Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-64/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə “borcun ödənilməsi və s.” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-327/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC (borc verən) ilə "xxxx" MMC (borc alan) arasında 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana dövriyyə vəsaitinin artırılması məqsədi ilə İllik 18 % hesablanmaq şərti ilə, 12 ay müddətinə 260.000 manat məbləğində kredit xətti açır, 5.1-ci bəndinə əsasən kreditin ödənilməsi borc verən tərəfindən bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə həyata keçirilir. Borc alan kreditdən istifadə üçün, faizləri hər ayın 18-dən gec olmayaraq, əsas məbləği müddət ərzində olmaqla xx.xx.2023-cü il tarixinə qədər ödəməlidir, 5.2-ci bəndinə əsasən kredit bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə və məbləğlərdə borc alan tərəfindən ödənilməzsə, borc verən ödənilməmiş borc məbləğini vaxtı keçmiş borca aid edərək, həmin gündən borc alandan gecikdirilmiş ödənişlərin məbləğindən illik 32% dərəcəsi ilə kreditdən istifadə haqqı tutacaqdır. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 18 mart 2022-ci il tarixli 09/2022KT saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli 09/2022KT№-li krediti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir, 2.1-ci bəndinə əsasən ipoteka predmeti Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 14 və 15 mərtəbəli binada 178.18 kv.m. ümumi sahədən ibarət 4 otaqlı 208 nömrəli mənzildir, 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 360.000 manat dəyərində müəyyən olunmuşdur, 3.1-ci bəndinə görə bu ipoteka müqavilə üzrə əsas öhdəlik borc verən ilə borc alan arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022KT №-li Kredit müqaviləsidir, 3.2-ci bəndinə əsasən bağlanmış xx.xx.2022-ci İİ tarixli, 09/2022KT№-li kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə qədər, illik 18 % olmaqla 260.000 manat məbləğində kredit verilir, 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyan və borc alanın imzası (o cümlədən ipoteka saxlayanın və borcalanın) möhürü vurulmaqla notariat qaydasında təsdiq edilmişdir.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında yerləşən sahəsi 178,18 kv.m olan 208 nömrəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsinə istinad edilmişdir.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş Sum/123 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 09/2022KT nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23 avqust 2023-cü il tarixinə əsas borcu 260.000 manat, faiz borcu 18.339,61 manat olmaqla cəmi borcu 278.339,61 manat təşkil edir.
5. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarələrinə ünvanladığı müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında yerləşən sahəsi 178,18 kv.m olan 208 nömrəli mənzilə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan "xxxx" MMC-yə və ipoteka qoyan Cavabdeh1 xx.xx.2023-cü il tarixli, xx/xx-6140 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 1 nömrəli mənzil ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən xx.xx.2022-ci il tarixli, 09/2022KT nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan "xxxx" MMC-yə və ipoteka qoyan Cavabdeh1 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 9/391 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin İddiaçı ASCyə xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) faiz borcu 4.680,30 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) sonra da cavabdeh tərəfindən iddiaçı banka 10.000,69 manat məbləğində ödəniş aparılmış, həmin ödənişlərin 4.680,30 manat hissəsi müqavilə müddətinin bitdiyi tarixə hesablanmış faiz borcuna görə silinmiş, geriyə qalan 5.320,39 manat (10.000,69-4.680,30) məbləğində pul vəsaiti isə cavabdehin əsas borcundan silinməklə, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) cavabdehin 254.679,61 manat əsas borcu müəyyən edildi. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
9. "xxxx" MMC-nin 18 mart 2024-cü il tarixli, LP-028/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin hazırki bazar qiyməti 508.000 manat, likvid qiyməti isə 457.000 manat dəyərində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.
10. "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli, 044/KS/024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 559.000 manat, likvid qiyməti isə 520.000 manat dəyərində müəyyən edilmişdir.
11. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsi üzrə "xxxx" MMC sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
12. xx.xx.2024-cü il tarixli, 9/9722 nömrəli ekspert rəyinə əsasən cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə olan əsas borcu 260.000,00 manat, faiz borcu 4.680,30 manat, xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə olan əsas borcu 258.449,61 manat, faiz borcu 16.282,33 manat müəyyən edilmişdir.
13. xx.xx.2025-ci il tarixli, 9/9712 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, 178.18 kv.m ümumi sahədən ibarət mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 537.000,00 manat 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 483.300,00 manat müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMCyə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən (VÖEN: **********) 260000 manat məbləğində əsas borc, 18.339,61 manat məbləğində faiz borcu, ümumilikdə 278.339,61 manat məbləğində pul vəsaiti, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 51 manat rüsumun və mediasiya üçün 400 manat və ödənilmiş 169 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 251a saylı evin, 208 nömrəli mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh1 və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 278.959,61 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC (VÖEN: **********) xx.xx.2022-ci il tarixində 09/2022KT saylı kredit xətti müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 09/2022KT saylı Kredit xətti müqaviləsinə əsasən, Cavabdeh2 MMC-yə (VÖEN: **********) illik 18% (on səkkiz) faiz hesablanmaq şərti ilə, 260000 manat məbləğində 12 (on iki) ay müddətinə bərpa olunan kredit xətti açılmışdır. xx.xx.2022-ci il tarixli 09/2022KT saylı Kredit xətti müqaviləsinin təminatı kimi xx.xx.2022ci il tarixində 09/2022KT saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 251a saylı evin, 208 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi- **********27-05301- 093016, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2022-ci il). İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, xx.xx.2022-ci il tarixli 09/2022KT saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin (VÖEN: **********) əsas borcu 260000 manat, faiz borcu – 18.339,61 manat, ümumilikdə 278.339,61 manat təşkil edir. Lakin Cavabdeh2 MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixli 09/2022KT saylı kredit xətti müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-327/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsi üzrə 254.679,61 manat əsas borc, dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 51 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan ünvan 1 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 457.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdeh "xxxx" MMC-dən ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, qiymətləndirmə rəyinin alınmasına görə 300 manat məbləğində pul vəsaitinin 270 manat hissəsi ccavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə illik 18 % hesablanmaq şərti ilə, 12 ay müddətinə 260.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) faiz borcu 4.680,30 manat müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlmişdir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün hesablamaqda haqlıdır. Odur ki, kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx.xx.2023- cü il tarixdə bitdiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz borcunu tələb edə bilər. Ekspert rəyindən həmçinin görünür ki, xx.xx.2023-cü il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) sonra da cavabdeh tərəfindən iddiaçı banka 10.000,69 manat məbləğində ödəniş aparılmış, həmin ödənişlərin 4.680,30 manat hissəsi müqavilə müddətinin bitdiyi tarixə hesablanmış faiz borcuna görə silinmiş, geriyə qalan 5.320,39 manat (10.000,69-4.680,30) məbləğində pul vəsaiti isə cavabdehin əsas borcundan silinməklə, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) cavabdehin 254.679,61 manat əsas borcun olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 254.679,61 manat əsas borc tutulmalı, faiz borcunun tutulması tələbinə dair hissədə isə iddia rədd edilməlidir. Bununla yanaşı İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 18 mart 2022-ci il tarixli 09/2022KT saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilmişdir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ünvan 1 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASCnin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh "xxxx" MMC-dən ümumi qaydada tutulmalıdır. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, LP- 028/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin hazırki bazar qiyməti 508.000 manat, likvid qiyməti isə 457.000 manat dəyərində müəyyən edilmişdir. Həmçinin Cavabdeh1 sifarişi əsasında aparılmış və onun tərəfindən məhkəməyə təqdim edilən "xxxx" MMC tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 044/KS/024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 559.000 manat, likvid qiyməti isə 520.000 manat dəyərində müəyyən edilmişdir. Bununla yanaşı ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş və həmin qiymətləndirmələrə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli mənzil 360.000 manat məbləğində dəyərləndirilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə razılaşmamaq üçün əsas olmadığını, həmin rəyin tərəflərin ipoteka müqaviləsində müəyyənləşdirdikləri ilkin satış qiymətinə (360.000) daha yaxın olmasını, eləcə də "xxxx" MMC-nin rəyinin tərəflərdən birinin sifarişi ilə alındığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ipoteka predmetin ilkin satış dəyərinin məhkəmə tərəfindən alınmış "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən (457.000 manat) müəyyənləşdirilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 169 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 568,34 manat təşkil edir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. Odur ki, məhkəmə hesab etmişdir ki, qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti, digər məhkəmə xərclərinin əvəzi olaraq 51 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməli, qiymətləndirmə rəyinin alınmasına görə 300 manat məbləğində pul vəsaitinin 270 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə İddiaçı ASCdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 445.7, 739, 743-cü maddələrini, . “İpoteka haqqında” Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 47.5-ci maddələrini, Mülki Prosessual Məcəllənin 103.1, 107, 115.0.9, 119.1, 206.1-ci maddələrini, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-327/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 208 nömrəli mənzilin təkrar ekspertiza əsasında ilkin satış qiyməti müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ekspert rəyləri hərtərəfli araşdırılmamış və nəticədə işin hallarına, əmlakın faktiki dəyərinə uyğun olmayan, açıq-aşkar azaldılmış qiymət qoyulmuş və qeyri mötəbər sübutlarla hesablanmış borc barədə qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə əmlakın satış dəyərini azaltmaqla əmlak hərrac tərəfindən iddiaçı Banka təklif edildikdə Bank tərəfindən ipoteka qoyana borc məbləğindən artıq ola biləcək fərqin ödənilməməsinə bilərəkdən və ya bilməyərəkdən şərait yaratmışdır. Qanunla müəyyən edilir ki, müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamə almış şəxs barədə ətraflıməlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası(ixtisasları) üzrə ekspert rəyi verə bilər. Lakin indiki halda "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “mütəxəssis”in ekspertiza aparılması üçün qanunla müəyyən edilmiş göstəricilərə cavab vermədiyi məhkəməyə məlum olmuşdur. Lakin, məhkəmə qanunun ekspertlələ bağlı olan tələbini pozmuş və cavabdehin vəsatətləri olduğu halda belə, ekspert rəyinin qeyriobyektiv aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə belə məhkəmə tərəfindən cavabdehin iradları nəzərə alınmamaqla hüquqları kobud şəkildə pozulmuşdur. Digər tərəfdən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək qanuna əsasən ekspertin vəzifələrindən biridir. Lakin indiki halda ekspertin qiymətləndirmə apararkən istinad etdiyi analoji hallara nəzər salarkan müəyyən etmək mümkündür ki, ekspert analoji müqayisəni dəyəri biri birinə uyğunsuz olan əmlaklar arasında aparılmışdır. Beləki ipoteka qoyana məxsus əmlak (ipoteka predmeti) çıxarışlı, təmirli və yüksək dəyərə malik olsa belə analoji təhlil çıxarışsız, təcili pul lazım olduğu üçün dəyərindən aşağı satılan və ya yerləşdiyi ərazı dəqiq göstərilməmiş mənzillər arasında aparılmışdır. Hesab edirik ki, qeyri peşəkar ekspertin sərişdəsizliyi üzündən cavabdeh maddi ziyana məruz qalmalı deyil və iş üzrə obyektiv qiymətləndirmə ekspertizsı keçirilməli idi. Bakı Kommersiya məhkəməsi tərəfindən hazırki işlə bağlı qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam baxdıqdan sonra həmin sübutlara müvafiq qiymət verməlidir. Lakin iş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş və işin faktiki hallarını əks etdirməyən və cavabdehin prossesual hüquqları pozularaq qətnamə qəbul edilmişdir. Belə ki, iş üzrə özəl ekspert tərəfindən keçirilmiş ekpertizanın: 1) qeyri-obyektiv aparılması açıq aydın görülməsi, bununla bağlı cavabdehin bütün zəruri sübutları təqdim etməsi, 2) ekspert rəyində analoji təhlil üçün seçilmiş (1-ci analoji təhlil) mənzilin çıxarışsız olması və yerləşdiyi ünvanın gizlədilməsi, 3) 2-ci analoji təhlil üçün seçilmiş mənzilin yerləşdiyi küçə ünvanının qeyd edilməməsi, 4) 3-cü analoji təhlil üçün seçilmiş mənzilin elanında mənzilin dəyərindən ucuz qiymətə satışa çıxdığının qeyd qeyd edilməsi, 5) 3 fəqli ölçüdə, fərqli mərtəbələrdə, fərqli otaq saylı ilə və bilinməyən binalarda analoji təhlil üçün mənzillər seçilməsi, rəydə onların müqayisəli cədvəlinin tərtib edilməməsi, cədvəl üzrə əmlakların müqayisəli müsbət və mənfi cəhətləri müəyyən edilməklə yekun orta müəyyən edilməməsi; və Məhkəmə mühasibatlıq ekspertizasının mötəbər sübutlar (hesabdan çıxarış, kassa sənədləri) olmadan keçirilməsi kimi yuxarıda qeyd edilmiş bütün hallar sübutlara obyektiv və qərəzsiz baxılmadığını özündə əks etdirir. Məhkəmə tərəfindən Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC yə həvalə edilmişdir. Məhkəmə tərəfindən hər iki ekspertizanın deyil yalnız birinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi maddi hüquq normasının ekspertiza fəaliyyəti haqqında normalarına zidd olmuşdur. Eyni zamanda qiymətləndirmə fəaliyyəti ilə də məşğul olan özəl ekpsertiza şirkəti "xxxx" MMC-nin qimətləndirmə zamanı əsassız və qeyri-obyektiv sübutlara istinad etməsi cavabdehin təqdim etdiyi vəsatətlə və "xxxx" MMC-nin yeni qiymətləndirmə rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin təkrar ekspertizanın keçirilməsi və ya "xxxx" MMC-nin rəyinin əsas götürülməsi barədə vəsatətini əsaslı hesab etməsədə bununla bağlı qəbul etdiyi qərardadda "xxxx" MMC-nin rəyində nəyi əsassız hesab etdiyini konkret qeyd etməmişdir. Məhkəmə bu halı işini uzadılmasının qarşısının alınması kimi əsaslandıraraq cavabdehin hüquqlarının kobud şəkildə pozmuş və işin tez yekunlaşdırılması mənafeyini cavabdehin hüquqlarından üstün tutmuşdur. Digər tərəfdən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı işə mötəbər sübutların əlavə edilməməsi səbəbindən (hesabdan çıxarış, kassa sənədləri və s.) cavabdeh ekspert qarşısında sualların qoyulması kimi hüquqlarındanda məhrum edilmişdir. Belə sübutlar məhkəmə baxışının yekununda imza və təsdiqsiz formada e-məhkəmə portalına təqdim edilsədə artıq ekspertiza çoxdan keçirilmiş və “bank həmişə haqlıdır prinsipi“ təəssüflər olsun ki, bu məhkəmə çəkişməsinin ədalətli aparılmasına mane olmuşdur. Qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam baxdıqdan sonra həmin sübutlara müvafiq qiymət verməlidir. Lakin iş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş və işin faktiki hallarını əks etdirməyən və cavabdehin prossesual hüquqları pozularaq qətnamə qəbul edilmişdir. Cavabdehin konkret əsaslarla məhkəməyə təqdim etdiyi vəsatətlər, keçirilmiş ekspertizaların qeyriobyektiv aparılmasına dair təqdim edilmiş sübutlar məhkəmə tərəfindən qəbul edilmiş və ədalətsiz qərardadlar əsasında rədd edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının mötəbər sübutlar (hesabdan çıxarış, kassa sənədləri) olmadan keçirilməsi kimi yuxarıda qeyd edilmiş bütün hallar sübutlara obyektiv və qərəzsiz baxılmadığını özündə əks etdirir. Yekunda ipoteka predmetinin ilkin satış dəyərinə əhəmiyyətli dərəcədə aşağı qiymət müəyyən edilməklə və kredit borcunun sübutlara istinad edilmədən hesablanması yolu ilə qətnamə qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmənin istinad etdiyi sübutlar əsaslı hesab edilsədə apellyasiya şikayətimizdə qeyd etdiyimiz əsas və dəlillərə əsasən sübutların qeyri-obyektiv olmasını müəyyən etmək mümkündür. Məhkəmə xx.xx.2024 tarixli qərardadı ilə müəyyən etmişdir ki, təkrar əmlakın qiymətləndirilməsi ekspertizası və təkrar məhkəmə mühasbiatlıq ekspertizasının təyin edilməsi üçün əsaslar mövcud deyildir və təkrar ekspertizaların keçirilməsi məhkəmə araşdırmasının lüzumsuz uzadılmasına gətirib çıxaracaqdır. Lakin, hesabdan çıxarışın olmaması cavabdehin ekspert qarşısında sualların qoyulması kimi hüquqlarını əlindən almışdır. Digər tərəfdən əmlakın qiymətləndirilməsi rəyinin qeyri-obyektiv analoji müqayisə əsasında aparılması haqqında sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən vaxt itkisi cavabdehə dəyəcək maddi zərərdən üstün tutulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
22. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşr redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
24. “İpoteka haqqında” Qanunun:
1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. “Dövlət rüsumu haqqında” AR Qanununun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh1 tərəfindən qismən mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-327/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsi qismən dəyişdirilməlidir.
31. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə illik 18 % hesablanmaq şərti ilə, 12 ay müddətinə 260.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 9/391 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) faiz borcu 4.680,30 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) sonra da cavabdeh tərəfindən iddiaçı banka 10.000,69 manat məbləğində ödəniş aparılmış, həmin ödənişlərin 4.680,30 manat hissəsi müqavilə müddətinin bitdiyi tarixə hesablanmış faiz borcuna görə silinmiş, geriyə qalan 5.320,39 manat (10.000,69- 4.680,30) məbləğində pul vəsaiti isə cavabdehin əsas borcundan silinməklə, xx.xx.2024cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) cavabdehin 254.679,61 manat əsas borcu müəyyən edildi. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 9/9722 nömrəli ekspert rəyinə əsasən cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə olan əsas borcu 260.000,00 manat, faiz borcu 4.680,30 manat, xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə olan əsas borcu 258.449,61 manat, faiz borcu 16.282,33 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün hesablamaqda haqlıdır. Odur ki, hazırkı halda kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz borcunu tələb edə bilər. xx.xx.2024-cü il tarixli, 9/9722 nömrəli ekspert rəyinə əsasən cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə olan əsas borcu 260.000,00 manat, faiz borcu 4.680,30 manat, xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə olan əsas borcu 258.449,61 manat, faiz borcu 16.282,33 manat müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) sonra da cavabdeh tərəfindən iddiaçı banka 10.000,69 manat məbləğində ödəniş aparılmış, həmin ödənişlərin 4.680,30 manat hissəsi müqavilə müddətinin bitdiyi tarixə hesablanmış faiz borcuna görə silinmiş, geriyə qalan 5.320,39 manat (10.000,69-4.680,30) məbləğində pul vəsaiti isə cavabdehin əsas borcundan silinməklə, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) cavabdehin 254.679,61 manat əsas borcun olması müəyyən edilmişdir. Belə olan halda cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 254.679,61 manat əsas borc tutulmalı, faiz borcunun tutulması tələbinə dair hissədə isə iddia rədd edilməlidir.
33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 18 mart 2022-ci il tarixli, 09/2022KT saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 18 mart 2022-ci il tarixli 09/2022KT saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilmişdir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ünvan 1 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASCnin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh "xxxx" MMC-dən ümumi qaydada tutulmalıdır. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, LP-028/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin hazırki bazar qiyməti 508.000 manat, likvid qiyməti isə 457.000 manat dəyərində müəyyən edilmişdir. Həmçinin Cavabdeh1 sifarişi əsasında aparılmış və onun tərəfindən məhkəməyə təqdim edilən "xxxx" MMC tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 044/KS/024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 nömrəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 559.000 manat, likvid qiyməti isə 520.000 manat dəyərində müəyyən edilmişdir. Bununla yanaşı ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş və həmin qiymətləndirmələrə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli mənzil 360.000 manat məbləğində dəyərləndirilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə razılaşmamaq üçün əsas olmadığını, həmin rəyin tərəflərin ipoteka müqaviləsində müəyyənləşdirdikləri ilkin satış qiymətinə (360.000) daha yaxın olmasını, eləcə də "xxxx" MMC-nin rəyinin tərəflərdən birinin sifarişi ilə alındığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ipoteka predmetin ilkin satış dəyərinin məhkəmə tərəfindən alınmış "xxxx" MMCnin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən (457.000 manat) müəyyənləşdirilməlidir.
34. Məhkəmə tərəfindən keçirilmiş sonuncu ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, 178.18 kv.m ümumi sahədən ibarət mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 537.000,00 manat 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 483.300,00 manat müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyərinin məhkəmə tərəfindən alınmış rəydə müəyyən edilmiş likvid qiymətə əsasən (483.300 manat) müəyyənləşdirilməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə dəyişdirilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-327/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsi əmlakın ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus olan ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti 483.000 (dörd yüz səksən üç min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qiymətləndirmə və mühasibatlıq rəylərinin alınmasına görə 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.