Məhkəmə qərarları › İş №2-2(103)-638/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-638/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-638/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2078/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Sub-icarəyə verən İddiaçı QSC ilə sub-icarəçi Cavabdeh MMC arasında xx.xx.2022ci il tarixli icarə müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən sub-icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 46E ünvanında A27 binasının ikinci mərtəbəsi, ümumi sahəsi 660 kv.m olan qeyri-yaşayış sahəsini sub-icarəçinin istifadəsinə və sahibliyinə verir, sub-icarəçi isə bunun müqabilində sub-icarəyə verənə bu müqavilənin şərt və müddəalarına uyğun olaraq icarə haqqı ödəyir.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, icarə müddətinin ilk 2 ayı – yəni 2022-ci ilin avqust, sentyabr aylarında təmir məqsədləri üçün sub-icarə haqlarına güzəşt edilir. 2022-ci ilin oktyabr ayından etibarən aylıq olmaqla 12 ay müddətində, yəni oktyabr 2023-cü il tarixinə qədər aylıq sub icarə haqqına hər kv-m üçün 5 manat güzəşt edilməklə hər kv-m üçün 10 manat hesablanır, aylıq ƏDV xaric məbləğ 6600 manat (12 ay x 6600 m.) icarə haqqı ödəyir. 12 aylıq güzəşt müddəti bitdikdən sonra sub-icarəçi müqavilənin aylıq ümumi ƏDV xaric dəyəri 9900 manat icarə haqları birdəfəlik qaydada sub-icarəyə verənə ödəyir.

4. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, sub-icarə haqqı 01 oktyabr 2023-cü il tarixdən başlayaraq icarə müddətində A27-2 mərtəbəsinə görə hər 1 kv.metr üçün 15 manat olmaqla, (ƏDV xaric) ümumilikdə (660 kv.m sahə üçün) 9.900 manat icarə haqqı hesablanacaq.

5. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 5 il müddətinə qüvvədə qalır.

6. Müqavilə notariat qaydasında və hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh icarə haqqlarını ödəmədiyinə görə yaranmış 113.513,25 manat icarə haqqı borcunun, əsas borcu gecikdirdiyinə görə 900 manat faiz borcunun və 404 manat dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini pozmuş və aylıq ödənişləri həyata keçirməmişdir.

9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2078/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli müqavilə üzrə icarə haqqı borcu üzrə 113.513,25 manat məbləğində pulun və əsas borca illik 5 % hesablanmaqla 310 (üç yüz on) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə göstərilən tələblərə əsasən Cavabdeh MMC-nin 2022-ci ilin oktyabr ayından 2023-cü ilin oktybar ayına qədər olan 1 illik dövr üçün borcu 79200 manat olmuşdur (6600x12=79200). 2023-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün yaranmış borc məbləği isə 29700 manat təşkil etmişdir (9900x3=29700). Həmçinin, Cavabdeh MMC tərəfindən 15576 manat icarə haqqı məbləği İddiaçı QSC-yə ödənilmişdir. Beləliklə, müqavilənin 2.1-ci bəndinə əsasən 2023-cü ilin dekabr ayına qədər yaranmış borc məbləği 108.900 manat (79200+29700=108900) təşkil etmiş və bu borcun 15576 manatı Cavabdeh MMC tərəfindən ödənildiyi üçün borc məbləği hazırkı vaxta 113.531,25 manat deyil, 93.324 manat (108900-15576=93324) olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı barədə məlumat Cavabdeh MMC-yə düzgün göndərilməmişdir. Məhkəmə iclasının vaxtı Cavabdeh MMC-yə SMS vasitəsi xx.xx.2024-cü il tarixinə təyin olunduğu barədə məlumat göndərilsə də, məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixində, yəni 2 (iki) gün əvvəl keçirilmiş və bu barədə Cavabdeh MMC-yə əvvəlcədən heç bir məlumat verilməmiş və həmin tarixdə xx.xx.2024-cü ildə qətnamə qəbul edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

15. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

21. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

22. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə obyektinin cavabdehə təhvil verilməsi və hansı tarixə qədər müqavilə münasibətlərinin davam etməsi işin mübahisəsiz hallarıdır.

23. İşin mübahisəli halı isə icarə haqqının ödənilməsi ilə bağlıdır və qeyd olunduğu kimi bu halı sübutetmək vəzifəsi cavabdehə aiddir. Lakin cavabdeh bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

24. Eyni zamanda, işdə olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuş İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-xx.xx.2024-cü il dövrü üçün xx.xx.2022ci il tarixli sub-icarə müqaviləsi üzrə üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixə 7788,00 manat, xx.xx.2022-ci il tarixə 7788,00 manat, xx.xx.2022-ci il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 7788,00 manat, xx.xx.2023-cü il tarixə 11.682,00 manat, xx.xx.2023-cü il tarixə 11.682,00 manat, xx.xx.2023-cü il tarixə 11.682,00 manat icarə haqqı və xx.xx.2023-cü il tarixə 147,50 manat, xx.xx.2023-cü il tarixə 176,00 manat, xx.xx.2023-cü il tarixə 142,00 manat, xx.xx.2023-cü il tarixə 100,00 manat, xx.xx.2023-cü il tarixə 100,00 manat, xx.xx.2023-cü il tarixə 67,07 manat, xx.xx.2023cü il tarixə 124,86 manat, xx.xx.2024-cü il tarixə 129,01 manat və xx.xx.2024-cü il tarixə 18,81 manat elektrik pulu olmaqla, cəmi 129.507,25 manat (ƏDV daxil) ödənilməsi nəzərdə tutulmuşdur.

25. Həmin üzləşmə aktından göründüyü kimi elektrik pulu üzrə ƏDV daxil xx.xx.2023-cü il tarixdə 176,00 manat, xx.xx.2023-cü il tarixdə 142,00 manat, xx.xx.2023-cü il tarixdə 100,00 manat, icarə haqqı üzrə isə xx.xx.2022-ci il tarixdə 7788,00 manat, xx.xx.2022-ci il tarixdə 7788,00 manat olmaqla, cəmi 15.994,00 manat ödənilmişdir. xx.xx.2024-cu il tarixə yekun borc 113.513,25 manat təşkil edir.

26. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə Mülki Məcəllənin 700.1-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsi qeyd olunan məbləğdə icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.

27. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini və işin hallarını, yəni müqavilənin 2.3-cü bəndinə əsasən icarə haqqının hər ay üçün müvafiq ödəniş sənədinə əsasən 30 gün ərzində sub-icarəyə verənin bank hesabına ödəməyi öhdəsinə götürdüyünü, üzləşmə aktının xx.xx.2024-cü il tarixdə tərtib edildiyini və həmin tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi tarixə qədər müvafiq olaraq 20 gün keçdiyini və 113.513,25 manat məbləğində vəsaitin ödənilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı əsas borca illik 5 faiz hesablamaqla 310 manat məbləğində faizin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının xx.xx.2024-cü il tarixə keçirilməsi barədə bildiriş cavabdehin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilmişdir. İddia tələbində göstərilən məbləğin müqavilə şərtlərinə uyğun olmaması və əsas olmadan artıq hesablanması barədə dəlillərə dair qeyd edilir ki, hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuş xx.xx.2022-xx.xx.2024-cü il dövrü üçün tərtib olunan üzləşmə aktından görünür ki, həmin üzləşmə aktı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 2.1 və 2.2-ci bəndlərində müəyyən edilən qiymətlərə uyğun tərtib edilmişdir. Belə ki, 2022-ci ilin avqust və sentyabr ayları üzrə icarə haqqı hesablanmamış, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayına qədər hər ay üçün ƏDV xaric 6600 manat (ƏDV ilə birgə 7788 manat) və 2023-cü ilin oktyabr-dekabr ayları üçün hər ay ƏDV xaric 9900 manat (ƏDV ilə birgə 11682 manat) icarə haqqı hesablanmış, cavabdehin istifadə etdiyi elektrik enerisinin dəyəri ilə birgə cəmi ödənilməli olan məbləğ 129.507,25 manat (ƏDV daxil) təşkil etmiş və həmin məbləğdən cavabdehin ödədiyi cəmi 15.994,00 manat çıxıldıqda yekun borcun 113.513,25 manat təşkil etməsi müəyyən edilmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2078/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar