Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-643/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1404/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 24.12.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 26.603,85 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 54.864,27 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 1.096,86 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 48.790 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşin mübahisəsiz hallarıdır ki, Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli qətnaməsi 21.04.2021-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim olunmuş, cavabdehin apellyasiya şikayəti əvvəlcə elektron kabinet vasitəsilə deyil, kağız variantda 16.05.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə daxil olmuş, daha sonra isə 27.05.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmiş, bununla da cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddəti 3 gün ötürmüşdür. Belə ki, 22.04.2021-ci il tarixdən hesablamaqla müddətin son günü 24.05.2021-ci il tarixə təsadüf edir (MPM-in 128.3, 129.1 və 129.2-ci maddələri). Qeyd olunan hallar Bakı Apellyasiya Məhkəməsi KK-nın apellyasiyanın mümkün sayılması haqqında 31.05.2021-ci il tarixli qərardadında nəzərə alınmamışdır. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi KK-nın iş üzrə apellyasiyanın mümkün sayılması haqqında əvvəlki qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1404/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hazırkı iş üzrə apellyasiyanın mümkün sayılması haqqında 31 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-643/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-643/2021
24.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver