Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-64/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-64/2024 (Açar sözlər: borcun ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı ASC "xxxx" MMCyə 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 19.680.909 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə krediti qəbul edib və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İddiaçının bildirdiyinə görə cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 19.680.909 ABŞ dolları əsas və 1.184.134,69 ABŞ dolları faiz borcu, 967.644,69 ABŞ dolları cərimə borcu, 806.370,70 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz borcu təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı LPO "xxxx" ASC "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 22.639.059,08 ABŞ dolları– bundan 19680909 ABŞ dolları əsas, 1184134.69 ABŞ dolları faiz, 967.644,69 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bakı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 19.680.909 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4.4-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.1.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********260 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə "xxxx" MMC-nin kredit üzrə cəmi borcu 22.639.059,08 ABŞ dolları təşkil edir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddia tələbini qəbul etmədiklərini qeyd edərək bildirmişdir ki, iddia tələbi şişirdilmiş rəqəmlər əsasında müəyyənləşdirilmiş, əsas borca hesablanmış faiz və cərimə borcları çox yüksək hesablanmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbini sübuta yetirən sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə ki, ayrılan kredit məbləğinin iri həcmli olması nəzərə alındıqda, belə bir həcmdə kredit borcunun verilməsi zamanı iddiaçının idarə heyətinin razılığı olmadan kreditin ayrılması şübhə doğurur. Əlavə olaraq iddia tələbinin sübutu kimi iddiaçı tərəfindən sadəcə olaraq hesabdan çıxarış təqdim edilmişdir ki, müasir dövrdə internet bankçılıq sistemi ilə bunun həyata keçirilməsi o qədər də çətin deyil. Qeyd olunan bütün hallar cavabdeh tərəfindən qeyd olunan məbləğdə pul vəsaitini almasını şübhəli hala salır. Buna əsasən də tərəflər arasında imzalanmış əqd etibarsız əqd hesab olunmalı və iddia rədd edilməlidir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddianın təmin edilməsi, "xxxx" MMC-dən 19.680.909 ABŞ dolları əsas, 1.184.134,69 ABŞ dolları faiz, 967.644,69 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 ABŞ dolları faiz borcu məbləğində pul vəsaitinin ödəniş gününə rəsmi məzənnə nisbəti olmaqla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq, LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 462.1, 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hesablanmış faiz və cərimələrin cədvəli-hesablanma çıxarışı (hesablar üzrə), kreditin ödəniş cədvəli, ssuda hesabından çıxarış, hesabdan çıxarışda göstərilən 3 sənəd çıxışını təsdiq edən qəbzlər (ödəniş tapşırığı və kassa məxaric orderləri), müşahidə şurasının kreditin ayrılmasına dair qərarı, Kredit Komitəsinin və ya İdarə Heyətinin kreditin verilməsinə dair qərarının təqdim olunması ilə bağlı, habelə iş üzrə ekspertizanın təyin olunması barədə vəsatətləri təmin etməmiş və bununla da, iş üzrə ədalətli və obyektiv qərar qəbul edilməsini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-157/2022 saylı, qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Sadıqov).
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023- cü il 15 fevral tarixli 9/8041 nömrəli ekspert rəyinin birinci-üçüncü sual üzrə nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 29 sentyabr tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə 2019-cu il 29 mart tarixindən 2020-ci il 29 mart tarixinədək illik 6% dərəcəsi ilə faiz borcunun hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, cavabdehin 2020-ci il 29 mart tarixinə banka olan borcu 20.861.763,54 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: əsas kredit borcu üzrə 19.680.909 ABŞ dolları, faiz borcu üzrə 1.180.855 ABŞ dolları. Müqavilə müddətinin bitdiyi 2020-ci il 29 mart tarixindən 2021-ci il 25 yanvar tarixinədək 19.680.909 ABŞ dolları təşkil etmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İş materiallarında iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019- cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış, müqavilənin 7.2 bəndində qeyd edildiyi kimi, tərəflərin imzaları və möhürü olan, tərəfin möhürü ilə təsdiqlənən ödəniş cədvəli mövcud deyildir.
14. Həmçinin ekspert rəyinin dördüncü sual üzrə nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən tərəflər arasında rəsmiləşdirilmiş 2019cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir. Bundan başqa, kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. Lakin iş materiallarında belə bir məlumat, tələbnamə öz əksini tapmamışdır. Göstərilən hallara əsasən (kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi, sərəncam, ödəniş tapşırığı, tələbnamə olmadan digər kredit borcuna silindiyi nəzərə alınmaqla) hazırkı ekspertiza zamanı borcalana 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli saziş üzrə ayrılmış 19.680.909 ABŞ dolları məbləğində kredit məbləği üzrə faiz borcu hesablanıbhesablanmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. İş materiallarında iddiaçı tərəfindən tərtib edilmiş 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilmiş müqavilələr (rəyin tədqiqat hissəsində həmin müqavilələr dəqiq göstərilmişdir) öz əksini tapmışdır. Tədqiqat zamanı qeyd edilən müqavilələrin bir neçəsinin iş materiallarında mövcud olmadığı müəyyən edilmiş, o cümlədən tərəflər arasında rəsmiləşdirilmiş 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsi. Həmin kredit müqaviləsi üzrə borcalana verilməli olan kredit məbləğinin 19.343.149 ABŞ dolları olması qeyd edilmişdir. Hesabdan çıxarış məlumatlarında o, cümlədən iddiaçı tərəfindən tərtib edilmiş 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ayrılmış 19.680.909 ABŞ dolları məbləğində vəsaitin həmin, iş materiallarında mövcud olmayan 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)-15/2023 saylı qərardadı ilə iddiaçı ilə cavabdeh arasında imzalanmış 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə cavabdehə verildiyi qeyd edilən 19.680.909 ABŞ dolları məbləğində vəsaitin mənimsənilməsi və ya israf edilməsi ilə bağlı ləğv prosesində olan iddiaçının əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumatın verilməsi qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)-15/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti ləğv prosesində olan iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçı öz tələblərinin əsası kimi 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqavilədə göstərilən 19.680.909 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı 2023-cü il 2 iyun tarixində kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək həmin qətnamənin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının xx.xx.2023cü il tarixli, 2-2(102)-413/2023 saylı qərarı ilə (hakimlər Bəhram Məmmədli (sədrlik edən və məruzəçi), Bəhman Qəribov və Əhməd Nurməmmədov) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)-15/2023 saylı qətnaməsinin ləğv edilməsi, işinyenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “... Əvvəla, iş materiallarında olan mübahisəli 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsin 1.2-ci bəndindən görünür ki, sözügedən kredit cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə ayrılmışdır.Göründüyü kimi, cavabdeh özünün biznes fəaliyyətinin yaxşılaşdırılması məqsədilə kredit üçün müraciət etmiş və onunla mübahisəli müavilə bağlanmışdır. Bununla belə, hazırkı iddia ərizəsi məhkəməyə verilənədək, yəni iki ildən artıq müddətdə, ayrılmış kreditdən hər hansı vəsaitin müvafiq məqsədlə istifadəsi mümkün olmasa da, cavabdehin banka bu barədə müraciət etməsi, eləcə də sözügedən kreditin onun razılığı olmadan bank tərəfindən digər kredit borcuna yönəldilməsinə hər hansı formada etiraz etməsi iş materiallarından görünmür. Məhkəmə kollegiyası hesab edir ki, bütün bunlar öz biznesinin inkişafı üçün iri həcmli kreditə ehtiyacı olan cavabdehin hazırkı mövqeyinin əsaslılığına ciddi şübhələr yaradır. Belə ki, dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehin iddiaçı bankdan faktiki ala bilmədiyi kredit həcmində digər banklardan kredit əldə etməsi iş materiallarından görünmür. Üstəlik, cavabdeh kreditin iddiaçı bank tərəfindən silindiyi bildirilən 024 BFHŞ nömrəli digər kredit müqaviləsinin bağlanmadığını məhkəməyə bildirsə də, cavabdehin vaxtında bankın bu cür hərəkətlərinin qarşısının alınmasını, tapşırıqsız (ödəmə tələbnaməsi olmadan) silinən vəsaitin bərpa olunaraq məhz 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ona verilməsini bankdan tələb etməməsi bu şübhələri daha da artırır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan məsələlərin, yəni cavabdehin ona ayrılmış kreditin alınması üçün hər hansı aktivlik göstərməməsinin səbəblərini öyrənməyə çalışmamışdır. Halbuki həmin xüsusatlar işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edə bilər. Bundan başqa, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə görə, banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.3, 6.1 və 12.1-ci maddələrinin məzmunundan və qarşılıqlı təhlilindən aydın olur ki, kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı (kredit tarixçəsi subyektinin, yəni barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin cari və ödənilmiş borcları və digər məsələlər barədə müvafiq məlumatların məcmusunu) fəaliyyətdə olan ən azı bir kredit bürosuna (kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatlarını verən təşkilata) təqdim etməlidirlər. Qeyd etmək lazımdır ki, “Kredit büroları haqqında” Qanunun 2.0.8, 13.2, 13.2.1, 13.2.2 və 13.2.3-cü maddələrinin məzmunundan aydın olur ki, yalnız məlumat təchizatçıları, kredit tarixçəsinin subyekti deyil, icraatlarında olan işlərlə əlaqədar məhkəmələr də kredit bürosundan kredit hesabatlarını almaq hüququna malik subyektlər, yəni məlumat istifadəçisi hesab olunurlar. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi nə cavabdehin kredit tarixçəsi ilə bağlı məlumatların təqdim edilməsini iddiaçıya təklif etmiş, nə də özü belə məlumatların alınması üçün təbir görmüş, mübahisənin həllinə formal yanaşmışdır. Halbuki mülki məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması heç də məhkəmənin bütün hallarda passiv seyrçi mövqeyi tutmasını şərtləndirmir… Həmçinin işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən 2023-cü il 28 mart tarixli e- 2-2(113)-790/2022 saylı xüsusi qərardad qəbul edilərək, mübahisəli kredit müqaviləsi üzrə cavabdehə verildiyi qeyd edilən vəsaitin mənimsənilməsi və ya israf edilməsi ilə bağlı bankın əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin əlamətlərinin olması ehtimaı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Bu baxımdan, yeni apellyasiya baxışında müvafiq cinayət işinin cari vəziyyəti və nəticələri üzrə hazırkı kommersiya mübahisəsi icraatının dayandırılması üçün hüquqi əsas(lar)ın mövcud olub-olmaması, habelə cinayət işinin materiallarının (cinayət işi çərçivəsində müvafiq şəxslərin verdikləri izahatlar, alınmış ekspert rəyləri və s.) hazırkı kommersiya mübahisəsində diqqətə alınması imkanları da nəzərdən keçirilməlidir…”.
d) Proses iştirakçılarının izahatı
21. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən bank hesabı müqaviləsindən xəbərləri yoxdur. Təqdim edilmiş müqavilənin birinci vərəqi ilə ikinci vərəqi tikilməmişdir. İkinci vərəqdə imzalar vardır, birinci vərəqi asanlıqla dəyişmək mümkündür. Belə ki, iddiaçı tərəf öz iddia ərizəsində xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış öhdəliyin icra edilməməsi ilə əlaqədar cavabdehin cari hesabına köçürülmüş məbləğin geri qaytarılmasını tələb edir. Qarşı tərəfin bank hesabı müqaviləsində nəzərdə tutmuş olduğu şərt 2019-cu il tarixli müqavilədə öz əksini tapmamışdır. Onu da qeyd edir ki, "xxxx" MMC şirkətinin təsisçisi “Aikon SPİT” şirkətidir. Həmin şirkətin 3 təsisçisi vardır və həmin 3 təsisçidən biri olan, şirkətin paylarının 51%-nə sahib olan Əşrəf Kamilov adlı şəxs kredit verilən dövrdə iddiaçının Müşahidə Şurasının sədri olmuşdur, aidiyyətı şəxs statusunda olmuşdur. Digər tərəfdən 2019-cu il tarixli kredit müqaviləsinə əsasən əvvəlki müqavilə öhdəliyi üçün ayrılmış kredit məbləğinin restrukturizasiya edilməsi qəbuledilməzdir. Nə qədər ki, mübahisəli müqavilələr təqdim edilməmişdir, bu hal qeyri-mümkündür. Qarşı tərəflə sonuncu müqavilə bağlanan zaman cavabdeh tərəfin iddiaçıya borcu olmamışdır. Ayrılan kredit məbləği onların hesabından məxaric olunmamışdır. 2014-2015-ci illərdən bəri iddiaçı tərəflə cavabdeh arasında kreditin ayrılması məqsədi ilə müqavilələr bağlanmış, iddiaçı tərəfindən cavabdehə 15 dəfə kredit məbləği ayrılmışdır. 2019-cu ildə tərəflər arasında bağlanan müqavilədən sonra hesaba köçürülən məbləğ tərəflərindən məxaric olunmamış, onun üzərində heç bir sərəncam verməmişlər. Buna səbəb də həm təsisçinin qərarı (həmin təsisçi Kamil Əşrəfov qeyd edildiyi kimi həmin vaxt eyni zamanda iddiaçı şirkətin Müşahidə Şurasının sədri olmuşdur və bu hərəkətsizliyin edilməsi onun özünə lazım olan hal olmuşdur) və tərəflər arasında olan, işgüzar münasibətlərdən doğan inam olmuşdur.
22. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə tərəflər arasında bağlanmış 2008-ci il tarixli bank hesabı müqaviləsini təqdim etmişdir. Belə ki, ilk dəfə tərəflər arasında kreditin verilməsi üçün hesab açanda müqavilə bağlanmışdır və təqdim etdikləri də həmin müqavilədir. Bank hesabı müqaviləsinin 2.1.14-cü bəndinı əsasən müştərinin razılığı olmadan da əgər qarşı tərəfin borcu vardırsa, onun hesabından borc məbləğini silə bilərlər. Müqavilənin vərəqlərinin tikilməməsinə münasibətdə qeyd edir ki, bu, standart formadır və heç bir müqavilə tikilmir. Digər tərəfdən daha əvvəl bağlanmış 2 kredit müqaviləsi üzrə qarşı tərəfin elə həmin qədər borcları qalmışdır. Ayrılan kredit vəsaiti də həmin borcların bağlanması üçün istifadə olunmuşdur. Sadəcə kreditin təyinatı texniki səhv nəticəsində düzgün göstərilməmişdir. Həmin müqavilələrin əsli yoxdur, arxivdə də tapılmamışdır. Kənar müdaxilədən də şübhələnirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (müqavilənin bağlandığı iddia edilən zamankı redaksiyada)
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
27. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
32. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
44. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiq olunması zamanı yanlışlığa yol verilmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğvinə şərait yaratmışdır.
45. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsinə istinad etmiş, həmin müqavilə üzrə cavabdehin daşıdığı öhdəlikləri icra etməməsi və sonuncuya verilmiş 19.680.909 ABŞ dolları məbləğində pulun Banka qaytarılmadığını bildirmişdir.
46. Lakin iş materialları, o cümlədən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi tərəflər arasında rəsmiləşdirilmiş 29 mart 2019cu il tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait cavabdehin bank hesabına mədaxil edilsə də, sonradan ötən dövr ərzində həmin vəsait məxaric edilməmiş, cavabdeh tərəfindən vəsaitin üzərinə hər hansı sərəncam həyata keçirilməmişdir. Halbuki tərəflər arasında bağlanılan mübahisəli 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsinin 1.2-ci bəndindən görünür ki, sözügedən kredit cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə ayrılmışdır. İddiaçı tərəfindən də qeyd edilən məbləğin cavabdeh tərəfindən məxaric edilməsinə dair hər hansı sənəd kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim edilməmişdir.
47. Bundan başqa iddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında, o cümlədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış məlumatlarında İddiaçı ASC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 29 mart 2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış 19680909 ABŞ dolları məbləğində vəsaitin xx.xx.2018-ci il tarixli, 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir. Lakin məhkəmə araşdırması gedişatında dəfələrlə iddiaçıdan sözügedən müqavilənin təqdim edilməsi tələb olunsa da, iddiaçı yalnız kserosurətlə kifayətlənmiş, həmin müqavilənin əslini əldə edə bilmədiklərini bildirmişdir.
48. Halbuki Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 55-ci bəndinə görə kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər kredit ödənildikdən və ya balansdan silindikdən sonrakı 5 il ərzində saxlanılmalıdır.
49. Daha sonra tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. İddiaçının tərəflər arasında bağlanılmış 2008-ci il 11 fevral tarixli “Bank hesabı müqaviləsinin 2.1.14-cü bəndinə istinad edərək orada müştərinin sərəncamı olmadan hesabından pul tutula bilməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən müqavilə qeyd edildiyi kimi 2008-ci il tarixdə, hazırki mübahisənin predmeti olan müqavilə isə 2019-cu il mart ayında bağlanmışdır və aradan 11 ildən çox müddət keçmişdir. Əvvəlki müqavilədə müştərinin sərəncamı olmadan silinmənin apara bilinməsi qeyd olunsa da, artıq günümüzə daha yaxın müqavilədə ödəmə tələbnaməsinin olması kimi şərt əlavə edilmişdir ki, bu da işgüzar münasibətlərin illər keçdikcə inkişafından və hüquqi risklərin minimallaşdırılmasından irəli gəlir. Buna görə də kollegiya hesab edir ki, mübahisənin predmeti olan 29 mart 2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsində krediti, faizləri və “Kredit alan”a qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edildiyindən həmin tələbnamənin məhkəmə tərəfindən qarşı tərəfdən tələb olunması əsaslı olmuş, tələbnamənin olmaması isə silinmənin qanunsuz aparılmasını deməyə əsas vermişdir.
50. Qeyd olunanlar öz əksini 29 mart 2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi, o cümlədən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış əvvəlki kredit müqavilələri üzrə borcun (borcların) mövcud olubolmaması və xx.xx.2019-cu il tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə 14-59004-3 nömrəli hesaba köçürülən 19680909 ABŞ dolları məbləğinin həmin kredit müqavilələri üzrə borca (borclara) silinməsi üçün əsasların olub-olmamasını müəyyənləşdirmək üçün öncəki apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş 15 fevral 2023-cü il tarixli 9/8041 saylı ekspert rəyində də tapmışdır.
51. Həmin rəyə əsasən tərəflər arasında rəsmiləşdirilmiş 29 mart 2019-cu il tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir. Bundan başqa kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. Lakin iş materiallarında belə bir məlumat, tələbnamə öz əksini tapmamışdır. Yuxarıda göstərilən hallara əsasən (kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi, sərəncam, ödəniş tapşırığı, tələbnamə olmadan digər kredit borcuna silindiyi nəzərə alınmaqla) hazırkı ekspertiza zamanı borcalana 29 mart 2019-cu il tarixli 026 BFHŞ saziş üzrə ayrılmış 19.680.909,0 ABŞ dolları məbləğində kredit məbləği üzrə faiz borcu hesablanıb-hesablanmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. İş materiallarında "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış məlumatlarında İddiaçı ASC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş müqavilələr (rəyin tədqiqat hissəsində həmin müqavilələr dəqiq göstərilmişdir) öz əksini tapmışdır. Tədqiqat zamanı qeyd edilən müqavilələrin bir neçəsinin iş materiallarında mövcud olmadığı müəyyən edildi, o cümlədən tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsi. Həmin kredit müqaviləsi üzrə borcalana verilməli olan kredit məbləğinin 19.343.149.0 ABŞ dolları olması qeyd edilmişdir. Hesabdan çıxarış məlumatlarında o, cümlədən "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış məlumatlarında İddiaçı ASC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 29 mart 2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış 19.680.909,0 ABŞ dolları məbləğində vəsaitin həmin, iş materiallarında mövcud olmayan 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir.
52. Kassasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, bundan öncə işə baxan apellyasiya instansiyası məhkəməsi nə cavabdehin kredit tarixçəsi ilə bağlı məlumatların təqdim edilməsini iddiaçıya təklif etmiş, nə də özü belə məlumatların alınması üçün təbir görmüş, mübahisənin həllinə formal yanaşmışdır.
53. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 2-2(103)-64/2024 saylı qərardad qəbul edilmiş, qərardadla iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC ilə olan kredit tarixçəsinə dair məlumatların (kredit müqavilələrinin tarixi və nömrəsi, həmin kredit müqavilələri üzrə cari və ödənilmiş borclar və digər məsələlər barədə müvafiq məlumatlar) Azərbaycan Kredit Bürosu tərəfindən təqdim edilməsi qərara alınmışdır.
54. Azərbaycan Kredit Bürosu tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, D- 0075/24 saylı cavab məktubu ilə "xxxx" MMC-nin Büronun məlumat bazasından çıxarışı təqdim olunmuş və əlavə olaraq bildirilmişdir ki, Büroda məlumat təchizatçılarının (bank, bank olmayan kredit təşkilatı və s.) təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların dəqiqliyi Büro tərəfindən yoxlanılmır.
55. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən kredit bürosu məlumat təchizatçısının kredit bürosuna verdiyi məlumatın yanlış olması nəticəsində kredit tarixçəsinin subyektinə dəyən zərərə görə məsuliyyət daşımır.
56. İstər qanunvericiliyin tələblərindən, istərsə də, Azərbaycan Kredit Bürosu tərəfindən ünvanlanmış cavab məktubundan da göründüyü kimi kredit reyestrində borc məbləğinin göstərilməsi hələ həmin kreditin şübhəsiz olaraq borcalan tərəfindən götürülməsi və müqavilənin birmənalı subyekti olması anlamına gəlmir. Çünki qeyd edildiyi kimi kredit bürosu məlumat təchizatçıları, yəni hazırki iş üzrə Bankdan zəruri məlumatları alaraq yalnız texniki formada yoxlamaqla onu reyestrə daxil etməklə məsuldurlar və həmin məlumatların təhrif olunmuş formada təqdim edilməsi məsuliyyəti Bankın öz üzərinə düşür. Ona görə də kollegiya hesab edir ki, kredit reyestrində borcun olduğunun göstərilməsi hələ həmin məlumatlara mübahisəsiz etimad edilməsi anlamına gəlməməli və bu hal məlumat təchizatçısı olan Bankı həmin məlumatı büroya təqdim etməsinə əsas olmuş sənədlərin özündə saxlanması məsuliyyətindən azad etməməlidir.
57. Həmçinin, iddiaçı kassasiya instansiya məhkəməsinə verdiyi şikayətdə bildirmişdir ki, cavabdehin əlavə etdiyi mənfəət vergisi bəyannaməsinə əlavə №1-in 2.2.1.1 bəndindən (bank kreditləri) açıq şəkildə görünmüşdür ki, hesabat dövrünün əvvəlinə cəmiyyətin kredit öhdəlikləri üzrə qalığı 61.615.316,83 manat, dövr ərzində cəlb edilmiş ümumi kredit məbləği 61.717.470,06 manat, dövr ərzində kredit öhdəliklərinin icrasına yönəldilmiş ümumi məbləği isə 92.219.268,58 manat təşkil etmişdir və dövrün sonuna kredit borcları üzrə qalıq öhdəliklərinin cəmi 31.113.518,31 manat olmuşdur. Göründüyü kimi, cavabdeh vergi orqanına kredit vəsaitlərinin cəlb edilməsini və istifadə edilməsini bəyan etməklə yanaşı, faiz gəlirlərini xərclərə salmış, eyni zamanda, iddiaçıdan aldığı kredit vəsaitini borc vəsaiti kimi göstərmişdir. Kollegiya qeyd edilənlərə münasibətdə qeyd edir ki, iddiaçının özünün də qeyd etdiyi kimi bəyannaməyə əlavələrdə cəmiyyətin kredit öhdəliklərinın qalıq məbləği ümumi formada göstərilmiş, həmin məbləğlərin konkret olaraq yaranma mənbələri, yəni daha dəqiq desək, bağladığı hansı kredit müqavilələrindən dolayı yaranması ilə bağlı qeyd öz əksini tapmamışdır. Bu zaman həmin qalıq öhdəliklərinin məhz iddiaçının cavabdehə verdiyi kredit üzrə ödənilməyən borcdan yarandığını demək düzgün olmaz və sadəcə ehtimallara əsaslanan mülahizə olmuş olar.
58. Daha sonra kassasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən 2023-cü il 28 mart tarixli e-2-2(113)-790/2022 saylı xüsusi qərardad qəbul edilərək, mübahisəli kredit müqaviləsi üzrə cavabdehə verildiyi qeyd edilən vəsaitin mənimsənilməsi və ya israf edilməsi ilə bağlı bankın əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Bu baxımdan, yeni apellyasiya baxışında müvafiq cinayət işinin cari vəziyyəti və nəticələri üzrə hazırkı kommersiya mübahisəsi icraatının dayandırılması üçün hüquqi əsas(lar)ın mövcud olubolmaması, habelə cinayət işinin materiallarının (cinayət işi çərçivəsində müvafiq şəxslərin verdikləri izahatlar, alınmış ekspert rəyləri və s.) hazırkı kommersiya mübahisəsində diqqətə alınması imkanları da nəzərdən keçirilməlidir.
59. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq kollegiya tərəfindən xx.xx.2023-cü il tarixli, 2-2(103)-964/2023 saylı məktubla Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinə müraciət edilmiş, müraciətlə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən 2023-cü il 28 mart tarixli e-2-2(113)-790/2022 saylı xüsusi qərardadı ilə əlaqədar aparılan araşdırma və onun nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir.
60. Məhkəmənin sözügedən məktubuna Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən xx.xx.2024-ci il tarixli cavab məktubu daxil olmuşdur. Məktubda bildirilmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı məlum olmuşdur ki, 2014-2019-cu illərdə İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış kredit müqavilələrinə əsasən kreditlərin verilməsi zamanı Bankın kredit portfeilinin sağlamlaşdırılması görüntüsü yaratmaq məqsədi ilə Bankın vəzifəli şəxsləri tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsi, eləcə də digər normativ hüquqi aktların tələbləri pozulmaqla vəzifə saxtakarlığı edilmiş, əməliyyatların izlənilməsi qaydasına nəzarət funksiyasını həyata keçirən BƏS sisteminə qanunsuz müdaxilə edilmişdir. Qeyd edilən halların yoxlanılması məqsədi ilə 18 dekabr 2023-cü il tarixdə təftiş təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-yə 2014-2019-cu illər ərzində 15 sayda kredit məbləğlərinin ayrılması rəsmiləşdirilmiş, həmin kredit məbləğlərinin bir qismi ilkin mənbədən birbaşa mal-materiala və digər xərclərə yönəlmiş, digər qismi isə əvvəlcədən ayrılmış kreditlərin restrukturizasiyası və prolonqasiyası olmuşdur. Habelə rəydə göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli 48BFKX nömrəli kredit müqaviləsi barədə ilk qeydiyyatlar BƏS sistemində 16 fevral 2016-cı il tarixdə aparılmışdır. Bu isə onu göstərir ki, xx.xx.2015-ci il tarixli, 48BFKX nömrəli kredit müqaviləsi BƏS sisteminə sonradan müdaxilə olunaraq aparılmış yazışmaların nəticəsidir. Ona görə də həmin müqavilə, eləcə də onun sonradan restrukturizasiyası və prolonqasiyası olmuş müqavilələr bir-biri ilə bağlı olduğundan onlar üzrə hesablamalar hazırki tədqiqat zamanı nəzərə alınmır və etibarsız hesab edilir.
61. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilən cavab məktubundan da görünür ki, tərəflər arasında hələ xx.xx.2015-ci il tarixdə bağlanılan müqavilə ilə bağlı məlumatlar artıq müəyyən müdaxilələrə məruz qalmış və sistemə çox sonradan əlavə olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında da iddiaçının nümayəndəsi onların özü tərəfindən sistemə bu tipli kənar müdaxilədən şübhələndiklərini qeyd etmişdir. Bununla da ondan sonra bağlanmış müqavilələrin də öncəki müqavilələrlə yaranmış borcun bağlanması və öhdəliklərin qarşılanması məqsədi ilə bağlandığı iddia olunursa, artıq zəncirvari şəkildə həmin müqavilələrin də etibarlılığı və nəzərdə tutduğu məbləğlərin miqdarı şübhə altına düşür. Hazırda da əgər iddiaçı öz iddia ərizəsində və mövqelərində mübahisə predmeti olan 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsinin ondan öncə bağlanmış kredit müqaviləsinin restrukturizasiya olunması məqsədi ilə bağlandığını iddia edirsə, yuxarıdakı mövqeyə əsasən hazırki müqavilənin dəyəri olan məbləğin də hesablanması və verilmə qaydası artıq şübhə doğurur və müdaxilə edilmiş sistemin tərkib hissəsinə çevrilmiş olur.
62. Əlavə olaraq işin halları ilə bağlı tam təsəvvürün yaradılması məqsədilə kollegiya qeyd edir ki, işin hallarından məlum olduğu kimi cavabdeh "xxxx" MMC şirkətinin təsisçisi “Aikon SPİT” şirkətidir. Həmin şirkətin 3 təsisçisi vardır və həmin 3 təsisçidən biri olan, şirkətin paylarının 51%-nə sahib olan Əşrəf Kamilov adlı şəxs kredit verilən dövrdə iddiaçının Müşahidə Şurasının sədri, yəni aidiyyatı şəxs statusunda olmuşdur. Dövlət Təhkükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmanın da nəticəsində Bankın vəzifəli şəxsləri tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsi, eləcə də digər normativ hüquqi aktların tələbləri pozulmaqla vəzifə saxtakarlığı edilməsi, əməliyyatların izlənilməsi qaydasına nəzarət funksiyasını həyata keçirən BƏS sisteminə qanunsuz müdaxilə edilməsi faktı öz təsdiqini tapdığından, məhkəmə tərəfindən məhz yuxarıda adıçəkilən Kamil Əşrəfov adlı şəxsin kredit verilən dövrdə öz səlahiyyətlərindən sui-istifadə edərək qeyd edilən vəzifə saxtakarlığını törətməsi və sistemə qanunsuz müdaxilə etməsini deməyə əsaslı şübhələr verir.
63. Daha sonra kassasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, işə bundan öncə baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan məsələlərin, yəni cavabdehin ona ayrılmış kreditin alınması üçün hər hansı aktivlik göstərməməsinin səbəblərini öyrənməyə çalışmamışdır. Ali Məhkəmənin qeyd edilən göstərişinə uyğun olaraq apellyasiya baxışı zamanı cavabdehin bununla bağlı bir neçə dəfə öyrənilmiş və bunun nəticəsində məlum olmuşdur ki, buna səbəb də həm təsisçinin qərarı (həmin təsisçi Kamil Əşrəfov qeyd edildiyi kimi həmin vaxt eyni zamanda iddiaçı şirkətin Müşahidə Şurasının sədri olmuşdur və bu hərəkətsizliyin edilməsi onun özünə lazım olan hal olmuşdur) və tərəflər arasında olan, işgüzar münasibətlərdən doğan inam olmuşdur. Belə ki, iş materiallarından və ekspert rəyindən də göründüyü kimi tərəflər arasında işgüzar biznes münasibətləri hələ 2014-2015-ci illərdən etibarən başlanmış, həmin dövrlərdən bəri tərəflər arasında kreditor-borclu münasibətləri mövcud olmuşdur. X1 Xidməti tərəfindən aparılan araşdırmanın nəticəsi də işin bütün halları və qeyd olunanlarla məcmu halında təhlil edildikdə, Bankın vəzifəli şəxsi və eyni zamanda cavabdehin təsisçisi olan şəxsin, həqiqətən də, bu hərəkətsizlikdə özünün də marağının olması ilə bağlı şübhələri əhəmiyyətli formada artırmışdır.
64. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı hazırki iş üzrə iddianın əsasını təşkil edən xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsində nəzərdə tutulmuş pul vəsaitinin cavabdehə verildiyini və ya onun mövcüd olan əvvəlki kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldiyini, ümumiyyətlə həmin pul vəsaitinin cavabdehin sərəncamına verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin iddiaçı tərəfindən kreditlərin rəsmiləşdirilməsi prosesində vəzifəli şəxslərinin əməllərində cinayət faktının olmasına əsaslı şübhələr yaranmış, qeyd olunanlar öz təkzibini hansısa əsaslı sübutla tapmamışdır.
65. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
66. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
68. Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
70. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. 89. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
73. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova