəxslərinə e-mail vasitəsilə gəminin PSİ limanında yanalma imkanı ilə bağlı məlumat verilməsinə dair sorğu göndərilmişdir.
34. İlkin iddiaçının mövqeyinə görə müqavilənin icrası ilə bağlı ona məlumat verilməmişdir. Elektron poçt vasitəsilə hər hansı xidmət sorğusu daxil olmamış, o cümlədən telefon zəngləri olmamışdır. 2022-ci ilin oktyabr ayının sonunda qarşılıqlı iddiaçı tərəfindən faktiki olaraq icarə münasibətləri və icarə haqlarının ödənişləri dayandırılmaqla müqavilə öhdəlikləri pozulmuşdur. Nəticədə qarşılıqlı iddiaçı bağlanmış icarə və xidmət müqaviləsindən əsassız olaraq birtərəfli qaydada imtina etdiyindən ilkin iddiaçı 2026-cı il tarixədək olan icarə haqqını (1026750 ABŞ dolları əsas borc, X12 qismində 184815 ABŞ dolları) qarşılıqlı iddiaçıdan tələb etmişdir.
35. Qarşılıqlı iddiaçının mövqeyinə görə isə işin halları ondan ibarətdir ki, xidmət sorğusu 19 oktyabr 2022-ci il tarixdə PSİ şirkətinə göndərilməsinə baxmayaraq, icarəyə verən tərəfindən buna heç bir reaksiya verilməmiş, beləliklə yaxınlaşan gəminin müqavilə şərtlərinə uyğun şəkildə yanalma körpüsündə PSİ şirkətinin əməkdaşları tərəfindən qarşılanması, bərkidilməsi, gəminin ekipajının və sərnişinlərinin endirilməsi mümkün olmamışdır. Bundan əlavə, icarəyə verənin səlahiyyətli şəxslərin telefon rabitə vasitəsilə dəfərərlə əlaqə saxlamağa cəhd göstərilsə də, bu heç bir nəticə verməmişdir. Nəticə etibarilə, ekipaja gəminin başqa dəniz limanında saxlamasına tapşırıq verilmiş, BUE Caspian şirkəti bununla bağlı gözlənilməyən əlavə xərclər çəkmişdir.
36. Qarşılıqlı iddiaçı hesab edir ki, ilkin iddiaçı müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə birtərəfli qaydada müqaviləni ləğv etdiyindən, məhkəmə bu halı təsbit etməli və vurulmuş zərərin əvəzini ona ödəməlidir. Həmçinin bu əsasa dayanaraq ilkin iddiaçının tələb etdiyi istifadə edilməmiş icarə haqqı məbləğinin ondan tutulmasının qanunsuz olmasını hesab edir.
37. Göründüyü kimi tərəflər arasında icarə və xidmət müqavilələrindən ibarət qarışıq müqavilə bağlanmış və müvafiq olaraq icarə və xidmət sahələri üzrə mülki hüquq münasibətləri yaranmışdır. İlk iddiaçı qarşılıqlı iddiaçı tərəfindən müqavilənin 19.3.5-ci bəndinin tələbini nəzərə almadan əsassız olaraq birtəfəli qaydada müqavilə münasibətlərindən imtina edildiyini əsas gətirərək icarə haqqı barədə tələb irəli sürmüşdür.
38. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
39. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
40. Mülki Məcəllənin qeyd edilən normalarının məzmunundan görünür ki, qanun birtərəfli formada müqavilədən imtina imkanını tərəflərin razılaşmasına həvalə etmişdir. Hazırkı işdə tərəflər müqavilənin 19.3.4 və 19.3.5-ci bəndlərində müqavilədən birtərəfli qaydada imtinanın şərtini belə razılaşdırmışlar ki, icarəçi istifadə edilməmiş müddət üçün icarə haqqını ödəməklə 30 gün xəbərdarlıq müddətindən sonra müqaviləni birtərəfli qaydada ləğv edə bilər. (52-ci abzasda müqavilənin 19.3.4 və 19.3.5-ci bəndlərinin məzmunu qeyd edilmişdir.)
41. Qarşılıqlı iddiaçı isə müqavilənin 19.1.1-ci bəndinə əsaslanaraq, ilkin iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozmasını və nəticədə zərər çəkdiyini iddia edir.
42. Müqavilənin 19.1.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əhəmiyyətli pozuntu elə bir pozuntudur ki, onun aradan qaldırılması qeyri-mümkün olsun və ya pozuntunu törədən həmin tərəf qarşı tərəfin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində bu pozuntunu aradan qaldıra bilməsin.
43. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
44. Mübahisənin həll edilməsi üçün müqavilənin kim tərəfindən pozulmasının, yəni müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməməsinin müəyyən edilməsi zəruridir. Bunun nəticəsində müqavilənin 19.1.1 və ya 19.3.5-ci bəndlərinin hansının mübahisəyə tətbiq edilməsi aydın olacaq.
45. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında xx.xx.2021-ci il lövbər icarəsi və xidmətləri müqaviləsi bağlanılmışdır. Hər iki iddiaçı sözügedən müqavilənin şərtlərinin pozulduğunu iddia edir.
46. Müqavilənin 2.1-ci bəndinə əsasən, icarənin məqsədi olaraq - yanalma yeri, yəni gəmilərin yanalma və onlara xidmət göstərilməsi, gəminin ekipajının və sərnişinlərinin mindirilməsi, endirilməsi, habelə bu Müqavilənin qüvvədə olduğu müddətdə yanacağın yüklənməsi və boşaldılması, qida və digər əşyalar kimi digər qanuni yükdaşıma əməliyyatlarının aparılması məqsədi ilə icarəyə verilməsi olaraq nəzərdə tutulmuşdur.
47. Müqavilənin 2.10-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə-4"-də sadalanan yanalma körpüsünün istifadəsi ilə bağlı sahil xidmətləri (“Xidmətlər") BUE Caspian şirkətinin tələbi əsasında müstəsna olaraq İddiaçı tərəfindən Əlavə 3-də göstərilən xidmət haqları nəzərə alınmaqla ("Xidmət haqqı") BUE Caspian şirkəti üçün göstərilir. Həmin xidmətlərə gəmilərin icarəyə götürülmüş yanalma körpüsünə yanalması və digər xidmətlər aiddir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə-4”-ün 3-cü bəndində konkret qeyd olunur ki, heç bir halda icarəyə götürən icarəyə verənə əvvəlcədən yazılı müraciət etmədən gələn gəmilərə özü və ya üçüncü tərəf podratçılara hər hansı Xidmətlər göstərməməlidir.
48. Bundan əlavə, Müqavilənin 2.13-cü bəndinə əsasən, tərəflər Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə-2"-də əks olunan və PSİ şirkətinin özü tərəfindən tərtib edilmiş «PSİ Yanalma Prosedurları»-a riayət edilməsini öz öhdələrinə götürmüşlər. Həmin «PSİ Yanalma Prosedurları»-nın müvafiq 5-ci və 6-ci bəndləri ilə gəmilərin icarəyə götürülmüş yanalma körpüsünə BUE Caspian şirkətinə aid gəmilərin yaxınlaşdıqda minimum 4 saat qabaqcadan icarəyə verənin yanalma körpüsündə olan əməliyyatçılara məlumat verməsi, onlardan gəminin yanalması üçün icazənin alınması kimi BUE Caspian şirkətinin vəzifələri nəzərdə tutulmuşdur. «PSİ Yanalma Prosedurları»-nın 5.4-cü bəndi ilə icarəyə verənin əməliyyatçılarının icarəyə götürənə aid gəminin yanalma körpüsünə bağlanması üçün müvafiq komandanın yaradılması vəzifəsi müəyyən olunur.
49. Beləliklə, müqavilənin 2.10, 2.13-cü bəndləri və Müqavilənin ayrılmaz tərkib hissələri olan "Əlavə-2”, "Əlavə-3", "Əlavə-4"-də göstərilən şərtlərin mahiyyətindən belə nəticəyə gəlmək olar ki, müqavilənin predmeti tək "yanalma körpüsünün icarəsi"-ndən ibarət deyil, həmçinin də gəmilərin PSİ şirkətindən icarəyə götürülmüş yanalma körpüsünə BUE Caspian şirkətinə aid gəmilərinin qarşılanması, yanalma körpüsünə bağlanması, gəminin ekipajının və sərnişinlərinin mindirilməsi, endirilməsi kimi xidmətlərinin PSİ şirkəti tərəfindən müstəsna olaraq BUE Caspian şirkətinə göstərilməsindən ibarətdir.
50. xx.xx.2021-ci il tarixli müqavilənin 19.1.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əhəmiyyətli pozuntu elə bir pozuntudur ki, onun aradan qaldırılması qeyri-mümkün olsun və ya pozuntunu törədən həmin tərəf qarşı tərəfin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində bu pozuntunu aradan qaldıra bilməsin.
51. xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsinin xitam verilmə əsasları 19.3-cu bəndində nəzərdə tutulmuşdur.
52. Belə ki, xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsinin: 19.3.1-ci bəndinə görə burada təqdim olunan müxtəlif hüquqlar və müdafiə vasitələri məcmu xarakter daşıyır və tərəflərin hər hansı digər hüquq və müdafiə vasitələrinə əlavə olaraq, tətbiq olunan qanunda başqa hal nəzərdə tutulmadıqda, həyata keçirmək hüququ ola bilər. Belə hüquqlardan və ya müdafiə vasitələrindən birinin və ya bir neçəsinin həyata keçirilməsi heç bir tərəfin qanunla və ya ədalətli şəkildə hər hansı digər hüquq və ya müdafiə vasitələrindən istifadə etmək hüquqlarını pozmur. 19.3.2-ci bəndinə görə bu müqavilənin ləğvi heç bir tərəfi əvvəllər yaranmış və xitam verildiyi tarixdə yerinə yetirilməli olan hər hansı öhdəlik, borc və ya öhdəlikdən azad etməyəcək. 19.3.3-cü bəndinə görə bu bölməyə uyğun olaraq bu müqavilə ləğv edildikdən sonra altmış (60) təqvim günü ərzində hər bir tərəf bu müqavilənin müddəalarına uyğun olaraq digər tərəfə ödənilməli və ödənilməli ola biləcək bütün məbləğlərin uçotunu aparmalıdır. Hər hansı belə balansın ödənilməsi üçün ödəniş hər bir hesabat təqdim edildikdən sonra otuz (30) gün ərzində həyata keçirilir. 19.3.4-cü bəndinə görə, müqavilənin müddəti ərzində istənilən vaxt, bu muqavilə icarəçi tərəfindən icarəyə verənə 30 gün əvvəl yazılı bildiriş göndərilməklə, heç bir səbəb olmadan icarəçi tərəfindən ləğv edilə bilər. 19.3.5-ci bəndinə görə müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt icarəçi bu Müqavilənin “icarəyə götür və ya ödə” xarakteri nəzərə alınmaqla, istifadə olunmamış müddət üçün ödənilməmiş İcarə haqqını ödəməklə icarəçi 30 gün əvvəl icarəyə verənə yazılı xəbərdarlıq edərək, bu müqavilə heç bir səbəb olmadan icarəyə götürən tərəfindən ləğv edilə bilər. 20.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində digər tərəfə veriləcək bütün bildirişlər və digər məlumat yazılı şəkildə olmalı və şəxsən və ya poçt, elektron poçt, kuryer və ya faks vasitəsilə həmin tərəfin ünvanına çatdırılmalıdır.
53. Göründüyü kimi müqavilənin 19.3.5-ci bəndində icarəçi müqavilənin qüvvədə olduğu müddət ərzində istifadə olunmamış müddət üçün ödənilməmiş icarə haqqını ödəməyi və 30 gün əvvəl icarəyə verənə yazılı xəbərdarlıq etmək öhdəliyi götürmüşdür.
54. Hazırkı halda isə cavabdeh (qarşılıqlı iddiaçı) müqavilənin 20-ci bəndinin şərtini pozaraq ilkin iddiaçıya sadəcə elektron poçt ünvanına gəminin limana yan alması barədə qısa məzmunlu məlumat xarakterli məktub göndərməklə kifayətlənmişdir. Sözügedən maddədə məlumatlandırmanın başqa formaları da nəzərdə tutulsa da, qarşılıqlı iddiaçı yalnız ilkin iddiaçının elektron poçt ünvanının işləmədiyini bilə-bilə xx.xx.2022-ci il tarixdə sözügedən məlumat xarakterli məktubu göndərmişdir.
55. Halbuki iş materiallarında olan cavabdehin təchizat üzrə məsul şəxsi Cəbrayıl Əskərov tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11.09-da ilkin iddiaçının əməkdaşı Əminə Əlibalayevanın elektron poçt ünvanına göndərilmiş məktubun mətnindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilədə əlaqələndirici Elektron ünvan 5 elektron poçt ünvanın və digər əlaqə ünvanı Elektron ünvan 6 işləmədiyini öncədən bilmişdir. Cavabdehə sözügedən elektron ünvanın xx.xx.2022-ci il tarixdən işləmədiyi bəlli olsa da, müqavilənin 20.1-ci bəndində nəzərdə tutulmuş digər məlumatlandırma vasitələrindən istifadə etməmişdir.
56. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçının direktoru Oktay Məmmədov (**********) ilə cavabdehin rəhbəri Qanuni nümayəndə (**********) arasında arasında xx.xx.2022-ci il saat 16.46-da mobil telefon vasitəsilə 66 saniyə danışıq olmuşdur. (Azercell Telecomun çıxarışı) Bundan əlavə cavabdehin Maliyyə Müdiri və icarə müqaviləsini cavabdeh adından imzalamış şəxs Simon Mountfort (**********) Whatsapp şəbəkəsi vasitəsi ilə Oktay Məmmədova xx.xx.2022-ci il saat 16.51-də “Niyə Aleksə zəng edirsən?” məzmununda mesaj yazmışdır.
57. Cavabdehin təchizat üzrə məsul şəxsi Cəbrayıl Əskərov (**********) iddiaçının direktoru Oktay Məmmədova (**********) arasında xx.xx.2022-ci il saat 12.12-də 28 saniyə danışıq olmuş, zəngdən 2 saat sonra isə, yəni xx.xx.2022-ci il saat 14.22-də elektron poçt ünvanının işləmədiyindən artıq məlumatlı olan cavabdehin təchizat üzrə məsul şəxsi Cəbrayıl Əskərov tərəfindən elektron poçt ünvanına e-mail yazılaraq iddiaçı ilə telefon və e-mail vasitəsi ilə əlaqə saxlanılmasının mümkünsüzlüyü bildirilir.
58. Məhkəmə iclasında Cəbrayıl Əskərov bildirdi ki, həmin telefon danışığının nə məzmunda olmasını xatırlamır, lakin həmin danışıq işlə bağlı olmamışdır. Belə ki, çalışdığı şirkətin daxili qaydalarına görə işlə bağlı danışıqlar yalnız rəsmi telefon nömrələri və ya elektron qaydada aparılmalıdır.
59. Eyni zamanda, Cəbrayıl Əskərov bildirdi ki, Oktay Məmmədovla şəxsi tanışlığı olmamışdır.
60. Məhkəmə kollegiyası hesab edir ki, Cəbrayıl Əskərovun izahatı qeyri-səmimidir və yuxarıda qeyd olunan telefon danışığı məhz tərəflər arasında olan müqavilədən irəli gələn işlərlə bağlı olmuşdur. Çünki, onun özünün etirafına görə Oktay Məmmədovla şəxsi tanışlığı olmamışdır.
61. Həmçinin, cavabdeh müqavilədə +**********00 əlaqə telefonunun olmasını bildiyi halda həmin nömrə ilə əlaqə saxlamamış, elektron poçt ünvanlarına məlumatın çatdırılmama haqqında bildirməmişlər.
62. Qarşılıqlı iddiada qeyd edilmişdir ki, icarəyə verənin səlahiyyətli şəxslərin telefon rabitə vasitəsilə dəfərərlə əlaqə saxlamağa cəhd göstərilsə də, bu heç bir nəticə verməmişdir. O, telefon zənglərini təsdiq edən ekran görüntüləri ərizəyə əlavə etmişdir.
63. Ekran görüntülərindən görünür ki, müqavilədə qeyd edilən nömrəyə, yəni 051 205 28 00 nömrəyə edilən zəngin tarixi 1 və 3 noyabr 2022-ci il tarixləridir. İş materiallarının 1-ci cildinin 41-ci səhifəsində olan görüntüdən isə nə nömrə, nə də tarix görsənir. Göründüyü kimi qarşılıqlı iddiaçının ərizəyə əlavə etdiyi sübutlar ilkin iddiaçıya zəng etməyə cəhdi təsdiq etməmişdir. Əksinə bu sübutlar qarşılıqlı iddiaçının yanalma məsələsindən sonra noyabr ayı ərzində əlaqə saxlamasını təsdiq edir. Bu hal isə qarşılıq iddianın əsaslılığı baxımından heç bir əhəmiyyət kəsb etmir. Qarşılıqlı iddiaçı noyabr ayında zəng edə bilirsə, oktyabr ayında da zəng edə bilərdi, lakin bu hal iş materialları ilə müəyyən edilmir.
64. Eyni zamanda, müqavilədə nəzərdə tutulmamış ilk iddiaçının əməkdaşının elektron ünvanına elektron poçt ünvanlarına məlumatın çatdırılmaması haqqında 1 aydan sonra, yəni xx.xx.2022-ci il tarixdə məlumat vermişdir.
65. Apellyasiya icraatı zamanı ilkin iddiaçının vəkili tərəfindən təqdim edilən yeni sübut olan xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Bakı-Salyan yolu, 1 f ünvanında icarə müqaviləsi əsasında istismar və istifadə edilmiş yanalma körpüsünə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə hər hansı gəminin yaxınlaşa bilməməsi və bununla əlaqədar marşrutdan kənarlaşma olduğu barədə "xxxx" MMC-yə məlumat daxil olmamışdır.
66. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq işin faktiki hallarını belə müəyyən etmişdir ki, qarşılıqlı iddiaçı müqavilənin şərtinə uyğun olaraq ilkin iddiaçını gəminin yan alması barədə məlumatlandırma vəzifəsini yerinə yetirməmiş, sadəcə bunun görüntüsünü yaratmış, nəticədə məlumatsız olan ilkin iddiaçı üzərinə düşən öhdəliyi pozması, qarşılıqlı iddiaçının zərər çəkməsi qarşılıqlı iddiaçı tərəfindən sübuta yetirilməmiş, əksinə qarşılıqlı iddiaçı müqavilənin 19.3.5-ci bəndinin tələbini pozaraq birtərəfli qaydada müqavilədən imtina etmişdir. Qarşılıqlı iddiaçının məqsədi icarə haqqı ödənilməsi yükündən azad olunmaqla müqavilə münasibətlərindən imtina etməkdir. Odur ki, müqavilənin 19.1.1-ci bəndi deyil, 19.3.5-ci bəndi mübahisənin həll edilməsi üçün hüquqi əsas olaraq tətbiq edilməlidir.
67. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (qarşılıqlı idddiaçı) hərəkətləri Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmiş mülki hüquqların vicdanla həyata keçirilməsi prinsipinə ziddir. Habelə onun hərəkətləri Mülki Məcəllənin 16.1, 560.1, 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
68. Belə ki, o, öz vəzifəsini (iddiaçını gəminin yan alması barədə məlumatlandırma vəzifəsini) kobudcasına pozmasına baxmayaraq, hüquqlarını (müqaviləni birtərəfli qaydada imtina etmək) həyata keçirmişdir. Bu hallar isə Mülki Məcəllənin 560.3 və 560.3.2-ci maddələrinə əsasən hüquqdan sui-istifadə hesab edilir.
69. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, həmçinin tərəflərin izahatlarını dinləyərək hesab edir ki, ilkin iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğu üçün təmin edilməməlidir.
70. İlkin iddia ona görə qismən təmin edilməlidir ki, X12nin verilməsi müqavilənin 19.3.5-ci bəndində müəyyən edilmədiyindən ilkin iddia bu hissədə təmin edilə bilməz.
71. Bundan başqa tərəflərin müqavilənin 19.3.5-ci bəndində müəyyən etdikləri istifadə edilməmiş icarə haqqı məbləği (1026750 ABŞ dolları) kollegiya tərəfindən dəbbə pulu kimi qəbul edilir. Belə ki, tərəflərin həmin maddədə iradə ifadələri ona yönəlmişdir ki, müqavilənin bütün müddət üçün icrasının təmin edilməsi məqsədilə icarəçi heç bir əsas və ya pozuntu olmadan müqavilə münasibətlərinin vaxtından əvvəl dayandırılmasını iradə etdikdə icarəyə verənin marağı nəzərə alınsın və icarəçi cərimə tədbiri olaraq müqavilənin bütün müddəti ərzində icarə haqlarını icarəyə verənə ödəsin. Qarşılıqlı iddiaçı müqavilənin 19.3.5-ci bəndinin tələbini pozduğu üçün ondan ilkin iddiaçının tələb etdiyi pulun dəbbə pulu kimi tutulması qanunidir.
72. Dəbbə pulu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
73. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
74. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
75. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
76. Məhkəmə kollegiyası dəbbə pulunun ədalətli məbləğinin müəyyən edilməsinə münasibətdə hesab edir ki, işin halları, tərəflərin bir-birlərinə maddi zərər vurmamaları, tərəflərin maddi vəziyyətini və digər mənafeləri nəzərə alınaraq tənasübsüz surətdə yüksək dəbbə pulu olan ******* ABŞ dolları azaldılaraq 750 000 ABŞ dolları müəyyən edilməlidir.
77. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual normaların tələblərini pozmuşdur.
78. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
79. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
80. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, ilkin iddia qismən təmin edilməli, 750 000 ABŞ dolları məbləği qarşılıqlı iddiaçıdan tutularaq ilkin iddiaçıya ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir.
81. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlk iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-667/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 750 000 ABŞ dolları tutularaq ilkin İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia və qarşılıqlı iddiaçının apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumları qarşılıqlı iddiaçıya aid edilsin. İlk iddia qismən təmin edildiyinə görə ilk iddiaya, mediasiya xərci və ilk iddiaçının apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının cəminin (2744,83) 62 faizi olan 1701,80 AZN məbləğində pul Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı MMC-yə ödənilsin, qalan 38 faiz olan 1043,03 AZN məbləğində pul isə İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.