Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-639/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-175/2022 nömrəli qətnaməsindən (hakim Kənan Hüseynov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar (fərdi sahibkarlar) İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “X8 Kompleksi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X8 Kompleksi” MMC tərəfindən, vurduğu ziyanın əvəzi olaraq - İddiaçı5 xeyrinə 29.250 manat, İddiaçı4 xeyrinə 29.250 manat, İddiaçı3 xeyrinə 24.320 manat, İddiaçı1 xeyrinə 44.000 manat, İddiaçı2 xeyrinə 29.250 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)-175/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, “X8 Kompleksi” MMC yenidən təşkil edildiyindən, iddiaçının razılığı ilə cavabdeh əsl olan cavabdehlə yəni "xxxx" MMC ilə əvəz edilmişdir Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2-2(113)-175/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhəkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2-2(113)-175/2022 iş nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh “X8 Kompleksi” MMC ilə iddiaçılar arasında bağlanmış “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən, onlara “X8 Kompleksi” MMC-nin verdiyi toxum əsasında istifadələrində olan torpaq sahələrində tütün yetişdirməyi öhdələrinə götürmüş, “X8 Kompleksi” MMC isə yetişdirilmiş tütünü almağı öz öhdəsinə götürmüşdür. Tütün bitkisinin becərilməsi üçün torpaq sahəsinin hər hektarına 2500-3000 manat arası vəsait tələb olunduğundan, "xxxx" QSC (borc verən), X8 KompleksiMMC-nin nümayəndəsi (alıcı), “X8 Kompleksi MMC-nin tabeliyində fəaliyyət göstərən “X6 və Emalı Məntəqəsi”nin müdiri Mohuma Hüşənovun (tədarükçü) və iddiaçıların (borc alan) iştirakı ilə “Kredit müqavilələri” bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq "xxxx" QSC (borc verən) iddiaçılara (borc alan) muxtəlif məbləğlərdə kredit vermişdir. Götürülmüş kreditdən sonra, iddiaçılar torpaq sahəsində tütün yetişdirilməsi üçün əldə etdikləri “GL- 939” sortunun toxumunu optimal müddətdə əkməklərinə və müvafiq qulluq işlərini aparmalarına baxmayaraq, tütün kütləvi şəklində vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. “X8 Kompleksi” MMC tərəfindən iddiaçılara yenidən dəyəri onlar tərəfindən ödənilməklə “GL-939”sortunun toxumu verilmiş, lakin, həmin toxum da optimal müddətdə əkməklərinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəklində vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. Nəticədə, iddiaçılar hər hektardan ən azı 13 (on üç) ton məsul götürməli olduqları halda, məhsul ya heç götürə bilməmiş, ya da çox az bir qisim tütün əldə edə bilmişdirlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçılara ünvanlanmış 28 yanvar 2020-ci il tarixli, 03/13-08-14-143 nömrəli məktubda qeyd etmişdir ki, “...Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin “Dövlət Reyestri”ndə qeydiyyatda olmayan X5 mənşəli “GL 939” və “NG 291”, Braziliya mənşəli“PVH-2310” tütün sortlarını sınaq məqsədilə ölkəyə idxal edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə müraciət etmiş və "xxxx" MMC-yə.müvafiq arayış verilmişdir. Cəmiyyət “GL939” sortunun 6,72 kq toxumunu ölkəyə idxal etmiş, lakin öhdəlik götürdüyünə baxmayaraq Dövlət Xidmətini rəsmi sınaqların aparılması üçün əkin materialı ilə təmin etməmişdir.” Həmçinin məktubun davamında qeyd edilir ki, “...Bundan əlavə, idxal olunmuş “Gross Creek” şirkətinin “CC35” və “NC 291”, “GoldLeaf Seed Co.”şirkətinin “GL 939” sonlarının toxumlarının qablaşdırılması və etiketləşdirilməsində fərqlilik müəyyənləşdirilmişdir. Belə ki, “Gross Creek” şirkətinin qablaşdırması standart formada olmuş, “GoldLeaf Seed Co.” şirkətinin qablaşdırılması isə standarta uyğun olmamışdır. Belə ki, “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsi”nin 2.1.1-ci bəndinə əsasən, iddiaçılar torpaq sahəsinin hər hektarından 13 ton tütün istehsal edib “Alıcı”ya təhvil verməli idi. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, İ sinif yaşıl tütünün 1 kiloqramının dəyəri 0,25 manat təşkil edir. Bununla yanaşı, tütün bitkisinin becərilməsi üçün torpaq sahəsinin hər hektarına iddiaçılar tərəfindən təqribən 3.000 manat xərc çəkmişdir. İşin həmin halı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ona və digər zərərçəkmiş şəxslərə ünvanlanmış 28 yanvar 2020-ci il tarixli, 03/13-08-14-143 nömrəli məktubla sübut olunur. İddiaçılar onlara dəymiş ziyanın ödənilməsi məqsədi ilə “X8 Kompleksi” MMC-yə müraciət etsələr də, sonuncu iddiaçıların heç bir müraciətini cavablandırmamışdır. Baş verənlərin nəticəsi olaraq, iddiaçılar "xxxx" QSC ilə aralarında bağlanmış “Kredit müqavilələrinə əsasən götürdükləri kreditləri ödəyə bilməmiş və nəticədə əlavə olaraq da cərimə (dəbbə) edilmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Bakı Kommersiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bakı Kommersiya Məhkəməsi Cavabdeh MMC tərəfindən verilmiş arayışlardakı məlumatların həqiqi olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. İddiaçılar isə iddia edirdilər ki, həmin arayışlarda qeyd olunan şəxslər ümumiyyətlə "GL 939” sortunun toxumundan istifadə etməmişdirlər. Məhkəmə isə arayışda adları çəkilən şəxsləri dindirmədən, həmin şəxslərin həqiqətən də qeyd olunan toxum sortunu əldə edibetməməsini araşdırmadan, cavabdeh hüquqi şəxsin arayışlarını mötəbər sübut kimi qəbul etmişdir. Göründüyü kimi, işə baxan Bakı Kommersiya Məhkəməsi işin yuxarıda qeyd olunan hallarına ümumiyyətlə münasibət bildirməmiş və hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçıların nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə vəsatət göndərərək ölkə xaricində olması ilə əlaqədar iclasın təxirə salınmasını xahiş etmiş, vəkilin ölkə xaricində olması barədə vəsatətə sübut əlavə edilmədiyindən vəsatət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-175/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçılara iş materiallarına əlavə edilmiş “Yaşıl tütünün alqı-satqısına dair” müqavilələrin icrasının təmin edilməsi üçün "GL 939” sortu tütün toxumu satılmışdır. İş materiallarına əlavə edilmiş kredit müqavilələrindən görünür ki, iddiaçılar "xxxx" QSC BOKT-dan tütün əkini üçün müxtəlif məbləğlərdə kredit götürmüşlər. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixi arayışdan görünür ki, İddiaçı1 2019-cu il mövsümü üzrə 90.845 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 23.205 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı4 2019-cu il mövsümü üzrə 27.325 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 6.672 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 2019-cu il mövsümü üzrə 13.640 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 3.319 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı5 2019-cu il mövsümü üzrə 9.660 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 2.322 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İddiaçılar iddia edir ki, cavabdeh tərəfindən satılmış GL 939 markalı toxum keyfiyyətsiz və əkinə yararsız olduğundan məhsuldarlıq aşağı olmuş, bu səbəbdən iddiaçılar planlaşdırılmış məhsulu əldə edə bilməmiş, nəticədə "xxxx" QSC qarşısında öhdəliyi icra edə bilməmiş, ehtimal edilən gəlirdən məhrum olmuş və onlara ziyan dəymişdir. Cavabdeh iddiaya etirazında məhsulun az əldə edilməsinin toxumla heç bir bağlılığının olmadığını, digər fermerlərin GL 939 markalı toxumla yaxşı məhsuldarlıq əldə etdiyini, iddiaçıların isə quraqlıq və sulama ilə bağlı məhsulu az əldə etdiklərini bildirmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Göründüyü kimi, mülki qanunvericilikdə keyfiyyətsiz əşya satıldığı zaman alıcının hüquqları nəzərdə tutulmuşdur. İddiaçılar isə hazırda keyfiyyətsiz toxum satılması nəticəsində cavabdehdən əldən çıxmış faydanın, yəni zərərin tutulmasını tələb edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə aşağıdakılara əsasən qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı halda məhkəmə tərəfindən hüquqi qiymət verilməli olan əsas məqam cavabdeh tərəfindən iddiaçılara həqiqətən keyfiyyətsiz məhsul satılıb-satılmadığının müəyyən olunmasıdır. Əks halda iddiaçılara dəymiş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu təsdiq olunmur. İş materiallarında cavabdeh tərəfindən iddiaçılara satılmış “GL 939” sort tütün toxumunun keyfiyyəti ilə bağlı 2 sənəd var. Bunlardan biri cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X9 Sertifikatlaşdırma Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş toxumun kondinsiyalılığı barədə vəsiqədir ki, həmin sənəddə GL 939 sortunun toxumunun cücərmə faizinin 95 % faiz təşkil etdiyi qeyd edilir. Qeyd edilən vəsiqə Mərkəzin möhürü ilə təsdiq edilməsə də, iş materiallarında həmin sənədin X9 Sertifikatlaşdırma Mərkəzi tərəfindən verildiyini təkzib edən hər hansı sübut yoxdur. İkinci sənəd Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 28 yanvar 2020-ci il tarixli məktubudur ki, həmin məktubda GL 939 sortunun toxumunun cücərmə keyfiyyəti 7 gündən sonra 60 %, 10 gündən sonra isə müvafiq olaraq 97-99,5 % və 81 % müəyyən edilmişdir. Məktubda eyni zamanda qeyd edilir ki, ABŞ mənşəli GL 939 sortu toxumu mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyatda deyil. Bundan əlavə GL 939 sortu toxumunun qablaşdırılması standarta uyğun deyil. Göründüyü kimi, təqdim edilmiş sənədlər əsasında iddiaçılara satılmış tütün toxumunun cücərmə keyfiyyətinin ən azı 81 % təşkil etdiyi müəyyən olunur. Bu rəqəm həmin toxumun keyfiyyətsiz olması barədə nəticəyə gəlməyə əsas vermədiyindən cavabdehə qarşı iddianın əsassız olduğu müəyyən olunur. Eyni zamanda məhkəmə düzgün olaraq hesab etmişdir ki, “GL 939” sortunun toxumunun Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verildiyindən həmin toxumun mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyatda olmaması və ya qablaşdırılmamasının standarta uyğun olmaması onun əkinə yararsız olduğuna dair nəticəyə gəlmək üçün əsas ola bilməz. ASK Tütün MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlarda digər fermerlərin qeyd edilən toxumdan istifadə edərək yüksək məhsul əldə etdikləri qeyd edilsə də, həmin arayışlardakı cavabdeh özü tərəfindən qeyd edilmiş məlumatların həqiqiliyini təsdiq edən sübutlar olmadığından məhkəmə kollegiyası qeyd edilən sənədlərin mötəbər sübut olmadığına dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşsa da yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-175/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-175/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-639/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-639/2022
06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver