Məhkəmə qərarları › İş №2-2(103)-639/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-639/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-639/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2-2(113)-1565/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCS00273658-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17,129.57 manat əsas borc, 2,262.44 manat faiz borcu, 1,126.62 manat cərimə borcu olmaqla, cəmi 20,518.63 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə DCS00273658-01 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən və Kreditor Azərbaycan Respublikası X3 “13” oktyabr 2020-ci il tarixli ZM-236/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 26,851 manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DCS00273658-01 saylı kedit müqavilə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2020-ci il tarixli, DGS**********87 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 449 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Tərəflər arasında imzalanmış DCS00273658-01 nömrəli kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə Kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər. Göründüyü kimi Borclu DCS00273658-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00273658-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17,129.57 manat əsas borc, 2,262.44 manat faiz borcu, 1,126.62 manat cərimə borcu olmaqla, cəmi 20,518.63 manat təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2-2(113)-1565/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC və X1 müştərək qaydada 17129.57 (on yeddi min bir yüz iyirmi doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 2262.44 (iki min iki yüz altmış iki manat qırx dörd qəpik) manat faiz borcu, 850 (səkkiz yüz əlli) manat cərimə borcu, ümumilikdə 20242,01 (iyirmi min iki yüz qırx iki manat bir qəpik) manat məbləğində pulun və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdehlər Cavabdeh1 MMC və X4 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2-2(113)-1565/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın əsas borc hissəsində qismən təmin olunması, qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qarşısında Cavabdeh1 MMC-nin öhdəliyini vaxtında yerinə yetirə bilməməsinin səbəbi fors -major hadisə ilə, yəni COVİD-19 pandemiyasının yayılması ilə bağlı olmuşdur. Pandemiya şəraitində borcalan Cəmiyyət sərhədlərin bağlı olması ilə əlaqədar olaraq xarici ölkələrdən tikinti materialları gətirərək sata bilməmiş, demək olar ki, fəaliyyət göstərməmişdir. Məhkəmə isə dünya miqyaslı bu fors-major hadisəni nəzərə almamış, iddiaçının tələbini təmin etməklə ədalətsizliyə yol vermişdir. Məhkəmə yalnız cüzi miqdarda cərimə borcunu azaltmaqla işini bitmiş hesab etmişdir. Tərəflər mülki qanunvericiliyin prinsip və normalarından çıxış edərək müqavilə imzalamışlar. İddiaçı -kreditor mülki qanunvericiliyin prinsip və normalarının tələblərini pozmuş, məhkəmə isə onun haqsız tələbini təmin etmişdir. Belə ki, borcalan cavabdeh iddiaçı-kreditora etdikləri bütün ödənişlərin əksər hissəsi faiz və cərimə borcuna çıxılmış, bununla da kreditor üstün mövqedən çıxış etmişdir. İddiaçının tələbi 17,129.57 manat əsas borc, 2,262.44 manat faiz borcu, 1,126.62 manat cərimə borcu olmaqla, cəmi 20,518.63 manat təşkil edir. Mülki qanunvericiliyin yuxarıda adı çəkilən müddəasının şərhi o anlama gəlməməlidir və haqq qazandırmır ki, kreditor borclunun etdiyi ödənişlərin əsas hissəsini əsas borcun ödənilməsinə deyil, xərclərə yönəltmiş olsun. Qətnamədən göründüyü kimi məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbini pozmuş, cüzi miqdarda cərimə borcunu azaltmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

13. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

14. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin cavabdehlər tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

23. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741, 462, 467-ci maddələri təşkil edir.

24. Hazırki işin materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətlərinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DCS00273658-01 saylı kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası X3 13 oktyabr 2020-ci il tarixli ZM236/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 26851 manat məbləğində illik 15 % dərəcəsi ilə 24 ay müddətinə əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 ay olmaqla kredit verir.

25. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir.

26. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir.

27. Müqavilənin 2-ci bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlər kreditor tərəfindən akseptsiz qaydada aşağıdakı ardıcıl istiqamətlərə yönəldilir: - Bu müqavilənin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa); - Borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; - əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); - dəbbə pulu (əgər varsa); - hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); - əsas borc üzrə ödənişlər.

28. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə oğlu arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********87 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış 03 noyabr 2020-ci il tarixli DCS00273658-01 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür.

29. İddiaçı tərəfindən verilmiş PB/PBL-OUT-00075-2023 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin DCS00273658-01 saylı kredit müqaviləsinə əsasən borcu - 17129,57 manat əsas borc, 2262,44 manat faiz borcu, 1126,62 manat cərimə borcu olmaqla, cəmi 20518,63 manat təşkil edir.

30. Hazırki işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə cavabdehlər öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişlər.

31. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-639/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 31 oktyabr tarixli, 9/5961 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsindən göründüyü kimi iş materiallarından olan hesabdan çıxarış məlumatları və 03 noyabr 2020ci il tarixli DCS00273658-01saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2022-ci il (sualda göstərilən tarixə) borcu 21.190,15 manat, əsas borc üzrə 19.984,17 AZN, faiz borcu üzrə 1.205,98 AZN, xx.xx.2022-ci il (sualda göstərilən tarixə) borcu 19.392,01 AZN, əsas borc üzrə 17.129,57 AZN, faiz borcu üzrə 2.262,44 AZN, xx.xx.2023-cü il (sualda göstərilən tarixə) borcu 19.392,01 AZN, əsas borc üzrə 17.129,57 AZN, faiz borcu üzrə 2.262,44 AZN, xx.xx.2023-cü il (sualda göstərilən tarixə) borcu 19.392,01 AZN, əsas borc üzrə 17.129,57 AZN, faiz borcu üzrə 2.262,44 AZN təşkil edir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

36. Hazırkı məhkəmə araşdırması zamanı 2023-cü il 31 oktyabr tarixli, 9/5961 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

37. Ekspert rəyində də göründüyü kimi müqavilə müddətinin bitmə tarixinəxx.xx.2022-ci il tarixə əsas borc üzrə 17.129,57 AZN, faiz borcu üzrə 2.262,44 AZN, müəyyən edilmişdir.

38. İş materiallarında olan PB-OUT-04082-2022/3 saylı, 21 iyul 2022-ci il tarixli pretenziya məktubuna əlavədən görünür ki, 20 iyul 2022-ci il tarixinə iddiaçı əsas borcu üzrə 6496.1 manat, faiz borcu üzrə 43.3 manat, gecikdirilmiş əsas borc üzrə 10633.47 manat, gecikdirilmiş faiz borcu üzrə 705.6 manat tələb etməklə iradə ifadəsini bildirmişdir. Pretenziya məktubundan göründüyü kimi iddiaçı borc məbləğini tam tələb etməmişdir.

39. Odur ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

40. Bundan başqa, tərəflər arasında imzalanmış 03 noyabr 2020-ci il tarixli kredit müaqviləsinin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir.

41. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

42. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 1,126.62 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 850 manat manat məbləğində müəyyənləşdirmişdir.

43. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını və qeyd olunan ekspert rəyini araşdıraraq Mülki Məcəllənin 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

44. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabadehlərin kredit borcunun ödənilməsinin gecikdirilməsi səbəbi kimi istinad etdiyi hallar, isə müqavilə üzrə öhdəliklərin icra edilməməsinə əsas verə bilməz.

45. Cavabdehlərin iddiaçıya etdikləri bütün ödənişlərin əksər hissəsinin faiz və cərimə borcuna çıxılması ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlərin kreditor tərəfindən akseptsiz qaydada 1) bu müqavilənin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa); 2) borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; 3) əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); 4) dəbbə pulu (əgər varsa); 5) hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); 6) əsas borc üzrə ödənişlərə yönəldilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı tərəfindən hər hansı pozuntunun edilməsi müəyyən edilmir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC və X1 müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır

47. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş rüsum özlərinə aid edilməlidir.

48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh1 MMC və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2-2(113)-1565/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC və X1 müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar