Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-638/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-10/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdeh X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanmış 01 mart 2013-cü il tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən 19 avqust 2020ci il tarixinə X1 əsas borc üzrə 646889 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz manat otuz beş qəpik) manat, faiz borcu üzrə 462297 (dörd yüz altmış iki min iki yüz doxsan yeddi manat səksən altı qəpik) manat, cərimə borcu 143028 (bir yüz qırx üç min iyirmi səkkiz manat on yeddi qəpik) manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan və illik faiz dərəcəsi 5% olan borc üzrə 48249 (qırx səkkiz min iki yüz qırx doqquz manat qırx beş qəpik) manat olmaqla, cəmi ******* (bir milyon üç yüz min dörd yüz altmış dörd səksən üç qəpik) manat borcun tutulması və tutmanın X2 mülkiyyətində ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi, qeyd edilən avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1 (bir) manat bank xidmət haqqının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2-2(113)-10/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 01 mart 2013-cü il tarixli 49AV/F20- 13 saylı kredit müqaviləsi üzrə 591665,71 (beş yüz doxsan bir min altı yüz altmış beş manat yetmiş bir qəpik) manat əsas, 140714,01 (yüz qırx min yeddi yüz on dörd manat bir qəpik) manat faiz borcu, 59166 (əlli doqquz min yüz altmış altı) manat və borcun ödənilməsini gecikdirilməsi üzrə 44128,40 (qırx dörd min yüz iyirmi səkkiz manat qırx qəpik) manat cərimə olmaqla cəmi 835674,11 (səkkiz yüz otuz beş min altı yüz yetmiş dörd manat on bir qəpik) manat məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidmət haqqının cavabdeh X1 tutularaq ləğv prosesində olan “Bank of Azerbaijan" ASC-nin xeyrinə ödənilməsi, tutmanın X2 mülkiyyətində olan ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi, qeyd edilən əmlakların açıq hərracdan satılması və əmlakların satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi, cavabdeh X1 200 (iki yüz) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni girov predmetinin qiyməti və borc məbləği hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları qiymətləndirmədən yalnız ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə 28.08.2020-ci il tarixli, **********311 saylı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edilmişdir. Məhkəmə tərəfindən rəhbər tutulan ekspert rəyi isə 13.12.2019-cu il tarixində təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilən ərizə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 mart 2013-cü il tarixli, 49İP/F20-13 nömrəli girov müqavilənin 2.1-ci bəndinə əsasən 9 ədəd sərnişin daşınma avtobusları tərəflərin razılığı ilə girov predmeti 738000 manat dəyərində qiymətləndirilmişdir. Lakin "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş 23.01.2020-ci il tarixli, ƏEM/D 44-733/20 saylı ekspert rəyinə əsasən həmin avtobusların ümumi bazar qiyməti 639000 manat məbləğində dəyərləndirilmişdir. Beləliklə də, mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olan girov predmetinin qiyməti 100000 manat civarında azaldılmışdır. Bundan başqa, iş üzrə verilmiş ekspert rəyinə əsasən 01 mart 2013-cü il tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə cəmi 732379,72 manat məbləğində borcun qalması müəyyən edilmişdir. Məhkəmə isə bu məbləği 103293 manat artıraraq 835674,11 manat müəyyən etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə5 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə etdi, əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdi. Cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcunun tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X4 arasında 01 mart 2013cü il tarixli 42AV/F20-13 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən X3 9 ədəd Daewoo (model BS090) markalı avtobusların alınması üçün 48 ay müddətinə, illik 20% olmaqla 637300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 01 mart 2013-cü il tarixli 42İP/F20-13 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Fərhad Məmmədovun mülkiyyətində olan 9 ədəd Daewoo (model BS090) markalı, 10VG166 dövlət nömrə nişanlı, 10VF933 dövlət nömrə nişanlı, 10VG144 dövlət nömrə nişanlı, 10VG366 dövlət nömrə nişanlı, 10VG344 dövlət nömrə nişanlı, 10VG288 dövlət nömrə nişanlı, 10VG188 dövlət nömrə nişanlı, 10VG233 dövlət nömrə nişanlı, 10VG433 dövlət nömrə nişanlı avtobuslar bank qarşısında girovla yüklü edilmişdir. Tərəflər arasında bağlanmış 12 avqust 2015-ci il tarixli 2 saylı əlavəyə əsasən 01 mart 2013-cü il tarixli 42AV/F20-13 nömrəli kredit müqaviləsinin müddəti 01 mart 2019-cu il tarixə kimi artırılmışdır. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 646889 manat, faiz borcu 462297 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 48249 manat, cərimə borcu 143028 manat, cəmi borcu isə ******* manat təşkil edir. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, iddia tələbi üzrə faiz və cərimə borcu ilə razı deyil və həmin hissəni qəbul etmir. Kredit borcunun məbləğinin dəqiq müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13.12.2019-cu il tarixli 8164 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 11.01.2018-ci il tarixə X2 İddiaçı ASC-yə olan borcu 742379,72 manat (əsas borc üzrə-591665,71 manat, faiz borcu üzrə 150714,01 manat) məbləğində müəyyən edilir. Eyni zamanda 01 mart 2013-cü il tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə X4 tərəfindən 26.02.2018-ci il tarixdən 16.03.2018-ci il tarixədək ümumilikdə 10.000 AZN məbləğində ödəniş edilmişdir. 10.000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə 732.379,72 manat (əsas borc üzrə-591665,71 manat, faiz borcu üzrə 150714,01 manat - 10.000,00 manat) məbləğində borcu qalacağı müəyyən edilir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə uyğun olaraq əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, cərimə borcunu azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Halbuki, ekspert rəyi verildikdən sonra iddiaçı tərəfdən iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş, lakin birinci instansiya məhkəməsi həmin ərizəni nəzərə almamış və kredit borcunun ekspert rəyinə uyğun olaraq tutulması nəticəsinə gəlmişdir. Qeyd olunanlar nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25.08.2021-ci il tarixli, 9/4587 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 01 mart 2013-cü il tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X2 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 01 mart 2019-cu il tarixə (müqavilə müddətinin sonuna) 867.148,02 manat: əsas borc 591.665,71 manat, faiz borcu 275.482,31 manat. 19 avqust 2020-ci il tarixə (arayışın tarixinə (c2.i.v- 231)) 910.536,84 manat: əsas borc 591.665,71 manat, faiz borcu 275.482,31 manat, faiz borcu (5 %-lə hesablanmaqla) 43.388,82 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, o cümlədən 25.08.2021-ci il tarixli, 9/4587 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, müqavilə üzrə faiz borcunun və illik 5%-lə hesablanmış faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və ekspert rəyinə müvafiq olaraq 275.482,31 manat və 43.388,82 manat məbləğində müəyyən edilməlidir. Əsas borcun və dəbbə pulunun tutulması hissəsində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kredit borcunun məbləğinə dair hissə istisna olmaqla cavabdeh X2 apelyasiya şikayətinin digər dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi həyata keçirilsə də, məhkəmə qətnaməsinin nəticə hissəsində onların ilkin satış qiymətini müəyyən etməmişdir. Belə ki, nəqliyyat vasitələri ipoteka predmeti olan daşınmaz əmlak kimi rəsmi dövlət reyestrində qeydiyyata alınan daşınar əmlaklar olsa da, daşınmaz əmlaklardan fərqli olaraq qısa zaman kəsimində daha çox aşınmaya məruz qalır. Məhz buna görə də mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi zamanı onların ilkin satış qiymətini müəyyən etməmişdir. Həmin əmlaklar qətnamənin icrası zamanı icra məmurunun sifarişi əsasında yenidən qiymətləndiriləcəkdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə üzrə faiz borcunun və illik 5%-lə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilməli, digər mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə iddiaçı və cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-10/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qətnaməsi müqavilə üzrə faiz borcunun və illik 5%lə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Müqavilə üzrə hesablanan faizin məbləği 275.482,31 manat, illik 5%-lə hesablanmış faiz borcunun məbləği 43.388,82 manat müəyyən edilsin. Qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin, 50 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 50 manatı isə cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-638/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-638/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver