Məhkəmə qərarları › İş №2-2(103)-638/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-638/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-638/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC- yə qarşı borcun ödənilməsi tələbinə dair iddianı təmin etmə tədbirinin görülməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2787/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx xxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 36.875 manat məbləğində borcun, 1610,70 manat cərimənin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 39015,70 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənə qədər Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-nin Neftçilər filialında olan (kod 506162, SWİFT MUGAAZ22, müxbir hesab AZ41NABZ**********0000018944, hesablaşma hesabı AZ45MUGA**********00122AZM00) bank hesabına 39015,70 (otuz doqquz min on beş manat, 70) manat məbləğində pul vəsaiti həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2787/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-nin Neftçilər filialında bank hesabında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 39.015,70 manat həcmində həbs qoyulmuşdur. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddianın təmin edilməsi barədə ərizəsi tam əsassızdır və heç bir əsaslandırma aparılmadan verilmişdir. Belə ki, iddiaçı ərizəsində iddianın təmin tədbirinin zəruriliyi bir cümlə ilə ifadə etmişdir: “Gələcəkdə qətnamənin icrasını təmin etmək üçün cavabdehin bank hesabında olan pul vəsaitlərinə iddiaçının tələbi həcmində həbs qoyulması zərurəti yaranmışdır”. Göründüyü kimi iddiaçı təmin tədbiri ərizəsini tamamilə əsaslandırmamışdır. Buna baxmayaraq məhkəmə heç bir əsas olmadan iddiaçının tamamilə əsaslandırılmamış ərizəsini təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə iddiaçının iddia tələbini araşdırmadan, ərizənin tamamilə əsaslandırılmadan yazılmasına məhəl qoymadan cavabdehin bank hesabındakı pul vəsaitinin üzərinə həbs qoymuşdur. Bu hal isə öz növbəsində onsuz da çətin vəziyyətdə olan sahibkarın, şirkətin fəaliyyətinə ciddi çətinlik yaradacaq və şirkətdə çalışan işçilərin vəziyyətini pisləşməsinə səbəb olacaq. Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e- 2-2(113)-2787/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2- 2(113)-2787/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmə tədbiri görülə bilər. Məcəllənin 158.3-cü maddəsində əmlak üzərinə həbs qoyulması ardıcıllığı nəzərdə tutulmuşdur. 153.3.1-ci maddəyə əsasən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Hazırkı halda iddiaçının tələbi pul tələbi olduğundan iddia təmin edilərsə gələcəkdə qətnamənin icrasının təmin edilməsi üçün iş üzrə iddianı təmin etmə tədbiri görülərək cavabdehin bank hesabında olan pul vəsaiti üzərinə həbs qoyulması növündə tədbir iddia tələbinə mütənasib olmaqla əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2787/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2787/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar