Məhkəmə qərarları › İş №2-2(103)-644/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-644/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-644/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh1 vəkili nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-108/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 bağlanmışdır.

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsinə əsasən Cavabdeh2 60 (altmış) ay müddətinə illik 13% olmaqla 400000 (dörd yüz min) manat kredit verilmişdir.

3. Kredit müqaviləsinin 01 saylı əlavəsi olan ödəniş cədvəlinə əsasən bank tərəfindən verilmiş 400000 manatı kredit borcuna görə 60 ay müddətində (son ödəniş tarixi xx.xx.2027-ci il olmaqla) 400000 manat əsas, 146226,43 manat faiz, ümumilikdə 546226,43 manat ödənilməlidir.

4. İddiaçı (kreditor) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətdə olan ümumi sahəsi 217.80 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir.İpotek predmetinin dəyəri 460 000 manat müəyyən edilmişdir.

5. İddiaçı (kreditor) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə görə zamin **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 üzrə öhdəliyin icrası üzrə borclu ilə birlikdə məsuliyyət götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsinə əsasən 395232,10 manat əsas, 48511,88 faiz borcu və 40,23 manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 373,78 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pul vəsaitinin və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 137 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbi qeyd olunan kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətdə olan ümumi sahəsi 217.80 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 aprel 2022- ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsinə əsasən 111993,10 manat əsas borc, məhkəməyə müraciət üçün ödənilmiş 373,78 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-108/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 111993,10 manat məbləğində pul, 373,78 manat dövlət rüsumu, 400 manat mediasiyaya dair xərc, ümumilikdə 112766,88 manat (bir yüz on iki min yeddi yüz altmış altı manat səksən səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmişdır ki, , iddiaçı ilə Cavabdeh2 arasında 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavə bağlanmış, həmin razılaşma çərçivəsində iddiaçı tərəfindən cavabdehə 400000 manat məbləğində kredit verilmiş, digər Cavabdeh1 zaminlik müqaviləsi bağlayıb kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavədən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 111993,10 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 111993,10 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-108/2025 nömrəli qətnaməsinin ləğv edilərək, verilmiş iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Belə ki, zaminlik ipoteka ilə yanaşı təminat üsulu olmaqla kredit müqaviləsi üzrə borcun ödənilməsinin şəxs tərəfindən öz öhdəsinə götürülməsidir. Lakin nəzərə almaq lazımdır ki, zaminlik ipotekadan sonrakı təminat üsuludur. Yəni iş üzr hər hansı ipoteka predmeti varsa kreditin ödənilməsi əvvəlcə onun hesabına aparılmalıdır. Lakin hazırki iş üzrə ipoteka predmeti satılmasına baxmayaraq tam olaraq borcun ödənilməsinə yönəldilməmişdir. Bu isə zaminliyə xitam verilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, hazırkı iş üzrə Cavabdeh1 ilə Zaminlik müqaviləsi kreditin ödənilməsinin əlavə təminatı qismində bağlanmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi kreditin təminatı olaraq ipoteka müqaviləsi imzalanmışdır. Həm iş materiallarına, həm də ipoteka meqaviləsinə diqqət yetirdikdə görmək mümkündür ki, ipoteka predmetinin qiyməti 460000 manat kimi qiymətləndirilmişdir. Məhz zamin Cavabdeh1 zamin dayanarkən ipoteka predmetinin təminat üsulu olaraq kreditin ödənilməsinə kifayət etdiyini düşünərək zaminlik dayanmışdır. Lakin hazırki iş üzrə ipoteka predmeti olan əmlak borclu ilə bankın razılığı əsasında satılmışdır. Lakin satılan məbləğ borcun ödənilməsinə yönəlmək əvəzinə həmin məbləğin sadəcə olaraq bir hissəsi borcun ödənilməsinə yönəlmişdir. Belə ki, ipoteka predmetinin ipoteka müqaviləsində nəzərdə tutulmuş qiymətlə satılması belə kredit borcunun faizləri ilə birlikdə tam ödənilməsinə kifayət etdiyi halda borclu tərəfindən həmin əmlak daha yüksək qiymətə satılmışdır. Belə ki, həmin qiymətlərlə bağlı borclu tərəfindən sosial şəbəkələrdə edilmiş reklamlar mövcuddur ki, həmin vaxt o, əmlakın 580000 manata satılacağını bildirir. Göründüyü kimi bankın razılığı ilə ipoteka predmetini satılması və satışdan əldə olunan məbləğin bir hissəsinin borcun ödənilməsinə yönəldilməsi və qalıq məbləğin məhz zamin olaraq məndən tutulması hesab edirəm ki, həm qanunsuz, həm də ədalətsiz mövqedir. Göründüyü kimizaminliklə təmin edilmiş öhdəliyi icra etmiş borcu bu barədə dərhal zaminə məlumat verməlidir. Hazırki iş üzrə isə borclu zaminliklə və ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka predmeti hesabına qismən təimn etməsinə baxmayaraq zaminə bu barədə heç bir məlumat verməmişdir. Belə ki, ipoteka predmeti olan əmlakın dəyəri 500000 manatdan yuxarı olmasına və satılmasına baxmayaraq borclu və iddiaçı bankın əlbir olaraq razılaşmasına əsasən satışdan əldə olunmuş məbləğin sadəcə bir hissəsi borcun ödənilməsinə yönəldilmiş, bununla da zaminin hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi mülki qanunvericiliyin zaminliyin xitamı üçün bir neçə əsas qeyd etmişdir ki, onlardan ikisi yuxarıda qeyd edilmişdir. Göründüyü kimi onlardan biri məhz hazırki işin hallarına uyğun olmaqla belə nəzərdə tutulmuşdur ki, zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Göründüyü kimi hazırki iş üzrə də ipoteka predmeti olan əmlak satılmaqla və bununla bağlızaminə məlumat verilməməklə öhdəlik dəyişdirilmişdir. Belə ki, ipoteka predmetinin müqavilə dəyəri 460000 manat, real dəyəri isə 580000 manat təşkil etdiyi halda guya ipoteka predmeti olan əmlak sadəcə olaraq 300000 manata satılmışdır. Halbuki borclu həmin əmlakı kredit borcundan yuxarı qiymətə satmış və bununla bağlı da bankın razılığınıalmışdır. Bundan sonra satışdan əldə olunan məbləğin bir hissəsini kredit borcuna ödəmiş, bununla da zaminin vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Belə ki, hazırki ipoteka predmeti borcun ödənilməsinə tam kifayət etdiyi halda, borclu və iddiaçının bu hərəkəti nəticəsində artıq zamin 100000 manatdan yuxarı borcun müştərək qaydada ödənilməsi üzrə borclu vəziyyətinə düşmüşdür. Bu isə onun vəziyyətinin ağırlaşmasına gətirib çıxarmışdır. Zaminliyə xitam verilməsinin bir digər əsas isə kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdədir. Bununla bağlı da zamin tərəfindən ipoteka predmetinin müqavilə üzrə ödənilmiş pula münasibətdə ona satılması barədə təklifindən imtina edilməsi və bankın buna razılaşmaması olmuşdur. Belə ki, zamin qeyd edilən əmlakın iddia tələbinin həcminin azaldılması hissəsində ala bilərdi və bununla bağlı iddiaçı təşkilata təklif etmişdir. Yəni iddiaçı təşkilat kredit zaminin təklif etdiyi qəbul etməkdən imtina etməklə əmlakın başqa şəxsə guya eyni qiymətə satılmasına razılıq vermişdir. Bu isə artıq zaminliyə xitam verilmə əsasıdır. Ona görə də, hesab edirik ki, məhkəmə tərəfindən mənim zaminliyimə xitam verilməli idi.Göründüyü kimi yuxarıda qeyd etdiyimiz zaminliyə xitam vermə əsası olan bənd hazırki maddə üzrə də nəzərdə tutulmuşdur. Belə ki, bankın zaminin təklifini qəbul etməməsi qeyd edilən maddi hüquq normasının pozulmasına səbəb olmuş və nəticədə zaminin hüquqları kifayət qədər pozulmuşdur. Bu zaminliyə xitam verilməklə iddianın zaminə münasibətdə rədd edilməsi üçün əsasdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, lazımi qaydada araşdırma aparmamışdır. Əgər lazımi qaydada araşdırma aparsaydı onda məhz əmlakın niyə bu qədər ucuz qiymətə satıldığını, ümumiyyətlə hansı qiymətə satılmasını, bununla bağlı alt sənədləri tələb edər və zaminliyə xitam əsası olub-olmama məsələsini araşdırmalı olduğu halda düzgün hüquqi qiymət verməyərək, səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, məhkəmə qətnaməsində iş üzrə bütün zəruri hallara qiymət verməli olduğu halda məhz ipoteka premdeti olan əmlakın müqavilə üzrə 460000 manat, real dəyər olaraq isə 580000 manat dəyərində olduğunu, lakin həmin əmlak satıldıqdan sonra məhz 300000 manat məbləğində silinmə olduğunu araşdırmalı, nəticədə bu halın zaminin mənafeyinə toxunub-yoxunmadığını əsaslandırmalı və düzgün hüquqi nəticəyə gəlməli idi. Lakin bu halları heç biri lazımi qaydada tətbiq edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi Nümayəndə Elman oğlu tərəfindən etiraz daxil olmuşdur

13. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əsaslardan biri kreditorun ilk olaraq ipotekanı tələb edə biləcəyinə dair iddiadır. Bu yanaşma tamamilə əsassız və qanunvericiliyə ziddir. Azərbaycan Respublikasının qanunvericiliyində kreditorun yalnız ilk öncə ipotekanı tələb etməsinə dair hər hansı norma mövcud deyil. İpoteka hüququ tərəflərin bağladığı müqavilə və mülki hüquq çərçivəsində tənzimlənir və kreditorun hansı dərəcədə təminat seçməsi onun hüququna daxildir. Bu, məhdudlaşdırıla bilməz. Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasə Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu norma isə onu göstərirki öhdəlik borcalan tərəfindən yerinə yetirilmədikdə, kreditor həm əsas borcludan, həm də zamin şəxsdən tələb hüququna malikdir. Bu norma kreditorun hüquqlarının müdafiəsini təmin edir və zaminin məsuliyyətini açıq şəkildə müəyyən edir. Şikayətdə əmlakın dəyəri ilə bağlı da əsassız iddialar irəli sürülmüşdür. Belə ki, ipoteka müqaviləsində əmlakın dəyəri 460.000 manat olaraq müəyyən edilmiş və bu rəqəm bazar qiymətinə əsasən təsbit olunmuşdur. Lakin məlumdur ki, ipoteka predmetinin satış dəyəri real bazar dəyərindən fərqlənir və daha aşağı olan likvid dəyər əsasında müəyyən olunur. Əgər həmin əmlak 460.000 manat likvid dəyərlə hərraca çıxarılıb və alıcı tapılmayıb bankın balansına keçmiş olsaydı, borcdan azalma 293.250 manat təşkil edəcəkdi. Lakin əmlak hərracdan kənar satıldıqdan sonra borcdan 333.082 manat azalma baş vermişdir. Bu hal əslində cavabdehin xeyrinə olmuşdur və onun ziyanına səbəb ola biləcək heç bir hal baş verməmişdir. Cavabdeh apellyasiya şikayətində sosial şəbəkələrə istinad edərək əmlakın guya 580.000 manat dəyərində olduğunu qeyd etmiş, lakin bu barədə heç bir rəsmi qiymətləndirmə sənədi və ya sübut təqdim etməmişdir. Eyni zamanda, 12 avqust 2024-cü il tarixdə Bank tərəfindən verilmiş dəqiqləşdirilmiş iddia ərizəsində ipoteka predmeti olan əmlaka dair tələb açıq şəkildə göstərilmiş və bu barədə qarşı tərəf məlumatlandırılmışdır. Əgər cavabdehin buna dair hər hansı narazılığı olmuşdursa, bunu birinci instansiya məhkəməsində irəli sürə bilərdi. Lakin belə bir hal baş verməmişdir. Apellyasiya şikayətində cavabdeh iddia edir ki, guya əmlakın əldə edilməsi ilə bağlı banka təklif vermiş, lakin Bank bu təklifdən imtina etmişdir. Bu iddia da sübuta yetirilməmişdir. Banka belə bir təklif daxil olmamış, eləcə də buna dair rəsmi yazışma və ya sübut təqdim olunmamışdır. Məhkəmə prosesi zamanı cavabdeh bu barədə heç bir sübut irəli sürməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh1 vəkili nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

17. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

18. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

23. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin zamin Cavabdeh1 münasibətdə iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməmə, birinci instansiya məhəkməsinin qətnaməsi zamin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavə bağlanmış, həmin razılaşma çərçivəsində iddiaçı tərəfindən cavabdehə 400000 manat məbləğində kredit verilmiş, digər Cavabdeh1 zaminlik müqaviləsi bağlayıb kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavədən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. İddiaçı (kreditor) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə görə zamin **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 üzrə öhdəliyin icrası üzrə borclu ilə birlikdə məsuliyyət götürmüşdür.

29. Belə ki, zaminlik müqavilləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmetini zaminin Cavabdeh2 kreditor qarşısında yaranmış bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilən öhdəlik: 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı Əlavəsi olması müəyyən olunmuşdur.

30. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, kreditorun tələb ilə etiraz irəli sürmədən bu m qavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəlikləri icra etmək, 2.1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik başqa şəxsə keçirildikdə yeni borclu ilə eyni həcmə, birgə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

31. İddiaçı (kreditor) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətdə olan ümumi sahəsi 217.80 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir.İpotek predmetinin dəyəri 460 000 manat müəyyən edilmişdir.

32. Apellyasiya şikayətində zaminlik müqaviləsi mübahisələndirilmişdir. Belə ki, apellyatorun mövqeyinə görə zaminlik müqaviləsi kreditin ödənilməsinin əlavə təminatı qismində çıxış edir. Bildirir ki, əsas təminat ipoteka pdermetidir və kredit ipoteka predmeti hesabınq hesabına ödənilməli, zaminliyə xitam verilməlidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iş mübahisəsiz halllarından görünür ki, kredit müqaviləsi üzər öhdəlik iki təminatla: həm ipoteka müqaviləsi, həm də zaminlik müqaviləsi ilə möhkəmləndirilmişdir.

34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla yanaşı, zaminlik müqaviləsi ilə təxirəsalıcı və ya ləğvedici şərtlə bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər də təmin edilə bilər və zaminlik müqaviləsi özü də müəyyən şərtlə bağlana bilər. MM-in 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.Zaminlik müqaviləsinin qüvvəyə minməsini şərtləndirən təxirəsalıcı şərtlərə (MM-in 328.6-cı maddəsi) kreditor tərəfindən borclu və ya üçüncü şəxslərlə təminatverici müqavilələrin bağlanması (məsələn ipoteka müqaviləsi) və s. aid edilə bilər. Ləğvedici şərt kimi (MM-in 328.7-ci maddəsi) kreditor və borclu arasında bağlanmış digər təminedici müqavilələrə xitam verilməsi və ya etibarsız və yaxud bağlanmamış hesab edilməsi zaminlik müqaviləsində nəzərdə tutula bilər.

35. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

37. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında 05 aprel 2022-ci il tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X8 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 20 sentyabr 2022-ci il tarixli, 01 saylı əlavə hər iki təminat üsulu ilə xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi təmin edilmişdir. Hər iki təminat üsulu özü-özlüyündə müstəqil şəkildə öhdəliyin təminatı kimi çıxış etmişdir.

38. Zamin ipoteka perdmeti olan əmlakın dəyərini apellyasiya şikayətində mübahisələndirsə də, İddiaçı ASC-nin 15 aprel 2024-cü il tarixli məktubundan görünür ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 və 333 000 manat məbləğində vəsait kredit borcundan silinmişdir. Həmçinin kollegiya vurğulayır ki, Cavabdeh1 ipoteka qoyan olmadığından əmlakın aşağı qiymətlə satılmasını mübasiləndirilməyə subyektiv hüququ müəyyən olunmur. Ona görə kollegiya zaminin bu dəlilini də əsassız hesab edir.

39. Eyni zamanda kollegiya vurğulayır ki, Cavabdeh1 zaminlik müqaviləsi imzalayan zaman digər təminatdan (İpoteka) asılı olmadan kredit müqaviləsi üzrə olan və ola biləcək bütün riskləri ( ipoteka predmetinin satılmaması, aşağı qiymətə satılması, məhv olması və s.) nəzərə alaraq öhdəliyi öz üzərinə götürmüşdür.

40. Apellyator apellyasiya şikayətində zaminliyə xitam verilməsi üçün əsaslar olduğunu qeyd etsədə, kollegiya qeyd edir ki, zaminliyə xitam verilməsi əsaslarını tənzimləyən Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş hallar işin halları ilə müəyyən edilməmişdir. Belə ki, qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-108/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar