Məhkəmə qərarları › İş №2-2(103)-637/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-637/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-637/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-2 (113)-1080/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialından və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə rb/km1125 saylı, 12.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 10879,33 ABŞ dolları dəbbə borcunun tutulmasına, qalan hissələrdə isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək 17.07.2019-cü il tarixdə Zena Drillin LTD AR filialı tərəfindən “Daşınar Əmlakın Girov Müqaviləsi”nə və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1 əsasən yüklü edilmiş 14 adda daşınar əmlakların üzərinə həbsin qoyulması və onların ölkədən çıxışının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-2 (113)-1080/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin etmə tədbirinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 14 adda daşınar əşyanın yüklü edilməsinə dair daşınar əşyanın girov müqaviləsi imzalandığına görə həmin əmlakların yüklü edilməsi və reyestrdə qeydiyyata alınması əsası ilə ərizəni təmin etməmişdir. Halbuki iddianın təmin tədbiri barədə ərizə girov qoyulmuş əmlaka dair də verilə bilər. Buna görə də, qərardad ləğv edilərək ərizə təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli 2-2 (113)-1080/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 09.06.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPMnin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-2 (113)- 1080/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı cəmi 10879,33 ABŞ dolları pul tələbi irəli sürdüyü halda girov qoyularkən dəyəri 1.052.834,88 ABŞ dolları qiymətləndirilmiş avadanlıqlar üzərinə həbs qoyulmasının hansı zərurətdən irəli gəldiyi ərizədə kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə eyni zamanda düzgün olaraq qeyd etmişdir ki. tərəflər arasında bağlanmış daşınar əmlakın girov müqaviləsində girov qoyulmuş əmlaklar üzərində yüklülüyün daşınar əmlakların dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulduğundan həmin əmlakların ölkə hüdudlarından kənara çıxarılması imkanı olmadığı üçün məhkəmə tərəfindən qeyd edilən əmlaklar üzərinə həbs qoyulmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-2 (113)-1080/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-2 (113)-1080/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar