Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-646/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X3 və X1 iştirakı ilə tenderdə iştirak haqlarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-582/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 05.08.2020-ci il tarixdə elan olunmuş “EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin servis xidməti”nin“ və 4 ədəd “Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması məqsədilə keçirilən tenderlər üzrə iştirakçıların sayının az olmasına görə baş tutmadığı üçün cəmiyyətin iddiaçı qismində tenderlərdə iştirak haqqı kimi ödəmiş olduğu 5.050 manat məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı cavabdeh tərəfindən elan edilmiş 05 avqust 2020-ci il tarixli tender üzrə “EГЕПЬ tipli siqnalizasiya bloku və əl fanarı”nın alınması məqsədilə 14 avqust 2020-ci il tarixdə 50 manat; 05 avqust 2020-ci il tarixli tender üzrə “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin alınması məqsədilə 15 avqust 2020-ci il tarixdə 2.000 manat; 24 sentyabr 2020-ci il tarixli tender üzrə “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin servis xidməti”nin alınması məqsədilə 14 noyabr 2020-ci il tarixdə 500 manat; 24 sentyabr 2020-ci il tarixli tender üzrə “4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması məqsədilə 14 noyabr 2020-ci il tarixdə 2.500 manat, ümumilikdə isə 5.050 manat tenderdə iştirak haqqı məbləğini cavabdehin cari bank hesabına ödəmişdir. Tenderlərin nəticələri “Dövlət satınalmaları haqqında” AR Qanununun 50-4.2-ci maddəsinin tələblərinə əsasən ləğv edilmişdir. Bu səbəbdən iddiaçı qeyd olunan tender nəticələrinin məhz həmin əsasa görə ləğv edildiyi üçün 4 tender üzrə iştirak haqqı kimi ödəmiş olduğu 5.050 manat məbləğin geri qaytarılması barədə cavabdehin Tender Komissiyasına ünvanlanmış olduğu müraciətə cavab məktubunda “Dövlət satınalmaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələblərinə istinad edilərək iştirak haqqı məbləğlərinin geri qaytarılmasından imtina edilmişdir. Bununla bağlı bildirir ki, həm cavabdeh, həm də birinci instansiya məhkəməsi “Dövlət satınalmaları haqqında” Qanununun 29.2-ci maddəsini səhv təfsir etmişlər. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunu ilə tenderin baş tutmaması (maddə 11-ci maddə) və baş tutması (maddə 37) halları qeyd edilmişdir. Eyni zamanda, həmin qanunda tenderdə iştirak haqqı anlayışı verilmiş və iştirak haqqının necə və hansı işlərə sərf olunması qeyd olunmuşdur (maddə 29.1). Qanunun 29.1-ci maddəsində ifadə olunan “Tenderdə iştirak haqqı geri qaytarılmır” ifadəsi baş tutan tenderlərə aid edilmişdir. Çünki, baş tutan tenderlər üzrə komissiya xərclər sərf etmək məcburiyyətində qalır. Baş tutmamış tender üzrə isə hər hansı xərclər sərf olunmadığı üçün, bu halda iştirak haqqı iddiaçılara geri qaytarılmalıdır. Bundan başqa, baş tutmayan tender üzrə tender komissiyası tərəfindən təkrar tender keçirildiyi halda da iddiaçılardan yenidən iştirak haqqı alınmaqdadır. Bu halda belə təsəvvür yaranır ki, iddiaçılar hər dəfə eyni tender üzrə iştirak haqqı ödəməli və tender komissiyası qanunun tələbinə əsasən tenderin baş tutmamasını elan etdikdə iddiaçılar əsassız olaraq ziyan çəkməli olur, tender komissiyasının isə əsassız varlanmasına səbəb olur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndələri apellyasiya şikayətini qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, cavabdehin Tender Komissiyasının 05.08.2020-ci il tarixli Mənzil istismar əmlaklarının, avadanlıqlarının, ehtiyat hissələrinin və təmir işlərinin satınalınması üçün Tender Elanında “EГЕПЬ tipli siqnalizasiya bloku və əl fanarı”nın, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin sevis xidməti”nin və “4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması üzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafq təkliflərin verilməsi üçün potensial şirkətlər dəvət edilmiş, iddiaçı tenderlərdə iştirak üçün cəmi 5.050 manat məbləğdə haqq ödəmiş, tenderlər ləğv edildiyi üçün iştirak haqqı kimi ödəmiş olduğu məbləğin geri qaytarılması tələbi ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 12.09.2020-ci il tarixli 50/479 nömrəli cavab məktubunda göstərmişdir ki, “Satınalma prosedurları “Dövlət satınalmaları haqqında” Qanunun 27.4-cü və 50-4.2-ci maddələrinin (Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 iştirakçıdan az olduqda) tələblərinə müvafiq olaraq ləğv edilmiş, məlumat xarakterli bildiriş “Respublika” qəzetində və vahid internet portalında dərc edilmişdir. Qanunun 29.2-ci, həmçinin əsas şərtlər toplusunun 4.1-ci maddəsinin tələbinə əsasən iştirak haqqı heç bir halda geri qaytarılmır.” Bundan sonra, iddiaçı həmin tenderlərdə iştirak haqqı kimi ödəmiş olduğu cəmi 5.050 manat məbləğin məhkəmə qaydasında geri qaytarılmasını xahiş etmişdir. “Dövlət satınlamaları haqqında” Qanunun: 29.1-ci maddəsinə əsasən, tenderdə iştirak haqqının ümumi məbləği tender predmetinin ehtimal olunan qiymətinin 0,5 faizindən və tender xərclərinin 1,5 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat tərəfindən müəyyənləşdirilir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər iştirak haqları hesabına ödənilir; 29.2-ci maddəsinə görə, tenderdə iştirak haqqını malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata ödəyir. Tenderdə iştirak haqqı geri qaytarılmır; 50-4.2-ci maddəsinə əsasən, elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onun dəlillərini əsassız sayır. Belə ki, “Dövlət satınlamaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə tenderdə iştirak haqlarının geri qaytarılmadığı, baş tutan yaxud baş tutmayan tender şərti ehtiva etmədən, birmənalı təsbit olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qanunun səhv təfsirinin nəticəsidir. Beləliklə də, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-582/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-646/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-646/2021
24.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver